Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Abşeron şəraitində feyxoa bitkisinin botaniki təsviri və çoxaldılma üsulları araşdırılıb
05.06.2023 09:30
  • A-
  • A
  • A+

Abşeron şəraitində feyxoa bitkisinin botaniki təsviri və çoxaldılma üsulları araşdırılıb

Feyxoa (Feijoa-Acca Berg.) mərsinkimilər (Myrtaceae R.Br.) fəsiləsinə, Feijoa L.cinsinə  aiddir. Feijoa L.tipik subtropik bitkidir. Vətəni Cənubi Amerikanın subtropik bölgələridir. Feijoa L. 3 növü vardır. F.sellowiana Berg, F.shenkiana Kiaersk, F.obovata Berg. Mədəni əkin şəraitində dekorativ və meyvə bitkisi kimi 1 növü - F. sellowiana Berg. geniş yayılıb.

Abşeron yarımadasında introduksiya olunmuş Feijoa L. bitkisi Dendrologiya İnstitutunda 1960-cı ildən əkilib və çoxaldılmışdır. Feijoa L. meyvələri çiçəkləri kimi ekzotikdir. Feijoa L. meyvəsinin tərkibi çox zəngindir, o təbii yod mənbəyidir. Onun meyvələrində tibbi əhəmiyyətə malik olan maddələr də vardır. Texniki və iqtisadi əhəmiyyətini nəzərə alaraq kütləvi formada  plantasiyaların salınması zəruridir.

Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun elmi işçisi Afət Bağırlı sözügedən müsəssisənin təcrübə sahəsində feyxoa bitkisinin tədqiqatını aparıb. Toxumlar institutun kolleksiya sahəsindən yığılıb.

Dendrologiya İnstitutunda Feijoa L. 1 növü - F.sellowiana Berg. qapalı və açıq şəraitdə becərilib.

Hündürlüyü 6 m olan, həmişəyaşıl, alçaq gövdəli ağac və ya koldur. Budaqları bozumtul-sarı rəngdə olub, qabıqlıdır. Yarpaqların uzunluğu 4-6 sm olub, üzbəüz düzülüşlü, sadə quruluşlu, səthi qalın-dərivari, formaca ellipsvaridir. Üstdən tünd yaşıl, parlaq, altdan gümüşü-bozumtul tükcüklüdür.

Çiçəkləri birevli, tək-tək və ya qalxan çiçək qrupuna yığılmışdır. Çiçək qrupunda çiçəklərin sayı 3-5 ədəd olur. Çiçəklər xaricdən ağ, daxildən isə tünd çəhrayıdır. Uzun saplaqlı, ləçəkləri 4 olub, ətirlidir. Kasacığı meyvənin üzərində qalır və tükcüklüdür. Erkəkciyi çoxsaylı, tozcuğu kürəvaridir. Yumurtalığı 4 yuvalı, sütuncuğu yoğunlaşmış və ya saçaqlı ağızcıqlıdır. İyun ayında çiçəkləyir.

Meyvəsinin uzunluğu 8 sm-ə çatan, uzunsov ovalvari, turşməzə tamlı, şirəli, xırda toxumlu giləmeyvədir. Ləti sarımtıl-ağ rəngli, ananasın və çiyələyin dadını və qoxusunu xatırladan xoş dadlı və ətirli kütlədən təşkil olunub.

Bitkinin toxumları Dendrologiya İnstitutun istixanasında becərilən Feijoa sellowiana Berg. meyvələrindən toxumları yığılaraq, aqrotexniki qaydalara uyğun olaraq açıq şəraitdə hazırlanmış substrata səpilmişdir. Səpin qabağı toxumlar stratifikasiya olunub.

Feijoa sellowiana Berg. istisevər, quraqlığa və şaxtaya davamlı bitkidir. Vegetasiya dövrü üçün havanın optimal temperaturu 18-200 C, çiçəkləmə üçün 200-250 C-dir. İsti yay günlərində zoğun boy atması dayanır, meyvələr zəif inkişaf edir. İlk payız yağışları başlayanda (payız fəslinin əvvəllərində) bitki  yenidən boy atır. Çiçəkləmə və meyvə verməsi mərhələləri, məhsuldarlıq müvafiq metodikalara əsasən öyrənilib.

Feijoa sellowiana Berg. torpağın qrunt sularının dərin yerləşdiyi gilli-qumlu torpaqlarda yaxşı inkişaf edir. Azərbaycanda, Lənkəranın təbii şəraitində, feyxoanın vegetasiyası martın axırı aprelin əvvəlində qurtarır. Lənkəran regionuna nisbətən Abşeron şəraitində vegetasiya 10-15 gün erkən baş verir. Feijoa sellowiana Berg. zoğlarının 2 inkişaf dövrü müşahidə olunur. Birincisi daha intensiv gedən yaz-yay böyüməsi, ikincisi isə nisbətən zəif gedən payız böyüməsidir.

Aparılan müşahidələrdən belə nəticəyə gəlmək olar ki, Abşeron şəraitində introduksiya olunan Feijoa sellowiana Berg. növünün çiçəkləmə və meyvə verməsi ekoloji amillərdən asılıdır. Ümumilikdə sitrus bitkiləri öz vətənində keyfiyyətli toxum və meyvə verməsinə baxmayaraq, Abşeronun da iqlim torpaq şəraitində  yaxşı inkişaf edirlər. Onu çay, limon, narıngi üçün yararlı olmayan torpaq sahələrində belə əkmək mümkündür. Feyxoanı o biri sitrus bitkiləri kimi şaxtadan qorumaq da lazım gəlmir. Adətən, oktyabr ayının ortaları və noyabr Feijoa L üçün ən məhsuldar dövrdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: