Azərbaycan Ağsaqqallar Şurasında Şuranın və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100, Milli Qurtuluş Gününün 30 illik yubileylərinə həsr olunmuş “Azərbaycanın qurtuluş salnaməsi: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda konfrans keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağsaqqallar Şurasının sədri, deputat, professor Eldar Quliyev çıxış edərək, Şuranın Ulu Öndər Heydər Əliyevin yubileyi ilə əlaqədar keçirdiyi tədbirlərdən söz açıb.
Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışan Eldar Quliyev deyib ki, Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə iyun ayının 15-də Ali Sovetin sədri seçildikdən sonra xalqımız rahat nəfəs almağa başlayıb. Çünki hər kəs əmin idi ki, əgər bu dahi şəxsiyyət hakimiyyət sükanının arxasındadırsa, deməli, bütün təhlükələr dəf ediləcək və belə də oldu.
Ata vəsiyyətini layiqincə yerinə yetirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun işğal altındakı torpaqlarımızı azad etməsindən danışan Şuranın sədri bildirib ki, bu gün Ulu Öndərin ruhu şaddır və davamlı iqtisadi inkişaf fonunda ölkəmizi yeni nailiyyətlər, qələbələr gözləyir.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, deputat, akademik Ziyad Səmədzadə çıxışında Milli Qurtuluş Gününün daşıdığı böyük əhəmiyyətdən, dövlətimizin xilas olunmasında və möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açıb.
“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov Ulu Öndər Heydər Əliyevin ölkəmizin inkişaf yoluna çıxması, iqtisadi cəhətdən güclənməsi və tanınması üçün çox böyük əhəmiyyətə malik işlər gördüyünü diqqətə çatdırıb. Deyib ki, hazırda bu inkişaf xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Digər çıxış edənlər Ağsaqqallar Şurası sədrinin müavini professor Eldar İbrahimov, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Ağsaqqallar Şurası sədrinin birinci müavini akademik Əhliman Əmiraslanov, Şuranın sədr müavinləri - professor Elmira Süleymanova və Bayram Yusifov Milli Qurtuluş Gününün ictimai, siyasi və tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə xalqımız və dövlətimiz qarşısındakı dəyərli xidmətlərindən, Ümummilli Liderin dövlət idarəçiliyi sahəsində apardığı uğurlu islahatların, ölkəmizin inkişafı istiqamətində həyata keçirdiyi böyük işlərin, möhtəşəm layihələrin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən, ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandanın Zəfər salnaməsindən bəhs ediblər.