Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.06.2023 09:20
  • A-
  • A
  • A+

Xalqa bağışlanmış ömürdən anlar: 2000-ci ilin apreli

Xalqa bağışlanmış ömürdən anlar: 2000-ci ilin apreli

AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

7 aprel. Prezident Heydər Əliyev Azərbaycana səfər etmiş Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşdü.

8 aprel. Türkdilli ölkələrin dövlət başçılarının Bakıda keçirilən VI Zirvə görüşündə nitq söylədi.

9 aprel. “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxış etdi.

Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə birgə Bakı Türk şəhidliyinin və xatirə abidəsinin açılış mərasimində iştirak etdi.

“Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi şərəfinə “Gülüstan” sarayında rəsmi qəbulda nitq söylədi.

13 aprel. Bakı Beynəlxalq Hava Limanı Kompleksinin işinin yaxşılaşdırılmasına həsr olunmuş müşavirədə çıxış etdi.

14 aprel. “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubiley üzrə Dövlət Komissiyasının yekun iclasında iştirak etdi.

24 aprel. Türk dünyasının görkəmli oğlu, Azərbaycan xalqının böyük dostu İhsan Doğramacının 85 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitqi söylədi.

28 aprel. Akademik Zərifə Əliyeva adına istirahət parkının açılışında çıxış etdi.

Nəsimi rayonundakı ikinci mikrorayonun ərazisində salınmış istirahət parkı ilə tanış oldu.

2000-ci il aprelin 8-də Bakıda Türkdilli ölkələrin dövlət başçılarının VI Zirvə görüşü keçirildi. Türk dövlətlərinin birliyinə mühüm əhəmiyyət verən Ümummilli Lider tədbirdəki çıxışında bu görüşü əlamətdar hadisə kimi qiymətləndirdi. Bildirdi ki, sarsılmaz tarixi tellərlə bağlılığımızla bərabər, məqsəd və vəzifələrimizin, həll etdiyimiz problemlərin oxşarlığı ölkələrimizi və xalqlarımızı birləşdirən güclü amildir. Ankarada keçirilən birinci görüşdən sonrakı dövr ərzində türkdilli dövlətlər arasındakı əlaqələrə toxunan Heydər Əliyev dedi: “Türkdilli dövlətlərin ikitərəfli münasibətləri daha da inkişaf etmiş, aramızda yüksək səviyyəli çoxlu səfərlər, beynəlxalq məclislərdə görüşlər və danışıqlar olmuşdur. Bu görüşlər və danışıqlar zamanı elə mühüm dövlətlərarası sazişlər imzalanmışdır ki, onların həyata keçirilməsi dövlətlərimizin müstəqilliyinin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə kömək edəcəkdir”.

Heydər Əliyev Azərbaycan ədəbiyyatı və mədəniyyətinin parlaq nümunələrinin təbliği və dünyada tanıdılması istiqamətində davamlı addımlar atırdı. “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin geniş qeyd olunması buna əyani sübutdur. Aprelin 9-da Respublika Sarayında təntənəli yubiley mərasimi oldu. Elə həmin gün Türkdilli dövlətlərin başçılarının və digər qonaqların iştirakı ilə “Kitabi-Dədə Qorqud” dastanının əlamətdar yubileyi şərəfinə “Gülüstan” sarayında rəsmi qəbul təşkil olundu. Aprelin 14-də isə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının yekun iclası keçirildi. Ulu Öndər tədbirlərdəki çıxışlarında bu yubileyi bütün Türk dünyası, bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyəti olan tarixi hadisə kimi dəyərləndirdi.

Aprelin 9-da Prezident Heydər Əliyevin və Türkiyə Prezidenti Süleyman Dəmirəlin iştirakı ilə Bakıda Türk şəhidliyinin və xatirə abidəsinin açılışı oldu. Tədbirdə nitq söyləyən Ulu Öndər XX əsrdə Azərbaycan xalqının düçar olduğu faciələrdən danışdı, ağır günlərimizdə Türkiyənin göstərdiyi qardaşlıq köməyini xatırlatdı.

Sitat: “Rusiya imperiyası dağıldıqdan sonra Azərbaycan böyük təhlükə və faciələr qarşısında olubdur. Ermənilər XX əsrdə Azərbaycan xalqına qarşı bir neçə dəfə soyqırımlar həyata keçiriblər. Onlardan ən dəhşətlisi 1918-ci il mart ayının 31-də Bakıda keçirilən soyqırımıdır. Təkcə Bakıda yox, Azərbaycanın bütün bölgələrində belə soyqırımlar keçirilmişdir. Minlərlə, on minlərlə günahsız azərbaycanlılar qətlə yetirilmişlər. Bəli, o zaman Azərbaycan, Bakı bir çox ölkələrin maraq dairəsinə çevrilmişdi. Burada, azərbaycanlıların qədim torpağında yadellilər hökm sürmək istəyirdilər, Azərbaycanı, Bakını öz əllərinə keçirmək istəyirdilər. O vaxt döyüşlərdə bizə yardım etməyə gələn türk ordusunun cəngavər, qəhrəman oğulları olmuşdur. Mənim əziz dostum, qardaşım Süleyman Dəmirələ dəfələrlə demişəm ki, Nuru Paşanı, Xəlil Paşanı Bakıda indiyə qədər hamı xatırlayır. Vaxt keçib, zaman keçib, sovet hakimiyyəti illərində bu tarix tamamilə pozulub, qaralanıb, bu tarixi öyrənməyə insanların imkanları olmayıb. Ancaq o adlar, həmin adların arxasında olan qəhrəman türk əsgərləri xalqımızın qəlbində yaşayıbdır”.

Prezident Heydər Əliyev çıxışında onu da vurğuladı ki, “Dədə Qorqud” eposunun 1300 illik yubileyini bir yerdə bayram etdik, türk ölkələrinin birliyini dünyaya bir daha nümayiş etdirdik. Bu gün də bu şəhidləri yad edirik, onların xatirəsi qarşısında baş əyirik.

Aprelin 28-də Bakının Binəqədi rayonu ərazisində akademik Zərifə Əliyeva adına istirahət parkının açılışı baş tutdu. Ulu Öndər həmin tədbirdə çıxış edərək bildirdi ki, son illərdə iqtisadiyyat sahəsində görülən işlər, ölkəmizdə ictimai-siyasi sabitliyin təmin olunması, vətəndaşların rahat, sakitlik şəraitində yaşaması quruculuq prosesinə şərait yaradıb. Bu prosesin bir hissəsi də Bakıda yaşıllaşdırmanın davam etdirilməsi, yeni-yeni parklar salınmasıdır.

Sitat: “Bunların hamısı Bakını yaşıl bir şəhərə döndərir. Ancaq gələcəkdə Bakı bundan da gözəl şəhər olacaqdır. Çünki hər bir şəhər nə qədər çox yaşıl olsa, o qədər də gözəldir. Ancaq mən 30 il öncə bu proqramı başlayarkən bunu təkcə gözəllik naminə etməmişəm. Bakı sənaye şəhəridir. Hər bir sənaye şəhərində, təbiidir ki, ətraf mühit, xüsusən hava, xüsusən su sənaye müəssisələrindən müxtəlif maddələr atılması nəticəsində müəyyən qədər çirklənir, müəyyən qədər zəhərlənir. Ona görə də havanın təmizlənməsi üçün, ətraf mühitdə təmiz havanın təmin olunması üçün yaşıllıqdan, ağaclardan faydalı, səmərəli vasitə yoxdur. Havanın təmizlənməsini ağaclardan başqa heç bir yol ilə, heç bir vasitə ilə təmin etmək olmaz. Yəni bunu heç bir şeylə əvəz etmək olmaz. Ağacların, yaşıllıqların havanı təmizləməsi heç bir başqa vasitə ilə əldə oluna bilməz. Yəni başqa bir üsul bunun əvəzini verə bilməz. Məhz buna görə də mən Bakının yaşıllaşması işinə başlamışam”.

Ümummilli Liderin Bakı haqqında 23 il əvvəl dediyi sözlər artıq reallığa çevrilib. Bakı ildən-ilə daha da yaşıllaşır, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Son illərdə paytaxtımızda onlarla yeni park və bağlar salınıb. Bunlar paytaxtımızı gözəlləşdirməklə yanaşı havanı təmizləyir, insanların asudə vaxtlarını səmərəli keçirməsinə, mənalı istirahət etməsinə şərait yaradır.

Xronologiyadan göründüyü kimi, 2000-ci ilin aprel ayı Türkdilli ölkələrin dövlət başçılarının VI Zirvə görüşü və “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin qeyd edilməsi ilə əlamətdar oldu. Ulu Öndərin yubiley mərasimindəki çıxışından bəzi məqamlara nəzər salaq.

Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimindəki nitqindən

• Bu yubiley bizim üçün, bütün Türk dünyası üçün, bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyəti olan tarixi bir hadisədir. Bu, bizim tarixi köklərimizə, milli ənənələrimizə, milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə, elmimizə, xalqımızın çoxəsrlik tarixinə olan hörmət, ehtiram bayramıdır. Bu, bizim milli azadlığımızın, dövlət müstəqilliyimizin bayramıdır. Azərbaycan xalqının, bütün türkdilli xalqların böyük tarixi abidəsi olan "Kitabi-Dədə Qorqud" 1300 ildir ki, yaşayır.

• Son üç il ərzində Azərbaycanda "Kitabi-Dədə Qorqud" irsinin öyrənilməsi, tədqiq edilməsi, təbliğ olunması sahəsində böyük işlər görülmüş və bunlar "Kitabi-Dədə Qorqud"u bizim xalqımıza, bütün Türk dünyasına, türkdilli xalqlara tanıtmış və onun nə qədər zəngin sərvət olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Dünən Türkdilli Dövlətlər Birliyinin VI Bakı Zirvə görüşü öz işini uğurla sona çatdırdı. Biz bu Zirvə görüşündə Türkdilli Dövlətlər Birliyi yaranan vaxtdan keçmiş 8 il ərzində gördüyümüz işləri təhlil etdik, ona nəzər saldıq və böyük nailiyyətlər əldə etdiyimizi bildirdik. Təbiidir ki, Türkdilli Dövlətlər Birliyinin yaranması Türk dünyasında, bizim xalqlarımızın hər birinin həyatında tarixi hadisə olmuşdur. Amma 8 il ərzində onun yaşaması, inkişaf etməsi, genişlənməsi bu birliyin yaranmasının bir tərəfdən nə qədər zəruri olduğunu nümayiş etdirdi, ikinci tərəfdən də bu birliyin bizim xalqlarımız üçün gələcəkdə nə qədər gərəkli olduğunu göstərdi.

• "Kitabi-Dədə Qorqud"un son üç ildə tədqiq, təbliğ olunması Azərbaycan xalqına çox böyük faydalar verdi. Biz öz tarixi köklərimizi, milli-mədəni irsimizi bir daha dərk etməyə başladıq. Artıq biz dərk edirik ki, Azərbaycan xalqı, bütün türkdilli xalqlar dünya sivilizasiyasına nə qədər böyük töhfələr vermişlər. Bunların içərisində "Kitabi-Dədə Qorqud"un xüsusi yeri vardır. "Kitabi-Dədə Qorqud" bizim ana kitabımızdır. Dədə Qorqud bizim ulu babamızdır, əcdadımızdır. Biz fəxr edirik ki, "Kitabi-Dədə Qorqud" kimi tarixi abidəmiz vardır, fəxr edirik ki, "Kitabi-Dədə Qorqud" kimi ulu əcdadımız vardır. "Kitabi-Dədə Qorqud" xalqları, millətləri daim birliyə, sülhə dəvət edibdir. 1992-ci ildə Türkdilli Dövlətlər Birliyinin yaranması Dədə Qorqud vəsiyyətlərinin yerinə yetirilməsinin parlaq nümunəsidir.

• "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyini təntənəli bayram edərək, onun bu vəsiyyətlərinə sədaqətimizi bildiririk və bəyan edirik ki, Azərbaycan xalqı müstəqillik yollarında qarşıda duran bütün ağır və çətin məsələlərin həll edilməsində daha da bir, daha da əlbir olacaqdır və daim irəliyə doğru gedəcəkdir. "Kitabi-Dədə Qorqud" qəhrəmanlıq dastanıdır. Biz "Kitabi-Dədə Qorqud"un vəsiyyətlərindən bu gün həyatımızda istifadə edərək, xalqımızda vətənə məhəbbət, sevgi, sədaqət, vətənpərvərlik hisslərini daha da artırırıq. "Kitabi-Dədə Qorqud" bu gün bizə çox gərəklidir. "Kitabi-Dədə Qorqud" insanları, xalqları sülhə, barışa dəvət edibdir. Bizim xalqımız bu gün "Kitabi Dədə Qorqud"un bu vəsiyyətlərinə sadiqdir.

•"Kitabi-Dədə Qorqud" yubileyinin ən böyük mənası, əhəmiyyəti ondan ibarətdir ki, bu, bizim milli azadlığımızı, dövlət müstəqilliyimizi, sərbəstliyimizi bir daha nümayiş etdirir. "Kitabi-Dədə Qorqud" vəsiyyətləri bizə deyir ki, daim müstəqillik yolu ilə getmək, Azərbaycanın milli azadlığını və dövlət müstəqilliyini əbədi etmək bizim hər birimizin qarşısında duran ali məqsəddir.

  • Paylaş: