Kosmik hava durumu - Hesabat dövrü ərzində Günəşin aktivliyi əvvəlki tempdə davam etmiş, 2 C sinifli və 4 M sinifli alışma baş vermişdir. 16 mayda M 9.62 (R2) sinifli alışma olmuşdur. Həmçinin son bir neçə sutka ərzində 3311 oblastında aktivlik artaraq, ardıcıl M (R2) sinif alışmalar qeydə alınmışdır. Hesabat dövrü əzrində alışmalara bağlı olaraq II tip radioemissiya və 10 sm-lik radioalışmalar (radioburst) qeydə alınmışdır. Günəşin səthində ləkələr artaraq 8 ləkə qrupu və 140 ləkə müşahidə olunur. Hesabat dövrü ərzində qismən Yerə istiqamətlənmiş bir neçə CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeydə alınmışdır. Həmçinin Tac dəliyi müşahidə olunur ki, bu da kosmik havaya öz təsirini göstərir.
Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli həftə ərzində normal və orta səviyyədə olsa da, 17 mayda baş vermiş Tac Kütlə Atılmaları səbəbilə 21 mayda yüksələrək 1084 pfu qeydə alınmışdır. 10 MeV-dən çox enerji yüklü proton seli isə 16-17 may tarixlərində bir qədər həyəcanlaşaraq 1 pfu olmuşdur, digər günlər isə fon səviyyəsində qalmışdır.
Hesabat dövründə Günəş küləyi 12 və 17 mayda baş vermiş Yerə istiqamətlənmiş Tac Kütlə Atılmalarının təsiri ilə sürətlənməyə başlamış və maksimal sürət 632 km/san qeydə alınmışdır. Planetlərarası maqnit sahəsinin qiyməti isə 21 mayda artaraq Yer orbitində 20 nT, radial istiqamətdə isə -17 nT olmuşdur. Hal-hazırda isə planetlərarası maqnit sahəsinin qiyməti Yer orbitində 7.26 nT, radial istiqamətdə isə 0.17 nT təşkil edir.
Mayın 12-si və 17-də baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə hesabat dövrü ərzində geomaqnit sahəsi aktivləşmiş, 20 maydan geomaqnit qasırğası başlamışdır. Qasırğa G2 (orta) səviyyəsinə kimi yüksəlmişdir və 24 may tarixinə kimi davam edəcəyi gözlənilir. Hal-hazırda geomaqnit sahəsinin aktivliyi 5+ Kp-dir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (22-29 may) C sinif alışmanın baş vermə ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75%, X (R3) sinif isə 30% təşkil edir.
2 MeV-dən çox enerjili elektron selinin normal və orta səviyyədə olması, enerjisi 10 MeV-dən çox olan proton selinin isə yüksəlməsi gözlənilir. 22-24 may tarixində S1 səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı var.
Tac Kütlə Atılmalarının təsiri davam etdiyindən və mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) əlavə olunacağına görə Günəş küləyinin sürətinin yuxarı səviyyədə qalacağı proqnozlaşdırılır.
Geomaqnit sahəsinin aktiv olacağı, 24 may tarixinə kimi maqnit qasırğasının davam edəcəyi gözlənilir. Qeyd olunan tarixdən etibarən geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.