Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.06.2023 09:10
  • A-
  • A
  • A+

Xalqa bağışlanmış ömürdən anlar: 2000-ci ilin martı

Xalqa bağışlanmış ömürdən anlar: 2000-ci ilin martı

AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

2 mart. Prezident Heydər Əliyev Estoniyanın xarici işlər naziri Toomas Hendrik İlvesi qəbul etdi.

3 mart. ABŞ Ticarət Nazirliyinin Yeni Müstəqil Dövlətlər üzrə müşaviri Yan Kalitskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

4 mart. Dünya Bankının Azərbaycan, Ermənistan və Gürcüstan üzrə direktoru xanım Cudi Okonnor və Dünya Bankının ölkəmizdəki daimi nümayəndəsi Tevfik Yapraq ilə görüşdü.

“Bi-Pi/Amoko”şirkətinin hasilat bölümünün prezidenti Deyvid Vudvordu və şirkətin geoloji kəşfiyyat bölümünün prezidenti Endi Hopvudu qəbul etdi.

7 mart. Beynəlxalq qadınlar gününə həsr olunmuş təntənəli tədbirdə nitq söylədi.

11 mart. “Kitabi–Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə dövlət komissiyasının iclasında çıxış etdi.

16 mart. Bakıya səfər edən Ukrayna Prezidenti Leonid Kuçma ilə görüşdü.

17 mart. 1995-ci il mart dövlət çevrilişinə cəhdin beş illiyi ilə əlaqədar keçirilmiş müşavirədə çıxış etdi.

21 mart. Bakıda Qoşaqala Qapısı önündə keçirilən Novruz bayramı şənliyində iştirak etdi.

22 mart. Gürcüstana rəsmi səfərə yola düşdü. Tbilisidə Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə görüşdü.

Gürcüstan ictimaiyyətinin nümayəndələri ilə görüşdə nitq söylədi.

23 mart. Gürcüstan parlamentinin deputatları ilə görüşdə çıxış etdi, Gürcüstan milli televiziyasına müsahibə verdi.

29 mart. Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar xalqa müraciət etdi.

Prezident Heydər Əliyev Ukrayna ilə əlaqələrin inkişafına xüsusi önəm verirdi. 1995-ci ildən başlayaraq iki ölkənin prezidentləri arasında bir çox görüşlər keçirilmiş, Ulu Öndər 1997-ci ildə Ukraynaya rəsmi səfər etmişdi. 2000-ci il martın 16-da isə Ukrayna Prezidenti Leonid Kuçma Bakıya gəldi. Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək görüşü başa çatdıqdan sonra iki ölkənin nümayəndə heyəti arasında danışıqlar baş tutdu. Görüşdə çıxış edən Prezident Heydər Əliyev Azərbaycan-Ukrayna münasibətlərinin yüksələn xətlə inkişafından məmnunluğunu ifadə etdi, siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil, elm və digər sahələrdə əməkdaşlığı yüksək qiymətləndirdi. Eyni zamanda, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük ehtiyat mənbələri olduğunu vurğuladı.

Sitat: “Məmnunluq hissi ilə deyə bilərəm ki, beynəlxalq həyatın bir çox məsələlərində, Ukraynada və Azərbaycanda həyata keçirilən tədbirlərdə Ukrayna ilə Azərbaycanın mövqeləri ya eynidir, ya da bir-birinə yaxındır. Başlıcası isə, məncə, bundan ibarətdir ki, Azərbaycan və Ukrayna öz ölkələrinin milli, dövlət müstəqilliyinin, suverenliyinin müdafiəsi və möhkəmlənməsi mövqelərində qətiyyətlə dayanmışlar, Ukrayna və Azərbaycan demokratikləşdirmə, bazar iqtisadiyyatı yolu ilə əzmlə gedirlər. Təbii ki, bu, əməkdaşlığımız üçün əlverişli şərait yaradır. Düşünürəm ki, bu əməkdaşlığın daha da inkişaf etməsi, dərinləşməsi və genişlənməsi üçün hələ böyük ehtiyat mənbələri, imkanlar var”.

Martın 17-də 1995-ci il mart dövlət çevrilişinə cəhdin beşilliyi ilə əlaqədar müşavirə keçirildi. Ulu Öndər müşavirədəki çıxışında həmin hadisəni səciyyələndirərək dedi ki, çevriliş cəhdi Azərbaycana müəyyən zərbələr vursa da, dövlətçiliyimizin möhkəm, qüdrətli olduğunu nümayiş etdirdi. Bu hadisələr bir daha göstərdi ki, respublikamızda zor işlətməklə nəyəsə nail olmaq mümkün deyil. Heydər Əliyev, həmçinin demokratik proseslərin inkişafı üçün hər cür şəraitin yaradılacağını bildirərək bütün siyasi qüvvələrə, qruplara, partiyalara, təşkilatlara xəbərdarlıq etdi ki, güc işlətməkdən əl çəksinlər.

Sitat: “Biz demokratiya yolu ilə gedirik, gedəcəyik, demokratik proseslərin inkişafı üçün hər cür şərait yaradılacaqdır. Lakin zorakılığa, güc işlədilməsinə yol verilməyəcəkdir. Bu, bizim qanunlarımıza, beynəlxalq hüquq normalarına ziddir və biz bunlara yol verməyəcəyik. Şübhəsiz, heç kəs istəməzdi, mən də istəməzdim ki, öz şəxsi hikkələrini, şəxsi niyyətlərini zor gücünə həyata keçirməyə çalışan adamlar gəlib respublikamızı belə faciəli vəziyyətə salsın və özləri də həm fiziki, həm də mənəvi cəhətdən məhv olsunlar. Amma bu, onların öz günahıdır və onlara havadarlıq edənlərin, onları qızışdıranların, onlardan alət kimi istifadə edənlərin günahıdır. Bunları deməklə mən bütün siyasi qüvvələrə, qruplara, partiyalara, təşkilatlara, ayrı-ayrı şəxslərə müraciət və xəbərdarlıq edirəm ki, bu yollardan əl çəksinlər”.

Ulu Öndər martın 22-də Gürcüstana rəsmi səfərə yola düşdü. Səfər proqramı olduqca zəngin idi. Azərbaycan Prezidenti Tbilisidə gürcüstanlı həmkarı Eduard Şevardnadze ilə görüşdü, iki ölkənin nümayəndə heyətləri arasında geniş tərkibli görüşdə çıxış etdi. Azərbaycan–Gürcüstan sənədlərinin imzalanması mərasimindən sonra mətbuata birgə bəyanat verildi. Gürcüstan ictimaiyyətinin nümayəndələri ilə görüşən Heydər Əliyev martın 23-də Gürcüstan parlamentinin deputatları qarşısında çıxış etdi, yerli televiziyaya müsahibə verdi.

Azərbaycan Prezidenti çıxış və nitqlərində ölkələrimiz arasında həmişə mehriban, səmimi, qardaşcasına münasibətlər olduğunu, Azərbaycan-Gürcüstan əməkdaşlığının bütün sahələrdə, xüsusən Xəzər dənizinin, habelə digər xəzəryanı regionların enerji ehtiyatlarından istifadə sahəsində inkişaf etdiyini vurğulayırdı. Nümayəndə heyətlərinin geniş tərkibdə görüşü zamanı isə Cənubi Qafqazda təhlükəsizlik məsələsinin həm Gürcüstan, həm də Azərbaycan üçün mühüm məsələ olduğunu qeyd edərək dedi: “Gürcüstanla Azərbaycan arasındakı, prezident Şevardnadze ilə prezident Əliyev arasındakı dostluq münasibətləri Azərbaycanda da, Gürcüstanda da sabitliyin qorunub saxlanması, bu sabitliyin möhkəmləndirilməsi və təhlükəsizliyin təmin edilməsi üçün mühüm amildir. Doğrudur, qarşımızda hələ çox problemlər durur. Bilirsiniz ki, Ermənistanla Azərbaycan arasında münaqişə hələ həll edilməyibdir, Azərbaycan bu münaqişədən çox əzab-əziyyət çəkir - ölkəmizin ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, bir milyondan çox azərbaycanlı öz doğma yerlərindən zorla çıxarılmışdır və ağır şəraitdə, çadırlarda yaşayır. Gürcüstan Abxaziya münaqişəsindən çox əziyyət çəkir, rəqəmlər sizə məndən də yaxşı məlumdur. Lakin, gördüyünüz kimi, bizim dostluğumuz da möhkəmdir, taleyimiz də çox oxşardır. Ona görə də Qafqazda, Cənubi Qafqazda təhlükəsizliyin tamamilə təmin olunması, - yeri gəlmişkən, biz bu barədə ilk dəfə 1996-cı ilin martında Tbilisidə bəyanat vermişdik, - bütün bu məsələlərin həllini tələb edir”.

Ölkələrimiz arasında əlaqələrin inkişafında Heydər Əliyevin rolu Gürcüstanda da yüksək qiymətləndirilir. Baş nazir İrakli Qaribaşvili bu il aprelin 7-də Azərbaycana səfəri zamanı Heydər Əliyevi Gürcüstanın böyük dostu adlandırdı. Əsası Ulu Öndər tərəfindən qoyulan dostluq münasibətləri hazırda ən yüksək səviyyəyə çatıb. Uzun illər ərzində müxtəlif sahələrdə həyata keçirilən tarixi layihələr xalqlarımızı, ölkələrimizi daha da sıx birləşdirir. Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri, Baki-Tbilisi-Qars dəmiryolu belə layihələrdəndir. Hazırda isə Azərbaycan və Gürcüstan Orta Dəhliz layihəsi üzrə birgə koordinasiyalı şəkildə çalışır. Hər iki ölkənin məqsədi yaxın gələcəkdə infrastrukturu - dəniz limanlarını, dəmir yollarını birgə inkişaf etdirmək, regionda sülhü və sabitliyi təmin etməkdir.

  • Paylaş: