Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanda fiziologiya elminin inkişafında mühüm xidmətləri olan alim
28.01.2025 14:55
  • A-
  • A
  • A+

Azərbaycanda fiziologiya elminin inkişafında mühüm xidmətləri olan alim

Cəfərov Faiq İlahi oğlu 20 yanvar 1940-cı ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Nüvədi kəndində anadan olmuşdur. 1963-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırda ATU) Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1967-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1991-ci ildə professor elmi adını almışdır. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Faiq Cəfərov əmək fəaliyyətinə Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrasında başlamış, kafedranın aspirantı, assistenti, dosenti (1963-1991), müdiri (1991-2008), I Müalicə-profilaktika fakültəsinin dekanı (1993-1995) vəzifələrində  çalışmışdır.

Faiq Cəfərovun elmi fəaliyyətinin əsas istiqamətini müxtəlif bioloji keyfiyyətli motivasiya və emosiyaların mərkəzi və periferik mexanizmlərində neyropeptidlər və mediatorların fizioloji rolunun araşdırılması təşkil etmişdir. Alimin elmi tədqiqat işlərinin nəticələrinə dair məlumatlar Kembric Universitetinin “XX əsrin elm xadimləri” məcmuəsində işıqlandırılmışdır.

Faiq Cəfərov 200-ə yaxın elmi əsərin, o cümlədən 1 monoqrafiya, 2 dərslik, 4 dərs vəsaiti, 10-dan artıq metodik göstəriş, 4 səmərələşdirici təklif, həmçinin “İnsan fiziologiyası”, “Fizioloji terminlər lüğəti”, “Aclıq və susuzluğun mexanizmləri” adlı kitabların müəllifi olmuşdur. O, ABŞ, Yaponiya, Rusiya, Türkiyə, Hollandiya, İran, İsveçrə və s. ölkələrdə keçirilən beynəlxalq konqres və konfranslarda elmi məruzələrlə çıxışlar etmişdir.

Alim 5 namizədlik dissertasiyasının elmi rəhbəri, 1 doktorluq dissertasiyasının elmi məsləhətçisi olmuşdur.

Müxbir üzv Faiq Cəfərov müxtəlif illərdə AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasının sədr müavini, Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının, Fakültə Elmi şurasının və Nəzəri fənlər üzrə Problem komissiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Biologiya və kənd təsərrüfatı” bölməsi üzrə Ekspert şurasının, Beynəlxalq Bioqrafik Assosiasiyasının, Beynəlxalq Akademiyanın, MDB ölkələrinin Fizioloqlar Cəmiyyətinin, Avropa Neyrokimya Cəmiyyətinin, London Diplomatik Akademiyasının üzvü, Azərbaycan Fizioloqlar Cəmiyyətinin vitse-prezidenti olmuşdur.

Faiq Cəfərov 2001-ci ildə Əməkdar müəllim fəxri adına layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü Faiq Cəfərov 2008-ci il yanvarın 30-da Bakıda vəfat etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: