İkinci Dünya müharibəsi ərəfəsində görkəmli kimyaçı alim Yusif Məmmədəliyevin rəhbərliyi altında strateji əhəmiyyətə malik alkilbenzolların alınması üzrə aparılan silsilə tədqiqatlar daha da intensivləşdirildi. 1941-ci ilin iyununda onun rəhbərliyi ilə Azərbaycan Elmi-Tədqiqat Neft İnstitutu öz tərkibində 18-dən çox yaxşı təchiz edilmiş laboratoriyanı, 2 təcrübə zavodunu, yardımçı emalatxanaları və xüsusi təsərrüfatları birləşdirirdi. Yusif Məmmədəliyev 1942-ci ildə benzolun alkilləşdirmə üsulunun əhatəli və intensiv öyrənilməsi nəticəsində toluolun yeni səmərəli sintez proseslərini işləyib-hazırladı. Toluolun istehsalı təşkil ediləndən sonra həmin zavodda Yusif Məmmədəliyevin işləyib-hazırladığı üsulla top mərmilərinin və minaların istehsalında ən çox istifadə olunan trinitrotoluol (trotil) partlayıcı maddəsi alınmağa başlayır və cəbhəyə göndərilirdi.
Bu fikirləri açıqlamasında Elm və Təhsil Nazirliyinin akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Katalitik krekinq və piroliz laboratoriyasının müdiri texnika elmlər doktoru, dosent Sahib Yunusov söyləyib. O bildirib ki, Yusif Məmmədəliyev bununla yanaşı, daha bir yandırıcı qarışığın “Molotov kokteyli”nin yeni tərkibdə və yeni konstruksiyada hazırlanmasına nail olur. Onun ixtiraçılıq bacarığı burada da öz sözünü dedi və o, “Molotov kokteyli”nin alışma qabiliyyətini artırmaq və asan istifadə etmək üçün şüşə qabın qapaq hissəsindəki xüsusi dəlikdə güclü oksidləçdirici maddə ilə doldurulmuş kiçik ampula yerləşdirilməsini təklif etdi.
Müharibə dövründə keyfiyyətli yanacağa hərbi aviasiyada daha çox ehtiyac duyulurdu. Yusif Məmmədəliyev ilk dəfə olaraq izostrukturlu benzinin- alkilbenzinin alınmasına nail oldu. Bunun üçün xüsusilə izomerləşmə prosesinə üstünlük verdi və oktan ədədini artıra bilən izoquruluşlu birləşmələrin alınması üçün lazım olan şəraiti işləyib-hazırladı. Tetraetil qurğuşunu əlavə etdikdə alkilbenzinin oktan ədədi 96-98 olurdusa, 100-150°C temperatur intervalında qaynayan fraksiyanın oktan ədədi hətta 100-dən çox oldu. Sonradan o, aviayanacağın oktan ədədini 120-yə çatdırmış və onun şaxtayadavamlı olması üçün yeni aşqarlar işləyib-hazırlamışdı. Qısa müddətdə sənaye miqyasında yüksəkoktanlı aviasiya benzini komponenti olan kumolun alınması da reallaşdı. Bu, aviasiya yanacağına yüksək effektli əlavənin yaradılması aromatik karbohidrogenlərin katalitik alkilləşdirməsi üzrə çoxsaylı araşdırmaların nəticəsində mümkün olmuşdu. Dərhal SSRİ Dövlət Müdafiə Komitəsi tərəfindən bu iş yoxlanıldı. Moskvada müvəffəqiyyətlə sınaqdan keçdikdən sonra Neft Sənayesi Komissarlığına göstəriş verildi ki, tezliklə Bakıda yüksəkoktan ədədli yanacaqların alınmasında istifadə olunan alkilbenzollar istehsal edən zavod tikilsin. Beləliklə, Bakıda dəyəri 12 milyon manat olan zavod tikildi və Yusif Məmmədəliyevin bu ixtirasını təmin etdi. Məhz belə cəsarətli ideyanın nəticəsidir ki, 1941-1944-cü illərdə Bakı neftayıranları cəbhəyə 10 milyon 42 min ton yüksək keyfiyyətli benzin verdilər.
Gizli ad altında (zavod №10) fəaliyyət göstərməyə başlayan zavodda Yusif Məmmədəliyev alkilləşdirmə proseslərində aşağı oktan ədədli benzinləri neft məhsullarının termiki krekinqindən alınan doymamış (etilen, propilen, butilen və başqa) birləşmələr ilə alkilləşdirərək izoquruluşlu (şaxəli quruluşlu) benzin istehsalına başladı. Belə benzinin daxiliyanma mühərrikində sınağı göstərdi ki, onun oktan ədədi çox yüksəkdir və aviasiya sənayesində istifadə oluna bilər. Faşist Almaniyası üzərində qələbəni təmin edən amillər haqqında müharibədən sonrakı illərdə belə deyirdilər: “Müharibəni Mikulinin motorları, Yakovlevin təyyarələri, Məmmədəliyevin benzini hesabına udmaq mümkün oldu!”
Bu rəşadətlərinə və xüsusilə cəbhəni aviasiya benzini ilə təchiz etdiyinə görə Yusif Məmmədəliyev dövrün ən yüksək mükafatlarına layiq görüldü.
Görkəmli alimin dünya elminə, aviakosmik tədqiqatlar sahəsinə, hərbi-müdafiə sənayesinə digər mühüm töhfəsi də strateji raketlər üçün yaratdığı “duru və bərk” yanacaqlar olub. Bu yanacaqlar dəfələrlə müxtəlif raket konstruksiyalarında sınaqdan keçirilib və Yusif Məmmədəliyev bu haqda akademik Sergey Korolyov ilə hələ 40-cı illərdə müzakirələr aparmışdı.
“Kimyaçılarımızdan akademik Məhərrəm Məmmədyarov da II Dünya müharibəsində iştirak edib, 12 medal və ordenlə mükafatlandırılıb. Akademik Bahadur Zeynalov 1940-cı ildən 1941-ci ilədək Leninabad şəhərində 9-cu minamyot bölməsinin kursantı olub. 1941-ci ildən 1945-ci ilədək II Dünya Müharibəsində iştirak edib, vzvod komandirindən polk komandirinə qədər şanlı savaş yolu keçib. O, 1944-cü ildən 1946-cı ilədək Almaniyada Desau-Koxştad şəhərinin komendantı vəzifəsində qulluq edib. Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü Bilal Dadaşov 1940–1945-ci illərdə BDU-nun kimya fakültəsində Y.Məmmədəliyevlə birgə işləyib. Azərbaycanın tanınmış elm xadimi, bir sıra neft-kimya proseslərinin yaradıcısı, akademik Vahab Əliyev isə 1944-cü ildə neftayırma və neft-kimya sənayesinin inkişafında xidmətlər göstərib.
Qeyd edək ki, Azərbaycanın kimyaçı alimləri öz fundamental tədqiqatları ilə II Dünya müharibəsində qələbənin qazanılmasına öz layiqli töhfələrini veriblər”,- deyə Sahib Yunusov fikrini yekunlaşdırıb.