AR Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutu ilə Özbəkistanın Neft və Qaz Yataqlarının Geologiyası və Kəşfiyyatı İnstitutu arasında memorandum imzalanıb.
Müqavilə Neft və Qaz İnstitutunun təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans çərçivəsində imzalanıb.
Sənədi Neft və Qaz İnstitutu tərəfindən baş direktor, akademik Fəxrəddin Qədirov, Özbəkistanın Neft və Qaz Yataqlarının Geologiyası və Kəşfiyyatı İnstitutu tərəfindən isə direktor, geoloji-minerologiya elmləri üzrə fəlsəfə doktoru Odaşa Karşıyev imzalayıblar.
Görüş zamanı tərəflər arasında imzalanmış müqavilə çərçivəsində elmi məsələlər müzakirə edilib. Müqaviləyə əsasən, nəzəri, laboratoriya tədqiqatları, habelə ekspedisiya işləri zamanı prioritet istiqamətlər üzrə əməkdaşlıq planlaşdırılıb.
Müştərək elmi konfransların, simpoziumların, seminarların və işçi görüşlərin təşkili, eləcə də birgə elmi-tədqiqat işləri zamanı əldə edilmiş elmi, texniki, metodiki, iqtisadi və digər nəticələr monoqrafiya, məqalə və konfrans materialları şəklində birgə illik hesabatlarda istifadə olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.