Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.05.2023 15:34
  • A-
  • A
  • A+

Akademik Yaqub Mahmudov “Avropada ilin alimi” beynəlxalq mükafatına layiq görülüb

Akademik Yaqub Mahmudov “Avropada ilin alimi” beynəlxalq mükafatına layiq görülüb

AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Yaqub Mahmudov Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) Beynəlxalq Mükafat Komitəsinin 2022-ci il 23 dekabr tarixli qərarı ilə “Fenomen” (“Leonardo da Vinçi”) ordeninə və “Avropada ilin alimi” beynəlxalq mükafatına layiq görülüb.

Tarixçi-alimə “Fenomen” ordeni dünya elmi və təhsilindəki xidmətlərinə görə, “Avropada ilin alimi” beynəlxalq mükafatı isə 2022-ci ildəki uğurlarına görə verilib.

Yaqub Mahmudov tarixşünaslıqda ilk dəfə olaraq XV‐XVII əsrlərdə Azərbaycanın Avropa ölkələri ilə geniş diplomatik əlaqələr saxladığını və həmin ölkələrlə danışıqlar aparmış bir çox Azərbaycan diplomatlarının adlarını üzə çıxarıb. O, 1966-cı ildə “Ağqoyunlu dövlətinin Venesiya ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyası, 1989-cu ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Onun əsərləri indiyədək 15 dilə – türk, ingilis, rus, alman, ərəb, fars, fransız, gürcü, ibri, ispan, italyan, polyak, Ukrayna, urdu və rumın dillərinə tərcümə edilib.

Xatırladaq ki, Yaqub Mahmudov bundan əvvəl 7 beynəlxalq akademiyanın, o cümlədən İtaliyanın Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının, İtaliyanın Bonifasiana Akademiyasının həqiqi üzvü seçilib və ATEA-nın “Qotfrid Vilhelm Leybnits” medalı və “Fəxri Legion” ordeni ilə təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: