Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Vətənim” verilişinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı yayımlanıb
11.05.2023 12:25
  • A-
  • A
  • A+

“Vətənim” verilişinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı yayımlanıb

“Mədəniyyət” kanalında “Vətənim” verilişinin müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan xüsusi buraxılışı yayımlanıb.

Veriliş Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında nümayiş olunub.

Xüsusi buraxılışda Ulu Öndər Heydər Əliyevin istər birinci dəfə hakimiyyətdə olduğu dönəmində, istərsə də xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəldiyi dövrdə ölkəmizin iqtisadi, sosial, hərbi, diplomatik, elm, təhsil və digər sahələrdə qazandığı uğurlardan bəhs edilib. Bildirilib ki, görkəmli dövlət xadimi mübarizəli, zəfərli, gərgin, hadisələrlə və insanlarla dolu  bir həyat yaşayıb. O, tarixin ən çətin anlarında yurdunu, millətini aşırımlardan keçirdərək inamla sabahlara, zəfərlərə doğru pillə-pillə irəlilədib.

“Heydər Əliyev içəridən böyük şəxsiyyət idi. Qalib olmaq, tarixin qızıl səhifələrində qalacaq qalibiyyətlərə imza atmaq  onun alın yazısı idi”, - deyə bildirən akademik Rafael Hüseynov Ümummilli Liderin ən ali amalının yurdunun müstəqilliyini, istiqlalını qorumaq olduğunu vurğulayıb.

Heydər Əliyevin Azərbaycan xalqının tarixində xidmətlərinin saysız olduğunu söyləyən Rafael Hüseynov bildirib ki, bu xidmətlərin zirvəsində dayanan isə onun istiqlalımız, dövlət müstəqilliyimiz tarixindəki müstəsna əməyidir: “Dahi lider Azərbaycan istilal bayrağını çətin günlərin içərisində zirvələrə qaldırdı, istiqlalımızı dönməz etdi. Azərbaycanın istiqlalını yaşatdı, irəlilətdi, onun sabahlar içərisində yaşaması üçün də ən möhkəm təməllər qurdu. Budur Heydər Əliyevin müstəsnalığı. Onun Azərbaycan istiqlalı, dövlətçiliyi, müstəqilliyi tarixindəki ən misilsiz xidməti və təkrarsızlığı. Heydər Əliyev müstəqilliyin müqəddiməsini yazdı və onun var olması üçün bünövrələr yaratdı”.

Akademik Rafael Hüseynov vurğulayıb ki, unudulmaz Heydər Əliyev nadir dövlət adamı olmaqla yanaşı, həm də böyük söz adamı idi. O, sözün çəkisini, qiymətini bilir, nitqində bu dili bütün əzəməti ilə canlandırmağı bacarırdı. Ulu Öndər Heydər Əliyev deyirdi: “Çox gözəl, zəngin, ləzzətli dilimiz var”. 

Qeyd edilib ki, Azərbaycan var olduqca Ulu Öndər Heydər Əliyev daim xalqımızın qəlbində yaşayacaq, onun adı hər zaman milli fəxarət rəmzi kimi çəkiləcəkdir.

Azərbaycan milli mətbuatının müstəqillik illərindəki inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən Rafael Hüseynov vurğulayıb ki, universal zəkalı Heydər Əliyev hər sahənin bilicisi, jurnalistlərin dostu idi.

Verilişdə görkəmli televiziya və kino rejissoru, Xalq artisti Vasif Babayev Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, onun jurnalistlərə qayğısından bəhs edib.

Həmçinin Rafael Hüseynov Ulu Öndərlə bağlı dəyərli xatirələrini tamaşaçıların diqqətinə çatdırıb.

Bundan başqa, verlişdə Xalq artistləri Rasim Balayev və Azər Zeynalovun ifasında sözləri Rafael Hüseynova, musiqisi Faiq Sücəddinova məxsus unudulmaz Heydər Əliyevlə Zərifə xanımın məhəbbəti haqqında “Zəriflik” adlı nəğmə səsləndirilib.

Ulu Öndərə həsr olunmuş xüsusi buraxılışı buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: