Müasir Azərbaycan dövlətinin Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin şah əsərlərindən biridir. Əlbəttə ki, müstəqillik əldə edəndən sonra Azərbaycan özünün Konstitusiyasını qəbul etməli idi, bu baxımdan Ulu Öndər xalqın təkidi ilə hakimiyyətə gəldikdən və xalqımızın yüksək etimadı ilə Prezident seçildikdən sonra ilk diqqət etdiyi sahələrdən biri yeni Konstitusiyanın hazırlanması və qəbul edilməsi idi.
2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi böyük məna daşıyır. Ötən ilin sentyabrında suverenliyimizin tam bərpasından sonra birliyimizin gücünü daim qorumaq və gələcək nəsillərə ötürmək indi ən ümdə vəzifələrdən biridir.
Respublikamızda bir sıra tədbirlər keçirilməsi planlaşdırılır. Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda “Konstitusiya və Suverenlik İli” - nə həsr olunmuş ümumrespublika bilik yarışı keçiriləcək.
“Konstitusiya və Suverenlik İli”-nə həsr olunmuş müsabiqənin keçirilməsinin məqsədi milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunmasına, iqlim dəyişikliyinin qarşısının alınmasına diqqət çəkmək və proseslərə gənclərin daha fəal cəlb edilməsini təşviq etmək məqsədi daşıyacaq. Bu kimi silsilə olaraq təşkil edilən əyləncəli, metodik layihələrin məqsəd Azərbaycanı gənc nəslə tanıtmaq, II Vətən müharibəsində həmrəylik və birliyimizin qorunmasını, Vətən uğrunda fədailik və şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızı tərənnüm etməkdir.
Sevindirici haldır ki, bu gün hər birimiz müasir müstəqil Azərbaycanın uğurlarından, regionda və dünyada söz sahibliyindən, sözünün imzası qədər əhəmiyyətli olmasından qürur hissi ilə söhbət açırıq. Ölkəmizin hazırkı vəziyyətini müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə qazandığımız uğurlara görə kimə borclu olduğumuzu bir daha aydın şəkildə dərk edir, bunu gənc nəslə çatdırmağı qarşımızda məqsəd qoyur və özümüzə borc bilirik. Azərbaycan xalqı bu gün əsrlər boyu arzusu ilə yaşadığı, mübarizə apardığı müstəqil, suveren, qalib dövlətə sahibdir. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub. Bütün ölkə ərazisində konstitusiya quruluşumuz bərqərar edilib.
Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib. İnanırıq ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlər cəmiyyətimizdə həmrəylik ovqatını daha da genişləndirəcək, 2025-ci il milli birlik və həmrəylik ilimizə çevriləcək”.
Tünzalə ZEYVƏLİYEVA, ETN Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, HİK-sədri
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.