Həyatda elə insanlar var ki, insan bəzən onun itkisi ilə barışa bilmir. Məhz belə insanlardan biri də Azərbaycan etnoqrafiya elminin inkişafında böyük rolu olan, Naxçıvan etnoqrafiyasının ilk təməlini qoyan tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadədir. O, Naxçıvan etnoqrafiyası sahəsində bir məktəb yaratmış, bu sahədə çox sanballı əsərlər yazmışdır. Etnoqrafiya elmi arxeologiya elmi kimi, tarix elminin mühüm tərkib hissəsidir, onun bütövlüyünü, tamlığını təsdiqləyir. Bu elmlərin birliyi çoxəsrlik tariximizin bir sıra qaranlıq səhifələrinə işıq salır. Minillikləri milyon illərə qovuşduran tarix yazır, tarix yaradır. Məhz belə tarix yazanlardan biri də Naxçıvan etnoqrafiyasının təməlini qoyan, mərhum akademik Teymur Bünyadovun dediyi kimi, pambıq zəmisi kimi çiçək açmış Naxçıvan bölgəsinin etnoqrafiyasını çiçəkləri solub tökülmədən toplayan, Azərbaycan etnoqrafiya elmində xüsusi dəst-xətti olan H.Q.Qədirzadə idi.
Hacı Qadir İbrahim oğlu Qədirzadə 20 may 1948-ci ildə Babək rayonunun Cəhri qəsəbəsində anadan olmuşdur. 1966-cı ildə Cəhri kənd orta məktəbini bitirmiş, bir il həmin kənddə sovxozda fəhlə işləmişdir. 1967-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının “Tarix” ixtisasına qəbul olunmuş, 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Cəhri kənd orta məktəbində müəllim işləmişdir. 1975-ci ilin iyun ayından Naxçıvan Elm Mərkəzində kiçik elmi işçi, 1979-1986-cı illərdə Arxeologiya, Etnoqrafiya və Folklor şöbəsinin, 1987-1992-ci illərdə Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1992-2001-ci illərdə Naxçıvan Regional Elm Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2002-ci ildən AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərmişdir. 2004-cü ildə “Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr” mövzusunda doktorluq dissertasiyası mudafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi almışdır. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Əsas tədqiqat obyekti olaraq ailə və ailə məişət məsələləri, İslamaqədərki inamlar sistemi, etnik-mədəni münasibətlər, Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan məsələləri, Türk Ata nəzəriyyəsi, tanrıçılıq sistemi, xalq müalicə üsulları: türkəçarə və ya türkün çarəsi, bir sözlə, maddi və mənəvi mədəniyyətin vəhdəti və digər məsələlərdir. Bunlarla yanaşı, xalq tərbiyəsi, milli uşaq oyunları, etnodemoqrafik problemlərin araşdırılması sahəsində SSRİ PEA Tərbiyənin Ümumi Problemləri İnstitutunda “Xalq Oyunları Şurası”nın, Xalq Pedaqogikasının üzvü seçilməklə SSRİ Elmlər Akademiyasının Folklor Şurası və digər sahə institutları ilə sıx əməkdaşlıq etmişdir.
2006-cı ildə “İcmalararası münasibətlər” proqramına uyğun olaraq ABŞ-ın Dallas şəhərində olmuş və buradakı qarşılıqlı fəaliyyətə görə şəhərin meri tərəfindən “Dallas şəhərinin fəxri vətəndaşı” adlandırılmışdır.
400-ə yaxın elmi, elmi-kütləvi (o cümlədən qəzet) məqalə və 7-si həmmüəllifli olmaqla, 20 kitabın müəllifi idi.
Təsadüfi deyil ki, Qadir müəllimin müəllifi olduğu “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabı Naxçıvan Muxtar Respublikasıda xüsusi mükafata layiq görülmüş, ali məktəblərə dərslik kimi tövsiyə olunmuşdur.
O, təkcə mühüm tədqiqat və elmi işlərlə deyil, həm də yetişdirdiyi yüzlərlə gənc alim və ziyalıların müəllimi kimi də həmişə xatırlanır.
Təbii ki, hər bir insanın dəyəri, qiyməti həm də onun yetişdirdiyi övladların xalq, cəmiyyət üçün faydası qədərdir. Ailəsində beş övlad böyüdüb onlara yüksək təhsil və tərbiyə verərək cəmiyyətə qazandıran Qadir müəllim həm də atalıq xoşbəxtliyinin səadətini dadan insanlardan idi...
Qadir Qədirzadə sözün əsl mənasında elm fədaisi, millət təəssübkeşi, müəllim və böyük ziyalı idi. Səmimi və qətiyyətli insan olan Qadir müəllim danışdıqca sanki qarşında dünya kitabxanalarında heç kimin oxuya bilmədiyi minlərlə kitabından səhifələr açılırdı. Muxtar respublika elmində sanki bir qocaman dağ idi Hacı Qədir Qadirzadə. Bu dağın sayəsində Naxçıvanda, Qərbi Azərbaycanda, Anadoluda, Cənubi Azərbaycanda, Qafqazda, hətta Uzaq Sibirdə yaşayan qədim türk xalqlarının min illik ortaq etnoqrafiyası, ailə-məişətinin dəyərli inciləri hər kəsə tanıdıldı.
Qadir müəllim ali məktəblərdə də dərs demiş, bir tələbə ondan incik düşməmişdir. Tələbələrin ən sevimli müəllimi idi.
Eyni zamanda o, sözün əsl mənasında xalqına, vətəninə, doğulduğu torpağa qəlbən vurğun insan idi. Ürəyi daim xalqı üçün yanan, vətənini, elini-obasını qəlbən sevən Qədirzadə özünün əməlləri və Azərbaycan elminə böyük bir miras qoyduğu əsərləri ilə daim yaşayacaq. 75 yaşın mübarək əziz müəllimimiz.
Asəf ORUCOV, tarix üzrə fəlsəfə doktoru, dosent
Aytəkin QƏHRƏMANOVA, tarix üzrə fəlsəfə doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.