Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Hər cəhətdən misli olmayan
30.05.2023 14:34
  • A-
  • A
  • A+

Hər cəhətdən misli olmayan

Onların heç biri sadə insan deyildi. Onların hər birinin taleyinə istənilən xalqın tarixindəki ən ali sərvət olan istiqlal, müstəqil dövlət quruculuğu yolunda can qoymaq yazılmışdı. Onların hər biri ömür yolunun necə davam etməsindən asılı olmayaraq xoşbəxt idi. Çünki onlar orada - Güney Azərbaycanda misilsiz şirinliyi damaqlarında həmişəlik qalacaq istiqlalı dadmışdılar.

Onların əksəri bu yolda dəfələrlə ölüm təhlükəsi ilə üz-üzə də qalmışdı. Yaşamaqda davam edirdilərsə, bu, sadəcə onlardan hər birinə bəxtin gülümsəməsi idi. Çünki mübarizə yoldaşlarının neçəsi istibdadın zülmünə tuş gəlmişdi, gülləyə tutulmuşdu, dar ağacından asılmışdı. Onlarsa sağ qalmışdılar, artıq xatirəyə çevrilmiş neçə məsləkdaşlarından fərqli olaraq, onların səhərləri yenə hər gün millət şərqisi - Azərbaycan himni ilə başlanırdı. Ancaq onların 1945-ci ilin bəxtiyar dekabrından, Təbrizdə Milli Hökumətin bayrağı qaldırılandan sonra 1 ilə yaxın müddətdə hər gün eşitdikləri himnlə indi eşitdikləri himnin fərqi vardı. 1946-cı ilin yazından başlayaraq hər gün bütün Güney boyu hər şəhərə-kəndə dalğası yetişən Təbriz radiosundan yayılan o himni indi Bakıda, Quzey Azərbaycanın yerləşərək ömrürlərini davam etdirdikləri rayonlarında tez-tez baş tutan toplantılarında oxuyardılar. Ancaq 1946-cı ilin məsud günlərindəkindən fərqli olaraq, bu Vətən Nəğməsini bir həsrət, nisgil, amma həm də sarsılmaz inam və ümidin şərqisi kimi oxuyardılar.

Onların bir çoxunun Heydər Əliyevlə bağlı munis xatirələri vardı. Çünki üzdə olan güneylilərin az qala əksəri ilə Heydər Əliyev tanış idi. Həmişə də onların yanında olmuşdu. Bir dəfə unudulmaz şairimiz Söhrab Tahir 1982-ci ilin 14 yanvarında, quşbaşı qar yağan işıq və xoşbəxtlik dolu gündə Azərbaycan ədiblərinin Heydər Əliyevlə birgə Şuşada qatıldıqları, hafizələrdə elə bütöv bir şeir kimi qalmış  Molla Pənah Vaqif məqbərəsinin açılışı ilə bağlı yaddaşlarını mənimlə bölüşəndə, Ulu öndərin həmin əziz günə naxış vuran sözlərini, zarafatlarını, ona o səfər əsnasında göstərdiyi məhrəm münasibətini xatırlamış və dalğınlaşmışdı: "Heydər Əliyev bizim kürəyimizi söykədiyimiz dağ idi. Düzdür, sovet dövlətinin siyasi mühacirlərə yaxşı münasibəti qəbul edilmiş bir xətt idi. Bizim cənublulardan başqa respublikalarda yaşayanlar da vardı, orada da onlar müəyyən imtiyazlardan faydalana bilirdilər. Ancaq Heydər Əliyevin bizə etdiyi yaxşılıqları, Heydər Əliyevin bizə göstərdiyi yaxınlığı pənahəndələr nə başqa respublikalarda gördülər, nə də Azərbaycan Respublikasına başqalarının rəhbərlik etdiyi illərdə. Yenə diqqət vardı, yenə qayğı vardı. Ancaq Heydər Əliyevin yerini heç kim verə bilməzdi. O, bizimki idi!..

Söhrab Tahirin xatirələrini ayrıca da lentə almışdım, sonra bir dəfə onu Nizami muzeyinə dəvət etmişdim, onda da Heydər Əliyevli çox maraqlı hekayətləri söylədi, hamısı çəkildi. Yazılan, çəkilən tarixdir, qalır, ancaq nə qədər gözəl xatirələr yazılmadan o insanlarla birgə uçub getdi. Zamanında bütün bunlar qələmə alınsaydı, Söhrab Tahirin təsdiqlədiyi kimi, Heydər Əliyevin gerçəkdən də "Bizimki" - Güneylilərinki olmasının ən doğruçu aynasına çevrilərdi.

Amma nə yaxşı ki, insanın özü ilə apardığı yaddaşından qat-qat etibarlı və həmişə canlı qalmaqda davam edən sənədlər var. Vərəq-vərəq çevirirəm, yaxın-uzaq dünənimizdən Heydər Əliyevin Güneyə və güneylilərə bağlı neçə parlaq izi sayrışır...

Qismət elə gətirdi ki, köhnə güneylilərin çoxu ilə mənə birgə işləmək, yaxınlıq, dostluq etmək nəsib oldu. Ünsiyyətlərimiz dərinləşdikcə də əksərinin ləyaqətinə, səviyyəsinə, qabiliyyətinə, istedadına daha çox məftun kəsildim.

Onlar özümüzdən idilər, amma həm də qərib idilər. Onlara burada, Sovet Azərbaycanında yaşlarından asılı olmayaraq həyatın yeni səhifəsi açılırdı və hər şeyi təzədən başlamaq məcburiyyətində idilər. Düzdür, onlara kömək də edirdilər, yollarında "yaşıl işıq" da yandırırdılar, imtiyazları da vardı. Ancaq özlərində təpər, bacarıq, peşəkar səriştələr olmasaydı, ha əl tut, ha arxa dur, irəliləmələri, hər biri üçün bütün şərtləri və şəraiti ilə yeni olan mühitdə və cəmiyyətdə öz yerini rahatlıqla tapmaları əmələ gəlməzdi. Orada - Güneydə onlar istiqlal mücahidi olmuşdular, yeni dövləti qurmaq, addım-addım irəlilətmək yolunda çalışmışdılar, burada - Quzeydə də Azərbaycan üçün faydalı olmağı bacardılar. Ən müxtəlif sahələrdə çalışdılar və töhfələrini də verə bildilər.

Bu gün - üstündən artıq onillər sovuşandan sonra arxada qalan dünənimizi indinin ucalığından seyr edirkən əmin oluruq ki, bir çox istiqamətlərdə əldə edilmiş yüksəlişlər məhz onların varlığı və səyləriylə bağlı imiş. Azərbaycanda orta çağ tarixçiliyimiz, mətnşünaslığımız, ədəbiyyatşünaslığımız onlarsız heç vəchlə belə inkişaf etməzdi, bu nailiyyətləri qazanmazdı. Yaxud bundan ötrü daha uzun zaman tələb olunardı. İş orasındadır ki, silinməz izlərini qoyduqları bu istiqamətlər onların özləri üçün də yeni idi. Onlar Güneydən belə işləri görməyə hazır gəlməmişdilər, həmin sahələrin mütəxəssislərinə elə burada çevrildilər. Orada qalsaydılar, həyat umulan axarı ilə davam etsəydi, yəqin ki, çoxunun iş həyatı büsbütün ayrı məcrada cərəyan edəcəkdi. Ancaq bura - Şimali Azərbaycana oradan özləri ilə müəyyən vərdiş və qabiliyyətləri gətirmişdilər, əski əlifbanı, farscanı, ərəbcəni bilirdilər, əlyazmaları oxuyurdular, köhnə mətnlərə aşinaydılar. Bu keyfiyyətlər neçəsinin çörək ağacına çevrildi, bir xeylisi elm sarı üz tutdu və yalnız özləri yarımadı, həm də buradakı bir çox həmkarlarına müəllimə, yolaçana çevrildilər. Fəqət nə qədər məsuliyyətli, qabil, işgüzar olsalar da, onları daimi nəzarətində saxlayan təşkilatları olmasaydı, Azərbaycan Demokrat Firqəsi ətrafında sıx birləşməsəydilər, ömründə belə xoş iqbala da yetməzdilər. Təşkilatları, firqələri də onlarçün burada - Sovet Azərbaycanında dövlətlə, hökumətlə əlaqələrdə ən etibarlı körpü idi.

Müxtəlif rayonlara səpilmişdilər. Hamısının yeri-yurdu bəlli, hamısının da öz Mərkəzləri ilə daimi əlaqəsi və Mərkəzin də onlara kəsilməz nəzarət imkanı. Barmaq daim nəbzdə idi. Qayğılarının, istəklərinin, dərd-sərlərinin həlli üçün dağa-daşa düşmələrinə lüzum yoxdu, firqə onların yardımında idi. Təbii ki, firqənin də güvəndiyi Azərbaycan dövləti, respublika hökuməti idi, böyük ölçüdə isə Moskva. Çünki Kremlin SSRİ-yə sığınmış siyasi mühacirlərlə bağlı məxsusi qayğıkeş xətti vardı, bu himayədarlığı gerçəkləşdirməkçün də Moskva həm lazımi qapıları açır (və açdırtdırır), həm də vəsaitlər ayrılmasında simiclik etmirdi. Güney Azərbaycandan gələn siyasi mühacirlər istər Azərbaycan Respublikasında məskunlaşmış olsun, istərsə də Sovet İttifaqının başqa guşələrində, diqqət diqqət idi. İşlə təmin olunmaları, mənzil və məişət məsələləri, təhsil almaları da Allah umuduna buraxılmamışdı, hər şey nəzarətdə idi, hər ilin sonunda da bununla bağlı növbənöv açıq və gizli hesabatlar hazırlanırdı.

Azərbaycan Respublikasına kimin rəhbərlik etməsindən asılı olmayaraq, məhz sovet dövləti siyasətinin mühüm bir parçası olduğundan bu sahəyə məsuliyyətli münasibət mütləq idi. Həmin diqqət də heç vaxt əsirgənməyib. Ancaq Azərbaycana Heydər Əliyevin rəhbərlik etdiyi dövrlər bu baxımdan seçiləndir. Çünki Güney Azərbaycan və güneylilərin dürlü məsələləri onunçün heç vaxt sadəcə vəzifənin təklif etdiyi daha bir öhdəliyi yerinə yetirmək kimi qalmadı. Bu, Heydər Əliyevdən ötrü qəlbinə yaxın tutduğu bir ayrıca ada idi və cənublular da daim bu səmimiyyəti, içəridən gələn ülfəti hiss etdiklərindən onu özlərinə doğma, dayaq sandılar.

Hərdən sənədlərin quru dili dərin qatda olan isti münasibətləri bircə anda bütün əyaniliyi ilə nümayiş etdirə bilir.

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin Bakıda yerləşmiş rəhbərliyi güneylilərlə Azərbaycan Respublikası rəhbərliyi arasında əsas vasitəçi idi. Arasıkəsilmədən yazışmalar gedirdi. Hər biri keçilmiş yolun ən doğruçu şahidləri kimi qalan qovluq-qovluq yazışmaların göstərdiyi bir diqqətədəyər məqam da budur ki, Heydər Əliyev Azərbaycana başçılıq etdiyi zamanlarda göndərilmiş məktublarla ondan əvvəlki və sonrakı rəhbərliyə yollanan məktubların, münasibətlərdəki hərarətin dərəcəsinə dəlalət edən bir özəlliyi ilk baxışdanca dərhal gözə çarpır. Heydər Əliyevdən əvvəl və ondan sonra - 1969-dan qabaq və 1982-ci ildən sonra (müstəqillik dönəmi bir ayrı söhbətdir) ADF Mərkəzi Komitəsi sədrinin məktubları qəlib üzrə Azərbaycan KP MK-ya müraciət kimi göndərilir. Heydər Əliyev vəzifə başına gəlincə daha mücərrəd şəkildə Mərkəzi Komitəyə yazılmır, birbaşa ad-soyad göstərilir. Hər bir alınmış məktubun üstündə də Birinci katibin - Heydər Əliyevin səliqəli xətti ilə dərkənarı var. Həm də hər dəfə o dərkənarlar müraciət olunan məsələlərlə bağlı hansı qərarların qəbul edilməsini aşağı məqamların ixtiyarına buraxmır, ən müşkül hallarda belə istəyin hökmən nəzərə alınmasına, qaldırılan məsələnin mürəkkəblik dərəcəsindən asılı olmayaraq çözülməsinə yönəldir.

Söz yox, bunun ilk əsas səbəbi o idi ki, Azərbaycan Respublikasına rəhbərliyə xüsusi xidmət orqanlarından gəlmiş Heydər Əliyev Güney məsələlərinə bütün tarixi və ayrıntıları ilə başqalarından müqayisəedilməz qədər dərindən və geniş bələd idi, elə köhnə işinin xətti ilə buralı güneylilərin neçəsi ilə də tanış idi, çoxlarıyla təmasları, bəziləriylə yaxınlığı da vardı. Bu, öz yerində, amma qəlbən hayanlıq, mövzunu özünə doğma saymaq, buna daxildən gələn məxsusi həssasiyyətlə yanaşmaq məsələsi də var, həm də bu, daha üst qatdadır.  

1977-ci ilin aprelidir. Bu məktubu Qulam Daneşiyandan sonra ADF MK sədri olacaq, o vaxtlarsa hələ sadəcə İcraiyyə heyətinin üzvü olan Əmirəli Lahrudi yazır. Vaxtında onunla çox görüşlərimiz, çox söhbətlərimiz olub. Həmin söhbətlərin də bir qismi lentlərin yaddaşında qalmaqdadır. Güney hərəkatının fəallarından olmuş Əmirəli Lahrudi hələ 1944-cü ildə, 20 yaşında Hezb-e Tude-ye İranın Meşkin mahal komitəsinin sədri seçilmişdi. 1946-cı ildə Sovet Azərbaycanına gələndən sonra da axıracan partiya işində ən seçkinlərdən idi. 1960-1968-ci illərdə Vətəndən kənarda - Leypsiqdə partiyanın Mərkəzi Qərargahında çalışsa da, sonra yenə Bakıya qayıtdı, partiyanın rəhbərliyində təmsil olundu, 1979-cu ildənsə həyatının sonunadək ADF-in sədri vəzifəsini daşıdı. Üstündə Heydər Əliyevin dərkənar qoyduğu bu məktubu Lahrudi hələ sədr vəzifəsini daşıyan Qulam Yəhyanın səhhəti, həkimlərin məsləhəti ilə "Podmoskovye" sanatoriyasında müalicə kursu keçmək zəruriyyətinin yaranması ilə bağlı yazmışdı. Bu, hər kəsin putyovka taparaq gedib dincələ, müalicə ala biləcəyi sanatoriyalardan deyildi, ora düşmək birbaşa Kremllə həll edilməli məsələ idi. Həm də ADF-dən göndərilən məktubda Qulam Yəhyaya bir deyil, 2 göndəriş verilməsi istənilirdi - Danişyan ora həyat yoldaşını da aparmağı arzulayırdı.

Heydər Əliyevin dərkənarı "Baxılsın", "Araşdırılsın"dan ibarət deyil, konkretdir: "Xahiş edirəm, zəruri kömək göstərilsin".

Yəni danışın, mənim adımdan müvafiq məqamlara məktub hazırlayın.

1977-ci ilin fevralı. O çağlardır ki, hətta bir sosialist ölkəsinə turist səfərinə çıxmaqçün qat-qat yoxlamalardan, neçə komissiyadan, sorğu-suallardan keçməlisən. Kapitalist ölkəsinə səfərə çıxmağınsa çətinlikləri daha çox, yoxlamaları daha qəliz. Həm də baxır hansı kapitalist ölkəsi. Heydər Əliyevə ünvanlanan bu məktubdasa söhbət turist səfərindən getmir, Qərbi Berlində İranlı Demokrat və Tələbələr Təşkilatının təşəbbüsü ilə 1977-ci ilin martında təşkil ediləcək Novruz şənliklərində iştirak üçün Azərbaycan Demokrat Firqəsinin nəzdindəki özfəaliyyət dərnəyinin üzvlərinin iri bir dəstəsinin göndərilməsinə kömək göstərilməsi rica olunur.  ADF MK sədri Qulam Danişyan bu məktubu Azərbaycan KP MK-ya İran Xalq Partiyasının sədri İrəc İskəndərinin ona göndərdiyi bir qədər gileyli məktubdan sonra yazmışdı. İran kommunistlərinin lideri İrəc İskəndəri şikayətlənirdi ki, keçən il də oxşar xahiş etmişdik, ancaq sizin tərəfdən hərəkət olmadı. Halbuki belə tədbirlərin Qərbdə siyasi işimizin irəliləməsinə çox ciddi təsiri ola bilər.

Əlavə edilən həmin siyahıya baxınca sonralar Azərbaycan musiqisində məşhurlaşmış bir neçə ada rast gəlsəm də, diqqətimi ilk çəkən bəstəkar dostum, indi Xalq artisti, təbii ki, o vaxt xeyli gənc Siyavuş Kərimi olur: "Kərimi Siyavuş. 1954-cü ildə Bakıda anadan olub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının son kurs tələbəsidir. "Məşəl" ansamblının üzvüdür. Tarzəndir".

Və digər qrup üzvləri ilə yanaşı, yerindəcə onun da valideyni haqqında məlumat verilir: "Atası Kərimi Əşrəf 1945-ci ildən firqənin üzvüdür, 1946-cı ildə SSRİ-yə gəlib, Dövlət Texniki Nəzarət İdarəsində sahə müvəkkili işləyir".

Səyavuşdan soruşuram, deyir ki, "Məşəl" ansamblına məni atam aparmışdı ki, firqəmizin musiqi dəstəsidir, gərək burada olasan.

Beləcə, Almaniya Federativ Respublikasına ezam edilməsi istənilən qrupun hər bir üzvü haqqında bilgiyə onun atası ilə bağlı da məlumat artırılır. Siyahıda adı keçən Qurbani-Konzak Abdulla Səngər oğlu da konservatoriyanın ikinci kurs tələbəsi idi, o da "Məşəl"in üzvü. Bu, sonraların tanınmış tarzəni həmin Abdulla Qurbanidir. Siyahıda qarmonçalan, filarmoniyanın solisti, 1939-cu il təvəllüdlü, SSRİ-yə 1953-də gəlmiş Bərxu Məmməd Əli oğlu, atası Sovet Azərbaycanına 1946-cı ildə gələnlərdən olan, 1951-ci il doğumlu, firqənin Cavanlar Təşkilatı Bakı Şurası İncəsənət bölməsinin sədri, indi adı hamıya bəlli Rafiq İmrani, o vaxtlar adı yeni-yeni tanınmağa başlayan müğənni və rəqqasə, filarmoniyanın solisti Ruhəngiz Musəvi (onun atası Mirməhəmmədəli Musəvi də 1945-dən firqənin üzvü idi, Xalq şairi Söhrab Tahir danışırdı ki, onun kimi, Mirməhəmmədəlini də 1946-cı ildə Təbrizdən Bakıya hərbi təhsil almağa göndərmişdilər), əslən Cənubdan olsa da, Şimalda yaşamış, 1938-ci ildə Sovet Azərbaycanındakı iranlıların SSRİ-dən təcili köçürülməsi əsnasında Təbrizə getmiş, Milli Hökumət dönəmindəki fəaliyyətlərinə görə 1947-ci ildə ailəliklə Badirabada sürgün edilmiş, 1960-cı ildə sovet vətəndaşlığını qəbul edərək SSRİ-yə qayıtmış məşhur müğənni Novruz Feyzullayev, atası İbrahim Tacikistanda məskunlaşaraq orada Elmlər Akademiyasında işləyən, özü Bakıdakı Xüsusi rejimli internat məktəbində müəllimlik edən müğənni Bijən Əlizadə, atası Danai (digər soyadı Kərimov) Məhərrəm (həm də Seyfulla) Güney Azərbaycanındakı milli hərəkatın ən fəal iştirakçılarından olmuş, miyanalı, Sumqayıt Dövlət Dram Teatrının aktyoru, indi hər kəsin tanıdığı Xalq artisti Valeh Kərimov, tarzən və rəqqas Məmməd Parsiyani, bu heyətdə adı keçən yeganə məktəbli - atası Əziz bu taya 1946-da keçənlərdən olan Nəzirə Müqəddəmi də vardı. Bu adların hamısını ona görə sadalayıram ki, tarixin belə bir yarpağının varlığı da unudulmasın.

Karyerası boyu ədəbiyyat və mədəniyyətə məhəbbəti və himayəsi ilə seçilmiş Heydər Əliyev elə bu məqamda da səbəb olur ki, əslən Güneydən olanların Azərbaycanda, Bakıdakı fəaliyyətlərinə çıraq tutan daha bir sənəd üzə çıxsın, unudulmuş simaları yada salsın, sonralar məşhurlaşmış adların dünənindən də xəbər versin.

Sovet İttifaqının Şərq siyasətində İranın özəl bir yeri vardı və həmin ölkədəki təbəddülatlar daimi olaraq izlənilir, araşdırılır, təhlil edilirdi. Moskva bu istiqamətdəki arayışların hazırlanmasında İranla həmsərhəd və məhz çoxsaylı iranlı siyasi mühacirlərə qucaq açması ilə həmin ölkəni daha yaxşı öyrənə bilməkçün üstün imkanlara malik Azərbaycana çox arxalanır, tez-tez də müraciət edirdi.

1979-cu il noyabr ayının 25-i. Güney məsələlərinə aid qovluqlarda "məxfi" qrifli, üstündə Heydər Əliyevin dərkənarı olan daha bir tarixi əhəmiyyətli sənəd.

Heydər Əliyevin "Razıyam" dərkənarı ADF MK sədri Əmirəli Lahrudinin Almaniya Demokratik Respublikasına 1 həftəliyə ezam edilməsinə "hə" deməkdən ibarət idi. İş ondadır ki, islam inqilabı etmiş İran içəridən çalxalanırdı, ölkədə əsaslı siyasi-ideoloji dəyişikliklər baş verirdi. Azərbaycan Demokrat Firqəsinin İranda işini gərəyincə apara bilməsi yolunda qarşıya bir silsilə aşılması çətin əngəllər və maneələr çıxmışdı. Avqustun sonlarında Təbrizdə ADF Katibliyinin binasına dağıdıcı həmlə edilmiş, İran Xalq Partiyası yarımgizli fəaliyyətə keçmişdi.

Lahrudinin məlumatına görə, Hezb-e Tudənin və ADF-in rəhbərlyi partiya yoldaşlarına təklif ediblər ki, hələlik xaricə getsinlər və ölkəyə qayıtmasınlar. Lahrudi çatdırırdı ki, 1979-cu ilin iyununa qədər onların Ərdəbil, Sərab, Miyana, Zəncan, Əhərdə kitab mağazalarında yerləşən, guya əsas məşğuliyyətlərinin elə kitab alış-verişi olması pərdəsi altında işini aparan dəstələri varmış. Lakin Xomeyni hərəkatı vüsət aldıqca, ölkədəki inqilabi gedişat şiddətləndikcə əlaqələr itdi.

İran İslam İnqilabına aparan yolda və inqilabın baş verməsindən sonrakı ilk dövrdə qonşu ölkədə yaşananlar Heydər Əliyev üçün, Azərbaycandan ötrü çox önəmli idi və təbii ki, Kremlin bu məsələlərə diqqəti də ikiqat, üçqat çox idi.

Əmirəli Lahrudi söyləyirdi ki, bu yöndəki cari vəziyyət və mümkün ehtimallarla bağlı onu vaxtaşırı söhbətlərə dəvət edirdilər, Heydər Əliyevlə də ayrıca görüşmüşdü. Məhz bu ünsiyyətlərin məntiqi nəticəsi olaraq qət edilir ki, ADF Mərkəzi Komitəsinin sədri daha müfəssəl məlumat toplamaq, İrandakı Tudə Partiyası və ADF rəhbərliyi ilə daha sıx rabitə qura bilməkçün 1 həftəliyə Almaniya Demokratik Respublikasına göndərilsin. O aylarda və həftələrdə cənub qonşuluğumuzda baş verənlərlə əlaqədar səhih məlumatlar, dürüst qənaətlər, ağlabatan proqnozlar əldə etməkçün Sov.İKP MK-nın Xarici əlaqələr şöbəsinin məsul işçisi Simonenko da Heydər Əliyevlə, Azərbaycan KP MK ilə ardıcıl bağlantıdaymış. Dünyanın siyasi həyatında o dönəm üçün ən həssas nöqtə ilə bağlı müəyyən aydınlıq kəsb etməkçün yenə ən çox üz tutulan yer Azərbaycan idi.

...İranda baş vermiş inqilab tarixin yeni səhifəsini açırdı. İllərcə ata-baba yurdunun həsrəti ilə qovrulmuş siyasi mühacirlərə İrana gedə bilmək imkanı açılırdı. Bu ərəfədə - 1979-cu ilin mayında ADF MK sədri Əmirəli Lahrudi Heydər Əliyevə arxada qalan yolu, qayğılar tarixçəsini nəql edən minnətdarlıq dolu məktub yazmışdı: "İran istibdad zülmündən azad oldu. Xaricdə yaşamağa məcbur olan minlərlə həmvətənimizin ölkəyə qayıtması üçün imkan yarandı. İndi vətənə qayıtmaq ərəfəsində 30 illik mühacirət dövrünə nəzər salarkən görürük ki, qan qardaşlarımız Sovet Azərbaycanının bizə bəslədiyi məhəbbət və göstərdikləri qayğı sayəsində iranlı siyasi pənahəndələr sırasında müxtəlif sahələr üzrə yetişdirilmiş yüksək ixtisaslı neft ustaları, yüksək məhsul yetirən pambıqçılar, üzümçülər, taxılçılar, həkimlər, mühəndislər, aqronomlar, müəllimlər və alimlər vardır. Rəqəmlərin dili ilə desək, indi 317 nəfər həkim, 487 müəllim, 186 aqronom, 450 mühəndis, 78 baytar həkim, 602 orta ixtisas təhsilli tibb işçisi, müxtəlif texniki biliyə malik 869 nəfər mütəxəssis, 120 alitəhsilli iqtisadçı, 24 elmlər doktoru, 141 elmlər namizədi və ümumiyyətlə, 4000 nəfər orta ixtisas təhsilli mütəxəssisimiz vardır. Halbuki mühacirət etdiyimiz günlərdə aramızda cəmi 15 nəfər ali savadlı və 35 nəfər orta təhsilli yoldaşımız vardı.

Hörmətli Əliyev yoldaş, biz uzun müddət ərzində Sizinlə kəsdiyimiz duz-çörəyi unutmayacağıq!.."

Məktubu yazan da oturuşmuş siyasi xadim idi, partiya rəhbəri idi. Azərbaycan Respublikasının başçısına yazırdı. Sırf rəsmi məktub. Amma o məktubdakı "duz-çörək kəsmək" deyimi insani yaxınlığın elə dərindəki çalarlarına işarə edir.

Yəni Heydər Əliyevi bu insanlarla yalnız iş otaqlarındakı masaların arxasında ötmüş rəsmi söhbətlər deyil, süfrə arxasındakı qardaşca üz-üzə qalmalar da canbir qəlb edirdi.

Ancaq bu təşəkkür məktubundan az öncə - 1979-cu ilin iyununda Lahrudinin imzası ilə Heydər Əliyevə daha bir məktub ünvanlanmışdı. Burada da həm minnətdarlıq, onillərcə davam edən qayğıkeşliyə görə razılıq, həm də növbəti xahiş vardı. Axı mühacirlərin heç də hamısı İrana qayıtmayacaqdı. Bir çox ailələr üçün artıq bura - Quzey Azərbaycan əsas Vətənə çevrilmişdi. Yaşa dolmuşdular, oğul-uşaqları, oralı deyil, məhz buralı olan övladları böyümüşdü, artıq onların özlərinin uşaqları vardı.

"...Heç bir təmənna olmadan siyasi mühacirlərə göstərilən qayğı və bizə verilən imtiyazlar nəticəsində hazırlanmış kadrlarımızın, təbiidir ki, imperialist hökmranlığı və şahlıq üsul-i idarəsinin xəyanəti üzündən geridə saxlanmış, lakin xalqlarımızın qəhrəmanlıq mübarizəsi ilə azad olmuş ölkəmizin inkişaf və tərəqqisinə dəyərli kömək və xidmətləri olacaqdır. Ölkəmizin tarixinin belə bir həssas dövründə yenə də, əziz Əliyev yoldaş, Sizə müraciət edir, təşkilati işlərdə istifadə olunmaları nəzərdə tutulan bir iddə yoldaşın uşaqlarının 1979-1980-ci tədris illərində respublikanın ali məktəblərində təhsil almaları üçün kömək göstərilməsini sizdən xahiş edirəm". Tibb İnstitutuna 10, Kənd Təsərrüfatı İnstitutuna 10, Politexnik İnstitutuna 10, Azərbaycan Dövlət Universitetinə 5, İnşaat Mühəndisləri İnstitutuna 5, Neft-kimya İnstitutuna 65, Pedaqoji İnstituta qəbul üçün 5 yer verilməsini istəyən bu ərizənin üstündə Heydər Əliyevin həmin sahəyə cavabdeh MK katibi Kamran Bağırova yönələn dərkənarı yenə qapıları taybatay açandır: "Xahiş edirəm baxılsın və kömək göstərilsin".

...Bu məktubsa firqədən Heydər Əliyevin adına 1975-ci ilin noyabrında göndərilib. Bakılı güneylilər "21 Azər nehzəti"nin 30 illiyini qeyd etməyə hazırlaşır. Qulam Danişyan artıq Azərbaycan boyu yubiley yığıncaqlarının keçirildiyini, son zirvə tədbirini isə Opera və Balet Teatrında qeyd etməyi arzuladıqlarını göstərir və məktubuna fəal cənubluların adlarından ibarət siyahını artıraraq onlardan hansılarınınsa təltif olunmalarını, hanısılarınınsa vəzifədə irəli çəkilmələrini arzuladıqlarını bildirir.

Yaşı artıq yarım əsrə yaxınlaşan vərəqlərdəki adları oxuyuram. Həqiqətən, onların hər biri öz sahəsində tanınan, mötəbər sayılan, hörmət bəslənən insanlar idilər.

Hər zaman olduğu kimi, firqədən gələn bu məktuba da Heydər Əliyev həssaslıqla yanaşır, dərhal məsələnin müsbət həll edilməsi üçün göstərişini verir, amma firqənin seçilmişləri, ağsaqqalları üçün elə təltifə bərabər bir başqa iş də görür - Azərbaycan tarixinin mühüm hadisəsi olan 21 Azər zəfərinin 30-cu ildönümünün təntənəli qeydetməsindən öncə onları görüşə dəvət edir.

İstər Qulam Yəhyanın, istərsə də sonralar Əmirəli Lahrudinin Heydər Əliyevə ünvanladıqları məktublar sayca nə qədər çox olsalar, hər birində də hökmən hansısa təvəqqe, ya umacaq yer almışsa da, həmin bolluca xahişli kağızlar ünvanlandığı şəxsiyyəti bıqdırmamış və hər dəfə müsbət dərkənarla qarşılanmışdır və gümanımca, bunun ümdə səbəblərindən biri də o idi ki, həmin firqə rəhbərləri Heydər Əliyevin təbiətinə yaxşı bələd idilər, heç vaxt onlara edilə biləcək imtiyazlar həddindən qırağa çıxmırdılar, ifrata varmırdılar, ricaları da o adamlardan ötrü olurdu ki, onlar, doğrudan da, belə diqqətə tam layiq idilər.

Elə bu "yubiley" məktubunda kimlərdən ötrü ağız açılırdı? Xahiş olunurdu ki, bu taya gələndən az sonra - 1947-ci ildən Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının solisti işləmiş, 1961-ci ildən artıq Əməkdar artist fəxri adını daşıyan və gerçəkdən də musiqimizin təqdimi və təbliğində millət yanında ağır zəhmətləri ilə üzüağ olan Məmməd Salmanpura - hamınızın  Məmməd Salmanov kimi tanıdığı müğənniyə Xalq artisti adı verilsin. Layiq deyildimi? Əlbəttə layiq idi! Azərbaycan teatrı, kinosu və teleekranının ən misilsiz simalarından biri, nə acı ki, insafsızca erkən itirdiyimiz Həsən Əbluca Əməkdar artist adı verilməsi umulurdu. Əlbəttə ki, "Əməkdar"a da, lap "Xalq"a da layiq idi. Azərbaycan Neft və Kimya İnstitutunun dosenti, abırlı, sanballı adam Səməd Afiyətə, eləcə də Azərbaycanın sənaye həyatında xüsusi yeri və xidmətləri hər kəsə bəlli Əsədulla Cavanbəxtə, Mahmud Motəmədiyə Əməkdar mühəndis adı verilməsi arzulanırdı. Hamısı artıqlaması ilə layiq idi. Şöhrəti o taylı-bu taylı Azərbaycan boyu yayılan, Milli Hökumət dönəmində rəmz simalardan sayılmış, həmişə xalq adına ən faydalı işlər görmüşlər cərgəsində öndə getmiş, bu müraciət edilən vaxt da Elmlər Akademiyasında çalışan, mədəniyyətlə yanaşı, elmdə də qiymətli bəhrələrini verən Balaş Azəroğluya Əməkdar incəsənət xadimi adının verilməsi istənilirdi. Layiq deyildimi məgər?

Heydər Əliyev onların hər birini şəxsən tanıyırdı və Heydər Əliyevin bir millət və dövlət rəhbəri olaraq da ən sevimli üstünlüklərindən biri məhz adamları yerli-yataqlı tanıyıb-bilməsi idi.

Yaxşı tanıması və hər kəsin də düzgün qiymətini bilməsi!

Bilməsi və layiq olduğu qiyməti və diqqəti də o şəxslərdən əsirgəməməsi!

Balaş Azəroğlu Heydər Əliyevin ən köhnədən tanıdığı, şəxsiyyətinə də, yaradıcılığına da rəğbət bəslədiyi insan idi. Onun Azəroğluya hər təltifdən daha artıq diqqətcilliyinin bir səhnəsinə bilavasitə şahidəm. 1993-cü il iyunun 29-da Heydər Əliyev İran İslam Cümhuriyyətinə rəsmi səfərə yola düşürdü və özü ilə də Azərbaycanın ədəbi-mədəni-elmi ictimaiyyətinin bir təyyarəlik böyük dəstəsini aparırdı. Demişdilər ki, Tehrana, İsfahana gedəndən sonra Təbrizə də uçacağıq. Bu, səfərə çıxanların hamısında xoş həyəcanlı intizar duyğusu da yaratmışdı. Ancaq Təbrizə gedəsi olmadıq, İran səfərinin axırında Azərbaycan nümayəndə heyətini Kiş adasına apardılar. Düzü, elə əvvəldən də Təbrizə gedişin baş tutacağına az ümid bəsləyirdim. Heç İran rəva görərdimi Heydər Əliyev kimi Azərbaycan öndəri Təbrizə qədəm bassın?! Bəli, onlara məlum idi ki, Heydər Əliyev təcrübəli siyasətçidir, usta diplomatdır, Təbrizə gələrsə, elə orada da, Tehrandakı kimi, İran-Azərbaycan dostluğundan, əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən və belə-belə ümumi mətləblərdən bəhs edəcək. Ancaq onlar bilirdilər axı Heydər Əliyev nəhəngdir, anlayırdılar ki, Heydər Əliyevin gizlədilməsi mümkünsüz cazibəsi, işığı var. Heydər Əliyev kimi qüdrətli, ad-sanı dünyaca olan bir Azərbaycan öndərinin Təbrizə təşrif gətirməsi, şübhəsiz ki, güneylilərin düşüncəsində izini buraxacaqdı, bu gəliş artıq baş tutması ilə onların hamısının dərk edəcəyi ciddi mənəvi ismarışa, daxillərində milli tərpənişlərə təkan verən impulsa çevriləcəkdi.

1993-cü il iyunun 29-u idi, Prezident təyyarəsində İrana yola düşməli olanlar yığışmışdı hava limanındakı gözləmə zalına və gedənlərin arasında Balaş Azəroğlu da vardı. Ancaq çox keçməmiş bir pərtlik yarandı. Bəlli oldu ki, siyahıdakılardan yalnız bircə nəfər gedə bilməyəcək. Balaş Azəroğlunun viza məsələsində uyğunsuzluq vardı.

Heydər Əliyev mütəəssir olmuş şairə şəfqətlə baxdı, gülümsünərək: "Fikir eləmə, tezliklə səni bundan da yaxşı səfərə aparacağam", - dedi.

Lap az keçdi, Səudiyyə Ərəbistanına həm rəsmi səfərə, həm də elə o səfər çərçivəsində ümrə ziyarətinə yola düşən Azərbaycan Prezidentini müşayiət edən ziyalılar arasında Balaş Azəroğlu da vardı. Adətən səfərə gedəcəklərin siyahısı Xarici İşlər Nazirliyində hazırlanırdı, sonra Prezident Aparatında lazım bilinən hansısa şəxslər bura əlavə edilirdi. Ancaq bu dəfə həmin siyahı hələ tərtib edilməmişdən Heydər Əliyevin orada olmasını istədiyi ilk ad Balaş müəlliminki idi.

Balaş Azəroğlu şair idi və təbii, onun da misralarında cürbəcür təşbihlər, istiarələr, mübaliğələr az deyildi. Ancaq bir adam haqqında danışanda, tərifli söz deyəndə heç vaxt qədərindən artıq deməzdi, heç digər şairlər kimi öz şeirini də uca səslə, odlu-alovlu oxumazdı. Həmin sadə, saya deyiş tərzi ilə o səfər əsnasında buradan uzaqlarda, Məkkədə Səfa və Mərva təpələri arasında təvaf etdiyimiz anlarda mənə dediyi sözlər indi də qulağımda səslənir: "Demişdi səni daha gözəl səfərə aparacam. Bir gör haradayam! Mən bu insana, onun həssaslığına necə qiymət verim?! Biz xoşbəxtik ki, Azərbaycanın hər cəhətdən misli olmayan belə övladı var!".

Rafael HÜSEYNOV, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik

“525-ci qəzet”

  • Paylaş: