Moldovanın paytaxtı Kişineu şəhərində Tədqiqat və innovasiyalar üzrə Şərq Tərəfdaşlığı (ŞT) Panelinin qeyri-rəsmi işçi qrupunun 5-ci toplantısı keçirilib.
Tədbirdə ŞT ölkələrinin nümayəndələri ilə yanaşı, Avropa Komissiyasının (AK) tədqiqat və innovasiyalar, təhsil və mədəniyyət üzrə Baş Direktorluğunun və digər müvafiq qurumlarının rəsmiləri, Avropaya üzv dövlətlərin (Belçika, Almaniya, Fransa, Bolqarıstan, Litva və Rumıniya) müvafiq təşkilatlarının və Türkiyədən TÜBİTAK-ın mütəxəsissləri iştirak ediblər. AK-nın Tədqiqat və İnnovasiyalar üzrə Baş Direktorluğunun bölmə rəhbəri Ruta Zarnauskaite toplantıya sədrlik edib.
Tədbir zamanı ŞT ölkələrində Horizon 2020-nin tədqiqat və innovasiyalar üzrə prioritetlərinin həyata keçirilməsi, yaşıl və rəqəmsal keçidlər kimi mühüm sahələr üzrə fəaliyyət, Horizon Avropa Proqramında iştirak üzrə təcrübə və bu istiqamətlərdə elmi diasporun rolu müzakirə edilib.
Azərbaycan tərəfindən toplantıda AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva, Azərbaycan Milli Antidopinq Agentliyinin Elm şöbəsinin müdiri, Horizon Avropa Proqramı üzrə Birgə Tədqiqat Mərkəzi üzrə milli əlaqələndirici şəxs (MƏŞ) dosent Rüfət Efendiyev, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar üzrə Elmi-Tədqiqat İnstitutunun böyük elmi işçisi, Avropa Tədqiqatları Mərkəzi və COST Fəaliyyəti üzrə MƏŞ İlham Hümbətov, həmin institutun böyük elmi işçisi Elsevər Lətifli, Bakı Mühəndislik Universitetinin Keyfiyyət təminatı şöbəsinin müdiri və Sənaye mühəndisliyi kafedrasının baş müəllimi, Cəmiyyət üçün mülki təhlükəsizlik üzrə MƏŞ Sevil İmanova, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiya Ekosistemlərinin İnkişafı şəbəsində layihə rəhbəri, Avropa İnnovasiya Şurası və Avropa İnnovasiya Ekosistemi üzrə MƏŞ Ləman Qənbərova iştirak ediblər. Azərbaycanlı nümayəndələr tədbirin bütün sessiyalarında fikir mübadiləsində fəallıq nümayiş etdiriblər.
E.Əlirzayeva Horizon Avropa Proqramında iştirak da daxil olmaqla, ŞT ölkələrində tədqiqat və innovasiya prioritetlərinin həyata keçirilməsi, o cümlədən yaşıl və rəqəmsal keçidlərin dəstəklənməsi üzrə fəaliyyətlərə həsr edilmiş sessiyada çıxış edib. O, 2022-ci ilin iyul ayında Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə dair Sərəncamın icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, bu sənəd yaşıl enerjiyə keçidlə bağlı innovasiyalar üçün ekosistemin yaradılmasının vacibliyini vurğulayır, startaplara və tədqiqat karyerasına dəstəyi, elmi-tədqiqat potensialının gücləndirilməsi üçün təşviq mexanizmlərinin hazırlanmasını, həmçinin “Rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi” üzrə fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycanda rəqəmsal iqtisadiyyat strategiyasının hazırlanmasını hədəfləyir. Milli təşəbbüslərin rəqəmsallaşma və innovasiya, təmiz ətraf mühit və yaşıl artım ölkəsi strategiyalarını əhatə etdiyi və yaşıl hidrogen üzrə böyük layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb. E.Əlirzayeva bildirib ki, elmi-tədqiqat və innovasiyalar üçün infrastrukturun təkmilləşdirilməsi məqsədilə 2022-ci ilin dekabrında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Dövlət mülkiyyətində olan və ya dövlət vəsaiti hesabına yaradılan tədqiqat infrastrukturunun avadanlığından tədqiqatçıların istifadəsinə görə ödənilən xidmət haqları”nın təsdiq edilməsi və “İxtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 (əlli) faizinin dövlət tərəfindən maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarlar qəbul edilib. “Texnologiya və innovasiya” üzrə İşçi qrupunun fəaliyyəti çərçivəsində “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (h-indeks) yaxşılaşdırılması üzrə 2023-cü il üçün Yol Xəritəsi”nin həyata keçirildiyi vurğulanıb. Məruzəçi qeyd edib ki, doktorantların mobilliyini dəstəkləyən Dövlət Proqramı fəaliyyətini davam etdirir. Eyni zamanda, Horizon Avropa Proqramında iştirak fəallığının yüksəldilməsi məqsədilə AMEA tərəfindən koordinasiya olunan Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) üzvlər, həmçinin AK-nın ekspertlərinin iştirakı ilə Azərbaycanda məlumat günləri və təlimlər keçirilir.
İ.Hümbətov və S.İmanova Avropa Tədqiqat Məkanında (ERA) beynəlxalq əməkdaşlıq - dəyərlər və prinsiplərə həsr edilmiş müzakirələrdə iştirak ediblər.
İ.Hümbətov Azərbaycan Respublikası və Avropa ölkələri arasında elmi əməkdaşlıq, ölkəmizin elmi prioritetləri, o cümlədən “yaşıl hidrogen” və digər bərpa olunan enerji resurslarının hasilatı, bu istiqamətdə aparılan tədqiqatları, həmçinin işğaldan azad olunmuş ərazilərin bərpası sahəsində nailiyyətləri haqqında məlumat verib. Məruzəçi son illərdə Azərbaycanın beynəlxalq elmə inteqrasiyası sahəsində fəalliyəti diqqətə çatdırıb və bildirib ki, AMEA Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyası (AASSA), Avrasiya Universitetlər Birliyi (EURAS), Beynəlxalq Elmi Şura (İSC) kimi bir sıra beynəlxalq təşkilatlara və assosiasiyalara tam üzv kimi qəbul edilib və bu, beynəlxalq elmi məkana inteqrasiyaya geniş imkanlar açır. Azərbaycan alim və mütəxəssislərinin AK-nın COST Fəaliyyəti çərçivəsində layihələrdə fəal iştirakının elmi konsorsiumlara daxil olmaq, qlobal elmi prioritetlər üzrə tədqiqatlara qoşulmaq istiqamətində əhəmiyyətini vurğulanıb. Qeyd edilib ki, alimlərimiz müxtəlif ölkələrlə elan edilən ikitərəfli layihə müsabiqələrində də yüksək fəallıq göstərirlər.
S.İmanova Azərbaycan universitetlərinin Avropanın müxtəlif qabaqcıl elm və təhsil qurumları ilə əməkdaşlığının genişləndiyini bildirib. Qeyd edilib ki, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və digər təhsil müəssisələri 15-ə yaxın Avropa universiteti ilə birlikdə Erasmus KA1 və KA2 layihələrində fəal iştirak edirlər. Almaniya, Fransa, İtaliyanın və s. ölkələrin universitetləri ilə əməkdaşlıq daha sıxdır və bu əməkdaşlıqlar çərçivəsində universitet alimləri müştərək tədqiqatlara qoşulur. S.İmanova Azərbaycanın ali təhsil sistemində tədqiqatın inkişafı və innovasiya (RDI) üzrə layihənin bu istiqamətdə siyasətin və idarə edilmənin gücləndirilməsi, müxtəlif rəqabətqabiliyyətli tədqiqat fondlarının uğurla tətbiqi üçün institusional imkanların artırılması məqsədini daşıdığını diqqətə çatdırıb. Layihə açıq innovasiya, açıq elm konsepsiyalarının hazırlanmasını hədəfləyir. Məruzəçi, həmçinin AMEA, UFAZ və BMU-nun ikili diplom proqramlarını beynəlxalq əməkdaşlıq uğurlu nümunələri kimi diqqətə çatdırıb.
E.Lətifli və L.Qənbərova ŞT ölkələrinin innovasiya fəaliyyətləri üzrə təcrübəsinə dair dəyirmi masada iştirak ediblər.
E.Lətifli İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən rəqəmsallaşma, innovasiya, rəqəmsal iqtisadiyyat, xüsusilə, rəqəmsal iqtisadiyyat strategiyasının hazırlanması üzrə fəaliyyət haqqında məlumat verib. O, rəqəmsal istedadın inkişafı, müəssisələr tərəfindən texnoloji mənimsənilmə, innovativ fəaliyyətin stimullaşdırılması, eləcə də maliyyə resurslarına çıxışın artırılması üzrə tədbirlər daxil olmaqla, rəqəmsal iqtisadiyyat strategiyasının müxtəlif aspektlərini müzakirə edib və bu istiqamətdə İqtisadi Elmi Tədqiqat İnstitutunun rolunu diqqətə çatdırıb. Məruzəçi, həmçinin Azərbaycanda rəqəmsal istedadın inkişafının əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, gənclər arasında İKT bacarıqlarının təbliği, yeni iş yerlərinin və Azərbaycanın regionlarında karyera imkanlarının yaradılması mühüm hədəflərdəndir.
L.Qənbərova hazırda fəaliyyət göstərən və yerli biznes qurumlarının müasir texnologiyalar və texnoloji həllərlə təminini, innovasiya yönümlü elmi tədqiqatları dəstəkləyən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA) haqqında məlumat verib. Bildirilib ki, İDDA innovasiya ilə əlaqəli məsələlər, regional ekosistemlərin dəyişdirilməsi və təkmilləşdirilməsi, bu sahənin başlanğıcdan qurulması üzrə əsas qurumdur və Azərbaycanda startap ekosistemini dəstəkləməyi və fəallaşdırmağı hədəfləyir. Xarici bazarlara çıxış imkanı əldə etmək və əhatə dairələrini genişləndirə bilmək məqsədilə yerli startapların müxtəlif beynəlxalq innovativ və texnoloji tədbirlərdə iştirakının dəstəkləndiyi diqqətə çatdırılıb. Məruzəçi qeyd edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Huawei və Ericsson kimi kompaniyalarla əməkdaşlıq edir. Huawei tərəfindən, həmçinin ADA Universitetində məzunların ideyalarının həyata keçirməsi üçün imkan yaradan tədqiqat və innovasiya mərkəzinin açıldığı diqqətə çatdırılıb. L.Qənbərova İDDA-nın nəzdində yaradılmış TechNest təqaüd proqramının İKT sahəsində kadr bankının yaradılması prosesinə və əmək bazarındakı kadr ehtiyaclarının qarşılanmasına töhfəsi haqqında məlumat verib, müxtəlif texnoloji sahələrdə (kodlaşdırma, kibertəhlükəsizlik, proqramlaşdırma və s.) 700-dən çox istedadlı gənc üçün imkanların yaradıldığını və müstəsna bacarıqlı tələbələrin təhsilinin isə tam qarşılandığını bildirib.
R.Efendiyev ŞT ölkələrinin ağıllı ixtisaslaşma və texnologiya transferi sahəsində hazırkı vəziyyəti mövzusuna həsr edilmiş sessiyada iştirak edib. O, Ağıllı İxtisaslaşma Strategiyalarının (S3) hədəfləri və Azərbaycanda bu proqramın inkişaf perspektivlərini müzakirə edib. Qeyd edib ki, Azərbaycan üçün prioritet sahələr üzrə müzakirələr davam etdirilir və bu istiqamətdə Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzinin müvafiq mütəxəssisləri ilə görüşlər keçirilir, təkliflər verilir. Məruzəçi, həmçinin AK-nın dəstəyi ilə Azərbaycanda həyata keçirilən və ağıllı ixtisaslaşma komponentini özündə ehtiva edən EU4Lankaran layihəsinin rəhbəri və iştirakçıları ilə keçirilən müzakirələri diqqətə çatdırıb. R.Efendiyev Qarabağda yeni texnologiyaların tətbiqi ilə aparılan quruculuq işləri, ağıllı kənd konsepsiyası haqqında ətraflı məlumat verib və bu təcrübələrin əhəmiyyətini vurğulayıb.
AK rəsmiləri Azərbaycan nümayəndə heyətinə toplantının bütün mövzuları üzrə müzakirələrdə fəal iştiraklarına görə təşəkkür ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.