Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Professor Nadir Məmmədlinin biblioqrafik göstəricisi çap olunub
06.06.2023 10:25
  • A-
  • A
  • A+

Professor Nadir Məmmədlinin biblioqrafik göstəricisi çap olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədlinin həyat və yaradıcılığına, elmi və ictimai fəaliyyətinə həsr olunmuş biblioqrafik göstəricisi çap olunub.

Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının 6 mart  2023-cü il  tarixli  2 saylı qərarı ilə çap olunan biblioqrafiyanın “Ön söz”ünün müəllifi akademik Nizami Cəfərov, layihə rəhbəri filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli, tərtibçi və ixtisas redaktoru Sevil Zülfüqarovadır.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitab ədəbiyyatşünaslar, müəllimlər, tələbələr, dil problemi ilə maraqlanan mütəxəssislər üçün nəzərdə tutulub.

Elmi ibadət bilən alim

Bəşər tarixinin bütün dövrlərində öz xalqını, millətini və onun ədəbi-mədəni, elmi, mənəvi dəyərlərini yüksək amalları və əməlləri ilə yaşadan, gələcəyi naminə qurub-yaradan, çalışıb-vuruşan, çətinliklərə sinə gərərək, irəliyə inamlı addımlar atan ünlü şəxsiyyətləri olmuşdur. Onların sırasında yazıçı da, şair də, igid sərkərdə, sıravi bir əsgər də, diplomat, sənətkar, alim də var.

44 günlük savaşın qalibi müzəffər Milli Ordumuz, Zəfər yürüşünün öndəri olmuş Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Vətən uğrunda canını fəda etmiş igidlərimiz, qazilərimiz... Bir də respublikamızın ictimai-mədəni, elmi həyatında fəal rol oynamaqla yanaşı, mənəvi dünyamıza yeni-yeni töhfələr verərək, ziyalı mövqeyində səfərbər olan yaradıcı insanlarımız, alimlərimiz... 

Belə alimlərimizdən biri də sıravi vətəndaşdan, zəhmət adamından tutmuş, ən görkəmli professor, akademiklərə qədər insanların ürəyində özünə məhəbbət, ehtiram, etimad hissi oyatmış və bu gün də geniş dünyagörüşü, intellekti, çoxsahəli yaradıcılıq diapazonu, mütəhərrik fəaliyyəti, işgüzarlığı ilə fərqlənən, tələbkarlığı və ciddiliyi ilə seçilən professor Nadir Məmmədlidir. Onu insanlara bağlayan, hər şeydən əvvəl, dostlarına münasibətdə səmimiliyi, təmənnasızlığı, heysiyyəti və məğrurluğudur.

Təşəbbüskarlıq, innovativ-kreativ fəaliyyət, orijinallıq kimi xüsusiyyətlər sanki təbiətinə biçilib. Amalı, əqidəsi, ziyalı mövqeyi, peşəkarlığı, insanlarla ünsiyyətinin hərarəti elmi-ictimai, ədəbi-mədəni mühitdə onu sevdirdiyi üçün professor Nadir Məmmədliyə Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru vəzifəsi etibar edilib. Bu isə hər elm xadiminin asanlıqla qazana bilməyəcəyi böyük uğur və etimaddır. 

Dilçilik humanitar elmlərə aid olsa da, XXI əsrdə informasiya texnologiyasının sürətli inkişafı şəraitində öz multidissiplinar aktuallığını saxlayır. Bu gün dilçilik problemlərinin dairəsi getdikcə genişlənir, fənlərarası əlaqəyə çevrilir. Dilin kommunikativ və nitq aktları nəzəriyyəsi, funksional qrammatika, xarici dillərin tədrisi metodları fəal şəkildə öyrənilir, diskurs təcrübələrinin təhlili aparılır. Dünya dilçilik elmi daim inkişafdadır, Azərbaycanın da bu sahədə Nadir Məmmədli kimi dilimizin fəal təbliğatçısı və tədqiqatçısı olan təcrübəli, yenilikçi alimlərə ehtiyacı vardır.

Çap olunan elmi əsərləri, mətbuatda, internet labirintlərində yayımlanan yazıları, redaktoru, tərtibçisi olduğu yüzlərlə nəşrlər, haqqında yazılmış materiallar hörmətli professor Nadir Məmmədlinin həyat və yaradıcılığını biblioqrafik əhatədə oxucularımıza təqdim etmək qərarımızı şərtləndirdi. Beləliklə, Azərbaycanın elm və mədəniyyət xadimləri seriyasından hazırladığımız görkəmli dilşünas alim,  yazıçı-publisisit və gözəl insan Nadir Məmmədliyə həsr olunmuş bu biblioqrafik göstərici ilə tanış ola bilərsiniz.

Dilşünas alim kimi yaxından tanıyaq:

1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini, 1988-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki iki illik Fars dili şöbəsini əla qiymətlərlə  bitirib. 1989-cu ildə namizədlik, 2001-ci ildə doktorluq dissertasiyası müdafiə edib, 1995-ci ildə dosent, 2007-ci ildə professor elmi adını alıb.

İlk elmi və mətbu yazıları 1977-ci ildən Moskva şəhəri, İran İslam Respublikası və Türkiyə Cümhuriyyətinin jurnal və qəzetlərində dərc olunub. Dünyanın ən nüfuzlu beynəlxalq konfranslarında çıxış edib, əsərləri Təbriz (İran), Trabzon, İstanbul (Türkiyə), Oş, Bişkek (Qırğızıstan), Perm, Ufa, Mahaçqala (Rusiya), Quvahati (Hindistan), Paris (Fransa), Okinava (Yaponiya), Estern (Şri-Lanka) və başqa şəhərlərdə nəşr olunub.

1985-1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda, 1992-ci ildən Azərbaycan Memarlıq və İncəsənət Universitetininn Azərbaycan dili və pedaqogika kafedrasında işləyib. 1989-1992-ci illərdə Moskvada SSRİ və Rusiya Elmlər Akademiyalarının Dilçilik institutlarında təcrübə keçib, 1992-1994-cü illərdə Moskva və Moskvaətrafı şəhərlərin arxivlərində çalışıb.

17 kitab,  o cümlədən 6 monoqrafiyanın, Təhsil Nazirliyinin ali məktəblərin bakalavr pilləsinin bütün fakültələri üçün nəzərdə tutulan “Azərbaycan dili”, rus bölmələri üçün “Azərbaycan dili”, “Azərbaycan dili və nitq mədəniyyəti”, “Azərbaycan dilində işgüzar və akademik kommunikasi”ya adlı 4 dərsliyin, eləcə də 4 lüğətin (o cümlədən, Prezidentin sərəncamı ilə çap olunan dövlət əhəmiyyətli “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin), 1 metodik göstərişin, 1 danışıq kitabının, 6 fənn proqramının, 1 latın qrafikalı yeni əlifbanın, 150-dən artıq elmi məqalənin müəllifidir. O, “Müasir Azərbaycan dilində fellərin leksik sinonimliyi”, “Moskva Şərq Dilləri İnstitutunun Azərbaycan alimləri”, “Azərbaycan dilində alınma terminlər”, “Mirzə Cəfər Topçubaşov”, “M.F.Axundovun obrazları və dilçilik görüşləri”, “Rusiya şərqşünaslıq institutlarında çalışmış azərbaycanlı pedaqoq və alimlər” adlı monoqrafiyaların, 300-dən artıq publisistik və elmi-publisistik məqalənin müəllifidir.

Təhsil Nazirliyinin humanitar sahə üzrə təsis etdiyi müsabiqənin laureatı, 2000-ci ildə “Alınma terminlər” monoqrafiyasına görə Təhsil Nazirliyinin “Ən yaxşı elmi iş” müsabiqəsinin qalibidir. 2004-cü ildə Türkiyə Cümhuriyyətinin Qazi Universitetində (Ankara), 2012-ci ildə Çin Xalq Respublikasının Konfutsi Universitetində (Anxoy vilayəti) alınma və  beynəlmiləl sözlərlə bağlı ekspress-mühazirələr oxuyub.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.06 Dissertasiya şurasının sədri, Yaponiyada “Higher Education Forum”un, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvüdür. M.Füzuli adına Əlyazmalar İnstitutunun “Filologiya məsələləri” jurnalının məsul katibi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun “Dilçilik araşdırmaları” və “Türkologiya” beylnəlxalq jurnallarının baş redaktorudur.

Tarixi yaddaşımızın keşiyində duran professor Nadir Məmmədli  özünün dediyi kimi, “platonik əhval-ruhiyyə” və “nəqqaş-sənətkar” zövqü ilə vərəqlərə elmi məzmunlu “Səfəvilər dövründə rəsmi dövlət yazışmalarının dili: elmi-publisistik yazılar”, “Şah İsmayıl Xətai və imamiyyə təriqəti”, “Azərbaycan Xalq Cümhuriyyətinin dil siyasəti və parlamentin nitq mədəniyyəti” və s. kimi elmi-publisistik məqalələrində tarixin nurunu həkk edir.

Elmin və ziyalılığımızın keşiyində Mirzə Kazım bəy, Mirzə Abdulla Qafarov, Mirzə Cəfər Rzayev, Mirzə Cəfər Topçubaşov, Ağamusa Axundov, Qəzənfər Kazımov və daha neçə-neçə görkəmli alim, sənət adamı, şair, yazıçı  haqqında söhbət açdığı yazıları elm tariximizə verilən töhfələrdir.

Yenilikçi, kreativ düşüncəli cəsarət və səriştə nümayiş etdirərək “Qloballaşan dünya və azərbaycançılıq” məcrasından, “Tipoloji araşdırmalarda yeni mərhələ”, “Dillərarası asimmetriya – “yalançı ekvivalentlər”, “Parisdə Azərbaycanın rəmzi ünvanı”, “Nitq mədəniyyəti konsepsiyası”, “Azərbaycan dilinin XX və XXI əsrlərdə ideoloji intibahı”,  “Onlayn işgüzar kommunikasiya və kompüter-internet diskursu”, “İşgüzar kommunikasiyanın milli-mədəni spesifikliyi”, “Efir dili – efir mədəniyyəti haqqında peşəkar sözü” Fransa, Hindistan, Şri-Lanka, Yaponiyada “Function of language”, “Sheykh Faridaddin Attars “Taskiratil-ovliya”, “Terms of arabi oriorigin in Azerbaijan”, “Language, borroweel from European languages through Russian”, “False equivalents”, “Between arabic, persian and Azerbaijani languages” kimi fundamental məqalələrindəki nəzəri fikirlər xalqın həyatı, gələcəyi ilə qırılmaz tellərlə bağlıdır.

Filologiya elmləri doktoru, professor Rüfət Rüstəmov yazır: “Gözəl ziyalımız Nadir Məmmədli elm qapılarını özünün ibadət yeri hesab edir. O, geniş ürəkli xeyriyyəçi, görkəmli alim olmaqla bərabər, həm də publisistika sahəsində söz sahibidir...”. Publisistik yazıları, maraqlı müsahibələri ilə dövri mətbuat səhifələrində iz qoyan Nadir Məmmədli bu gün nəinki respublikamızda, onun hüdudlarından uzaqlarda elmi əsərləri, beynəlxalq miqyaslı tədbirlərdə məruzə və çıxışları ilə Azərbaycançılıq missiyasını şərəflə nümayiş etdirən ziyalılarımızdandır. Publisistikasında mövzulara həssas münasibət göstərir – fikrinin tamamlanması, yeni düşüncəsinin başlanmasıdır. Motiv, ideya, fikir, duyğu, qavrayış, anlayış, mühakimə onun özüdür, lakin ünvanları – sən, o, biz, siz və  onlardır! Bu yazıların ovqatı və ahəngi zəngin, işığı boldur. Elmi yazılarda bunu etmək çox çətindir, ancaq o,  sözün imkanlarını bilən bir alimdir. Ona görə də məqalələrindəki rəngarənglik, deyim tərzi fərqlilik, xoş təəssürat yaradır, üslubi və intellektual özəlliklər bəxş edir: məqalələri oxuduqca düşünür, fikirlərin alt mənalarını anlamağa çalışırsan, bu günümüzə bağlanır, gələcəkdən soraq alır, dünya, həyat haqqında fikirlər yeni, maraqlı məcraya yönəlir. Ona görədir ki, publisistik məqalələri müəllifindən ayrı öz taleyini yaşayır.

Elmi-publisistik məqalələrində dilimizin saflığına, onun qorunmasına bir çağırış var. Yazılarının gücü hüdudsuz fantaziyasındadır, hər bir məqaləsi yaradıcı düşüncəni inkişaf etdirən gözəl nümunələrdir.  Uğurları  ilə seçilən Nadir Məmmədli fitri istedadının elmi inikasını yaradır, sözün sirli boyalarından məharətlə istifadə edir, estetik zövqü, büllurlaşan imzası üslubunu formalaşdırır, elmi nəfəsini tapır və başqa səslərin arasından fərqlənir.

Professor Nadir Məmmədlinin həyatı, elmi-ictimai fəaliyyəti, yaradıcılığı ilə bağlı adını çəkdiyimiz və çəkmədiyimiz yüzlərlə materialın mənbəyini təqdim etdiyimiz biblioqrafik göstəricidə izləyə bilərsiniz.

Biblioqrafiyada təqdim edilən alimin həyatı və elmi yaradıcılığına, pedaqoji fəaliyyətinə, təsisçilik təşəbbüslərinə həsr olunmuş oçerk və həyati, elmi-ədəbi və ictimai fəaliyyətinin əsas tarixləri bölmələri maraqlı faktlarla zəngindir.

Alimin elmi əsərlərinə aid bölməsi: kitablar, monoqrafiyalar, dissertasiyalar və elmi məqalələri, məruzə və tezisləri əhatə edir. Tərtib etdiyi lüğətlər, danışıq kitabları,  dərsliklər və dərs vəsaitləri ayrica bölmələrdə verilmişdir. Bütün bu materiallar sistemləşdirilmiş və xronoloji  əhatədə əlifba ardıcıllığı ilə təqdim edilmişdir. Professor Nadir Məmmədlinin redaktoru olduğu yüzlərlə nəşr əlifba ardıcıllığı ilə  sistemləşdirilmişdir. Göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə kitabın sonunda əsərlərinin, müəlliflərin, redaktorların, haqqında yazmış müəlliflərin əlifba göstəricisi verilmişdir.

Sevil ZÜLFÜQAROVA, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun kitabxana müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: