Bu məktubların hər ikisi Bakıda yazılıb. Biri elə Bakıda Mərkəzi Komitənin Birinci katibi Heydər Əliyevə yönəlib, ikincisini isə Heydər Əliyev özü imzalayıb və Moskvaya, Kremlə göndərib. Hər iki məktubda, amma fərqli görüm bucaqlarından eyni bir ad, bir şəxsiyyət anılmaqdadır - Nəriman Nərimanov.
Məktubların birincisi o dövrdə oxucularla hələ ilk sayları görüşən, hər buraxılışı ziyalılar, xüsusən də gənclər arasında intizarla gözlənən, maraqla qarşılanan, yenilikçi düşüncə və ifadə tərziylə qaynar fikir mübadilələrinə səbəb olan "Qobustan" incəsənət toplusu ilə bağlı idi və Nazirlər Soveti Dövlət Mətbuat Komitəsinin sədri İsrafil Nəzərov 1971-ci ilin sentyabrında belə yazırdı: "Jurnalın redaksiyası Azərbaycan KP MK-nın qərarı ilə 1968-ci ildə yaradılıb və Mərkəzi Komitənin göstərişi ilə toplu hər rübdə bir dəfə, ildə 4 dəfə çıxmalıdır. Ancaq faktiki olaraq ötən 3 ildə 12 əvəzinə cəmi 4 nömrə çıxmışdır. Birinci nömrə yalnız 1969-cu ilin iyulunda, ikinci 1970-ci ilin martında, yəni vaxtından 8 ay sonra, üçüncü nömrə 1970-ci ilin avqustunda, dördüncü isə 1971-ci ilin yanvarında, yəni hər biri 5 ay sonra buraxılmışdır. Göstərilən nömrələrin satışından 15 min rubl gəlir əldə edilmişdir. Jurnalın nəşrinə isə sərf edilən xərclər bu ilin 1 sentyabrına 58839 manat, o cümlədən, əməkdaşların məvacibi 32863 rubl, qonorar 8922 rubl, kağız 5829 rubl, mətbəə məsrəfləri 11225 rubl təşkil etmişdir. Gətirilən rəqəmlərdən göründüyü kimi, dövlətin xalis ziyanı 43839 rubl olmuşdur" (Qınamayın ki, çoxdan mənasını itirmiş bu quruca rəqəmləri niyə o məktubdan səliqə ilə bura köçürürəm. Bu, tarixdir. O vaxtdan bəri minlərlə deyil, milyardlarla o cür rubllar və manatlar yüz cür mənalı-mənasız işə sərf edilərək uçub gedib. Amma "Qobustan"ın həmin məktubda sadalanan və sonra çıxmış saylarının hər biri sadəcə jurnal kimi yox, bir qiymətli toplu, bütöv əsər, tarixi mənbə kimi qalıb, bu gün də dəyərini itirməyib və onların buraxılması üçün sərf edilmiş vəsaitdən min dəfələrlə artıq faydasını verib və əhəmiyyətliliyini bu gün də davam etdirməkdədir).
Əsas mətləb məktubun sonrakı sətirlərindədir: "Jurnalın əməkdaşları, ilk növbədə redaktor Anar Rzayev yoldaş tapşırılan işə məsuliyyətsiz yanaşır, jurnalın materialları vaxtında və keyfiyyətli hazırlanmır, yığımdam sonra yolverilməz müəllif düzəlişləri apararaq mətni təzədən yığmağı tələb edirlər, belə hallar da az olmamışdır ki, artıq yığımdan sonra bir mətn başqası ilə əvəzlənibdir. Yığılmış materiallar redaksiyada aylarla hərəkətsiz qalır. Bütün bunlar poliqrafiya müəssisələri üçün müəyyənləşdirilmiş qayda və meyarların kobud şəkildə pozulmasıdır.
Oxucular jurnalın ləngiməsindən hiddətlənirlər. "Kirpi" dəfələrlə "Qobustan" jurnalı redaksiyasının işini tənqid edən yazılarla çıxış etmişdir. Jurnalda kobud ideya-siyasi səhvlər buraxılır. Sizə jurnalın Nərimanlaşmaya çağırış faktı bəllidir (seçdirmə mənimdir - R.H.). "Kommunist" qəzetində Nəbi Xəzrinin jurnalın üslubunu, pantürkist təmayüllərini və maraqlarını tənqid edən məqaləsi dərc edilmişdir. Göstərilənləri nəzərə alaraq ya jurnalın kitab ticarəti nəşriyyatı üçün profili uyğun gəlməyən dövri nəşr kimi bağlanmasını, yaxud Elmlər Akademiyası və ya Mədəniyyət Nazirliyinə verilməsini xahiş edirəm, əgər bu, mümkün deyilsə, jurnalın rəhbərliyini dəyişməyi və toplunun nəşriyyatın tabeçiliyinə keçirilməsini zəruri sayıram ki, jurnalın fəaliyyətinə cavabdehliyi tamamilə nəşriyyat daşısın, onun mütəmadi buraxılışını təmin etsin və zərərlə işləməyi aradan götürsün".
Komitə sədrinin bu məktubu yazdığı və Anarı, "Qobustan"ı nərimanovçuluqda ittiham etdiyi, pantürkçülüyü ilə yanaşı, bunun da toplunun və onun redaktorunun ciddi siyasi günahları sırasında olduğunu Heydər Əliyevin diqqətinə çatdırmağa tələsdiyi vaxt xəbəri yox idi ki, nərimanovçunun böyüyü elə indi onun müraciət etdiyi Mərkəzi Komitənin Birinci katibinin özüdür.
Heydər Əliyev nə jurnalı bağlayır, nə redaktoru işdən çıxarır, əksinə, Mərkəzi Komitənin az sonra keçirilən plenumunda Anarı açıq mətnlə, həm də ən mühümü - gənc yazıçını pantürkizmdə, ideoloji sapıntılarda ittiham edənlərə cavab verirmiş kimi məhz ideoloji cəhətdən yetkin, cəmiyyətin vacib problemlərindən yazan istedadlı qələm sahibi kimi səciyyələndirir.
Və ən diqqətəlayiq məqam - Mərkəzi Komitəyə "Qobustan"la bağlı məktubu yola salanda komitə sədrinin hardan ağlına gələrdi ki, respublika rəhbərinin Nəriman Nərimanova münasibəti onun zənn etdiyinin tam əksinədir. Heydər Əliyev Moskvaya 1972-ci il aprelin 4-də göndərdiyi məktubda may ayında 100 yaşı tamam olacaq Nəriman Nərimanovun yubileyinin layiqli təntənə ilə keçirilməsi üçün təkliflərini verir, xahişlərini edir və həmin niyyətlərin gerçəkləşməsi üçün əlavə addımlarını atırdı. Əlavə addımlar da ondan ibarət idi ki, qaldırdığı məsələlərin asanlıqla həllolunmazlığını nəzərə alaraq, əvvələn, məktubu poçtla göndərməkdən əlavə əlbəəl Mərkəzi Komitə katibi Pyotr Demiçevə təqdim etmişdi (Bu haqda məktubun bizdə - Azərbaycanda arxivdə saxlanan surətinin altında ayrıca qeyd var).
Nəriman Nərimanovla bağlı Heydər Əliyevin Sov.İKP MK-ya sonra başqa müraciətləri də olacaq. Bu məktubda isə əsas məqsəd Nəriman Nərimanovun yubiley mərasimini Azərbaycan hüdudundan çıxararaq çevrəni genişləndirmək, sovet dövlətinin yaradıcısı Vladimir Leninin ən yaxın silahdaşı kimi onun miqyasca böyüklüyünü qabartmaq, təşəbbüs Azərbaycandan gəlsə də, bu qeydetmənin əslində Sovet İttifaqı səviyyəli və miqyaslı hadisə olmasına diqqət yönəltmək, eləcə də həmin ildönümünün məhz SSRİ paytaxtında daimi qalacaq tarixi izləriylə gerçəkləşməsini təmin etməkdən ibarət idi.
Bunlar hələlik yalnız bilavasitə Nəriman Nərimanovun yubileyinin Moskvada əks-sədalanması ilə bağlı nəzərdə tutulanlar idi.
Yubileylə bağlı Mərkəz vasitəsilə həll ediləsi digər mühüm istəklər də vardı.
Azərbaycan SSRİ-nin müttəfiq respublikalarından biri idi, Sovet İttifaqı da çox möhkəm və güclü idi, bu imperiyanın vur-tut 20 il sonra tar-mar olacağı heç yuxu kimi də ağla gələn deyildi və Heydər Əliyevin də sovet dönəmində Azərbaycan rəhbəri olacaq çalışmalarının başlıca hədəfi Azərbaycanı bu ümumi dövlət içərisində bacardıqca önə çıxarmaq, Mərkəzdən respublikaya daha artıq imtiyazlar verilməsinə nail olmaq, hər vasitə ilə, o cümlədən görkəmli şəxsiyyətlərin dalğası Azərbaycan və Sovet İttifaqı hüdudlarından da kənara yayılan yubileylərini keçirməklə Azərbaycanı bir qədər də böyük göstərməkdi. Təbii, bütün bunların təşkilatçısı, icraçısı Heydər Əliyev idisə, onun da siyasi qaməti bu gedişatda əsl ucalığıyla görünəcəkdi. Xalqına da, sovet rəhbərliyinə də. Bu baxımdan indi Nərimanov həm də Azərbaycanı daha böyük göstərə biləcək əlavə vasitə idi.
Heydər Əliyev Nərimanovla bağlı Moskvadan nələri istəyirdi?
Məsələnin həlli nisbətən yüngülündən, ancaq siyasi baxımdan vacibindən başlayırdı - Sov.İKP MK yanında Marksizm-Leninizm İnstitutunda Nəriman Nərimanovun həyat və yaradıcılığına həsr edilən elmi sessiya keçirilsin; mərkəzi qəzetlərdə, yəni Sovet İttifaqının 2 əsas mətbuat orqanı olan "Pravda" və "İzvestiya"da, "Drujba narodov" jurnalında məqalələr dərc edilsin; Mərkəzi televiziya və ümumittifaq radiosunda verilişlər hazırlansın.
O vaxtın ölçüləriylə bunların hamısı çox əhəmiyyətli idi və bunlar bütün SSRİ-yə bir daha göstərəcəkdi ki, Azərbaycanın Nərimanı hansı nəhənglikdədir və heç də hər respublika sovet dövlətinin qurulmağa başlandığı dövrdə bu qədər xidmətləri olan bir şəxsiyyətinin varlığıyla öyünə bilməz.
Və Heydər Əliyev keçirdi xahişlərinin növbətilərinə: SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutuna, yaxud M.V.Lomonosov adına Moskva Dövlət Universiteti yanında Şərq Dilləri və Ədəbiyyatı İnstitutuna Nəriman Nərimanovun adı verilsin. Bu da ayrıca vurğulanırdı ki, vaxtilə SSRİ Mərkəzi İcraiyyə Komitəsi yanında Şərqşünaslıq İnstitutu Nəriman Nərimanovun adını daşıyıb. İstəklərdən biri də Nəriman Nərimanovun Moskvada yaşamış olduğu binada onun xatirə lövhəsinin vurulması idi.
Nəriman Nərimanovun Azərbaycan xalqı qarşısında üzü ağdır. O, bu xalqı qəlbən sevmiş, yurduna, millətinə sədaqətlə, məhəbbətlə, şəraitin imkan verdiyi və hətta mümkün imkanlardan da artıq həcmdə xidmət etmiş şəxsiyyətdir. Nəriman Nərimanovun inadlı səyləri olmasaydı, Azərbaycan sovet dövlətinin tərkibinə ayrıca respublika kimi deyil, quberniya kimi daxil olacaqdı, Bakını Azərbaycandan ayırıb birbaşa Rusiya tabeçiliyinə keçirəcəkdilər. Bütün bixəbərlər gözlərini və qulaqlarını yaxşı-yaxşı açıb agah olsunlar ki, Azərbaycana istiqlal bağışlamış, Cümhuriyyət qurmuş Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşının, Həsən bəy Ağayevin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin... qarşısında nə qədər borcluyuqsa, Nəriman Nərimanova da bir o qədər minnətdar olmalıyıq. Məhz onun təpəri sayəsində sovet dövlətinin tərkibinə Rusiya Sovet Federativ Sosialist Respublikasının əyaləti kimi yox, respublika kimi girdiyimizdəndir ki, Sovet İttifaqı dağılanda da oradan müstəqil dövlət kimi ayrıla bildik. Meydanda tək idi, dördbir yanında erməni-bolşevik qarğa-quzğunu qaynaşırdı və həmin amansız çarpışmada Zəngəzurun dağlıq hissəsinin ermənilərə verilməsinin qarşısını ala bilmədisə də, Qarabağın dağlıq hissəsinin erməni dövlətinin tərkibinə daxil edilməsi canatmalarının qabağını kəsməyə müvəffəq oldu. Nəriman Nərimanovun say baxımından əks tərəfin xeyrinə qeyri-bərabər mübarizələrdəki məntiqi, mətinliyi, dəyanəti, dönməzliyi olmasaydı, onillər sonra "Miatsum" bağıran erməniləri sənəd-sübutla küncə dirəyərək inamla "Dağlıq Qarabağ bizimdir" təsdiqləməyimiz mümkünsüz olardı, çünki oralar rəsmən çoxdan onlarınkılaşmış olacaqdı.
Bəlkə də siyasi bəsirətlilik baxımından Nəriman Nərimanov oçağkı siyasi xadimlərimizin ən uzaqgörəni idi. Bəlkəsiz. Çünki qələmindən çıxmış yazılar da əlimizdədir, bir az açıq, bir qədər üstüörtülü etdiyi xəbərdarlıqlar da qalır ki, bolşeviklər gəlirlər, danılmaz böyük gücdürlər, millətin iqbalını düşünmək gərəkdir. Bolşevizmin hansı güc olduğunu görürdü, bilirdi və bunu da anlayırdı ki, onlar yenə Qafqaz respublikalarını ələ keçirməyin ərəfəsindədirlər. Bəs onda Azərbaycanın taleyi necə yazılacaq? Təsəvvür edin ki, həmin dövrdə kommunist Nəriman - Leninə ən yaxın məsləkdaşlardan olan bu millətpərvər və xalqın da arasında çox yüksək nüfuz sahibi şəxsiyyət həmin cərəyanda olmasaydı (məhz el içində ona bəslənən dərin ehtirama görə də Nərimanovun Mərkəzin nəzərində qiyməti daha da artırdı, burada belə bir adam onlara da o əsnada çox gərək idi), Allah bilir, Cümhuriyyətin süqutundan sonra aqibətimiz hansı dar dalanlara dirənərdi (Ya Allah o cür yox, məhz bu cür olmasını məsləhət bildiyindəndir ki, belə də alındı. Və nəyin necə alınması da adətən bəlli insanların çiyinlərində gedir. Çiyinləri millət yükü daşımışların isə qiymətini insafla vermək həmişə yalnız ədalət yox, həm də vicdan məsələsidir).
Tarixin bugünündə əyləşərək hər baxımdan dayaz kəmsavadların, mənəviyyatca tümüklərin dünənlə bağlı yekəxana iddiaları, Nərimanova qarşı cılız həmlələri tarixdən hali olanlarda istehzalı ikrah oyadır. Zamanında Nəriman Nərimanova iki daş arasında xalqına daha artıq hüquqlar qazanmaq üçün apardığı mübarizələrə görə o dövrdə cinayət ittihamı kimi səslənən "milliyyətçi kommunist" damğası vurmuşdular. İndinin bir para naşı və əldəqayırma millət qəhrəmanları, dədəsi-babası kommunist olmaqçün sinov getmişlər isə Nərimanovu "kommunist" deyə az qala düşmən cərgəsinə yazırlar.
Heydər Əliyevsə indiki dayaz və cırtqoz hay-küyçülərdən büsbütün fərqli olaraq kimin uğrunda mübarizə apardığını gözəlcə dərk edirdi, həm də heç o çağın bir çox tarixçi alimlərinin xəbərdar olmadığı dərinliklərə enirdi.
Heydər Əliyevin silahdaşlarından Həsən Həsənovun mənə danışdığı əhvalatlardandır. Deyir, bir gün Heydər Əliyev ondan xəbər alır: "Nəriman Nərimanovun məktublarını oxumusan?". "Yox" cavabını alır. "Mütləq götür oxu, Partiya tarixi arxivindədir (indiki Siyasi Sənədlər Arxivi - R.H.), necə böyük şəxsiyyətdir, həmin məktublarda bir daha şahid olacaqsan".
Bu mükalimə 1980-ci illərin əvvəllərində baş vermişdi. Heydər Əliyevsə həmin məktubları 10 il əvvəl, Nərimanovun yubileyi ərəfəsində, Moskvadakı görüşlərdə hər suala hazır cavabının olmasından ötrü oxumuşdu.
1971-ci il oktyabrın 30-u plenumundakı nitqində gəlib yetişmişdi Nərimanova: "Biz bu yaxınlarda Nəriman Nərimanovun anadan olmasının bu il keçirəcəyimiz 100 illiyinə hazırlıq münasibətilə qərar qəbul edəndə bizim partiya arxivindən onun həyat və fəaliyyəti ilə bağlı elmi-tarixi arayış istədik. Təsəvvür edin ki, belə bir arayış tapılmadı və biz MK Bürosunun xüsusi qərarı ilə müvafiq yoldaşlara Nəriman Nərimanova aid bütün materiallara baxaraq obyektiv arayış hazırlamaq tapşırığı verəsi olduq. İndi artıq belə bir arayış var. Amma Nərimanov haqda tarixi, fəlsəfi, ədəbi-bədii xarakterli əsərlər lap çoxdur. Bəzi müəlliflər Nəriman Nərimanovun həyatından hansısa epizodu götürür və dərinə getmədən onun haqqında yazır, hərdən ifrata da varırlar ki, bu da Nərimanova lazım deyildir. O, inqilabi, ictimai-siyasi fəaliyyəti ilə özü haqqında bəlli bir rəy yaradıb, onun adı tarixdə layiqli yerini tutub və onun nə etdiyinə əsasən də qiymət vermək lazımdır".
Həmin qiyməti dəqiqliyi ilə şəxsən özünün də öz gözləri ilə görüb müəyyənləşdirməsindən ötrü Heydər Əliyev o vaxt yalnız alimlər qrupunun təqdim etdiyi arayışla kifayətlənməmişdi, özü də ilkin sənədlərlə, Nərimanovun çıxış və məqalələri, məktubları ilə bilavasitə tanış olmuşdu ki, həmin yazılara baxmağı tarixə xüsusi meyli olan MK katibi Həsən Həsənova da eyni yolla getməyi məsləhət bilmişdi (Və Həsən Həsənov da elə həmin tövsiyənin izi ilə sonralar Nəriman Nərimanov mövzusuna aludə oldu, onun milli dövlətçilik baxışları və fəaliyyəti ilə əlaqədar müfəssəl araşdırma apardı, kitab yazdı, dissertasiya müdafiə etdi).
Heydər Əliyevin o dönəmdə bütün səylərinə baxmayaraq, Nərimanovla bağlı həyata keçirməyi düşündüyü məsələlərin heç də hamısının həllinə nail ola bilməməsi bir daha bunu da sübut edir ki, zavallı Nərimanın düşmənləri və bədxahları Kreml və ətrafında hətta 1970-ci illərin əvvəllərində də varmış.
Heydər Əliyevin bu yubiley münasibətilə həll etməyə çalışıb sonacan yetə bilmədiyi mətləblər bir yana, guya nail olduqlarına asanlıqlamı çatmışdı? İndi görürsən bir nadan oradan pırtlayıb çıxdı, bir qədirqanmaz buradan sosial şəbəkəyə dürtülüb car çəkdi ki, Nərimanovun heykəli sökülsün. O heykəlin ucalması yolunda isə Heydər Əliyev neçə əsəbi günlər, nigaran saatlar yaşamışdı.
Bakıda Nərimanova abidə ucaldılması haqqında qərar əslində hələ 1961-ci ilin 30 sentyabrında qəbul edilmişdi. Ancaq məsələ həllini tapmamışdı və həmin mövzuya Azərbaycan Nazirlər Soveti bir də 1966-cı ilin 23 martında qayıtmışdı, heykəlin Cənub-sovet meydanında ucaldılması qət edilmişdi. Ancaq yenə istək kağız üzərində qalmışdı.
1971-ci il sentyabrın 20-də Nazirlər Soveti sədrinin müavini Əliş Ləmbəranski Heydər Əliyevə məktubla müraciət edir: "Mədəniyyət Nazirliyinin sifarişi ilə heykəltəraş Cəlal Qaryağdı heykəlin yekun modelini hazırlayıb və komissiya da bəyənib. Hazırda 12.5 metrlik heykəl Moskvada bürüncdən tökülərək Bakıya gətirilib və indi heykəltəraşın emalatxanasındadır. Dövlət komissiyasının sentyabrın 7-dəki iclasında abidənin quraşdırılması haqqında qərar qəbul edilib".
Qərarın qəbul edilməsi az idi. Heykəlin nəzərdə tutulan yerdə ucaldılması üçün meydan da layihənin memarları T.Abdullayev və Y.Qədimovun hazırladıqları cizgi üzrə sahmana salınmalı, heykəlin postamenti də yeni ölçülərdə hazırlanmalı və bütün işlər noyabra qədər tamamlanmalı idi. Noyabrsa astanada idi. Heydər Əliyevə müraciət etməkdə məqsəd və ümid də o idi ki, məhz onun səfərbəredici qətiyyəti ilə bu iş arzuolunan vaxtadək başa çatdırılsın.
Bəs postamentin dəyişdirilməsi nə məsələ idi?
Erməniçiliyin dəftərində doktor Nərimanın adı çoxdan "qara siyahı"da idi və onların Nərimanova qəddar düşmən kimi baxmaları üçün öz əsasları da az deyildi. Nəriman Nərimanovdan başqa da Azərbaycanda nisbətən irəli çıxmış türk kommunistlər vardı və onların heç biri Bakıda siyasi gedişatda meydan sulayan ermənilərin boğazına tıx olub keçmirdi. Nəriman Nərimanovsa açıq çıxışlarında da, yazılarında da hələ 1918-ci ildə erməni kommunistlərini ikiüzlü, riyakar deyib damğalayırdı. Stalinə Mikoyanla bağlı söylədiyi sözlər də məşhurdur ki, Anastası "araqarışdıran, bundan ona, ondan buna xəbər daşıyan, vəzifəsindən onu tənqid edənlərə qarşı silah kimi istifadə edən" adlandırımışdı və Nəriman Nərimanov sovet hakimiyyətinin ilk illərində, iş başına gəlib səlahiyyətlər əldə edincə müxtəlif vəzifələr tutan 30 ermənini, Anastas Mikoyan başda olmaqla, Azərbaycandan kənarlaşdırmışdı. Belə-belə hərəkətləri və illah da ermənilərin Azərbaycandan ərazilər qoparılaraq Ermənistana verilməsi yolundakı canfəşanlıqlarının önündə sipərə çevrilməsi onu erməniçiliyin əbədi və bağışlanmaz yağıları cərgəsinə qatmışdı və Nəriman Nərimanovun vəfatından yarım əsrə qədər vaxt keçirkən onun ölüsündən də əl çəkmirdilər, xislətlərinə xas terrorlarını bu təhər davam etdirirdilər.
Bakıda Nəriman Nərimanovun heykəlinin ucaldılması ərəfəsində də Kremldə necə tozanaq qoparmışdılarsa, Moskvadan Bakıya tapşırıq gəlmişdi ki, heykəli kiçildin. Əzəmətli tunc heykəli nə sıxıb balacalaşdlrmaq mümkün idi, nə də ayağından bir az kəsərək gödəltmək. Göstərişsə "Kiçildin!" idi.
Fitnəkar erməniçilik Moskvada məsələni belə təqdim edə bilmişdi ki, Bakıda, Dağüstü parkda Azərbaycanda sovet hakimiyyətinin rəmzi kimi Kirovun şəhərin hər nöqtəsindən görünən abidəsi yüksəlir və indi millətçi Nərimanovun heykəlini elə qoymaq istəyirlər ki, ondan da hündür olsun.
Ortada heykəli ya qoymamaq, ya da balacalaşdırmaq məsələsi dayanırdı. Heykəlsə artıq bürüncdən tökülmüşdü, hazır idi, bircə quraşdırılması qalırdı. Hazır heykəli kiçiltmək mümkünsüz idi. Ölçünün balacalaşdırılması üçün heykəl təzədən tökülməli idi. Nərimanovun heykəli 12 metr yarım hündürlüyündə idi və iki o qədərə yaxın da postamenti olmalı idi. Kirovun məşhur heykəltəraş Pinxos Sabsayın Lev İlinlə birgə hazırladığı və 1939-cu ildə ucaldılmış, bir sənət əsəri kimi bəyənimli abidəsinin ümumi hündürlüyü 26 metr idi. Nərimanovun heykəlisə yerləşmə baxımından Bakının daha alçaq hissəsində idisə də, ümumi hündürlüyünə görə, doğrudan da, Kirovun abidəsindən daha iri olacaqdı.
Heydər Əliyevin bu qarşıdurmada gücü ona çatır ki, qızıl da olmasa, hər halda məqbul ortanı tapır - heykələ toxunmadan, postamentin hündürlüyünü azaltmaqla məsələni yola verir. Bu, məcburən seçilmiş bir çıxış yolu idi. Söz yox, ixtisasca memar olan, belə məsələlərdə çox vasvası Heydər Əliyevi həmin miqyas uyğunsuzluğu daxilən incitməmiş deyildi və nəinki sənət səriştəsi olanlarda, lap elə sadə insanlarda da bu gün belə hər dəfə Nərimanovun abidəsinin yanından keçərkən heykəllə altlığının nisbət təngəlməzliyi təəssüf oyadır.
Bunu da Nəriman Nərimanovun heç vaxt - nə həyatda olanda, nə ölümündən sonra başından əskik olmayan qovğaların daha bir təzahürü sayın.
Ancaq Nəriman Nərimanovun 100 illiyi ərəfəsində yaradılmış və şübhəsiz ki, bir ekran əsəri olaraq yüksək qiymətə layiq, zaman ötdükcə də dəyəri artan film də maneəsiz ortaya çıxmamışdı. Kremlə elə ləçər məktub selləri yönəldilmiş, filmlə bağlı elə şikayətlər edilmişdi ki, o minvalla film zay və zərərli sayılaraq ləğv olunmalı idi. Əslində əks qüvvələrin məqsədi də bundan ibarət idi. Heydər Əliyevin bir başqa mübarizəsi də o vaxt bu filmi sadəcə xilas etmək deyil, qurd ağzından qoparmaq olur.
Tarixi şəxsiyyətlər, abidələr və hadisələr haqqında uğurlu çəkilmiş bədii filmin ömrü uzun, təsir gücü və əhatəsi də istənilən elmi və bədii əsərdən dəfələrlə dərin və geniş olur. Elə həmin tale Nəriman Nərimanov haqqında rejissor, SSRİ xalq artisti Əjdər İbrahimovun İsa Hüseynovla birgə yazdıqları ssenari əsasında 1971-ci ildə çəkdiyi, "Azərbaycanfilm" və "Mosfilm"in birgə istehsalı olan "Ulduzlar sönmür" kino-şəklinə də nəsib olub. Ancaq bu filmin ayaq tutub yeriməsi, rəsmən yaşamaq haqqı qazana bilməsi heç də asanlıqla başa gəlməyib, əsər yetərincə sərt, hətta bir sıra hallarda aşılmaz barılarla da üzləşib. Bu filmi də üstündən xətt çəkilməkdən qoruyan, insanımız və tariximiz üçün hifz edən yenə Heydər Əliyev olub.
Əslində filmin adı "Doktor Nəriman" idi. Nəriman Nərimanovun adı çox gözə girməsin deyə ən əvvəl filmin sərlövhəsinin dəyişilməsini təkid etmişdilər.
Ancaq addan başlanan, ciddi siyasi rəng də verilərək bir çox məqamlarda boyaların lap qatılaşdırıldığı iradlar o qədər idi ki, filmin ayrı-ayrı hissələrini qayçılamaqla düzələnə oxşamırdı. İradların hamısı nəzərə alınsaydı, film ya təzədən çəkilməliydi, - o isə artıq tamam başqa bir film olacaqdı, - ya da ümumiyyətlə ondan imtina edilməli idi.
1971-ci il yanvarın 5-də Azərbaycandan Mərkəzi Komitə katibi Cəfər Cəfərov SSRİ Nazirlər Soveti yanında Dövlət Kinematoqrafiya Komitəsinin sədri A.Ramanova məktub yazır, 1970-ci il dekabrın 25-də Nəriman Nərimanov haqda bədii filmə baxışdan sonra Azərbaycan KP MK-da geniş müzakirə aparıldığı, hansı nöqsanların göstərildiyi haqda məlumat verir, yaxın günlərdə iclasın tam stenoqramını da yollayacağını vəd edirdi. Mərkəzi Komitə katibinin SSRİ Kinematoqrafiya Komitəsi sədrinə məktub göndərməsi Sov.İKP MK-nın göstərişi ilə bağlı idi. Məhz Kremlə çatmış mərdümazar yazılar və hərəkətlər hadisələrin ardının belə irəliləməsinə, sərt göstərişlərin verilməsinə bais olmuşdu. İndiki yazışmalarsa, artıq Heydər Əliyevin gördüyü tədbirlər, Kremllə danışıqlar apararaq məsələni yumşaltmağa nail olmasından sonrakı addımlar idi. Yəni nöqsanları özümüz də tutmuşuq və islah edirik. Artıq montaj edilərək tam hazır olan filmdə, bilənlər bilir ki, hansısa düzəlişlər yalnız müəyyən epizodları və kadrları kəsib-doğramaqla mümkündür. Məsələn, Kremlə ünvanlanan iradlardan biri bu idi ki, filmdə Nərimanovu ideallaşdırma, Lenindən də möhtəşəm göstərmə cəhdi var. Ona əsaslanırdılar ki, Nərimanovun dəfn mərasimini göstərən hissədə matəm lentlərindən birinin üstündə "İnqilabçı Şərqin inqilabçı rəhbəri, kommunizm uğrunda mübariz Nəriman Nərimanova" yazılmışdı. "Rəhbər" deyə çevirdiyimiz kəlmə lentin üstündə rusca verilən mətndə "vojd" kimi göstərilmişdi. Bu isə tutumu ilə "rəhbər"dən daha qüvvətli kəlmədir və adətən Leninə aid edilirdi. Opponentlər sualı kinayəli qoyurdu: "Bu nədir, Nərimanovu ikinci Lenin, yaxud elə Şərqin öz Lenini sayırsınız?" Başqa matəm lentində başqa qıcıqlandıran ifadə vardı, hərçənd bu da əvvəlki sözlər kimi tarixi həqiqətin ifadəsi idi. Doğrudan da, Lenin Nərimanov haqqında elə beləcə də demişdi: "Bakıda oturmusan, bütün Şərqi əlində saxlamısan".
Bakı Moskvaya - Kinematoqrafiya Komitəsinə, onlar da öz növbəsində Mərkəzi Komitənin müvafiq strukturlarına bu və buna bənzər digər epizodlarla bağlı yazırdılar ki, kəsilib atıldı. Yəni nöqsanlar düzəldildi: Milyonçu Tağıyevlə bağlı hissələri qısaltdıq, "müstəqil, azad Azərbaycan" ifadəsini çıxartdıq və digər belə-belə ixtisarlar.
Məktubun mahiyyəti ondan ibarət idi ki, özümüz - Azərbaycan KP MK filmi nəzarətinə götürüb, ideoloji baxımdan diqqətlə təftiş edərək bütün xətaları aradan qaldırır.
...1971-ci ilin oktyabrı, Mərkəzi Komitənin plenumu, Heydər Əliyev çıxış edir, Nəriman Nərimanov haqdakı filmdən də danışır, tənqid edir və həmin tənqid burada oturub dinləyənlər üçün deyil, orada, Moskvada filmlə bağlı məsələləri diqqətdə saxlayanlar üçündür. Çünki burada söylənənlərin əks-sədası ora tez çatır: Bakıı özü hesabat kimi yazaraq göndərir, amma əslində həmin hesabat rəsmən göndərilməmişdən əvvəl də ora öz ayrı yollarıı ilə də çatır. Heydər Əliyev də bu mexanizmlərə cikinə-bikinəcən bələddir və həmin "bax, siz deyən kimi, sizə gərək olan kimi işləyirəm" mesajını Kremlə vaxtaşırı ötürür. Mesajı verməyinə verir, sözdə bu və ya digər məsələlərlə bağlı ən kəsici tənqidini də edir və heç kimin burnu da qanamır, heç bir itkiyə də məruz qalınmır. Film də elə həmin cür: "Yoldaşlar qarşılarına nəcib bir məqsəd qoyublar, həqiqətən, bu mövzu yaxşı film çəkmək üçün çox layiqlidir. Filmi Moskva kinostudiyası çəkib, yaxşı qüvvələr cəlb edilib, yaxşı artistlər çəkilib. İfa baxımından, bədii nöqteyi-nəzərdən, operator işi sarıdan hər şey əladır, gözəldir, maraqlıdır. Çoxunuz dünən baxdınız və yəqin, bu fikirlərlə də razılaşarsınız. Ancaq Nəriman Nərimanov tarixi şəxsiyyət kimi filmdə heç alınmayıb. Hərçənd Nərimanov rolunun ifaçısı Samoylov çox yaxşı seçilib. Nərimanovun ictimai-siyasi və inqilabi fəaliyyəti filmdə görünmür. Biz iki dəfə yığışaraq bu filmi müzakirə etmişik, ciddi qeydlərimizi bildirmişik, bundan sonra bəzi düzəlişlər olub. Ancaq filmin müəllifləri nəzərdə tutduqlarının hamısına nail olmayıblar".
Bütün bunları buradakılara baxa-baxa söyləyərək sözünü oyandakılara - Moskvadakılara çatdırır. Və tənqidlərinə yekun vuran, "Əlac yoxdur, budəfəlik buraxaq, çıxış yolu indiki halda vəziyyətlə barışmaqdan ibarətdir" qənaəti də elə əslində Moskvaya ünvanlanıb: "Artıq gecdir. Gərək bütün iradların düzəlməsi üçün filmi brak hesab edəsən və təzədən çəkəsən. Ancaq bunu da etmək məqsədəuyğun olmaz. Nəticənin belə alınmasının səbəbi də odur ki, filmin məsləhətçiləri onlara vaxtında kömək etməmişlər, tarixçilərimiz məsələyə səthi yanaşmışlar. Amma diqqətlə izləmək lazım idi ki, film necə yaranır. Axı biz Nərimanov haqda ikinci dəfə film çəkməyəcəyik. Məhz belə diqqətsiz yanaşma səbəb olub ki, film alınmayıb".
Filmin bədii məziyyətlərini dönə-dönə qeyd edir və nə ssenariçiləri, nə rejissoru, nə aktyorları qınayır, tənqidin hədəfini yayğın səmtə yönəldir, "onlara yaxşı məsləhət versəydilər, daha yaxşı ola bilərdi" deyir. Moskvadan gələn narazılıqlardan biri də milyonçu Tağıyevin surətinin filmdə qabarıq, sanballı verilməsi idi. Heydər Əliyevin bu məsələyə də münasibəti özünəməxsusdur, yenə əslində filmin müəlliflərini təmizə çıxarır. Yəni söhbət Tağıyevin filmdə dediyi sözlərdə, hərəkətlərdə deyil. Obrazın belə qüvvətli kimi görünməsinin səbəbi odur ki, aktyor güclüdür: "Tağıyev surətinin ifasını çox yaxşı aktyora həvalə ediblər, güclü surət alınıb. Bəlkə heç Tağıyev özü həyatda belə olmayıb. Şübhəsiz, bizi narahat edir ki, milyonçu Tağıyevin surəti yanaşı qoyulanda Nərimanovun obrazı səviyyəsində olacaq və tamaşaçılarda bu, hüsn-rəğbət oyada bilər. Bu bizə lazımdırmı? Əlbəttə yox!"
Və hələ tam sadalamadığımız iradları bildirəndən sonra son sözünü deyir: "Bütün bunlardan istiqamətlənərək ideoloji cəbhədə çalışanlar belə məsələlərə çox ciddi, marksizm-leninizm mövqeyindən, partiya, Sov.İKP MK XXIV qurultayının qərarları mövqeyindən yanaşmalıdır".
Yəni budəfəlik keçib, gələn dəfələrdə belə məsələləri nəzərə alın. Gələn dəfə bir də haçan olacaq ki?! Əsas odur filmin yolu bağlanmadı, böyük ekrana gedən qapısı açıldı, mahiyyəti təhrif etməyən cüzi kəsmələrlə "hə" verilməsinə Moskva razı salındı.
Vaxtınız olanda bir də seyr edin həmin filmi. Sovet dövrünün ifadə məhdudiyyətlərini nəzərə alaraq baxın. Bir çox hallarda heyrətlənməyə bilmirsən, nə təhər olub ki, o vaxt sovetin siyasi senzurası bunların bu şəkildə getməsinə rüsxət verib?! Belə alınıb, çünki Nərimanovun da, bu filmin də arxasında dağ kimi dayanan Heydər Əliyev vardı.
Rafael HÜSEYNOV, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik