Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Karbohidrogen ehtiyatlarının ümumdünya yanacaq enerji balansında rolu
19.06.2023 14:10
  • A-
  • A
  • A+

Karbohidrogen ehtiyatlarının ümumdünya yanacaq enerji balansında rolu

İstehsalat və xidmət sahələrinin davamlı və dayanıqlı inkişafında ənənəvi enerji mənbələri kimi karbohidrogen ehtiyatları müstəsna əhəmiyyətə malikdir. Belə ki, hələ XVIII əsrin sonu – XIX əsrin əvvəllərində elmi-texniki tərəqqi nəticəsində baş verən “Sənaye inqilabı” prosesi məhz istehsalatda təbii, sadə tətbiqli və uzun dövrə əsaslanan külək və su enerjisindən istifadənin buxar gücü enerjisi ilə əvəz olunması və onun geniş tətbiqi ilə mümkün oldu. Bu proses özlüyündə enerji mənbələrindən səmərəli istifadənin mexaniki yol ilə daha da təkmilləşdirilməsi və istehsalat prosesinə inteqrasiyasını nəzərdə tuturdu. Bu səbəbdən ilk zamanlar daş kömür və odun biokütləsindən geniş istifadə olunması dünya üzrə bu kimi enerji mənbələrinə tələbatın daha da artmasına gətirib çıxardı. Beləliklə, geniş və əhatəli şəkildə sənayeləşmə prosesi başladı ki, bununla da yaranmış sosial-iqtisadi yeniliklər insanların gündəlik həyat tərzinə, onun daha da yaxşılaşmasına yol açdı. Eyni zamanda, bu proses dünyada texnoloji yeniliklərin də əsasını qoydu. Belə ki, əl əməyinin bu cür mexanikləşdirilməsi cəmiyyəti məhz aqrar mərhələdən sənaye mərhələsinə daşıyaraq köklü dəyişikliklərə səbəb oldu.

Enerji mənbələri iki hissəyə ayrılır. Bərpa olunmayan, ənənəvi enerji mənbələri və bərpa olunan, qeyri-ənənəvi enerji mənbələri.

Bərpa olunmayan, ənənəvi enerji mənbələrinə karbohidrogen ehtiyatları olaraq daş kömür, neft, təbii qaz, yanar daşlar (slanslar) və s., həmçinin nüvə və termonüvə enerjisi daxildir. Alternativ və bərpa olunan enerji mənbələrinə isə günəş enerjisi, külək enerjisi, hidro enerji, bioenerji, termal sular və s. daxildir.

Daş kömür ehtiyatları

Ənənəvi enerji mənbələrinin bir növü olan daş kömür ekoloji cəhətdən əlverişli olmasa da dünyada hələ də mühüm enerji mənbəyi olaraq qalmaqdadır. Yalnız hasilatın yüksək xərc tələb etməsi digər enerji mənbələrindən geniş istifadəni zəruri edir. Tarixi statistik məlumatlara əsasən, hələ 1910-cu ildə dünya üzrə ümumi yanacaq-enerji balansında daş kömürdən istifadə 65%, biokütlədən istifadə 32% idisə, neftin ümumi balansda payı cəmi 3% təşkil edirdi. Təbii qazdan istifadə isə demək olar ki, yox səviyyəsində idi. Lakin 1930-cu ildən sonra bu vəziyyət bir qədər dəyişdi. Belə ki, ümumi balansda daş kömürün payı 55%-ə, biokütlənin payı isə 27%-ə endiyi halda neftin payı 15%-ə, təbii qazın payı isə 3%-ə qədər yüksəldi. Ancaq 1970-ci ildən başlayaraq neft tədricən daş kömür və biokütləni əvəzləyərək insanların istifadə etdiyi əsas enerji mənbəyinə çevrildi. Belə ki, həmin dövr üçün neftin energetik balansa olan qatqısı öz tarixi maksimumuna təxminən 47%-ə qədər yüksəldi və beləliklə daş kömürün nisbi payı 25%-ə, biokütlənin nisbi payı isə 12%-ə qədər azaldı. Balansın yerdə qalan (təxminən 16%) hissəsi isə tədricən geniş istifadə olunmağa başlayan təbii qazın və yeni enerji mənbəyi kimi nüvə enerjisinin hesabına təmin edilməyə başladı.

Yalnız bir faktı da nəzərə almaq lazımdır ki, təkcə XX əsrin əvvəllərindən 1980-ci illərə qədərki dövr ərzində hasil edilən təbii yanacağın miqdarı, bəşəriyyətin bütün tarixi dövr ərzində istehsal etdiyi təbii yanacağın həcmindən yüksək olmuşdur. Xüsusilə 1960-1980-ci illər ərzində hasil edilən təbii yanacaq, əsrin əvvəlindən hasil edilən kömürün 40%-ni, neftin 75%-ni, təbii qazın isə 80%-ni təşkil etmişdir.

Daş kömür yer kürəsinin əsasən şimal hissəsində geniş yataqlara malikdir. Belə ki, dünya üzrə daş kömür ehtiyatlarının ümumi həcmi 1 074 108 mln.t təşkil edir ki, bunun da 42,8%-i (459 750 mln.t) Avstraliya və Şərqi Asiyanın, 23,9%-i (256 734 mln.t) Şimali Amerikanın, 17,7%-i (190 655 mln.t) Qərbi və Mərkəzi Asiyanın (Müstəqil Dövlətlər Birliyi (MDB)), 12,8%-i (137 240 mln.t) Avropanın, 1,5%-i (16 040 mln.t) Orta Şərq və Afrikanın, 1,3%-i isə (13 689 mln.t) Cənubi və Mərkəzi Amerikanın payına düşür.

Ümumilikdə isə dünyanın 80-ə yaxın ölkəsində daş kömür yataqları mövcuddur. Bu ölkələr arasında Amerika Birləşmiş Ştatları (ABŞ) əsas daş kömür ehtiyatlarına malikdir. Belə ki, ABŞ üzrə daş kömür ehtiyatları 248 941 mln.ton olmaqla, ümumdünya üzrə təsdiq edilmiş daş kömür ehtiyatlarının (1 074 108 mln.t) təqribən 1/4 hissəsini təşkil edir. Sonrakı ilk beşliyi isə Rusiya Federasiyası (162 166 mln.t), Avstraliya (150 227 mln.t), Çin Xalq Respublikası (143 197 mln.t) və Hindistan (111 052 mln.t) bölüşür.

Statistik göstəricilərə əsasən, 2021-ci ildə ümumdünya üzrə daş kömür istehsalı 8 172,6 mln.t təşkil etmişdir. Mövcud daş kömür istehsalında Çin Xalq Respublikası liderlik edir. Belə ki, Çinin istehsal göstəricisi (4 126 ml.t) bu sahə üzrə digər ölkələrin istehsal göstəricilərinin təqribən cəminə bərabərdir. Sonrakı ilk beşliyi isə Hindistan (811,3 mln.t), İndoneziya (614 mln.t), ABŞ (524,4 mln.t) və Avstraliya (478,6 mln.t) bölüşür. Ümumilikdə isə 2020-ci il ilə müqayisədə 2021-ci ildə dünya üzrə daş kömür hasilatı 6% artmışdır. Ən böyük artım Bolqariya (26,8%) və Zimbabvedə (20%), ən böyük azalma isə Venesuela (-44,5%) və Böyük Britaniyada (36,8%) baş vermişdir.

2021-ci ildə ümumi daş kömür istehlakı isə 3 823,9 mln.t olmuşdur. Mövcud daş kömür istehlakında da Çin Xalq Respublikası 2 058,1 mln.t göstərici ilə liderlik edir. Belə ki, Çinin istehlak etdiyi daş kömür ümumi dünya üzrə istehlak edilən kömürün təqribən yarısına bərabərdir. Sonrakı ilk beşliyi isə Hindistan (479,8 mln.t), ABŞ (252,5 mln.t), Yaponiya (114,6 mln.t) və Cənubi Afrika (84,3 mln.t) bölüşür. 2020-ci il ilə müqayisədə daş kömür istehlakında 6,3% həcmində artım müşahidə edilmişdir. Ən böyük artım Cənubi Kipr (196,9%) və Küveytin (110,4%), ən böyük azalma isə Portuqaliya (-54,6%) və Venesuelanın (-44,5%) payına düşür.

Neft ehtiyatları

Karbohidrogen ehtiyatlar içində maye qazdan sonra ikinci ən yüksək istiliktörədən neft vә ondan alınan müxtәlif mәһsullardır. Belə ki, neftin istiliktörәtmә qabiliyyәti, yәni 1 kq neftin tamamilә yandıqda yaratdığı istiliyin miqdarı 10 500 – 11 000 kkal.-dir Halbuki yüksək kalorili әla növ daş kömür һesab olunan Antrasitin (yun. Anthrakítēs) istiliktörәtmә qabiliyyәti 7 500 – 8 000 kkal.-dir. Digər tərəfdən əgәr qış fәslindә bir mәnzilin qızdırılması üçün 5 ton odun, 4 ton torf, 3 ton daş kömür lazımdırsa, bu mәqsәd üçün sәrf olunacaq neftin miqdarı 1,2 tona bәrabәr olacaqdır. Neftin üstün cәһәtlәrindәn biri dә daş kömür vә torf kimi bәrk һalda olan yanacaqlarla müqayisәdә onun asan vә әlverişli şəkildə nәql edilmәsidir. Belə ki, maye һalında olan nefti bir yerdәn digər yerә nəql etmək üçün dәmir yol sisternlәri vә neft daşıyan gәmilәrdәn әlavә, neft kәmәrlәrindәn dә istifadә olunur.

Neft gəlirlərinə əsaslanan iqtisadiyyatın təməlində isə xam neftin dünya bazarında formalaşan qiyməti dayanır. Qiymət məsələsi isə əsasən satış bazarı mühitindəki mövcud vəziyyətdən və istehsal xərclərindən asılıdır. Bununla yanaşı qiymətin formalaşmasında digər amillər də vardır və bu amillərin əksəriyyəti obyektiv, təbii xarakter daşıyır. Lakin dünya bazarında neftin qiymətində təbii səbəblərlə yanaşı qeyri-təbii səbəblərdən də enmə və ya yüksəlmə halları kimi dalğalanmalar da müşahidə edilir. Ümumilikdə isə hər bir halda bu səbəblər neft ixrac edən və dövlət büdcəsinin formalaşmasında neft gəlirlərindən asılı olan ölkələrə təsirsiz ötüşmür. Bu səbəbdən gələcəkdə yarana biləcək hər hansısa risklərdən sığortalanmaq məqsədilə neft ixrac edən ölkələr tərəfindən 1960-cı ildə OPEK (The Organization of the Petroleum Exporting Countries) təşkilatı, yəni Neft İxrac Edən Ölkələr Birliyi yaradıldı. Təşkilat hazırda dünya bazarında neft qiymətlərinin idarə edilməsində və ümumdünya neft iqtisadiyyatının tənzimlənməsində ciddi qüvvə kimi fəaliyyət göstərməkdədir.

Ümumilikdə isə OPEK-in yaradılmasında əsas məqsədlər aşağıdakılardır:

  üzv dövlətlərin neft siyasətini əlaqələndirmək və əsasən eyniləşdirmək;

 daha səmərəli fərdi və kollektiv müdafiə vasitələri ilə üzv dövlətlərin maraqlarını qorumaq;

• dünya bazarında neftin qiymətinin sabitliyinin təmin edilməsi yollarını və vasitələrini araşdırmaq;

 neft istehsal edən ölkələrin gəlirlərinin sabit artmasını təmin etmək;

 istehlakçı ölkələri səmərəli və fasiləsiz olaraq neftlə təmin etmək;

 ətraf mühiti qorumaq.

Hazırda təşkilatın 12 üzvü var ki, dünya üzrə neft ehtiyatlarının 70,1%-i, neft istehsalının isə 35,4%-i məhz bu təşkilatın payına düşür.

Ənənəvi enerji mənbələrinin bir növü kimi neft, əsasən yer kürəsinin Orta Şərq hissəsində böyük yataqlara malikdir. Belə ki, hazırda dünya üzrə neft ehtiyatlarının ümumi həcmi 1 732,4 mlrd/barel təşkil edir ki, bunun da 48,3%-i (835,9 mlrd/barel) Orta Şərqin, 18,7%-i (323,4 mlrd/barel) Cənubi və Mərkəzi Amerikanın, 14%-i (242,9 mlrd/barel) Şimali Amerikanın, 8,4%-i (146,2 mlrd/barel) Qərbi və Mərkəzi Asiyanın (Müstəqil Dövlətlər Birliyi (MDB)), 7,2%-i (125,1 mlrd/barel) Afrikanın, 2,6%-i (45,2 mlrd/barel) Avstraliya və Şərqi Asiyanın, 0,8%-i (13,6 mlrd/barel) isə Avropanın payına düşür.

Onu da qeyd etmək lazımdır ki, hələ əlli il bundan öncə planetdə neft hasilatı illik 500 mln.t həddində olanda dünya ehtiyatları 20 mln.t həcmində qiymətləndirilirdi və yaxın 20-25 il ərzində ehtiyatların tükənəcəyi ehtimal edilirdi. Lakin sonralar yeni perspektivli nəhəng yataqların kəşfi bu cür proqnozları doğrultmadı. Doğrudur quru sahələrdəki ehtiyatların demək olar ki, əksər hissəsi mənimsənilmişdir. Bununla yanaşı, müstəqil hesablamalara görə, müəyyən ərazi və şelfdə potensial neft ehtiyatlarının 40-50%-i, təbii qazın 80%-i hələ də kəşf edilməmiş qalır.

Dünya ölkələri üzrə təsdiq edilmiş neft ehtiyatlarına görə Cənubi Amerika ölkəsi olan Venesuella 303,8 mlrd/barel göstərici ilə ilk pillədə qərarlaşır. Belə ki, dünya ölkələri üzrə ümumi təsdiq edilmiş neft ehtiyatlarının təqribən 5/1 hissəsi məhz bu ökənin payına düşür. Sonrakı yerləri isə Səudiyyə Ərəbistanı (297,5 mlrd/barel), Kanada (168,1 mlrd/barel), İran (157,8 mlrd/barel) və İraq (145 mlrd/barel) tutur.

Statistik göstəricilərə əsasən, 2021-ci ildə ümumdünya üzrə illik neft hasilatı 4 221,4 mln/t olmuşdur. Bu sahədə ABŞ 711,1 mln/t göstərici ilə liderlik edir. Rusiya Federasiyası isə 536,4 mln/t göstərici ilə ikinci yerdə qərarlaşır. Sonrakı ilk yerləri isə Səudiyyə ərəbistanı (515 mln/t), Kanada (267,1 mln/t) və İraq (200,8 mln/t) tutur. Ümumilikdə isə 2020-ci il ilə müqayisədə 2021-ci ildə neft hasilatı 1,5% artmışdır. Fərdi yanaşdıqda isə ən böyük artım Liviya (198,9%) və Suriyada (134,8%), ən böyük azalma isə Yəmən (-26,5%) və Böyük Britaniyada (-16,3%) müşahidə edilmişdir.

Dünya üzrə 2021-ci ildə illik neft istehlakı isə 4 245,7 mln/t təşkil etmişdir. İllik neft istehlakında da ABŞ 803,6 mln/t göstərici ilə liderdir. Belə ki, dünyada illik neft istehlakının 1/5 hissəsi məhz ABŞ-ın payına düşür. Sonrakı ilk ilk beşlikdə isə Çin Xalq Respublikası (718,5 mln/t), Hindistan (220,5 mln/t), Rusiya Federasiyası (153,4 mln/t) və Səudiyyə Ərəbistanı (152,4 mln/t) tutur. Ümumilikdə isə 2020-ci il ilə müqayisədə 2021-ci ildə illik neft istehlakında 5,9% həcmində artım müşahidə edilmişdir. Ən böyük artım Ekvador (27,8%) və Kolumbiyanın (26,1%), ən böyük azalma isə Honkonq (Çin) və Vyetnamın (-5,7) payına düşür.

Təbii qaz ehtiyatları

Təbii qaz yanacaq növü kimi ekoloji üstünlüyü ilə yanaşı, həm də əksər texniki-iqtisadi göstəriciləri, energetik gücü ilə də digər karbohidrogen ehtiyatlarına nisbətdə fərqlənir. Belə ki, yanarkən hiss verməməsi, tullantı yaratmaması, məşəlinin asanlıqla tənzimlənməsi, xüsusilə də atmosferə və ətraf mühitə qarşı zərərliliyinin minimallığı onun ekoloji aspektdə cəlbediciliyini artıran xüsüsiyyətlərdir. Rəngsiz və çox zaman da iysiz olan təbii qaz texniki-iqtisadi imkanları nəzərə alınmaqla digər ənənəvi enerji mənbələri ilə müqayisə edilərkən onun ekolojı və energetik keyfiyyətlərilə yanaşı, fiziki xüsusiyyətləri də xüsusi qeyd edilməlidir. Belə ki, karbohidrogen ehtiyatları arasında ən yüksək istiliktörətmə qabilliyyəti ilə fərqlənən təbii qaz müvafiq gücü ilə torf və yanar şistlərdən 3-4 dəfə, odun biokütləsi və daş kömürdən 1,5 dəfə, neftdən isə orta hesabla 1 000 kkal/kq üstündür. Konkret olaraq təbii qazın istiliktörətmə gücü orta göstəricidə 12 000 kkal/kq təşkil edir. Bu isə təbii qazın energetik, eyni zamanda texnoloji cəhətdən keyfiyyətli və səmərəli yanacaq növü kimi geniş tətbiqini təmin edir.

Ənənəvi enerji mənbələrinin digər növü olan təbii qaz da neft kimi əsasən yer kürəsinin Orta Şərq hissəsində geniş yataqlara malikdir. Belə ki, dünya üzrə təbii qaz ehtiyatlarının ümumi həcmi 188,1 trln/m3 təşkil edir ki, bunun da 40,3%-i (75,8 trln/m3) Orta Şərqin, 30,1%-i (56,6 trln/m3) Qərbi və Mərkəzi Asiya (MDB), 8,8%-i (16,6 trln/m3) Avstraliya və Şərqi Asiyanın, 8,1%-i (15,2 trln/m3) Şimali Amerikanın, 6,8%-i (12,9 trln/m3) Afrikanın, 4,2%-i (7,9 trln/m3) Cənubi və Mərkəzi Amerikanın, 1,7%-i (3,2 trln/m3) isə Avropanın payına düşür.

Təbii qaz ehtiyatlarına malik dövlətlər sırasında isə 37,4 trln/m³ göstərici ilə  Rusiya Federasiyası və 32,1 trln/m³ göstərici ilə İran ilk yerləri bölüşürlər. Belə ki, hər iki ölkənin birgə təbii qaz ehtiyatları, ümumdünya üzrə təstiq edilmiş 188,1 trln/m³ təbii qaz ehtiyatının 1/3 hissəsindən çoxdur. Digər ilk yerləri isə Qatar (24,7 trln/m³), Türkmənistan (13.6 trln/m³) və ABŞ (12,6 trln/m³) tutur.

Statistik göstəricilərə əsasən dünya üzrə 2021-ci ildə ümumi təbii qaz hasilatı 4 036,9 mlrd/m3 təşkil etmişdir. Mövcud təbii qaz hasilatında ABŞ 934,2 mlrd/m3 göstərici ilə ilk yerdədir. Sonrakı yerləri isə Rusiya Federasiyası (701,7 mlrd/m3), İran (256,7 mlrd/m3), Çin Xalq Respublikası (209,2 mlrd/m3) və Qatar (177 mlrd/m3) tutur. Ümumilikdə isə 2020-ci il ilə müqayisədə 2021-ci ildə təbii qaz hasilatı 3,1% artmışdır. Ölkələr üzrə ən böyük artım İraq (33,9%) və Yəməndə (30,2%), ən yüksək azalma isə Vyetnam (-19,2%) və İtaliyada (-18,4%) müşahidə edilmişdir.

Dünya üzrə 2021-ci ildə ümumi təbii qaz istehlakı isə 4 037,5 mlrd/m3 təşkil etmişdir. Mövcud təbii qaz istehlakında ABŞ 826,7 mlrd/m3 göstərici ilə liderlik edir. İkinci yeri isə 474,6 mlrd/m3 göstərici ilə Rusiya Federasiyası tutur. Sonrakı ilk yerləri isə Çin Xalq Respublikası (378,7 mlrd/m3), İran (241,1 mlrd/m3) və Kanada (119,2 mlrd/m3) bölüşür. Ümumilikdə isə 2020-ci il ilə müqayisədə 2021-ci ildə təbii qaz istehlakında 5,3% həcmində artım müşahidə edilmişdir. Ən böyük artım Braziliya (29,1%) və Şimali Makedoniyanın (26,4%), ən böyük azalma isə Vyetnam (-19,2%) və Yeni Zelandiyanın (-14,9%) payına düşür.

Lakin onu da nəzərə almalıyıq ki, daş kömür, neft və təbii qaz kimi ənənəvi enerji mənbələri tükənən resurslardır. Belə ki, hesablamalara görə bu yanacaqlardan istifadə indiki inkişaf tempi ilə davam etsə təxminən neftin 43-50, qazın 65-73, daş kömürün 150-170, boz kömürün isə 500-550 ildən sonra tükənəcəyi proqnozlaşdırılır.

Həmçinin karbohidrogen ehtiyatlarından plastik məmulatların, sintetik parçaların, yağların, karbon lifi və digər sənaye məhsullarının istehsalında birbaşa və ya dolayı şəkildə xammal kimi istifadə olunması da qlobal enerji çatışmazlığına səbəb olan amillərdəndir.

Bu səbəbdən Birləşmiş Millətlər Təşkilatı (BMT) ənənəvi enerji mənbələrindən asılılığın aradan qaldırılması, eyni zamanda enerjiyə olan təlabatın ödənilməsinin yeganə həllini yalnız alternativ və bərpa olunan enerji mənbələrindən geniş və səmərəli şəkildə istifadədə görür. Bu məqsədlə YUNESKO (United Nations Educational, Scientific and Cultural Organization) keçən əsrin 90-cı illərindən başlayaraq BMT-yə üzv olan ölkələrin və bu sahədə maraqlı olan təşkilatların dəstəyi ilə alternativ və bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirmək və inkişaf etdirmək üçün mütəmadi olaraq maarifləndirici və təşviqedici müxtəlif tədbirlər həyata keçirir.

Lakin ənənəvi enerji mənbələrinin tükənən olması ilə yanaşı mövcud enerjidən istifadə zamanı ətraf mühitə dəyəcək ciddi mənfi təsirlər də qaçılmazdır. Belə ki, bərk və ya maye halında olan yanacaqların yandırılması zamanı Kükürd dioksid (SO2), Karbon dioksid (CO2), Karbon oksid (CO), Azot dioksid (NO2), Metan (CH4)  eləcə də toz, his və s. bu kimi zərərli maddələr əmələ gəlir ki, bu da ətraf mühitin və atmosferin xeyli çirklənməsinə səbəb olur. Kömürün açıq üsul ilə çıxarılması və torfun işlənməsi isə landşaftların dəyişilməsinə, hətta onun dağılması hallarına gətirib çıxarır. Həmçinin neftin hasilatı və daşınması zamanı yarana biləcək hər hansı qəza zamanı neft və neft məhsullarının geniş ərazilərə yayılması ekoloji mühitin çirklənməsinə səbəb olur ki, bu da ətraf mühitdə var olan mövcud canlıların məhvinə yol açır.

Neft-qaz sənayesi obyektlərinin torpaq ehtiyatlarına təsiri nəticəsində yaranmış əsas neqativ nəticələr aşağıdakılardan ibarətdir:

- ətraf mühitin çirklənməsi nəticəsində torpaqların şərti sıradan çıxması;

- kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının azalması;

- canlı heyvan və bitki aləminin məhvi;

- əhalinin sağlamlıq vəziyyətinin pisləşməsi.

Ənənəvi enerji mənbələrindən enerji hasil edilən zaman ətrafa külli miqdarda tam və bəzən də natamam yanma məhsulları da atılır. Tam yanma məhsulları içərisində Karbon dioksid (CO2) üstünlük təşkil edir ki, bunun da atmosferə atılması havanın çirklənməsinə, Kükürd dioksid (SO2) və Azot dioksid (NO2) kimi qazlar isə təbiətdə turşu yağışlarının yağmasına səbəb olur. Nəticədə atmosferdə “istixana effekti” yaranır ki, bu da mümkün iqlim dəyişikliklərinə və qlobal istiləşməyə gətirib çıxarır. Belə ki,  hesablamalara görə faydalı qazıntı şəklində çıхarılan enerji daşıyıcılarının yanmasından hər il atmosferə on milyonlarla ton Karbon qazı (CO2) atılır.

Coşqun MƏMMƏDOV

AMEA Rəyasət Heyətinin elmi katibi,

Azərbaycan Respublikasının Milli Məclisi

deputat köməkçisi (i.ə.)

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: