Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.05.2023 17:15
  • A-
  • A
  • A+

Gənc alim və mütəxəssislər “Azərbaycan və Rusiyanın III Gənclər Təşəbbüsləri Forumu”nda iştirak ediblər

Gənc alim və mütəxəssislər “Azərbaycan və Rusiyanın III Gənclər Təşəbbüsləri Forumu”nda iştirak ediblər

16-19 may 2023-cü il tarixlərində Mingəçevir şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycan və Rusiyanın III Gənclər Təşəbbüsləri Forumu” keçirilib.

Tədbirdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev və bir qrup gənc tədqiqatçılar iştirak ediblər. Forumun plenar müzakirələrində çıxış edən Elmir Babayev Azərbaycanda elmin mobilliyi üçün gənc alimlərə yaradılan elmi infrastruktur və dəstəkdən bəhs edib.

“Elmin inkişafı gənclərin vaxtında elmə cəlb olunması ilə əlaqəlidir. Dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da bu istiqamətdə mühüm addımlar atılır. Azərbaycanda gənclər siyasəti ölkəmizin müstəqilliyi dövründə böyük dövlət xadimi və uzaqgörən siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə formalaşmışdır. Həmin dövrdən başlayaraq, bugünkü gündə də dövlətin həyata keçirdiyi siyasəti nəticəsində Azərbaycanın elmi gəncliyi elmi-ictimai həyatın bütün sferalarında: elmi, mədəni, siyasi, iqtisadi, humanitar sahələrdə fəal fəaliyyəti ilə seçilir və ölkə üçün əhəmiyyətli olan bütün layihələrin həyata keçirilməsində mühüm rol oynayır”, - deyə Elmir Babayev vurğulayıb.

E.Babayev bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası da elmi gənclik üçün ən böyük töhfələrdən birinə imza atıb. AMEA-da Gənc Alim və Mütəxəssislər Şurasının formalaşdırılması ilə Azərbaycan gəncliyinin potensialının tələblərə uyğun inkişafı istiqamətində qurulmasında zəmin yaradılıb. Müasir dövrdə gənclər potensialından dövlətin maraqları naminə istifadə edilməsi və yeni nəsil arasında fəal vətəndaş cəmiyyətinin formalaşdırılması strategiyanın əsas məqsəd və vəzifələrini təşkil edir. Gənc Alim və Mütəxəssislər Şurası da öz-özlüyündə dövlət tərəfindən gənclərin və elmin inkişafı ilə bağlı qəbul edilən ardıcıl proqramları özünə fəaliyyətində rəhbər tutaraq elmin təbliği və populyarlaşdırılması məqsədilə təhsil müəssisələrinin kiçik yaş qrupları da daxil olmaqla müxtəlif müasir innovativ təşviq mexanizmlərindən istifadə edir.

Gənc alim qeyd edib ki, sözügedən forum kimi Azərbaycan müxtəlif beynəlxalq elmi tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. AMEA Rəyasət Heyətinin dəstəyi ilə Gənc Alim və Mütəxəssislər Şurası da fəaliyyəti dövründə müxtəlif elmi-populyar mövzulara həsr olunmuş 10-dan çox müxtəlif beynəlxalq forumlar, konfranslar keçirilib.

GAMŞ sədri Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən dövlət siyasətinə uyğun olaraq gənc alimlər tərəfindən təklif olunan yerli, beynəlxalq layihələr və fəaliyyətlərin dəstəkləndiyini vurğulayıb

2015-ci ildə AMEA və ona tabeli elmi müəssisə və təşkilatlarda magistratura təhsil pilləsinin yaradılması gəncləşmə istiqamətində atılmış vacib addım kimi qeyd etmək olar. Elmi-tədqiqat institutlarında magistratura təhsilinin müasir səviyyəsinin yaradılması, magistrlərin peşəkar inkişafı üçün əlverişli təlim mühitinin formalaşdırlmısından irəli gəlir ki, ildən ilə elmi-tədqiqat müəssisələrində  magistraturaya daxil olmaq istəyənlərin sayı artmaqdadır.

Dayanıqlı iqtisadi inkişafa və rəqabətədavamlılığa, innovativ və yüksək texnologiyalı sənayenin genişləndirilməsinə əsaslanan müasir elmi və texnoloji nailiyyətlərə, elmi tədqiqatlara və yeni texnologiyaların inkişafı üçün müasir komplekslərin yaradılmasına dövlət dəstəyini artırmaq məqsədilə bir sıra fərmanlar imzalanıb.

2022-ci ildə Azərbaycan və Türkiyənin birgə təşkilatçılığı ilə Texnofest Azərbaycanın keçirilməsi kimi tarixi hadisələr zaman keçdikcə Azərbaycan Milli Elmlər Akademiyasında, o cümlədən digər elmi-tədqiqat müəssisələrində böyük perspektivlərin yaranmasına, innovativ tədqiqatların intensiv həyata keçirilməsinə, o cümlədən gənclərin bu prosesə fəal cəlb olunmasına şərait yaradıb.

Elmir Babayev çıxışında gənc alimləri stimullaşdıran alətlərdən bəhs edib.

Maddi formalar:

1. Prezident mükafatı və ilin gənc aliminin mükafatlandırılması

2. İlin gənc aliminə Gənclər və İdman Nazirinin mükafatı və mükafatı

3. AMEA-nın İlin Gənc Alimi mükafatı və diplomları

4. Qrantlar

5. Elmi müəssisələdə adlı müsabiqələr və mükafat fondları

Qeyri-maddi mükafatlar:

1. Konfranslarda, məktəblərdə və tədbirlərdə mühazirəçi və ya nümayəndə kimi təyin olunma

2. Həvəsləndirici diplom / təşəkkür məktubu / ictimai təbriklərlə gücləndirilməsi

3. KİV-də və sosial şəbəkələrdə dəstək

4. “Gənc tədqiqatçı” jurnalında nəşr. İldə 4 dəfə nəşr olunan və Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası tərəfindən tanınan “Gənc tədqiqatçı” jurnalında pedaqogika elmi istisna olmaqla, bütün elm sahələri üzrə bakalavr, doktorant və dissertantlar üçün ödənişsiz nəşr etmək imkanı yaradılmışdır.

5. “Əylənərək öyrənək” şüarı ilə təşkil olunan yay və qış düşərgələrində gənclər öyrənir, öyrədir, istirahət edir, şəbəkələşir və elmi əlaqələr qurur.

E.Babayev sonda forumun gələcək birgə elmi əməkdaşlıqlar, qrant layihələri və kolaborasiyalar üçün faydalı olacağını səsləndirib.

Qeyd edək ki, forumda Elm və Təhsil Nazirliyinin Botanika, Neft Kimya Prosesləri, Fiziologiya, Dendrologiya institutlarından və AMEA-nın Dilçilik, Arxeologiya, Etnoqrafiya və Antropologiya institutlarından gənc alim və mütəxəssislər iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: