Həm müxtəlif janrlarda əsərlərin yazılması, həm də ədəbi qurumların fəal olması Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyatın hərtərəfli inkişafını təsdiqləyən amillərdən biri idi. Seyid Hüseynin rəhbərliyi altında təşkil olunan “Yaşıl qələm” birliyi “Hophopnamə”ni nəşr etmək istəmiş, həmçinin “İsmailiyyə” binası mövzusunda yazı müsabiqəsi elan etmişdi. O dövrdə “Ədəb yurdu”, “Türk ocağı” kimi milli ədəbi dərnəklərlə yanaşı, onlara alternativ olaraq 1919-cu ildə bolşeviklər tərəfindən “Qırmızı qələm” cəmiyyəti də yaradılmışdı.
Bu fikirləri AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Gülnar Səmanın “Cümhuriyyət dövründə ədəbiyyat” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
1919-cu ildə Ceyhun Hacıbəylinin Parisdə fransız dilində “İlk müsəlman respublikası Azərbaycan” kitabının çap olunması ədəbi baxımından olduğu kimi, siyasi baxımdan da böyük hadisə idi. Eyni zamanda, Yusif Vəzir Çəmənzəminlinin 1919-cu ildə İstanbulda “Azərbaycan ədəbiyyatına bir nəzər” monoqrafiyasının nəşri də qardaş ölkələrdə Azərbaycan ədəbiyyatının təbliğinə xidmət edirdi. Bundan əlavə, o dövrün nəşrləri barəsində Adilxan Ziyadxanın 1919-cu ildə çap etdirdiyi “Azərbaycan haqqında tarixi, ədəbi və siyasi məlumat” kitabı və “Milli şərqilər” almanaxı da müəyyən təəssürat yaradır.
Müasir dövrdə Cümhuriyyət dönəminin ədəbiyyatını daha çox o vaxtlar yayımlanan mətbu orqanlarından toplamaq mümkündür. Lakin Asif Rüstəmlinin “Zirədən başlanan yol” kitabında o dövrün mətbuatı haqqında da bir sıra yeni məlumatlar toplanıb.
Həmin dövrün oxuculara az təqdim olunan nasirlərindən biri də Ağababa Yusifzadədir. Lakin həmin dövrün mükəmməl nəsr əsərləri içərisində indiyə kimi kifayət qədər araşdırılmış və yayımlanmış əsərlər də var. Bunlar Cəlil Məmmədquluzadənin “Nigarançılıq”, “Konsulun arvadı”, “Xanın təsbehi”, “Qəssab”, “Rus qızı”, “Zırrama”, Əbdürrəhim bəy Haqverdiyevin “Şair” (“Mirzə Səfər”), “Süleyman əfəndi”, Abdulla Şaiqin “Əsrimizin qəhrəmanları” romanının bir hissəsi, Seyid Hüseynin “Həzin bir xatirə”, “İslamiyyə”, Cəfər Cabbarlının “Parapetdən Şamaxı yoluna qədər”, Abbas Səhhətin “Qaragünlü Həlimə” əsərləridir.
Cümhuriyyət dövründə nəsrdə olduğu kimi, dramaturgiya sahəsində də əsas ağırlıq yükünü tanınmış imzalar çəkiblər. Həmin müəlliflərə və əsərlərə nümunə olaraq Cəfər Cabbarlının “Ədirnə fəthi”, “Trablis müharibəsi, yaxud Ulduz”, “Aydın”, “Bakı müharibəsi”, “Nəsrəddin şah”, “Oktay Eloğlu”, Hüseyn Cavidin “İblis”, Cəlil Məmmədquluzadənin “Anamın kitabı”, “Kamança”, Mirzə Bala Məhəmmədzadənin “Bakı uğrunda müharibə” pyeslərini misal göstərə bilərik. Dövrün dramaturgiyasına təsir edən amillərdən biri də 1919-cu ildə Azərbaycan Dövlət Teatrının yaradılmasıdır. Eyni zamanda, “Teatr xadimləri cəmiyyəti”, “Müsəlman Mühərrir və Ədiblər Cəmiyyəti” kimi qurumların fəaliyyəti ədəbi prosesə təsirsiz ötüşmürdü. Cümhuriyyət dövrü ədəbiyyatında nisbətən daha aktiv nəzərəçarpan sahə poeziya idi. Professor Bədirxan Əhmədov “XX əsr Azərbaycan ədəbiyyatı tarixi”nin I cildində dövrün poetik nümunələrini belə qruplaşdırır: Cümhuriyyət, istiqlal, müstəqillik və bu atributlardan doğan təəssüratların milli inikası və milli düşüncədən uzaq, mövzu və problem etibarı ilə dövrlə səsləşməyən poetik parçalar.
Qeyd edək ki, müəllif ikinci tip əsərlərə Məmməd Səid Ordubadinin “Zavallı əcəmistan” və Əliqulu Qəmküsarın “Əlaman” şeirlərini nümunə göstərir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bölgünün birinci hissəsinə aid əsərlər daha çoxdur. Bunlar o dövrdə işıq üzü görmüş Hacı Kərim Sanılının “Yeni şərqilər” kitabında və Feyzulla Sacidinin “Fəryad” kitabında da əksini tapıb. Həmin illərdə fəaliyyət göstərən, lakin indiyə kimi tədqiqatçıların nisbətən az müraciət etdiyi şairlərdən Əli Misanı, Əli Şövqini, Sənan Yayılı Kərimi, Feyzulla Sacidi qeyd edə bilərik. Həmçinin Dərdli Sairin “Yürəklərə”, Ə.Bağırlının “Yüz il idi”, Mətləb oğlu Abutalıbın “Türkün dərdi”, Şərafəddinin “Azərbaycana xitabən”, Mürşüdün “Ağlayırdım, gülürəm, güləcəyəm”, Abbas ağa Qayıbov Nazirin “Miralay Cəmil Cahid bəy mədhində”, Cəlal Sahirin “Qafqaz türküsü”, Məhəmməd Ümid Gəncəlinin “Azərbaycan”, “Vətən şərqisi”, Əbdürrəhman Dainin “Bir yaralı əsgərin dilindən” kimi müəlliflər və əsərlər də geniş oxucu kütləsinə o qədər də məlum deyil. Cümhuriyyət dövründə Əli Kamalın qələmə aldığı “Vətən məni yetişdirib bu yerlərə göndərdi” misraları ilə başlayan “Marş” şeiri daha məşhur olsa da, müəllifi haqqında geniş informasiyalar yayılmayıb. Salman Mümtazın “Öyün, millət” şeiri isə Nuru Paşanın Şəkiyə gəlişi zamanı bədahətən söylənilmiş, şeirdə milli özünəinam ifadə olunmuşdur.
Digər az tanınan şair İbrahim Şakirin irihəcmli “Türk ordusuna” şeirində də həm törədilən qətllər, həm də türk ordusunun xilaskarlıq missiyası pafoslu təntənə ilə əks etdirilib. Cümhuriyyət dövrünün milli məzmunlu digər şeirlərinə Davud Ağamirzadənin “Məqsədimiz”, “Əsgər şərqisi”, “Bir əsgərin xitabı”, “Azərbaycan ordusuna”, “Atalara”, “Millətimə”, Əliyusif Rainin “Azərbaycanlıya”, “Bayraq”, “İdeal”, “Getmə”, “Öpər, kim bilir, bəlkə bir xülya”, “Bir türk yolçusu deyir ki” əsərlərini də nümunə göstərə bilərik.
Həmin dövrdə də xüsusi əzmkarlıqla yazıb-yaradan məşhur şairlərimizdən olan Məhəmməd Hadi “Əlvahi-intibah, yaxud insanların tarixi faciəsi” poemasını Cümhuriyyət illərində tamamlayıb. Bu illərdə yazdığı digər əsərlərə “Əsgərlərimizə, könüllülərimizə”, “Məfkureyi-aliyyəmiz”, “Türkün nəğməsi”, “Məmayi-kainat”, “Həyati-hazirəmizin ilhamları”, “Mühtab şəffa”, “Qürbət yellərdə yadi-vətən”, “Vaxtın səsi və həyatın özü” şeirləri misal ola bilər. Onun 1919-cu ildə çap olunmuş “Şühədayi-hürriyyətimizin ərvahinə ithaf” şeiri “Sizin məzarınız iştə qülubi-millətdir” sətri ilə başlayır və şeirin sonrakı beytlərində bunun səbəbləri açıqlanır: “Sizinlə buldu bu millət şərəfli istiqlal, Sizinlə buldu bu millət həyati püriqbal”.
Araşdırma zamanı Abdulla Şaiqin “Marş” ("Türk ədəmi mərkəziyyət firqəsi “Müsavat”a ithaf), “Neçin böylə gecikdin?”, “Vətənin yanıq səsi” kimi əsərləri diqqəti cəlb edir. Onun 1920-ci ildə “Qurtuluş” məcmuəsində çap olunmuş irihəcmli “Arazdan Turana” şeirində nisbətən süjet elementləri də hiss olunur. Şeirdə diqqəti çəkən əsas məsələ Araz və Kür çaylarının türkün problemlərini Quzğun dənizinə söylərkən istifadə edilmiş bədii priyomlar və kodlaşdırmalardır. “Girmiş sehrli divlər qızıl alma bağına, Qara quzğun ötüşmüş soluna və sağına” - tipli misralar daşıdığı məcazi mənalarla yanaşı imperialistlərin ifşasına yönəldilib.
Cümhuriyyət dövrü poeziyasından bəhs edərkən o zamanlar gənc şair olan Cəfər Cabbarlının “Azərbaycan bayrağına”, “Sevdiyim”, “Sevimli ölkəm”, “Dün o gözlərdə”, “Yaşamaq” kimi şeirlərini xüsusilə qeyd etmək lazımdır. O, 1920-ci ildə çap olunmuş “Salam” şeirini Mirzəbala Məhəmmədzadəyə töhfə olaraq qələmə alıb.
Azərbaycanın Dövlət Himninin müəllifi Əhməd Cavad “Dalğa” kitabını Cümhuriyyət dövründə çap etdirir. Şairin həmin illərdə yazdığı “Bən kiməm”, “Türk ordusuna”, “Azərbaycan bayrağına”, “Elin bayrağı”, “Gəlmə”, “Bakı deyir ki...”, “İngilis”, “Bismillah”, “Röyasını görmüşdüm”, “Mən bulmuşam”, “Al bayrağa”, “Qardaş”, “Milli bayrağımıza”, “O qıza”, “Qalx”, “İstanbul” şeirləri milli məfkurəyə xidməti ilə fərqlənir. “Şəhidlərə” şeirini isə Azərbaycandakı osmanlı şəhidlərinə ithaf edib.
Dövrün digər diqqət çəkən şairlərindən biri də Ümgülsüm Sadıqzadədir. Onun “Əsgər anasına”, “Çəkil dəf ol”, “Səs verəlim”, “Bir qız üçün”, “Bu yılki mayısda” şeirləri də istiqlal sevincini əks etdirir.