Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.05.2023 14:10
  • A-
  • A
  • A+

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu - Hesabat dövrü ərzində Günəş aktivliyi orta səviyyədə olmuşdur, M sinif alışmalar üstünlük təşkil etmişdir. Maksimum alışma 23 mayda baş vermiş M 3.08 sinifli alışma olmuşdur. Hesabat dövrü ərzində alışmalara bağlı olaraq II tip və IV tip radioemissiya qeydə alınmışdır. Günəş ləkələri artaraq 10 ləkə qrupu və 153 ləkə olmuşdur. Yerə istiqamətlənmiş bir neçə CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeydə alınmışdır. Həmçinin  Günəşin səthində  Tac dəliyi  müşahidə olunur.

Şamaxı Astrofizika Rəsədxanasından verilən məıumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli həftə ərzində yüksək səviyyədə (max: 4253 pfu),  10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 628 km/san qeydə alınmışdır. Planetlərarası maqnit sahəsinin qiyməti azalaraq hesabat dövrünün əvvəlində Yer orbitində 10 nT,  radial istiqamətdə isə  -7 nT olmuş, sonra isə bir qədər də azalmışdır. Hal-hazırda Günəş küləyinin sürəti normallaşaraq 376 km/san, planetlərarası maqnit sahəsinin qiyməti Yer orbitində 6.8 nT,  radial istiqamətdə isə 3.3 nT təşkil edir.

Hesabat dövründə bir neçə Yerə istiqamətlənmiş komponentə malik Tac Kütlə Atılmaları baş versə  də, Yerə çatana qədər zəifləmiş və geomaqnit qasırğası baş verməmişdir. Ancaq Yerin xarici radiasiya qurşağına təsir edərək enerjisi 2 MeV-dən böyük olan zərrəciklərin hesabat dövrü ərzində yüksək səviyyədə qalmasına səbəb olmuşdur. Hal-hazırda geomaqnit sahəsi sakitdir (Kp=1).  

Kosmik hava proqnozu – Proqnoz günlərində (30 may - 04 iyun) C sinif alışmanın baş vermə ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif isə 10% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin yenə də yüksək səviyyələrə qalxacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin yüksələrək S1 səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı var.

Günəş küləyinin sürətinin mənfi qütblü CH HSS  (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri ilə yenidən sürətlənəcəyi gözlənilir.

Geomaqnit sahəsinin CH HSS-in  təsiri ilə 31 may - 1 iyun tarixlərində aktiv olacağı, 1-4 iyun tarixlərində isə geomaqnit qasırğası (G1) gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: