Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.06.2023 17:45
  • A-
  • A
  • A+

“Elektron Ədəbiyyat İnstitutu: reallıqlar və vəzifələr” mövzusunda məruzə dinlənilib

“Elektron Ədəbiyyat İnstitutu: reallıqlar və vəzifələr” mövzusunda məruzə dinlənilib

İyunun 1-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının iclasında müəssisənin icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənlinin “Elektron Ədəbiyyat İnstitutu: reallıqlar və vəzifələr” mövzusunda məruzəsi dinlənilib.

İclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin və Ədəbiyyat İnstitutunun əməkdaşları iştirak ediblər.

M.Həsənli məruzəsində qeyd edib ki, rəqəmsallaşmanın, elektronlaşmanın sürətli inkişafı elmi mübadilə üçün də geniş proqram təminatlarının meydana çıxmasına şərait yaradıb və bu gün internetin təqdim etdiyi qlobal şəbəkələr, resurslar elmin təqdimi, təbliği və keyfiyyət əmsalının müəyyənləşdirilməsində başlıca vasitələr kimi çıxış edirlər.

Onun sözlərinə görə, Akademik platformalarda işin təşkili, jurnalların elektron variantlarının yaradılması, Ədəbiyyat İnstitutunun virtual məkanda təbliğ edilməsi, Vikipediya açıq ensiklopediyasında məqalələrin tərtib olunmasının müəssisənin rəqəmsal mühitə inteqrasiyası baxımından qarşıdakı hədəflərdən olduğunu söyləyib.

M.Həsənli bildirib ki, həyata keçirilən tədbirlərlə institut əməkdaşlarının “academia.edu” və “researchgate” akademik sosial şəbəkələrində, “ORCİD” və “Google scholar”da iştirakı genişləndirilib, Ədəbiyyat İnstitutunun “Google scholar”da korporativ hesabı yaradılıb. Diqqətə çatdırıb ki, atılan bu addımlar alimlərimizin məqalələrinə olan istinadların sayının artmasına və nəticədə Azərbaycan humanitar elminin dünyada nüfuzunun artmasına təkan verəcək: “Rəqəmsallaşma ilə bağlı qeyd etdiyimiz məqamların ən həssas nöqtəsi məhz elektron jurnallar və ya jurnallarımızın elektron versiyası ilə bağlıdır. Jurnalın hər hansı ciddi elmi bazalara daxil olması üçün onun elektron variantının olması vacib şərtdir. Akademik İsa Həbibbəylinin tapşırığına uyğun olaraq, AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsi ABŞ-ın “Crossref” şirkətindən mərkəzi qaydada (yəni prefiksi AMEA-ya aid olmaqla) DOİ-nin alınmasına razılıq əldə edib. İlkin olaraq biz Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının cljournal.az saytını yeni qaydalarla qurduq. Bu işdə “Elektron Akademiya” şöbəsi bizə texniki dəstək göstərdi”.

Alim Ədəbiyyat İnstitutunda keçirilən konfranslar, sessiyalar, tədbirlər, nəşr olunan kitablar, monoqrafiyalar, institut alimlərinin yerli və beynəlxalq konfrans, simpozium və tədbirlərdə iştirakı barədə məlumatların mütəmadi olaraq müəssisənin literature.az saytında, sosial şəbəkə hesablarında və “Youtube”da ictimaiyyətə təqdim edildiyini söyləyib.

M.Həsənli, həmçinin Vikipediya açıq ensiklopediyasında işin təşkili barədə məlumat verib, “Elektron Akademiya” şöbəsinin dəstəyi ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən təlimlərə institutun 18 əməkdaşının qoşulduğunu, təlim müddətdə 30-dan artıq məqalə yaratdıqlarını vurğulayıb: “Sözügedən əməkdaşlarımızdan ibarət Viki komandanı yaradılması, onların ədəbiyyat, ədəbiyyatşünaslıq, institutun mühüm nəşrləri, fəaliyyəti haqqında məqalərin yaradılması və illik hesabatlarının “Elektron Akademiya” şöbəsinə təqdim edilməsi nəzərdə tutulur. Gələcəkdə elektron sənəd dövriyyəsi, elektron kitabxananın qurulması hədəflərimizdəndir”, - deyə natiq çıxışına yekun vurub.

Sonra çıxış edən AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov təqdim olunan məruzəni yüksək qiymətləndirib, Ədəbiyyat İnstitutunda elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi sahəsində qısa müddət ərzində əldə olunan nəticələrin təqdirəlayiq və nümunəvi hal olduğunu bildirib. O, rəhbərlik etdiyi şöbənin Ədəbiyyat İnstitutunun elektron xidmətlər sahəsində qarşıya qoyduğu hədəflərə çatmaq üçün zəruri dəstəyi göstərməyə hazır olduğunu söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: