Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycan dövlətçiliyinin tarixində əhəmiyyəti olan 15 iyun
14.06.2023 16:29
  • A-
  • A
  • A+

Azərbaycan dövlətçiliyinin tarixində əhəmiyyəti olan 15 iyun

Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi, Azərbaycan rəhbərliyinə gəlməsi respublikamızın tarixi müqəddəratını həll etdi. Vətəndaş müharibəsinin qarşısı alındı, torpaqlarımızın işğalı dayandırıldı, respublikanın parçalanma təhlükəsi aradan qaldırıldı, Azərbaycan xalqında ölkənin gələcəyinə inam yarandı.

Azərbaycan Respublikası Ali Sovetinin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyevin məhz hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.

15 iyundan sonrakı dövrlərdə respublikanın müxtəlif yerlərindən Prezident Aparatına, Milli Məclisə və digər dövlət orqanlarına göndərilən məktublarda, müraciətlərdə Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması gününü - 1993-cü il iyunun 15-ni Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilməsi xahiş olunurdu. Azərbaycan Respublikasının Milli Məclisi bütün təklif və müraciətləri nəzərə alaraq, 1997-ci il 27 iyun tarixli iclasında deputatların təklifi ilə Azərbaycan dövlətçiliyinin müqəddəratı tarixində taleyüklü əhəmiyyəti olan 15 iyun gününü Milli Qurtuluş Günü elan etdi.

Artıq bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir və bu dünyada Azərbaycanın nüfuzunu daha da artırır. Azərbaycan Respublikası ötən dövr çərçivəsində böyük iqtisadi uğurlara imza ataraq regionda ve beynəlxlaq aləmdə söz sahibinə çevrilmiş bir ölkədir.

Müasir Azərbaycanın bütün qazanılan nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla və yüksək inkişaf xətti ilə davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə, ölkəsinə çevrilib.

Fərid MUSTAFAYEV, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun YAP ərazi partiya təşkilatının sədr müavini

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: