Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

31.05.2023 14:46
  • A-
  • A
  • A+

O gün mütləq gələcək

O gün mütləq gələcək

Səhərimiz açılır və yurdun dörd bucağındakı minlərlə məktəbdə yüz minlərlə uşaq yeni günü sevimli Millət Şərqisi ilə başlayır, səs-səsə verib ürəklə Dua Nəğməni - himnimizi oxuyur. Əlbəttə ki, böyüklərə nisbətən qat-qat məsum, hələ günahlara az batmış, Allaha daha yaxın uşaqların Vətən boyu təqribən eyni anlarda qovuşub güclənən, yüksələn sədası İlahi Ünvana daha tez yetişər. Oxuyurlar, Azərbaycançün dua edirlər, Vətənə, millətə gələcəklər içində indi gələndən də gözəl sabahlar diləyirlər: "Sən olasan gülüstan!.."

Doğma yurdun hər qarışının əlvan çiçəklərli, həyat eşqi saçan tər-təzə yaşıllıqlı gülüstana dönməsindən gözəl nə arzu olar! Amma bu Vətənin tarixində və taleyində düyünlü xatirələri ilə yaddaş göynədən bir ayrı gülüstan da var axı! Torpağımızın ən əvvəl Vətən olduğu üçün əziz sayılmalı daha bir parçası, göyçək adlı Gülüstan ki, nə qədər əziz olsa da, xalqın bəxtindəki əzazil bir qəsdin baş verdiyi məkan kimi həm də daim qarğıyaraq anılır. Yerin-yurdun nə təqsiri ki, ona yaxşılıq-yamanlıq möhürünün vurulmasının baisi insanlar olur. Gülüstan Qarabağın yüzlərlə kəndindən biriydi. 1813-cü ilin 12 oktyabrında bir bağlaşmaya qonan iki yad imzayla Azərbaycan Çar Rusiyası ilə şahlıq İranı arasında ikiyə bölündü və 1828-ci ilin 10 fevralında Təbriz həndəvərindəki Türkmənçay kəndində qollanan ikinci sövdələşmə ilə faciəli aqibət kökündən həll edildi. Azərbaycanın böyük parçası Arazın o tayında, kiçik parçası Xudafərinin bu tayında qaldı. Və artıq iki əsrdən çoxdur ki, ayrılıq davam edir. Ürəyin bir parçası orada, bir parası burada. Zaman-zaman siyasətlər ürəyin o yarısı ilə bu hissəsinin arasındakı uçurumları dərinləşdirib, elə dərdli əyyamlar da yetişib ki, adam nədir, quş quşluğuyla o taydan bu taya adlaya bilməyib.

Müxtəlif vaxt kəsiklərində burada - bizlərdə Güney mövzusunun açıqlıq həddi İranla münasibətlərimiz nəzərə alınaraq fərqli olub. Bəzən yasaq, hərdən yarımqapalı, ara-sıra da asudə. Dəlillərin təsdiqlədiyi odur ki, hər halda Heydər Əliyev dönəmi bu baxımdan darvazanın getdikcə daha gen açılması ilə xüsusilə seçilib. Məhz onun Sovet Azərbaycanına başçılıq etdiyi vaxtlarda respublika radiosunun xarici ölkələr üçün verilişlər hazırlayan bölməsində ayrıca "Cənubi Azərbaycan redaksiyası", Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda "Cənubi Azərbaycan tarixi", Ədəbiyyat İnstitutunda "Cənubi Azərbaycan ədəbiyyatı" şöbələri yaradılıb, güneyli siyasi mühacirlərin nəzm və nəsr əsərləri bir kitabxana dolduracaq qədər bolluca nəşrlərə çevrilib.

Bütün başqa səbəblərdən savayı burada bir incə məqam da, söz yox ki, təsirini buraxmaqda idi. Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərliyə ömrünün 25 ilini həsr etdiyi Dövlət Təhlükəsizliyi Komitəsindən gəlməsi və yolunun lap əvvəlindən də bütövlükdə İran, özəlliklə Cənubi Azərbaycan məsələlərinin daim iş gündəliyində yer alması, 1950-60-cı illərdə Azərbaycan gənclərinin gizli təşkilatlarında Güney və Quzeyin birləşməsi uğrunda mübarizələrin nə kimi təzahürləriylə əksini tapmasından ayrıntıları ilə bilgili olması, Kremlin də bu istiqamətdə həm gizli - kəşfiyyat, həm də açıq - dövlət siyasəti hərəkətləri və gözləntilərindən yerli-yataqlı xəbərdarlığı ona arxayınca ən məlumatlı güneyşünas adlandırılacaq qədər üstünlük verirdi. Ona görə də ayrı ən yüksək vəzifə sahibi, hətta birinci katib, baş nazir səviyyəsinəcən, ənənəvi idarəçilikdən gələn mühafizəkarlığının buxovlarından Heydər Əliyev daha azad idi, nəyi hansı həddədək deyib-yaza bilməyin, haracan hərəkət etməyin əndazələrindən düzgün baş çıxarırdı. Ona görə də çevrəni daha geniş götürmək gücündə və imkanında idi. Bunların da üstünə gəl onun risklərə mail şəxsiyyət olması amilini, milli maraqlarla sovet dövləti tələblərinin çox nazik xətti üzərində cızıqdan qırağa çıxmamaqla iş görə bilmək istedadını. Yəqin, elə bundandır ki, məhz Heydər Əliyev dönəmində Güney məsələləri ilə irəliləyişlər ondan əvvəlki və sonrakı dövrlərlə müqayisədə daha çox gözə dəydi (Hələ nə qədər də açıqca gözə görünməyənləri vardı).

Mənzərəni aydınlığı ilə təsəvvür etməkçün gərək hər şeyi lap əvvəldən izləyəsən. O uzaqları görməkdən ötrü açası münasib pəncərə də var.

Hər ilin sonunda Azərbaycan KP MK Ümumi şöbəsində siyasi mühacirlər və onlara bərabər tutulan şəxslərlə bağlı "məxfi" qrifli sənədlər ayrıca toplanaraq cildlənib və həmin üzdən qaradinməz, amma dindirincə dilli-dilavər sənəd-şahidlər o mənzərəni cızır ki, yolun əvvəlində - Heydər Əliyev rəhbərliyə başlayıb bu sahəni də artıq respublikanın başçısı kimi birbaşa nəzarətə götürəndə vəziyyət nə təhər idi və 1980-ci illərin əvvəllərində - o, Bakı ilə xudahafizləşib Kremldə vəzifəyə keçəndə işlər hansı mərtəbəyə gəlib çatmışdı?

1970-ci il yanvarın 1-nə olan məlumata görə, Azərbaycan Respublikasındakı siyasi mühacirlərin sayı 2.810, onlara bərabər tutulanların miqdarı 1.966 nəfər idi. Qeyd edilirdi ki, onlardan 709 nəfəri ali məktəblərdə, 487 nəfəri orta ixtisas məktəblərində təhsil alır və bunlardan da ali təhsil almağa 1969-cu ildə başlayanlar 118, texnikumlara girənlər 126 nəfərdir. Digər sahələrdə nisbətən əsas nəzərəçarpan nəticə elə təhsil sahəsində olduğundan başlıca ağırlıq bu səmtə yönəldilir, tablo bir az tam və effektli görünsün deyə siyasi mühacir uşaqlarına fars dilini öyrətməkçün Seyid Cəfər Pişəvəri adına 4 saylı internat məktəbdə xüsusi kurslar açıldığı, orada nə qədər öyrəncinin həftədə neçə saat dərs aldığı bildirilir. Hər hesabatda ayrıca bölmədə siyasi mühacirlər sırasında kadr hazırlığının gedişi ilə əlaqədar məlumatlar da ətraflı təqdim edilir və burada da 1967-1969-cu illərdə müxtəlif sahələr üzrə Bakı, Sumqayıt, Əli Bayramlı (indi Şirvan), Gəncə, Quba, Xanlar, Şəki, Şamaxı, Bərdə və digər rayonlarda cəmi 451 mütəxəssisin yetişdirildiyi xəbər verilir.

Növbəti ildən bu rəqəmlər artmağa başlayacaq və siyasi mühacirlərlə bağlı görülən işlərin dairəsi xeyli genişlənəcək, siyasi fəaliyyətlər üstünlük təşkil etməyə başlayacaq və bu zümrədən olan adamların vəzifələrdə irəli çəkilməsi, mükafatlandırılması, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətlər kəskin şəkildə artacaq, o ricalara əməl edilməsi də daha rəvan bir məcraya yönələcək. 1981-ci ilin yanvarında tərtib olunmuş hesabatda siyasi pənahəndələrin sayında ciddi bir fərq yoxdur. 10 ilə ölüm-itim də olub, köçüb xaricə gedən də, təzə gələnlər də. İndi siyasi mühacirlər 2.415, onlara bərabər tutulanlar 1.803 nəfər idi, cəmi 4.218. Lakin görülən işlərin həcmi o qədər artıb ki, daha köhnə-təzə rəqəmləri yanaşı qoyaraq müqayisə etməyə də gərək yoxdur. Təfavütü elə ilk baxışdanca duyursan...

Elə bircə göstərici nəyə desən dəyər. Çünki ən həssas məsələyə -- mənzil təminatına aiddir. Bakıda və bölgələrdəki siyasi mühacirlərin bu yöndə ehtiyacları tamamilə ödənmiş kimidir. 1.036 nəfərin fərdi evi var, 3.156 nəfər də dövlətin ayırdığı mənzillərdə yaşayır. Güneyli siyasi mühacirlər və həmin zümrəyə aidlərdən mənzil məsələsi ilə bağlı müraciətləri baxılmaqda olanlarsa vur-tut 198 nəfərdir ki, onların da əslində mənzili var, sadəcə şəraitlərini yaxşılaşdırmaq, daha çox otaqlı mənzillər əldə etmək niyyətindədirlər. O dövrdə, ondan sonrakı neçə ildə də ta sovet çökənəcən mənzil sıxıntısı çox vətəndaşımızın əsas qayğısı idi. Ev növbəsində illərlə bəxtinin açılacağı saatı gözləyən minlərlə insan vardı.

Yalnız evmi? Nə qədər adam mənzilinə telefon çəkilməsi intizarında idi.

Heydər Əliyevə Azərbaycan Demokrat Firqəsi rəhbərliyindən göndərilən məktublarda haqqında söz açılan şəxslərin böyük əksəriyyəti respublikanın yeni rəhbərinə yaxşı tanış idi və onların kimliyinə, faydalılıq dərəcəsinə qədərincə bələd olduğundan xahişlərlə bağlı hansısa qərara gəlməkçün əvvəlcə həmin şəxslərlə əlaqədar müfəssəl arayışların hazırlanmasını tələb etməyə lüzum yox idi. Heydər Əliyevin heyrətli dərəcədə möhkəm hafizəsinin etibarlı "kartotekasında" lap çoxdan onların əksərinin ayrıca rəfi, indinin diliylə desək, öz faylı vardı və müraciət məktubundakı ad gözünə dəyən kimi həmin şəxsin ömür və fəaliyyət lenti yaddaşında dolanmağa başlayırdı.

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsindən, Siyasi Pənahəndələr Cəmiyyətindən respublika rəhbərliyinə yollanan məktublarda "atalıq qayğısı" deyiminə tez-tez tuş düşülür. Bu ifadəni təşbih yox, elə əsl həqiqət kimi qəbul edin. Çünki uşaq nə təmənnası olursa, arxayınca bütün sualların açarı saydığı valideyninə üz tutan kimi, firqə rəhbərliyi də siyasi pənahəndələrin irili-xırdalı hər müşkülünün çözülməsindən ötrü Heydər Əliyevə iltimas məktubu göndərirmiş və yubadılmadan da umduqları atalıq qayğısını hiss edirmişlər.

Heydər Əliyevin Güney məsələləri ilə bağlı yürütdüyü siyasətin bir çalarına da göz atmaq yersiz olmaz. Ara-sıra güneylilərlə ilgili hansısa mövzu Mərkəzi Komitə Bürosuna da çıxarılırmış, təfsilatı ilə baxılırmış, amma heç də Heydər Əliyevə onlardan gələn hər məktub açıq müzakirə müstəvisinə çıxarılmırdı. Heydər Əliyevsə səy edirmiş ki, respublika rəhbərliyindəkilər bu işlərdən hali olsunlar, Güney məsələləri daim onların da fikrində dolaşsın. Həm də bu yazılmamış qaydanı elə respublikaya başçılıq etdiyi ilk çağlardan müəyyənləşdiribmiş.

1970-ci il iyunun 23-də Heydər Əliyevə ADF MK sədri Qulam Danişyandan növbəti məktub yetişir. Bu məktubda hər hansı xahiş yoxdur, keçilmiş mübarizəli yola baxış, olub-keçənlərin təhlili var. İran Kommunist Firqəsinin yaradılmasının 50 illiyinin qeyd edildiyi günlərdə ADF sədri dünənə boylanır, bu gün olduğu kimi, dünənlərdə də quzeyli qardaşların arasıkəsilmədən onlara bəslədiyi məhəbbət və simsarlığın tarixi mənası və dəyərindən bəhs edir: "İran inqilabi hərəkatı əsrimizin ilk illərindən Qafqaz xalqları və xüsusilə Bakı proletariatının sinfi mübarizəsi ilə sıx bağlı olmuş və həmişə onların qardaşlıq köməyini hiss etmişdir.

Həmin mübarizəni davam etdirən biz iranlı siyasi pənahəndələr uzun illərdir ki, qan qardaşlarımızın bizə göstərdikləri ürək məhəbbətlərini və qardaşlıq qayğısını görürük, onun səmərəsindən istifadə edirik. Sizi bir daha əmin edirik ki, bizə göstərdiyiniz sevgi və tükənməz qayğıya vətən azadlığı uğrunda fədakarcasına mübarizə aparmaqla cavab verəcəyik. Gənclərimiz sovetlər ölkəsində əldə etdikləri bilik və təcrübədən xalq səadəti uğrunda istifadə etməklə sovet xalqına və elminə həmişə minnətdar olacaqlar".

Bu, bir raport idi, yenilməz əsgərlərin növbəti dəfə içdiyi and idi, həm də açıq işarəydi ki, biz yeni nəsillərimizi də elə öz ruhumuzda yetişdirmişik, deməli, mübarizə yolumuzu da onlar davam etdirəcək".

Belə məktubların içərisində yer alan və dövrün ideoloji ab-havasını əks etdirən kommunist, sovet ahəngli deyiş tərzi və ayrı-ayrı o qəbil ifadələr heç kəsi diksindirməsin. Özəkdə dayanan xalqın azadlığı uğrunda çarpışmaq amalıdır, qalan hər şey vasitədir.

 

Heydər Əliyev bu məktubu oxuyunca üstündə dərkənar qoyur: "Xahiş edirəm Büro üzvlərini  tanış edin".

Bu da onun sabit öyrətmə, dərs üsullarından idi - ətrafındakıları bəlli cazibə dairəsində saxlamaq, səmt küləyi ilə onları gərəkli saydığı sahələrə istiqamətləndirmək, vacib mövzulara kökləmək, alışdırmaq. "Alışdırmaq" sözünün həm "adətkərdə etmək" anlamında həm həvəsləndirmək, qızışdırmaq, içəridən alovlandırmaq mənasında.

...Bu adlar hamısı mənə əzizdir. Keçmiş müəllimlərim, iş yoldaşlarım, dostlarım, yaxınlarım. Bu xahiş ərizəsi Əhməd Şəfai ilə bağlı yazılıb. Digər müraciət Həmid Məmmədzadə haqqında, ayrı bir xahiş məktubu Əli Tudə, bir digəri Həsən Əblüc, bir özgəsi Lətif Hüseynzadə, bir başqaı Əli Şəmidə ilə əlaqədar. Hərəsi əvəzsiz bir şəxsiyyət, hərəsi çətin bir tale yiyəsi.

O xahişlər ki Heydər Əliyevdən siyasi pənahəndələrə görə edilirdi, dövlətin imkanları daxilində onlar xırda məsələlərdi, lakin bu insanların heç biri sıravi adam deyildi və Heydər Əliyev işin içərisində olan rəhbər kimi bilirdi onların hər birinin necə yüksək gərəklilik potensialı, ali faydalılıq əmsalı var. Həm də yalnız Azərbaycan miqyasında yox!

Mərkəzi Komitənin Birinci katibinə, illah da Heydər Əliyev kimi şəxsiyyətə bir qədər aşağı səviyyədə də həll oluna biləsi bu cür müraciətlərin edilməsi nabələd adama çeçin də gələ bilər. Ancaq bu cür məktublar yazılırdısa, demək, səlahiyyəti də o özü vermişdi: irili-xırdalı nə dərd-səriniz oldu yazın.

Elə bunun özü mahiyyətcə kiçik respublika başçısı səviyyəsinə qaldırılması rəva olmayan məsələ deyilmi?

Elmlər Akademiyasında işləyən bir siyasi mühacirə əlavə olaraq Azərbaycan Dövlət Universitetində dərs demək üçün Heydər Əliyevdən kömək istənilir.

1973-cü ilin 24 dekabrında Mərkəzi Komitəyə İranlı Siyasi Pənahəndələr Cəmiyyəti Azərbaycan şöbəsinin sədri Ə.Rəhmaninin imzası ilə daxil olan məktubda Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, Azərbaycan Dövlət Universitetində saathesabı dərs deyən Əli Kəlavejin ora yarımştat işə götürülməsinə köməklik göstərilməsi rica olunurdu. Əli Kəlavej mənim müəllimim olub, elə həmin dövrdə universitetin şərqşünaslıq fakültəsində bizə dərs deyirdi. Onun nə qədər müstəsna sima olduğunu o vaxt hələ çoxları bilmirdi, hətta hər gün işə gəldiyi akademiyanın Yaxın və Orta Şərq Xalqları İnstitutunda da. Mükəmməl savadlı, ərəb, fars, rus, alman, fransız dillərini mükəmməl bilən, kübar, mədəni bir insan idi. Elə ilk mühazirəsindəncə bir ifadəsi yadımızda qaldı və zarafat mövzusu kimi düşdü dilimizə. Tələbə yoldaşlarımızdan kimsə elə yerindən danışanda Əli müəllim onu nəzakətlə intizama dəvət etmişdi: "Sözünüz olanda əlinizi qovzayın".

Əli Kəlavej milliyyətcə kürd idi və mən tələbə vaxtımdan XI əsrin filosof şairi, dübeytiləri orta əsrlərdən İranın müxtəlif tayfaları, o sıradan kürdlər arasında da geniş yayılmış Baba Tahir Üryanı araşdırırdım. Dildə-ağızda dolaşdıqca bu dübeytilərə bir para əski kürd kəlmələri də qarışmışdı, həm də o kəlmələr ləhcə və şivələrdən bu misralara qatışdığından, indi lap anlaşılmaz idi. Əli müəllimin kürd olduğunu bilincə bir gün həmin şeirlərdəki başa düşmədiyim kəlmələri göstərib mənalarını soruşdum. Elə həmin gündən də isinişdik, mehriban münasibətlərimiz yarandı və o nurlu insanı hərəsi təkrarsız və parlaq şəxsiyyət olan digər müəllimlərim kimi həmişə sevgiylə xatırlayıram. Əruzu yaxşı öyrənməyim üçün haqqımda zəmanət verərək məni iş yoldaşı Əkrəm Cəfərin yanına göndərmişdi, beləcə, ömrümdə silinməz izi qalacaq ən əvəzsiz ustadlarımdan biri ilə tanışlığımın xeyirxah səbəbkarına çevrilmişdi. Yay tətilində Leninqrada (indiki Sankt-Peterburq) SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun arxivində işləməkçün gedəcəyimi deyəndə mənə bir məktub yazıb vermişdi, demişdi ki, məşhur alim Məhəmməd Mokri də bu yay 1 ay orada olacaq, həmin arxivlərdə işləyəcək, yaxınlaşarsan, bu kağızı verərsən ona, axşam ona əlavə məktub da yazacağam, o, Paris Universitetinin professorudur, böyük şərqşünas alimdir, sənə çox köməyi dəyər.

O yay Mokri ilə də tanış oldum, biliklərindən də bəhrələndim, sonra yazışmağa başladıq, mənə kitablarını da göndərirdi. Mokrinin xanımı rus idi, Sovet İttifaqı ilə bağlılıqları çoxdu. Yalnız üstündən illər ötəndən sonra onun da, Əli Kəlavejin də əslində yalnız sanballı alimlər deyil, böyük siyasət, inqilab adamları olduqlarını bildim. 1979-cu il İran inqilabı baş verəndən lap az sonra İran İslam Cümhuriyyətinin SSRİ-də səfiri kim təyin olunsa yaxşıdır? Həmin Məhəmməd Mokri! Əli Kəlavej də 1970-ci illərin sonlarında Almaniyaya getmişdi, Hezb-e Tudənin liderlərindən biri kimi Leypsiqdə qaynar fəaliyyətdə idi. Bütün bunları yazmağımı əsas mətləbdən aralanma deyə qiymətləndirməyin. İş ondadır ki, biz bütün bunları çox sonradan bildik, amma Əli Kəlavejin kim olmasından Heydər Əliyev elə o vaxtlar yaxşı agahmış, münasibətləri də varmış, Hezb-e Tude-ye İranın sədri İrəc İskəndərinin xanımı ilə Bakıya səfərə gəlməsi üçün vasitəçilik edənlərdən biri də o olubmuş. İran Xalq Partiyasının SSRİ-də və sosializm düşərgəsi ölkələrindəki bütün təşkilatlarının fəaliyyətini dayandırması haqda qərar qəbul etməsindən sonra baş tutan həmin gəliş, Tudə liderinin Heydər Əliyevlə görüşünün və söhbətlərininsə Kremlin ağır zərbə kimi qəbul etdiyi həmin qərarın ləğvinə gətirib çıxarmasının, ardınca isə o təşkilatların daha vüsətli çalışmalara başlamasının hansı beynəlxalq siqlətli bir əməliyyat olmasınınsa, yəqin ki, fərqindəsiniz.

Heydər Əliyevlə tanışlıqları barədə Əli Kəlavej özü mənə danışmışdı. Bir dəfə şikayətləndi ki, mənin sizin fakültədə dərs deməyimə qısqanc yanaşanlar var, növbəti dərs ilindən saat vermək istəmirlər, bəhanələri də budur ki, sən ədəbi Azərbaycan dilini yaxşı bilmirsən, Cənub ləhcəsində, loru dildə danışırsan. Mən də qayıtdım ki, axı mən şərqşünaslara siyasi iqtisadı öyrədirəm, onlara mühazirələr oxuduqca Şərq ölkələrinin siyasi-iqtisadi təfəkkürü ilə bağlı da elə məlumatlar verirəm ki, bunlar nə dərsliklərdə var, nə də universitetin həmin kafedrasında bunları bilən müəllim tapmaq mümkündür. Əlavə də elədi ki, mən Heydər Əliyevə müraciət edə bilərəm, köməyini də əsirgəməz, amma belə məsələdən ötrü o boyda insana ağız açmağa üzüm gəlmir.

Ağız açmayıbmış, amma indi artıq əziz Əli Kəlavej ustadın qətlindən 40 ilə yaxın vaxt keçəndə Siyasi Pənahəndələr Cəmiyyətindən gələn məktubla təsadüfən rastlaşarkən görürəm ki, onun əvəzindən bunu ediblərmiş. Heydər Əliyevin də tanış adı-soyadı görüncə göstərişi ani olubmuş. Təhsil Nazirliyinə, universitetə və Elmlər Akademiyasına bu istəyi müsbət həll etmək tapşırılıbmış.

(İran Tudə Partiyasının nəşri olan və 2017-ci ildə buraxılmış farsca "Tudə şəhidləri" kitabının ikinci cildinin yazmasınca, Əli Kəlavej 1922-ci il doğumlu idi, gənc yaşlarından xalq azadlıq hərəkatına qoşulubmuş, İranda bizim kimi Milli Hökumətini qurmuş azad Kürdüstan 1946-cı ildə onu da bir dəstə başqa cavanla yanaşı təhsilini davam etdirmək üçün SSRİ-yə göndərir, ancaq bizimki kimi, onların da milli muxtariyyəti amansızca devrilir və Əli Kəlavej Sovet İttifaqında qalası olur. Avropada 1980-ci illərin əvvəllərində yenə barışmaz ideoloji mübarizəsini aparmaqda davam etsə də, İran onu 1983-cü ildə həbs etməyə müvəffəq olur, nə qədər işgəncələr versələr də, əqidəsindən dönmür və 1988-ci ildə bu mərd şəxsiyyəti - sonacan mətin inqilabçı olaraq qalan Əli Kəlaveji edam edirlər).

Bunu isə xahişsiz-filansız, müraciət gözləmədən özü irəli düşərək etmişdi. Balaş Azəroğluya Xalq şairi adı vermişdi, Moskvaya da şairin "Xalqlar dostluğu" ordeniylə təltif edilməsindən ötrü təqdimat yollamışdı. Xalq şairi adına layiq görülməsinin qəfilcə baş verməsini özü belə nağıl edirdi: "1981-ci il may ayının 12-si idi. Axşam "Kommunist" qəzeti redaksiyasından mənə telefonla dedilər ki, sizin haqqınızda qəzetdə fərman gedir, dəqiq adınızı, familiyanızı deyin. Soruşdum ki, xeyir ola, bu nə fərmandır belə? O da məndən soruşdu ki, məgər bilmirsiniz, sizə "Xalq şairi" fəxri adı verilib, qəzetdə çap olunur, sabah oxuyarsınız".

Balaş Azəroğlu ona "Xalq şairi" fəxri adı və ordenin təqdimi mərasimində Heydər Əliyevə şəxsən təşəkkür etmişdi, ancaq bu advermənin yüksək tarixi mənasımı dərk edən şair elə yazı olaraq onun imzası ilə tarixdə də qalsın deyə Heydər Əliyevə minnətdarlıq məktubu ünvanlamışdı: "Hörmətli Əliyev yoldaş! Azərbaycan poeziyasının böyük ümmanında mənim bir zərrə olan yaradıcılığıma göstərdiyiniz bu atalıq qayğısını mən imperializmə və şahlıq diktaturasına qarşı ardıcıl mübarizə aparmış demokratik ədəbiyyatımıza və onun yaradıcılarına olan qayğı və verilən qiymət kimi qəbul edirəm. Azərbaycan xalqının sevimli rəhbəri Heydər Əliyev yoldaş, qələm dostlarım və şəxsən öz adımdan Sizə təşəkkür edir, xalqımızın xoşbəxtliyi naminə uzun ömür və müvəffəqiyyətlər arzulayıram!"

Balaş Azəroğlunun "Xalq şairi" adına layiq görülməsi bir ilk idi. O, əvvəlinci güneyli şair idi ki, Azərbaycan Respublikasında bir ədib üçün ən yüksək mükafatlandırma sayılacaq bu rütbəyə yetirdi. Ona qədər "Xalq şairi" adı cəmi 6 qələm sahibinə -- Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Mirvarid Dilbazi, bir də Nigar Rəfibəyliyə qismət olmuşdu. Bu şərəfləndirmə o zaman Cənubi Azərbaycanda da güclü əks-səda doğurmuşdu. ADF-nin sədri Əmirəli Lahrudi də bu münasibətlə bütün firqəçilər adından minnətdarlıq ifadə etməyi borc saymışdı. O, 1981-ci il 26 may tarixli məktubunda belə yazırdı: "Hörmətli Əliyev yoldaş! Öz şüurlu həyatını Azərbaycanın mübariz şeirinin inkişafına həsr edən görkəmli şair Balaş Azəroğlu yoldaşa Xalq şairi fəxri adı verilməsi Sizin Cənubi Azərbaycan xalqına, onun milli və demokratik ədəbiyyatına Cənubi Azərbaycanın ədib və şairlərinə, o cümlədən, mühacirət illərində demokratik ədəbiyyatımızın yazıb-yaradan nümayəndələrinə göstərilən atalıq qayğısıdır. Bu böyük qayğı və etimada görə Hizb-e Tude-ye İranın Azərbaycan təşkilatı - ADF-nin Mərkəzi Komitəsi adından Sizə və Sizin simanızda qan qardaşlarımıza öz təşəkkürlərimizi və dərin minnətdarlığımızı bildirək və Sizi əmin edək ki, şair və yazıçılarımız bu atalıq qayğısına xalqımızın mübarizəsinə layiq yeni-yeni əsərlər yazmaqla cavablar verəcəklər".

Hər addımında adətən bir neçə hədəfi nişan alan Heydər Əliyev 60 yaşının tamamında Balaş Azəroğluya belə diqqət göstərməklə bir tərəfdən onun poeziyasına və şəxsiyyətinə rəğbətini, sayğısını ifadə edirdisə, digər tərəfdən də buna həmin dövrdə getdikcə respub1ikanın dövlət siyasətində daha artıq qabartmağa çalışdığı Güney məsələsindəki təsirli addımlardan biri kimi yanaşırdı. Təşəkkür edənlər - Azəroğlu da, Lahrudi də düz yazırlar - bu təltif bir adama yönəlmişdisə də, əslində bütün güneylilərin ədəbi fəaliyyətlərinə dövlət diqqətinin bariz ifadəsi kimi də mənalandırılmalı biçimdə idi.

Etdiyi böyük yaxşılıqlarla minnətdar etməyi bacaran Heydər Əliyev özü də ona göstərilən hər kiçicik belə diqqətə böyük dəyər verirdi. Bu iki məktubu da o, sadəcə növbətçi qaydada göndərilən razılıq yazıları kimi qavramamışdı, oxuyunca ürəyində ədəbiyyatımızdakı güneylilər qanadının inkişafına bir qədər də dəstək vermək istəyi yaranmışdı. O çağlar Mərkəzi Komitədə ideologiya məsələləri üzrə katib işləmiş Həsən Həsənov təsdiqləyir ki, Yazıçılar Birliyində 1981-ci ilin iyununda ayrıca Cənubi Azərbaycan bölməsinin yaradılması, həmin bölmə üçün də katib ştatının ayrılması Heydər Əliyevin sırf öz təşəbbüsü idi.

Ya baxın Heydər Əliyevin nəhəngliyinə və ondan edilən bu təvəqqenin kiçikliyinə. "İranlı siyasi mühacir Şahin (İbrahimov) Tağı Əbülqasım oğlu İran Kommunist Partiyasının veteranlarından biridir. O, Kommunist Partiyasının üzvü olduğu üçün 1937-ci ildə Rza şah dövləti tərəfindən həbs edilmişdi. Azərbaycan Milli Hökuməti dövründə Baş nazir Seyidcəfər Pişəvərinin köməkçisi işləmişdir. Hazırda Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi vəzifəsində çalışır, tarix elmləri doktorudur".

1981-ci ilin aprelidir. İndi adama qəribə gəlir - hər kəsin mənzilində də telefonu var, üstəlik, ailə üzvlərinin də adambaşı öz cib telefonu. O illərdəsə hələ mənzilə telefon çəkilməsi də asan iş deyildi, xüsusən Bakıda mənzilində öz adına ayrıca telefonu olmaq balaca bir xoşbəxtlik hesab edilirdi. Heydər Əliyev ləngimədən "Həll edin" göstərişini verir və Mərkəzi Komitənin bu sahə üzrə cavabdeh katibi də müraciəti dərhal icraya yönəldir.

Çünki Tağı Şahinin şanlı tərcümeyi-halı ilə bərabər necə kamil alim olmağından da məlumatlı idi və güneylilərin xətrini əziz tutması öz yerində, bu nurani alimə həm də bitkin elminə görə qayğıkeş yanaşmanı zəruri hesab edirdi.

...Heydər Əliyevin apardığı Güney siyasəti bütün yönləriylə o qədər qabarıq, həm də bunu görməli olanların görməyə bilməmələri üçün o qədər nümayişkaranə idi ki, bu xətdən xoflananlar səsini çıxarmaya bilməzdi. Bu səslərdən biri Mehrdad Azəri adlı müəllifin "Azərbaycan və nəğmeha-ye taze-ye estemargəran" ("Azərbaycan və istismarçıların yeni nəğmələri") adlı kitabından gəlməkdədir.

Heydər Əliyev Bakıdan ayrılaraq Moskvaya -- SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsinə aparılanda 1982-ci il noyabrın 23-də BBC radiosu yaydığı xəbərdə Kreml ucalıqlarına qalxan azərbaycanlının ötən ilin yayında xarici diplomatlarla görüşündə toxunduğu bir məsələyə xüsusi diqqət yönəldərək vurğulamışdı ki, Heydər Əliyev iki Azərbaycanın birləşməsi tərəfdarıdır. BBC-nin ingiliscə olan bu reportajını ertəsi gün radionun İran redaksiyası da farsca yaymışdı: "O görüşdə Heydər Əliyev diplomatlara söyləyib ki, iki Azərbaycan birləşməlidir. O bildirib ki, bu, onun şəxsi qənaətidir, həmin birləşmənin hansı şəkildə həyata keçəcəyini isə Azərbaycan xalqı özü müəyyən etməlidir".

Heydər Əliyev aydın həqiqəti, hər kəsin ağlından keçməsi mümkün olan mülahizəni dilə gətirmişdi. Bu bəyanatın BBC dalğalarından eşidilməsi, İran mətbuatında tirajlanması, canlara vəlvələ salması isə həmin sözlərin məhz Heydər Əliyevin dilindən səslənməsi idi. Çünki hansı sözü, hansı fikri kimin deməsindən asılı olaraq həmin sözün də, fikrin də çəkisi dəfə-dəfə arta bilir.

...Əsliylə-köküylə Güneydən olan, amma Quzeydə əskilərdən yurd-yuva salan, artıq buralılaşmış, vətəndaşlıq haqqı qazanmış azərbaycanlılarla 1946-cı ildən sonra gələn, milli hərəkatla bağlı olmuş, siyasi pənahəndə aqibətli soydaşlarımız, əlbəttə ki, talecə fərqli təbəqələr idilər. Çox da ki, elə artıq buralılaşmış köhnə güneylilərin də o tayda qohum-əqrəbası vardı, onlar da oraların həsrətini çəkirdilər, yollar açıq olsaydı, məmnuniyyətlə gedib-gələrdilər. Hər halda şahlıq o köhnələri siyasi mühacirlər kimi düşmən saymırdı, onlarla işi yoxdu, hətta belələri nə sayaqsa viza alıb oyanlara səfərə çıxmaq imkanından da məhrum deyildilər.

Şahlıq tar-mar oldu, dünya dəyişdi, gün gəldi ki, bunlar da gedə bildilər. Ancaq hiss etdilər ki, onları azad buraxmayan, qıraqdan-bucaqdan onlara baxan, baxdıqca da sıxan gizli nəzərlər var. Daha əvvəlki Sazman-e Əmniyyət yox idi, indi Ettelaat vardı. Dövlət ki yenə İran dövləti idi, alt qatdakı milli siyasət də elə köhnə rəngində, ötənlərdəki axışında idi.

...Ömrün xəzan çağında bir gün yenə Balaş Azəroğlu ilə mənzilində oturmuşduq üz-üzə, təzəlikcə əməliyyat olunmuşdu. Mənə dolabdakı iri qara daşı göstərib soruşdu: "Bilirsən nədir bu?" Mən də: "Nədir ki?" -- dedim. Qayıtdı ki, bu daşı böyrəyimdən çıxarıblar. Həkim məəttəl qalmışdı ki, bu yekəlikdə, bu ağırlıqda daşı illərcə necə daşımısan".

Balaş müəllim bunu söylədi, sonra da qüssəylə dilləndi ki, bu daşı çıxarmağına çıxardılar, amma başqa, bundan da qat-qat ağır, iri daş ürəyimdən asılı qalır. Yəqin, elə mənimlə də birgə gedəcək. İran inqilabı baş verəndə sevinmişdim, ümidlərim artmışdı ki, bu gedişlə o tayla bu tayın birləşməsi də uzun çəkməz. Ancaq sonra buludlar qatılaşdı. Daha nə o birləşmək gününü, nə də Təbrizin 1946-cı ilin yazındakı bəxtəvər günlərinin təkrarını görməyə ömrüm çatar. Amma çox istəyərdim o günləri görüm. Mənə nəsib olmadı, barı nəvələrim görsün!..

...O Azərbaycanla bu Azərbaycanın gec-tez birləşəcəyi labüddür. Hərçənd bu, uzaq sabahlarda yerini tutacaq bir niyyətdir, amma ayrı bir dilək var ki, o, bizdən heç də aralı olmayan gələcəkdə sayrışmaqdadır. Arxa bir yol gəlmiş su ora əvvəl-axır yenə döndüyü kimi, Güney Azərbaycanda da təzədən Milli Hökumətin qurulacağı, ora istiqlalın bir daha qayıdacağı çox da iraqda olmayan həqiqətdir.

O günün gəlişini bu yolda can qoymuş, ən ixtiyar sinlərində də fədai ruhu və havası ürəklərindən və başlarından getməyən güneylilər də gözləyirdi, ömrünün yarım əsrdən uzun bir parçasında həmişə qəlbən cənublularla olmuş, həmin günün gəlişi naminə onillərcə çox unudulmaz zəhmətlərə qatlaşmış Heydər Əliyev də.

Onların ömür möhləti həmin əziz günün yetişəcəyi günədək bitdi.

Dünyadan gedən hər insan özüylə hansısa gerçəkləşməmiş arzularını aparır və bu səbəbdən də hər bir insan nə qədər məsud ömür sürmüş olsa belə, həyatdan nigaran ayrılır.

Onlar da Güneylə bağlı ülvi istəkləri çin olmadan dünyanı nigaran tərk etdilər. Ancaq onlar sadəcə arzulamamışdılar, həmin bəxtiyar gün gəlsin deyə çox iş görmüşdülər, möhkəm təməllər tökmüşdülər. Özləri getdilər. Müqəddəs arzunun həqiqətə çevrilməsini görmək onlara nəsib olmadı. Həmin günsə gələcək. Mütləq gələcək!

Rafael HÜSEYNOV, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik

“525-ci qəzet”

  • Paylaş: