Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

31.05.2023 14:15
  • A-
  • A
  • A+

Professor Nadir Məmmədli Astanada keçirilən Türk dünyasının ortaq əlifbası komissiyasının ilk iclasınında iştirak edib

Professor Nadir Məmmədli Astanada keçirilən Türk dünyasının ortaq əlifbası komissiyasının ilk iclasınında iştirak edib

Beynəlxalq Türk Akademiyası, Türk Dövlətləri Təşkilatı Katibliyinin (TDT) dəstəyi ilə Astanada Türk dünyasının ortaq əlifbası komissiyasının ilk iclası keçirilib.

İclasda Komissiyanın üzvləri, türk ölkələrinin dilçilik elmi-tədqiqat institutlarının əməkdaşları, eləcə də digər ixtisaslaşmış mütəxəssislər iştirak ediblər.

2021-ci ildə TDT Dövlət Başçılarının VIII Zirvə Toplantısında qəbul edilmiş “Türk Dünyasına Baxış - 2040” strateji sənədində qeyd olunur ki, qarşıya qoyulan vəzifələrdən biri də üzv dövlətlər arasında daha səmərəli ünsiyyətin təmin edilməsi üçün əlifba və terminologiyada birliyə nail olmaqdır.

Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev forum iştirakçılarına ünvanladığı salamlama nitqində qeyd edib ki, türk xalqlarının latın qrafikası əsasında ortaq əlifbaya keçidi məsələsi ilk dəfə 100 il əvvəl Bakı şəhərində keçirilən I Türkoloji Qurultayda müzakirə olunub.

Onun sözlərinə görə, 1991-ci ildə isə türk dövlətlərinin müstəqillik əldə etməsi ilə çoxdankı təşəbbüs yenidən gündəmə gəlib.

İclasda Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli “Ortaq türk əlifbası” mövzusunda məruzə edib. Professor bildirib ki, Azərbaycanın dil siyasəti Azərbaycan dövlətçilik tarixinin ən önəmli qoludur. Ümumi kökə və mədəniyyətə sahib olan türk xalqlarının bir-biri ilə sürətli inteqrasiya proseslərinin getdiyi müasir mərhələdə bu xalqların ortaq əlifbasının olmasının müstəsna əhəmiyyəti vardır. Hər bir ədəbi dilin inkişafında əlifba əsas rol oynayır, yazılı ədəbi dillər əlifba vasitəsilə yüksək tərəqqiyə ucala bilir. Şübhəsiz ki, yaradılan ümumtürk ədəbi dilinin formalaşması və inkişafında da türk xalqları üçün ortaq əlifba xüsusi əhəmiyyət kəsb edir.

Nadir Məmmədli qeyd edib ki, latın qrafikası əsasında ortaq əlifbanın yaradılması türkdilli xalqların tarixini, ədəbiyyat və mədəniyyətini, foklorunu, adət-ənənələrini öyrənməkdə, təbliğ etməkdə böyük rol oynayacaq. Türk dünyası üçün son dərəcə zəruri olan bu problemin həlli bütün ziyalıların, o cümlədən xüsusi olaraq türkoloqların qarşısında təxirəsalınmaz bir vəzifə kimi durmaqdadır

Türk Dilçilik Cəmiyyətinin vitse-prezidenti Yüksel Özgen qeyd edib ki, əlifba birliyi türk xalqlarını daha da yaxınlaşdıracaq.

Türk Dilçilik Cəmiyyətinin prezidenti Osman Mert isə qədim dövrlərdə əcdadlarımızın yüksək yazılı mədəniyyətə malik olduğunu və bu gün müstəqil dövlətlərin bu ənənəni davam etdirmək qismətinə nail olduqlarını xatırladıb.

Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayevin keçirdiyi dördüncü sessiyada iclasın yekun sənədləri qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: