Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir
20.06.2023 10:25
  • A-
  • A
  • A+

Ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının 30 mart 2023-cü il tarixli qərarı ilə Heydər Əliyevin məruzələr, çıxışlar, görüşlər, müsahibələrdən ibarət “Müdriklik mücəssəməsi” adlı toplusu çapdan çıxıb. Nəşrin elmi məsləhətçisi və “Ön söz” müəllifi AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, ilk nəşrin tərtibçisi professor Vilayət Quliyev, təkmilləşdirilmiş II nəşrinin tərtibçisi professor Asif Rüstəmlidir.

Ulu Öndər 1969-2003-cü illərdə humanitar sahədə qurultaylar, konfranslar keçirib, mötəbər məclislərdə, görüşlərdə parlaq nitqlər söyləyib, məruzələr, çıxışlar edib, müsahibələr verib, söhbətlər edib. Kitabda bu istiqamətləri özündə ehtiva edən 4 bölmə  verilib. Toplu humanitar və ictimai elmlər sahəsində çalışan elm, ədəbiyyat, təhsil və mədəniyyət işçiləri üçün nəzərdə tutulub.

Akademik İsa Həbibbəyli “Heydər Əliyevin dövlətçilik təliminin ədəbiyyat dərsləri” adlı əhatəli məqaləsində Heydər Əliyevin timsalında ədəbiyyat və sənətin tarixi roluna önəm verib. Xalqın mənəvi həyatı, onun istiqlal məfkurəsinin yetişməsi, dövlət xadimlərinin maarifçi təfəkkürünün zənginləşməsində ədəbiyyat və sənətin yaradıcı mahiyyətini ifadə edib. Ədəbiyyat xalqın təşviqi və təbliği işində tükənməz enerjisinin mənbəyi olub. Ədəbiyyat böyük amallar uğrunda mücadilə edib. Müəllif bu baxımdan Heydər Əliyevin yaradıcı, qurucu missiyasında ədəbiyyat amilinin mənəvi-estetik rolunu önə çəkib. İ.Həbibbəyli yazıb: “Görkəmli dövlət xadimi Heydər Əliyev üçün ədəbiyyat həm xalqın ideya mənəvi təkamülü, həm də milli oyanış və həmrəyliyinin əsas hərəkətverici qüvvəsi kimi mühüm əhəmiyyət kəsb etmişdir. O, ədəbiyyatın təsir gücünə dərin inam bəsləmiş, cəmiyyət həyatının ən müxtəli məqamlarında ədəbiyyata müraciət etməyin əvəzedilməz imkanlarını bacarıqla sınaqdan çıxarmışdır”.

Heydər Əliyev ədəbiyyatın, incəsənətin həyata və insana münasibətinin ideya-məfkurəvi roluna böyük əhəmiyyət verib: “Bu gün sizə deyə bilərəm ki, şəxsən mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşam, onları bu gün də unutmamışam... Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam, ədəbiyyatla, mədəniyyətlə daim bağlı olmuşam” .

Görkəmli dövlət xadimi xalqımızın milli-mənəvi özünüdərkində ədəbiyyatdan faydalanıb, Azərbaycan dilinin dövlət səviyyəsinə qaldırılması, milli dövlət müstəqilliyinin təminatında ədəbiyyatın tükənməz potensiyasına istinad edib.

Ulu Öndər bədii sözün insan ağlına, insan zəkasına göstərdiyi təsir gücünə böyük inam bəsləyib. Bu ruhla, amalla  ədəbiyyatımızın qəhrəmanlıq tarixini mənimsəyib, onu xalqın ədəbi-ictimai varlığının diqqət mərkəzinə çəkib, yazıçı və şairlərimizi milli ideallar cəbhəsində səfərbər edib, onların mənəvi qüdrətinin üzə çıxarılmasına səy göstərib, xalqın tükənməz qüdrətini özünə inandırıb, ona böyük sevgi qazandırıb. İ.Həbibbəyli: “Ölkə rəhbəri kimi Heydər Əliyevin Azərbaycan yazıçılarının qurultaylarında, görkəmli yazıçı və şairlərin yubileylərində, ədəbiyyat və incəsənət günlərindəki çıxışları ədəbiyyatın böyük amalları və təsiredici imkanları vasitəsilə xalqımızı inkişaf etdirmək, daha işıqlı sabahlara doğru səfərbər etmək dərsləridir. Ədəbiyyat siyasəti Heydər Əliyevin apardığı dövlət siyasətinin sadəcə tərkib hissəsi olmayıb, həmin uzaqgörən müdrik siyasətin aparıcı xəttini təşkil etmişdir”, - deyə vurğulayıb.

Ümummilli Lider müstəqillik illərində də ədəbiyyatımızı ictimai mühitin ön cəbhəsinə çıxarmaq üçün inamla çalışıb, milli azadlıq və mədəniyyətin inkişaf dinamikasına dövlət əhəmiyyətli vəzifə kimi baxıb.

İsa Həbibbəyli ümumiləşdirib ki, Heydər Əliyevin ədəbiyyat irsi onun siyasi fəaliyyətinin qiymətli səhifələri, ədəbiyyat haqqında fikirləri dövlət siyasətinin dərsləri, tezisləridir. Heydər Əliyev ədəbiyyat işinə milli dövlət fəaliyyətinin əsas yönlərindən biri kimi diqqət edib.

Ədəbiyyat amili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də dövlətçilik siyasətində mühüm yer tutub. Ön söz müəllifi xatırladıb ki, İlham Əliyevin Sərəncamları əsasında Azərbaycanda ilk dəfə “Nizami Gəncəvi ili”, “İmadəddin Nəsimi ili”, “Molla Pənah Vaqif ili” keçirilib, ədəbiyyat işinin üfiqləri daha da genişləndirilib.

Professor Vilayət Quliyev Heydər Əliyevin 1969-1999-cu illəri əhatə edən çıxış və nitqlərini ilk dəfə toplayıb ”Ədəbiyyatın yüksək borcu və amalı” adı ilə çap etdirib .

Ölkəmizdə 2023-cü ilin Heydər Əliyev İli elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına  əsasən “Ədəbiyyatın yüksək borcu və amalı” (2000) kitabı təkmilləşdirilərək yenidən nəşrə hazırlanıb. Bu sahədə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Asif Rüstəmlinin xüsusi xidməti qeyd edilməlidir. Alim Heydər Əliyev irsindən  əlavə materialları bir yerə toplayıb Ədəbiyyat İnstitutunun dəstəyi ilə çap etdirib. Hesab edirik ki, bu, tarixi bir iş, tarixi xidmətdir, HeydərƏliyevşünaslığa böyük töhfədir. Akademik İ.Həbibbəylinin qeyd etdiyi kimi,  “Müdriklik mücəssəməsi” adlı kitab geniş oxucu və tədqiqatçı auditoriyası olan ədəbi-tarixi irsdir. “Uzaqgörən dahi şəxsiyyətin dövlət siyasətinin üzvi tərkib hissəsi olan ədəbiyyat təlimi yaşayır, dövlət müstəqilliyimizin, milli mədəniyyətimizin, elmimizin və ədəbiyyatımızın inkişafına işıq salır” .

Tərtibçi A.Rüstəmli kitabda dörd bölmə verib: 1. Məruzələr, çıxışlar. 2.Görüşlər, xatirələr. 3.Təbrik məktubları. 4.Müsahibələr.

Məruzələr, çıxışlar bölməsində 52 məruzə və çıxışın mətni toplanıb. Mətnlər xronolji ardıcıllıqla düzülüb. Vaxtilə müxtəlif mətbuat orqanlarında çap olunmuş mətnlərin  surətləridir. “Yazıçılarımız öz sələflərinin işini davam etdirməlidirlər” (1972) - Heydər Əliyevin Azərbaycan yazıçılarının V qurultayı, “N.Nərimanovun abidəsinin açılışı” (1972) - görkəmli yazıçı və dövlət xadiminin 100 illik yubileyi, “Xalqların dostluq və qardaşlıq himni” (1972) - Azərbaycanda  RSFSR ədəbiyyatı və incəsənətinin açılışı,  “Əbədi birlik” (1972) - həmin günlərin bağlanışı, “İncəsənət bayramı” (1974) -  Azərbaycan Dövlət Milli Dram Teatrının 100 illiyi, “İdeyalılıq, istedad və həyat həqiqətinə sədaqət” (1975) - Azərbaycanda sovet ədəbiyyatı günləri, “Xalq işinə xidmət etməli” (1976) - Azərbaycan Yazıçılarının VI qurultayı, “Qardaş mədəniyyətlərin bayramı” (1979) - Azərbaycanda Özbəkistan ədəbiyyatı və incəsənəti  günləri, “İstedad və ilhamla yaratmalı” (1980) - Rəşid Behbudov, Süleyman Rəhimov, İman Qasımov, İlyas Əfəndiyev, Nəbi Xəzri, Xalidə Hasılova və İshaq İbrahimova mükafatların verilməsi, “Xalqların dostluğunu və qardaşlığını ilhamla tərənnüm etməli” (1980) - Yazıçıların Ümumittifaq yaradıcılıq konfrasnının bağlanışı, “Ədəbiyyatın yüksək borcu və amalı” (1981) - Azərbaycan Yazıçılarının VII qurultayı, “Həyat həqiqəti yaradıcılıq həqiqəti” - Xalq şairləri S.Rüstəmin 75, Balaş Azəroğlunun 60 illiyi, “Xalq sənətkarlarının xatirəsi əbədidir” (1982, 12 yanvar, Şuşa) - Şuşada Vaqif məqbərəsi və Poeziya evinin açılışı, “Xalqlar dostluğu və qardaşlığının carçısı” (1982) - C.Cabbarlı abidəsinin açılışı, “Böyük itki”(1994) - Xalq şairi X.R.Ulutürklə vidalaşma mərasimi, “Füzulinin yubileyini keçirməklə Azərbaycan xalqını dünyaya bir daha tanıtmalıyıq” (mətn giriş sözü və yekun sözündən ibarətdir,1994) -  M.Füzulinin 500 illik yubileyi, “Füzuli dünyası, Füzuli nəsli davam edir” (1994) - Türkiyənin Bilkənd Universitetindəki çıxışı, “Məhəmməd Füzuli türkləri birləşdirən şəxsiyyətdir” (1994) - Türkiyə Böyük Millət Məclisindəki çıxışı, “Cəlil Məmmədquluzadə Azərbaycan xalqının milli dirçəlişində əvəzsiz rol oynamışdır” (1994) - Mirzə Cəlilin 125 illik yubileyi, “İstiqlal şairi” (1995) - Məmməd Arazın yaradıcılıq gecəsi, “Xalqımızın tarixində ən görkəmli yeri mədəniyyət, ədəbiyyat tutur” (1995) - Maqsud İbrahimbəyovun 60 illik yubileyi, “Hüseyn Cavidin adı və irsi yaşayacaqdır” (1995) - H.Cavidin məqbərəsi və ev muzeyinin yaradılması, “İsmayıl Şıxlı xalqımızın tarixində dərin iz qoymuşdur” (1995) - İ.Şıxlı ilə vida mərasimi, “Abay yaradıcılığı bütün xalqlara məxsusdur” (1995) - Almatıda Abay Kunanbayevin 15 illik yubileyi, “Manas” bütün dünya sivilizasiyasının sərvətidir” (1995) - Bişkekdə “Manas” dastanının 1000 illiyi, “Manasın doğulduğu yerə gəlmişik” (1995) - “Manas” muzey kompleksinin açılışı, “Dünya korifeylərinin öncülü” (1995) - Üzeyir Hacıbəyovun 110 illik yubileyi, “Səməd Vurğun nəsli yaşasın” (1995) - Yusif Səmədoğlunun 60 illik yubileyi, “Dahi Füzulinin yubileyi ədəbiyyatımızın və mədəniyyətimizin bayramıdır” (giriş və yekun  sözü, 1996) - M.Füzulinin yubileyi üzrə Dövlət Komissiyasının növbəti iclasında çıxış, “Hüseyn Cavidin məqbərəsi Naxçıvanın memarlıq tarixinə yeni bir səhifədir” (1996) - böyük sənətkar Hüseyn Cavidin məqbərəsinin Naxçıvanda açılışı, “Tarixi köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir” (1996) - Türk dünyası Yazıçılarının III qurultayı  haqqındadır. Heydər Əliyev deyib: “Əmin olduğumu bildirmək istəyirəm ki, türk dünyasının yazıçıları və bizim ölkəmiz, xalqlarımız bu işi davam etdirəcəklər, türkdilli xalqların, ölkələrin yazıçıları gündən-günə bir-birinə yaxınlaşacaq, bir-birinə kömək edəcək, xalqlarımızın ədəbiyyatını, mədəniyyətini, keçmişini, bu gününü daha da geniş təhlil edib yeni-yeni dəyərli əsərlər yaradacaqlar” .

“Müdriklik mücəssəməsi, bəşəri ideyalar carçısı, dahi söz ustadı” (1996) - M.Füzulinin 500 illiyi, “Müasir poeziyamızın görkəmli nümayəndəsi” (1997) - Xalq şairi Qabilin yubiley gecəsi, “Xalqın qəlbində yaşayan sənətkar xoşbəxtdir” /1997/ (1.“Xalq şeiri Səməd Vurğunun ev muzeyində”. 2.“Ədəbiyyatımızın klassiki, xalq şairi Səməd Vurğun”) - S.Vurğunun 90 illik yubiley gecəsi, “Ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir” (1997) - Azərbaycan Yazıçılarının X qurultayı, “Fitri istedadı fədakarlıqla, xalqına, millətinə sədaqətlə birləşdirən sənətkar” (1998) - Xalq şairi S.Rüstəmin 90 illiyi, “Vətənimizə, xalqımıza sədaqətlə” (1998) - Xalq şairi Mirvarid Dilbazinin 85 illiyinə həsr edilib.

Azərbaycan Respublikasının Prezidenti 1998-ci il mayın 26-da Prezident iqamətgahında təltif olunmuş ədəbiyyat, mədəniyyət, incəsənət xadimlərinin bir qrupuna ilk “İstiqlal” ordenlərini təqdim edib (“Müstəqil Azərbaycanın ilk “İstiqlal” ordenləri” /1998/). Heydər Əliyev təqdimat zamanı deyib: “Azərbaycan müstəqil dövlət kimi öz atributlarını yaradıbdır. Dövlət atributlarından biri də müstəqil Azərbaycanın dövlət mükafatlarıdır. Bunlar da ordenlərdən, medallardan, milli qəhrəman adı və bu adla əlaqədar səkkizgüşəli qızıl ulduz nişanından ibarətdir…

Azərbaycanın bir neçə ordeni vardır. Onlardan ən yüksəyi Azərbaycanın “İstiqlal” ordenidir. “İstiqlal” ordeni ilə təltif olunanlar yalnız Azərbaycanın ədəbiyyat, mədəniyyət, incəsənət xadimləridir. Bu da təsadüfi deyildir, təbiidir. Çünki Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizələr müxtəlif yollarla gedibdir. Ancaq Azərbaycanın milli azadlığı, istiqlaliyyəti yolunda ən çox bizim ədəbiyyatımız, mədəniyyətimiz, incəsənətimiz xidmətlər göstəribdir. Çünki əgər biz 70 illik totalitar rejim çərçivəsində milli ədəbiyyatımızı, mədəniyyətimizi, dilimizi, adət-ənənələriizi qoruyub saxlaya bilmişiksə, hesab edirəm, bunlar böyük nailiyyətlərdir. Millət birinci növbədə bu amillərə görə millətliyini təsdiq edir, millət olur və bir millət kimi tanınır”.

“Müstəqil Azərbaycanın ilk “İstiqlal” ordenləri” adlı nitqində Heydər Əliyev deyib: “Bizim mədəniyyət, incəsənət xadimlərimiz, yazıçılarımız, şairlərimiz, alimlərimiz bu sahədə böyük xidmətlər göstəriblər. Əsrimizin bütün illərindəki milli ənənələrimiz, ana dilimiz, milliliyimiz, adət-ənənələrimiz məhz onların əsərlərində yaşayıbdır. Bunlar böyük nailiyyətlərdir. Bununla yanaşı, bizim yazıçılarımız, şairlərimiz, rəssamlarımız, incəsənət xadimlərimiz öz əsərləri ilə insanları daim milli ruhda tərbiyə etməyə çalışıblar və buna nail olublar. İnsanlarda milli ruhun yaşamasının özü çox böyük nailiyyətidir. Amma yaranan əsərlər bu milli ruhu nəinki yaşadıb, hətta inkişaf etdirib. Milli oyanış, dirçəliş prosesində də bizim yazıçılarımızın, şairlərimizin, incəsənət xadimlərimizin, musiqiçilərimizin, mahnılarımızın böyük xidmətləri olubdur.

Məhz buna görə də təsadüfi deyil ki, “İstiqlal” ordeni Azərbaycanın ən yüksək ordeni ilə təltif olunanlar xalqımızın yazıçıları, şairləri, mədəniyyət və incəsənət xadimləridir” .

“Böyük iftixar mənbəyi” (1998) - Azərbaycanın dövlət mükafatlarının verilməsi, “Görkəmli sənətkarın yubileyi” (1999) - Xalq yazıçısı, ictimai xadim Rüstəm İbrahimbəyovun 60 illiyi, “Kitabi-Dədə Qorduq” dastanının 1300 illik yubileyi üzrə dövlət komissiyasının iclası” (giriş, yekun sözü, 2000) komissiyanın iclası, “Novruz bayramı münasibətilə Azərbaycan xalqına” (2000) - Novruz bayramı haqqındadır. Heydər Əliyev deyib: “Bu ilki Novruz bayramı xalqımızın qədim mənəvi sərvəti, ölməz “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi təntənələrinin geniş keçirildiyi bir dövrə təsadüf edir. Hər iki hadisə Azərbaycan xalqının öz tarixi keçmişinə, milli köklərinə və ulu əcdadlarımızın qoyub getdiyi zəngin irsə, adət-ənənələrə bağlılığını və sədaqətini nümayiş etdirir” .

“Xoş gəlmisən, xalqımızın ən sevimli bayramı - Novruz bayramı” (2000) - Bakıda Novruz bayramı şənlikləri,“Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi” (2000) - mətbuat tarixi, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi şərəfinə” (2000) - “Gülüstan” sarayında keçirilmiş rəsmi qəbul, “Azərbaycanda mətbuat, söz azadlığı” (2001) - KİV rəhbərliyi ilə görüş, “Milli-mənəvi dəyərlərimizə hörmət, ehtiram bayramı” (2000) - “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi barəsində Ulu Öndərin məruzə və çıxışlarının mətnidir.

Heydər Əliyev: “Bu gün Azərbaycan xalqı möhtəşəm “Kitabi Dədə Qorqud” eposunun 1300 illiyini böyük bayram kimi təntənə ilə qeyd edir. Bu yubiley bizim üçün, bütün türk dünyası üçün, bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyəti olan tarixi bir hadisədir. Bu, bizim tarixi köklərimizə, milli ənənə, milli mənəvi dəyərlərimizə, mədəniyyətimizə, elmimizə, xalqımızın çox əsrlik tarixinə olan hörmət, ehtiram bayramıdır. Bu, bizim milli azadlığımızın, dövlət müstəqilliyimizin bayramıdır”, - deyə bildirib.

Kitabın ikinci bölməsi “Görüşlər, xatirələr” adlandırılıb. Bu bölmədə 17 görüş-xatirənin  mətni verilib.“Ziyalılarla görüşlər həmişə böyük bir bayram təsəvvürü yaradır” (21 sentyabr 1993) yazısında - görkəmli dövlət başçısının AMEA-da ziyalılarla görüşünün məzmunu əks etdirilib. Görüş zamanı ziyalıları ən çox narahat edən məsələ  Azərbaycan Respublikasının Müdafiə vəziyyəti, xalqın ağır tarixi şəraitdə torpaqlarını geri qaytarmaq, ərazi bütövlyünü bərpa etmək məramı, dövlət suverenliyini, müstəqilliyini qorumağa qadir inamı, şərəfini, tarixini qorumaq amalı, ağlın, zəkanın, siyasi fəaliyyətin birliyi ideyası və tükənməz qüdrəti ilə bağlı olub. Heydər Əliyev deyib: “İndi Azərbaycan müstəqil dövlətdir. Müstəqillik Azərbaycan üçün böyük tarixi hadisədir, taleyin xalqımıza verdiyi böyük bir fürsətdir. Şübhəsiz ki, biz bununla fəxr etməliyik. Eyni zamanda bu tarixi nailiyyəti qiymətləndirməliyik, əlimizdə möhkəm saxlamalıyıq. Bu müstəqillik dünyada, o cümlədən, keçmiş sovetlər birliyində əsrin ikinci yarısında, xüsusən 70-ci, 80-ci illərdən başlayaraq gedən ictimai-siyasi proseslərin məntiqi nəticəsidir” .

“Görkəmli şairin xatirəsinə ehtiram” (1996) - Heydər Əliyevin Əliağa Vahidin 100 illik yubileyində mədəniyyət və incəsənət xadimləri ilə görüşünün ifadəsidir. Görkəmli ədəbiyyat hamisi bildirib ki, indiyədək Vahidin yubileyi keçirilməyib. “Mən səmimi deyirəm, bu gün salonda oturarkən hisslərim həddən çox canlandı, həyəcanlandım. Xalqımızın, millətimizin, ədəbiyyatımızın, şeirimizin, incəsənətimizin nə qədər böyük olduğuna görə sizinlə bərabər, böyük iftixar hissi keçirdim”, - deyə səmimi duyğularını dilə gətirib, doğma xalqına çatdırıb.

“Yaradıcı heyətin uğuruna yüksək qiymət” (1997) - Xalq şairi Səməd Vurğunun 90 illiyi münasibətilə Akademik Milli Dram Teatrında “Fərhad və Şirin”, “Çox dəyərli, xalqımız üçün lazımlı əsər” (1997) - isə İlyas Əfəndiyevin “Hökmdar və qızı” tamaşalarına baxdıqdan sonra söylədiklərinin mətnidir.   

Heydər Əliyev 1973-cü ildə Türkiyənin görkəmli həkimi və ictimai xadimi İhsan Doğramacı ilə birlikdə Azərbaycan Dövlət Dram Teatrının 125-ci mövsümünün açılışında iştirak edib və teatrın 100 illiyi münasibətilə nitq söyləyib. Belə bir nitqi (“Böyük yaradıcılıq nailiyyəti” /1997/) - İhsan Doğramacı ilə birlikdə Üzeyir Hacıbəyovun yeni quruluşda “Arşın mal alan” musiqili komediyasına tamaşası ilə bağlı ictimaiyyətin  diqqətinə çatdırması olub.

“Mədəniyyətə, ədəbiyyatda qayğı həmişə lazımdır” (1997) - Heydər Əliyevin Ədəbiyyatımızın yaşlı, “Ədəbiyyatımızın nəsilləri arasında layiqli varislik olmalıdır” (1997) - yazısı isə ədəbiyyatımızın gənc nəslinin nümayəndələri ilə Prezident sarayında görüşünün mətnidir. Tədbir növbəti qurultay ərəfəsində keçirilib.

“Mənəvi - psixoloji mövzuda dəyərli tamaşa” (1997) - Ulu Öndərin B.Vahabzadənin “Hara gedir bu dünya” pyesinin tamaşasına baxdıqdan sonra təəssüratlarının geniş ifadəsidir.

“Hara gedir bu dünya” əsəri 1991-ci ildə yazılıb. B.Vahabzadə deyib: “Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov, bəstəkarı Adil Bədirovdur. Pyes 1991-ci ildə bir neçə dəfə tamaşaya qoyulub. Sonra Türkiyədə onun beş tamaşası olub. Daha sonra teatrın kollektivini Kiprə dəvət ediblər. Orada da 2 tamaşa göstərilib. Pyesin tamaşaları həm Türkiyədə, həm də Kiprdə böyük rəğbətlə qarşılanıb.

Heydər Əliyev bildirib: “Bu mövzu bu gün də öz aktuallığını itirməyibdir. İnsan nə qədər yaşayacaqsa, bu mövzu bir o qədər də aktual olacaqdır. Bəxtiyar Vahabzadənin hər bir əsəri dəyərlidir, qiymətlidir. Onun hər bir əsəri bizim mədəniyyətimizi, incəsənətimizi, ədəbiyyatımızı inkişaf etdirib. B.Vahabzadə adətən şeirlər, poemalar yazır, ancaq bir neçə  səhnə əsəri də yaradıbdır. O, 1970-ci illərdə də çox uğurlu əsərlər yazıbdır. 1991-ci ildə belə bir əsər yaradıbdır”  ...“Bu fəlsəfi, psixoloji bir əsərdir, eyni zamanda elmi əsərdir”.

“Milli birliyi, dövlətçiliyimizi qorumağa səsləyən əsər” (1998) - Ümummilli Liderin B.Vahabzadənin “Özümüzü kəsən qılınc” (“Göytürklər”) pyesinin tamaşasına baxdıqdan sonra çıxışının mətnidir. Heydər Əliyev deyib: “...Biz yeni bir əsər almışıq. Ədəbiyyatımızın tarixinə yeni, dəyərli əsər daxil olubdur. Bu, böyük hadisədir. Mən bunu birinci növbədə, xüsusi qiymətləndirmək istəyirəm. İkincisi, əsərin mövzusu, məzmunu və mənası da çox böyük əhəmiyyət kəsb edir. Şübhəsiz ki, hər bir ədəbiyyat əsəri, o cümlədən, səhnə əsəri bizim üçün əzizdir. Çünki mədəniyyətimiz, incəsənətimiz indiyə qədər, güman edirəm, gələcəkdə də məhz bu əsərlərlə yaşayacaqdır. Bizim səhnəmizdə, ədəbiyyatımızda hər bir janrda, mövzuda əsərlər olmalıdır. Ancaq tarixi mövzuda əsər yazmaq həmişə çox mürəkkəbdir, çətindir. Müasir həyatdan, yaxud mücərrəd mövzuda əsər yazmaq, şübhəsiz ki, heç də asan deyildir. Amma başqa mövzulara nisbətən asandır. Ancaq tarixi mövzuda əsər yazmaq çox zəhmət tələb edir. Xüsusən də, bizim ən qədim tarixə dair əsər yazmaq. Düzünü desək, indiki Azərbaycan cəmiyyətində bu tarixi bilənlər olduqca azdır. Ona görə də belə bir əsər qədim tariximizin, o cümlədən, millətimizin qədim köklərinin tarixinin böyük bir səhifəsini açıb ictimaiyyətə göstərir. Bunun özü böyük bir işdir və hesab edirəm ki, böyük yaradıcılıq qələbəsidir. Bunu Bəxtiyar Vahabzadə çox böyük məharətlə edibdir. Birincisi, o, bu əsəri tarix və tarixi dəqiqlik əsasında yaradıbdır. İkincisi də, onun bu günkü nəslə, Azərbaycan ictimaiyyətinə ən böyük xidməti ondan ibarətdir ki, bu əsər həmişə yaşayacaq və uzun ömürlü olacaqdır. Bu əsər gələcək üçün də çox böyük əhəmiyyət kəsb edir” .

Heydər Əliyev əsərin əhəmiyyəti barəsində bunları da səciyyələndirib: “Bu mövzunun indiki dövr üçün əhəmiyyətli cəhəti bir də ondan ibarətdir ki, biz köklərimizin türk millətinə, qədim türk tarixinə bağlı olduğunu da XX əsrdə ya deməmişik, ya da bunu deməyə cəsarət tapmamışıq. Burada da yenə heç kəsin günahı yoxdur. Sadəcə olaraq tarixi təhrif edənlər insanları bu tarixi kökdən məhrum ediblər. İkinci tərəfdən də uzun illər, hətta on illərlə xalqımızı pantürkist ideologiyası ilə qorxudanlar bizi  türk kökündən, türk mövzusundan həmişə uzaqlaşdırıblar. Yaxşı xatirimdədir ki, 1930-cu illərdə repressiyaya uğrayanların əksəriyyətini günahlandırmaq, cəzalandırmaq, həbs etmək və öldürmək üçün onlara pantürkist damğası vurmaq bəs idi. Məsələn, böyük yazıçımız və dramaturqumuz Hüseyn Cavidi də elə pantürkist kimi həbs etdilər və öldürdülər. Pantürkist damğasına görə çox qurbanlarımız oldu və xalqimiz bu mövzudan uzaqlaşdı.

Sadəcə olaqraq, bir müddət qorxuya görə, sonra da biz bunu unutmuşduq. Ona görə də türk millətinin, böyük türk xaqanlığının köklərini, tarixini araşdırmaq və onu nəinki ölkəmizin ictimaiyyətinə, hətta bütün dünyaya doğru-düzgün çatdırmaq çox böyük işdir. Şübhəsiz ki, bu, bir-iki adamın işi deyildir, bu işi çoxları görməlidir. Bəxtiyar Vahabzadə öz üzərinə düşən vəzifəni yerinə yetiribdir, öz töhfəsini veribdir…”

“Görkəmli ədəbiyyat və incəsənət xadimləri ilə görüş” (1998) - yazısı mayın 26-da Azərbaycan Prezidentinin Səhiyyə Nazirliyinin Mərkəzi klinik xəstəxanasında müalicə olunan görkəmli ədəbiyyat və incəsənət xadimləri ilə görüşünü əks etdirib. Ulu rəhbər görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevə “İstiqlal” ordeni, Yusif Səmədoğluya Xalq yazıçısı, Hökümə Billuriyə Xalq şairi adı verib.

“Moskva akademik satira teatrı” (1998) - Heydər Əliyevin “Bəxtli və bəxtsiz” tamaşası, “Sevil” operası yaşayır və yaşayacaqdır” (1998) - əsərin yeni  quruluşda ilk tamaşası, “Yeni binada ilk tamaşa” - “O olmasın, bu olsun” (1998) - “Məşədi İbad” musiqili komediya-operettasına baxışının təəssüratı,“Şair Zəlimxan Yaqubun yaradıcılığına həsr edilmiş poeziya məclisi” (1998) - isə Respublika Prezidentinin incəsənət ustası ilə səmimi söhbətinin ifadəsidir.

“Nəbi Xəzrinin “Burla xatun” pyesi milli dram teatrının səhnəsində” (1999) - yazısı tamaşadan sonra,“Azərbaycan akademik Milli Dram Teatrında “Aydın” pyesinin yeni quruluşda tamaşası” (2000) - C.Cabbarlının 100 illiyi münasibətilə, “Novator sənətkar” (2001) - isə Xalq şairi Rəsul Rzanın 90 illik yubiley gecəsində şairin ailə üzvləri və Azərbaycanın ədəbiyyat, mədəniyyət xadimləri, o cümlədən, Tehrandan qonaq gəlmiş Cavad Heyətlə, Xalq şairi Məmməd Arazla səhnəarxası səmimi görüşünün tarixçəsidir.

Kitabın “Təbrik məktubları” adlı üçüncü bölməsində  Xalq şairi Məmməd Arazın 60 illiyi (1993), Xalq yazıçısı İlyas Əfəndiyevin 80 illiyi (1994), Xalq yazıçısı Hüseyn İbrahimovun 75 illiyi (1994), Xalq yazıçısı İ.Şıxlının 75 illiyi (1994), Xalq şairi Nəbi Xəzrinin 70 illiyi (1995), Xalq yazıçısı Yusif Səmədoğlunun 60 illiyi (1995), Xalq şairi Mirvarid Dilbazinin 85 illiyi (1997), Xalq yazıçısı Hüseyn Abbaszadənin 75 illiyi (1997), Xalq yazıçısı Anarın 60 illiyi (1998), dahi şair Məhəmmədhüseyn Şəhriyarın 90 illiyi (1998), habelə, 22 iyul Milli Mətbuat günü (1994), Novruz bayramı (2003), Azərbaycan Jurnalistlərinin I qurultayı (2003), II Avrasiya Mediya Formunun iştirakçıları (2003), Azərbaycan Respublikasının mətbuat işçilərinə (2003) təbrik məktublarının mətni verilib.

“Müsahibələr” adlı dördüncü bölmə isə “Bərabərlər İttifaqında” (1972) və “Qoy ədalət zəfər çalsın” (1981) - müsahibələrinin “Literaturnaya qazeta” müxbirinin suallarına cavabların mətnindən ibarətdir.

Ümummilli Lider Heydər Əliyevin “Müdriklik mücəssəməsi” adlı qiymətli kitabı humanitar-ictimai elmlərin oxucu və mütəxəssisləri üçün zəngin müntəxabat, tarixi-ideoloji sənəd, HeydərƏliyevşünaslıq üçün qiymətli mənbə, elm, ədəbiyyat, təhsil, mədəniyyət və incəsənət işçiləri, habelə, mətbuat nümayəndələri üçün dəyərli töhfədir.

Əlizadə ƏSGƏRLİ, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş  direktorunun müşaviri, filologiya elmləri doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: