Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Heydər Əliyev -100: Məfkurəvi aydınlıq timsalı
19.05.2023 12:15
  • A-
  • A
  • A+

Heydər Əliyev -100: Məfkurəvi aydınlıq timsalı

AMEA-nın Dilçilik İnstitutu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində “Heydər Əliyev-Azərbaycan dili və Azərbaycançılıq” kitabını çap edib.

Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi akademik Nizami Cəfərovdur. Mövzu “Giriş” və 4 fəsli tam əhatə edir.

Əsərin I fəsli “Heydər Əliyev və Azərbaycan dil quruculuğu” adlanır. Vaxtilə bu mövzuda dərin məzmunlu məqalələr yazmış akademik mərhum Ağamusa Axundov “Dil və siyasət”, “Heydər Əliyevin dil siyasətinin prinsipləri və istiqamətləri”, “Dil və millət”, “Dil və dövlət”, “Dil və tarix”, “Dilin və xalqın tarixi”, “Tarixi həqiqətə sədaqət və tarixə obyektiv münasibət”, “Dil və ədəbiyyat”, “Yazıçı dili”, “Dilin inkişafında ədəbiyyatın rolu”, “Dil və əlifba” başlıqlarında düşüncələrini bölüşüb. Azərbaycanda dil quruculuğunun formalaşması və yeni istiqamətdə inkişafında Ulu Öndərin bu sferadakı fikir və mülahizələri təhlil olunub.

II fəsil “Heydər Əliyev və nitq mədəniyyəti” adlanır. Bu fəsil məhrum professor Müseyib Məmmədov tərəfindən qələmə alınıb. Bu hissədə mütəfəkkir şəxsiyyətin nitq mədəniyyəti barədə baxışları, onun nitqinin strukturu, mükəmməlliyi, leksik-semantik söz qruplarının, frazeologizmlərin Ümummilli Liderin nitqində yaratdığı zənginlik və üslubi rənglər, eləcə də semantik effekt nəzərdən keçirilib.

Kitabın III fəslində Heydər Əliyevin çıxış və nitqlərinin dilinin üslubi-qrammatik xüsusiyyətləri öyrənilir. Professor Məsud Mahmudov tərəfindən yazılmış bu hissədə üslubi morfologiya və üslubi sintaksis məsələlərinə geniş yer ayrılmışdır. “Mürəkkəb bir sistem olan dil hər hansı bir dil daşıyıcısının, konkret fərdin nitqində reallaşır. Dil sisteminin nitqdə təzahürü bir çox obyektiv və subyektiv amillərlə, qanunauyğunluqlarla tənzimlənir. Ulu Öndərin çıxış və nitqləri əsasında bu qanunauyğunluqların araşdırılması, onların funksiya və mexanizmlərinin həm nəzəri, həm də praktiki cəhətdən öyrənilməsi olduqca önəmli və vacibdir. Heydər Əliyevin nitqində nəzərə çarpan başlıca cəhət özünəməxsus, təkrarsız üslubdur. Bu, sözün əsl mənasında, Heydər Əliyev üslubudur”.

Kitabın sonuncu fəsli Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli tərəfindən yazılmışdır. Mövzu yenidir, ilk dəfə olaraq müəllif Heydər Əliyevin nitqində konsept tipləri, konkret olaraq Vətən konsepti - azərbaycançılıq məfkurəsini koqnitiv elmin gücü ilə şərh etmişdir. Həmin konseptin məntiqi-predmet mahiyyəti müəyyənləşdirilir. Konsept-konseptual dilçilik nəzəriyyəsinin əsas anlayışlarından biridir. Konsept linqvokulturologiyanın baza anlayışıdır. Konsept çoxölçülü mental bədiilikdir, mədənilikdir. Konseptin strukturu və tipləri bizim tezisin başlıca qayəsini təşkil edir. Bu tezis ondan ibarətdir ki, konseptual quruluşun araşdırılmasında mühüm istiqamətlərdən birini də linqvokulturologiya təşkil eidr. Həmin istiqamət öncə mədəniyyət konseptlərinin tədqiqində linqvistik materialın öyrənilməsi ilə məhdudlaşır. Linqvokulturologiyanın predmeti onun ikili istiqamətində konsept sayıır. “Konsept insanın mental aləmində mədəniyyətin özəyini yaradır”. Dahi rəhbərin düşüncəsinin məfkurəvi aydınlıq timsalı olaraq, “Dünyanın dil xəritəsində “Vətən-yurd-torpaq” konsepti, onun strukturu, metaforlaşma prosesi və onun dil və mental kodları, dildə təzahürü, ən başlıcası isə milli-mədəni spesifikası, linqvokulturoloji amilləri və s. geniş elmi-nəzəri səviyyədə təqdim olunmuşdur. Ulu Öndərin nitqində “dünya obrazı”, “dünyanın milli obrazı”, “dünyanın elmi-mədəni mənzərəsi”, “dünyanın dil mənzərəsi” canlanır. Məhz milli-mədəni konnotasiya problemini, mədəniyyət kodunun açılışını professor Nadir Məmmədlinin təqdimində görə bilirik.

İsmayıl KAZIMOV, AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: