Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.05.2023 16:22
  • A-
  • A
  • A+

Şəkidə ekoturizm potensialının öyrənilməsi istiqamətində tədqiqatlar aparılır

Şəkidə ekoturizm potensialının öyrənilməsi istiqamətində tədqiqatlar aparılır

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsində Azərbaycan Respublikasının şimal-qərb regionunun ekosistemlərinin tədqiq edilməsi ilə paralel olaraq, ekoturizm potensialının öyrənilməsi istiqamətində də elmi-tədqiqat işləri aparılır.

Ekoturizm təbiət turizminin xüsusi formаsı kimi, ətrаf mühitə qаyğı ilə bаğlı turizmdir. Ekoturizm ətraf mühitin mühafizəsi və yerli əhalinin rifahını yaxşılaşdırmaq, onun tələblərini qarşılamaq üçün spesifik potensiala malik olan davamlı bir turizm növüdür. Turizmin bu növü təbiətin qorunmasına, yerli əhalinin iqtisadi və sosial həyat tərzinin yaxşılaşdırılmasına, region barədə maraqlı məlumatların əldə edilməsinə, ekoloji turların təşkili ilə ekoloji mədəniyyətin formalaşdırılmasına və s. yönəldilib. Bu baxımdan Şəki Regional Elmi Mərkəzində aparılmış araşdırmalar və əldə edilmiş nəticələr əsasında Kiş çayı üzərindəki Xudgər şəlaləsi haqqında məlumat 2023-cü il mayın 19-da “Vikipediya” azad ensiklopediyasında yerləşdirilib. Məqalə “Vikipediya”da AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin təşkilatı dəstəyi ilə Azərbaycan, türk və ingilis dillərində yaradılıb.

Şəki Regional Elmi Mərkəzin Ekoloji coğrafiya şöbəsinin rəhbəri Yusif Rəhimov bildirib ki, yerli əhali tərəfindən Xudgər adlandırılan bu şəlalə Kiş çayının Damarçın qolunun sağ sahilində dəniz səviyyəsindən 1668 metr hündürlükdə yerləşir. Xudgər adı “xonkar”, “xodkar”, “xudkar” sözlərindən yaranıb ki, bu da “hökmdar”, “sultan”, “başçı” mənasını daşıyır. Elmi mənbələrdə adı qeyd olunmayan, 14,8 metr hündürlükdən tökülən Xudgər şəlaləsi öz bənzərsizliyi ilə regionda ekoturizmin inkişaf etdirilməsi baxımından perspektivli təbiət abidəsidir.

Xudgər şəlaləsi AMEA-nın Şəki Regional Elmi Mərkəzinin ekoloji coğrafiya şöbəsinin rəhbəri Yusif Rəhimov və həmin şöbənin aparıcı elmi işçisi Qafqaz Ağabalayev tərəfindən 2018-ci ildə Şəki rayonundakı Kiş çayı və çayın qolları üzərində regionun ekoturizm potensialının öyrənilməsi istiqamətində aparılan tədqiqatlar zamanı qeydə alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: