Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Qədim diyarın müasir inkişaf konsepsiyası
22.06.2023 09:40
  • A-
  • A
  • A+

Qədim diyarın müasir inkişaf konsepsiyası

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin inkişafı üçün qəbul etdiyi tarixi qərarlar və həyata keçirdiyi genişmiqyaslı islahatlar müstəqil dövlətimizin bütün istiqamətlər üzrə, hərtərəfli şəkildə inkişaf etdirilməsinə, xalqımızın sosial rifahının daha da yaxşılaşdırılmasına təminat verir. Bu gün inkişafın əhatə dairəsinə və templərinə görə dünyada Azərbaycan Respublikası ilə müqayisə olunacaq ölkələr çox deyildir. Çoxvektorlu inkişafın İlham Əliyev modeli ölkəmizdə müstəqil daxili və xarici siyasətin, güclü iqtisadiyyatın, qüdrətli ordunun, möhkəm ictimai-siyasi sabitliyin, birlik və həmrəyliyin təmin olunmasının mükəmməl nümunəsidir. Torpaqlarımızın 30 illik işğaldan sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğu ilə azad edilməsi, qazanılan böyük tarixi Zəfər, Böyük Qayıdış hərəkatının uğurla həyata keçirilməsi ölkəmizdə dövlət səviyyəsində dönmədən icra edilən ardıcıl və məqsədyönlü siyasətin möhtəşəm nəticələridir.

Dünyanın əksər ölkələrindən fərqli olaraq Azərbaycanda paytaxtla, mərkəzi şəhərlərlə regionların inkişaf etdirilməsinin ortaq balansının müəyyən edilməsi və əsaslandırılmış proqramlar vasitəsi ilə uğurla həyata keçirilməsi respublikamızda hərtərəfli inkişafa nail olmağın davamlı bir modelinə çevrilmişdir. Bu mənada Prezident İlham Əliyevin adı ilə bağlı olan Regionların İnkişafı Proqramı həm Azərbaycan Respublikasının və həm də müstəqillik qazanmış digər ölkələrin inkişafının hərəkətverici qüvvələrindən biri kimi qəbul olunur. Son 20 il ərzində ölkəmizdə paytaxtımız Bakı şəhəri ilə yanaşı, regionların inkişafı sahəsində qazanılmış böyük nailiyyətlər Azərbaycan Respublikasının simasını dəyişmiş, iqtisadi inkişafda neft hasilatından asılılığı azaltmış, çoxsaylı iş yerlərinin açılmasına şərait yaratmış və kənddən şəhərə axının qarşısı alınmışdır.

Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında"kı 5 iyun 2023-cü il tarixli Sərəncamı müstəqil dövlətimizin ayrılmaz üzvü tərkib hissəsi olan, qədim tarixə malik bu diyarın bütün istiqamətlər üzrə genişmiqyaslı müasir inkişafının təmin olunmasına dövlət başçımızın göstərdiyi böyük qayğının və böyük dəstəyin əməli ifadəsidir. Prezident İlham Əliyev tərəfindən imzalanmış "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" muxtar respublikanın Azərbaycanın ümumi inkişaf strategiyası ilə əlaqəli şəkildə yenidən qurulması və inkişaf etdirilməsinin strategiya və taktikasını özündə əks etdirən mühüm tarixi əhəmiyyətə malik olan dövlət sənədidir. Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafını təmin etmək məqsədi daşıyan Dövlət Proqramı Azərbaycan Rspublikası üzrə müəyyən edilmiş davamlı prioritetlərə uyğun olaraq ölkəmizin 2030-cu il Dayanıqlı inkişaf gündəliyinin hədəfləri ilə əlaqəli şəkildə hazırlanmışdır. Ona görə də yeni Dövlət  Proqramı ilə Naxçıvan Muxtar Respublikası ərazi və inzibati cəhətdən olduğu kimi, iqtisadi inkişaf baxımdan da Azərbaycanın üzvü tərkib hissəsi kimi fəaliyyətini uğurla davam etdirəcəkdir. Naxçıvanın Muxtar Respublika kimi fəaliyyət göstərdiyi son yüz il ərzində heç vaxt bu regionun inkişaf etdirilməsinə dair indiki miqyasda dövlət proqramı qəbul edilməmişdir. Bu, regionun geosiyasi və tarixi-coğrafi şəraiti, habelə təbii resursları və iqtisadi imkanları nəzərə alınmaqla, Naxçıvanın Muxtar Respublikasının hərtərəfli müasir inkişafına və gələcək inkişaf perspektivlərinə hesablanmış mühüm əhəmiyyətə malik birinci sanballı dövlət proqramıdır.

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" xarakteri və mahiyyəti etibarilə Naxçıvan Muxtar Respublikasının yeni tarixi mərhələ üzrə strateji inkişaf konsepsiyasıdır. Qeyd etməyi lazım bilirəm ki, Naxçıvan Muxtar Respublikasının yeni inkişaf konsepsiyası siyasi və iqtisadi cəhətdən mükəmməl şəkildə, hərtərəfli surətdə əsaslandırılmışdır. Daha bir əhəmiyyətli cəhət də ondan ibarətdir ki, Dövlət Proqramında öz əksini tapmış inkişaf strategiyasının həyata keçirilməsinin 11 istiqamət üzrə ən əlverişli və münasib icra mexanizmləri və maliyyə mənbələri də müəyyən edilmişdir. Müşahidə edilən daha bir cəhət də ondan ibarətdir ki, Muxtar Respublikanın inkişafının siyasi və iqtisadi cəhətdən qiymətləndirilməsi və proqnozlaşdırılması zamanı elmi prinsiplərə də istinad edilmişdir. Bütün bunlara görə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" muxtar respublikasının inkişafının siyasi-iqtisadi cəhətdən əsaslandırılmış və elmi baxımdan hərtərəfli şəkildə işlənib hazırlanmış mükəmməl bir yol xəritəsidir. Bu mühüm Dövlət Proqramı nəinki muxtar respublikanın yenidən qurulmasına, sözün tam mənasında hazırkı mərhələdə yeni Naxçıvanın meydana çıxmasına imkan yaradacaqdır. Bu baxımdan Prezident İlham Əliyevin meydana qoyduğu genişmiqyaslı Dövlət Proqramı Naxçıvan Muxtar Respublikasının yeni tarixi dövrünün və müasir inkişafının Baş Planıdır.

Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasının yeni tarixi mərhələdəki müasir inkişafının təmin edilməsi baxımından nəzərdə tutulmuş mühüm iqtisadi tədbirlər kifayət qədər iri həcmə və geniş perspektivə malik olan əhəmiyyətli layihələrdir. Dövlət proqramında öz əksini tapmış Naxçıvan İqtisadi Zonasının yaradılması muxtar respublikanın inkişaf konsepsiyasının ana maddəsidir. Bu, Dövlət Proqramının "Mövcud reallıqlar" bölməsində düzgün şəkildə ifadə edildiyi kimi, regionun "xarici dövlətlərlə sərhəddə yerləşməsi nəzərə alınmaqla, Naxçıvan Muxtar Respublikasında vergi və gömrük güzəştləri müəyyən edilməklə, rəqabətqabiliyyətli ticarət qovşağının yaradılması imkanının dəyərləndirilməsi" deməkdir. Azərbaycanda hələlik yalnız Ələt İqtisadi Zonasının mövcud olduğunu nəzərə alsaq, Naxçıvan İqtisadi Zonasının ölkəmizin müasir inkişaf xəritəsində ən yeni ünvanlardan biri olacağını təsəvvür etməyə imkan verir. Ələt İqtisadi Zonası üçün beynəlxalq dəniz ticarət limanları və Bakı-Tbilisi-Qars dəmir yolu əlverişli imkanlar yaratdığı kimi, xarici dövlətlərlə qonşu olması, regionun Qərbə və Şərqə doğru açıq pəncərə funksiyasını yerinə yetirməsi də Naxçıvan İqtisadi Zonasının geniş üfüqlərini nəzərə çarpdırır. Dövlət Proqramında İqtisadi Zonalar üçün səciyyəvi olan vergidən və gömrük rüsumlarından azadedilmə güzəştlərinin tətbiq olunacağının nəzərdə tutulması Naxçıvan İqtisadi Zonasına ölkəmizin paytaxtından və digər regionlarından başqa, qonşu dövlətlərin sahibkarlarının da sərmayə qoyacağının qabaqcadan proqnozlaşdırılmasına imkan yaradır. Bu cəhətdən Naxçıvan İqtisadi Zonası geniş mənada Azərbaycan Respublikasının ticarət-iqtisadi əlaqələrinin ölkədaxili subyektivlərlə, yaxın xarici qonşular və hətta uzaq tərəfdaşlarla da daha yaxından bağlanmasına əhəmiyyətli töhfələr verə biləcəyinə işıq salır. Eyni zamanda, iqtisadi zonaların geniş əraziləri əhatə etdiklərini nəzərə alaraq, Naxçıvan İqtisadi Zonasının da muxtar respublikanın böyük miqyaslı infrastruktura malik iqtisadi mərkəzi funksiyasını həyata keçirəcəyini əyani şəkildə göz önünə gətirir. Naxçıvan İqtisadi Zonası muxtar respublikanın ən iri iqtisadi-mədəni ərazisi olacaqdır. Naxçıvanın hansı tərəfində salınacağından asılı olmayaraq, Naxçıvan İqtisadi Zonası muxtar respublikanın bütün regionlarının inkişafı üçün əsas hərəkətverici qüvvə rolunu oynayacaqdır.

Naxçıvan iqtisadi regionunun inkişaf etdirilməsi, Naxçıvan İqtisadi Zonasının fəaliyyət göstərməsi bu regionda nəqliyyat-logistika imkanlarının da genişləndirilməsi zərurətini çıxarır. Bu zərurət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğrunda mübarizə apardığı və dünyanın diqqət mərkəzində olan Zəngəzur dəhlizinin və Laçın koridorunun açılacağına da real tələbat yaradır. Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan Muxtar Respublikası Avropa və Asiyanı əlaqələndirən əsas nəqliyyat qovşağına çevriləcəkdir. Eyni zamanda, Naxçıvan İqtisadi Zonası faktoru ilə son illərin Azərbaycan-Türkiyə danışıqlarında aktiv yer tutan Bakı-Tbilisi-Qars Dəmir İpək Yolunun Türkiyənin Qars şəhərindən İqdır-Aralıq Dilucu marşrutu vasitəsilə qardaş ölkəyə aid hissəsinin və Sədərək-Naxçıvan-Culfa ərazisindəki davamının çəkilməsi məsələsinin həll edilməsi də zərurətə çevriləcəkdir. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaş ölkədə uğurla keçirilmiş seçkilərdən sonra Azərbaycana səfəri zamanı Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvana qədər çatdırılmasından söz açılması həmin mühüm əhəmiyyətə malik olan dəmir yolunun çəkilməsinin çox da uzaqda olmadığını göstərir. Bu isə Naxçıvanın Qərbdən Türkiyədən keçməklə Avropa ilə, Şərqdən isə İran-Türkmənistan yolu ilə Asiyaya ölkələri ilə əlaqələndirilməsini təmin edəcəkdir. Bundan başqa, Dövlət Proqarmında Azərbaycanın ayrı-ayrı regionlarından aşağı büdcəli aviareyslərin təşkil edilməsinin də nəzərdə tutulması Naxçıvanın ölkəmizin digər bölgələri ilə əlaqələndirilməsinə əlverişli imkanlar açacaqdır. Bu cəhətdən uzun illər ərzində fəaliyyət göstərmiş Naxçıvan-Gəncə aviareysinin bərpa olunmasından başqa, Naxçıvan-Qəbələ, Naxçıvan-Lənkəran hava marşrutlarının açılması da fayda verə bilər.

Beləliklə, son 30 ilə yaxın müddətdə blokada şəraitində qalan Naxçıvan Muxtar Respublikası İqtisadi Zonanın yaradılması ilə nəinki blokada məngənəsindən çıxacaq, hətta ölkə və dünya iqtisadiyyatı şəbəkəsi ilə qovuşmaq imkanları qazanacaqdır. Bütün bunlar isə Naxçıvanın sənaye məhsullarının, xüsusən mühüm əhəmiyyətə malik olan Naxçıvan duzunun, Badamlı və Sirab kimi misilsiz mineral suların, Naxçıvanın kimya üzü görməyən dadlı və təmiz meyvə-tərəvəz məhsullarının dünya bazarlarına, habelə respublikanın paytaxtı Bakı şəhərinə əlverişli surətdə daşınmasına, böyük bazarların investorlarının diqqətini cəlb etməsinə yol açacaqdır. Əldə olunan real gəlirlər Naxçıvan Muxtar Respublikasının bütün istiqamətlər üzrə inkişafına öz töhfələrini verməklə bərabər, həm də Azərbaycan Respublikasının dövlət büdcəsinin zənginləşdirilməsinə də xidmət edəcəkdir.

Təqdim olunan Dövlət Proqramında "elektrik enerjisinin istehsalı və ixrac üzrə mövcud potensialdan istifadə etməklə yeni bərpa olunan enerji (əsasən günəş) stansiyalarının, həmçinin istilik elektrik stansiyalarının tikintisi"nin ayrıca konkret maddədə ifadə edilməsi heç də təsadüfi deyildir. Çünki Naxçıvan alternativ enerji mənbələri baxımından çox geniş təbii imkanlara malikdir. Coğrafiyaçı alimlər və astronomlar çoxdan sübut etmişlər ki, kontinental iqlimə malik olmasına baxmayaraq, il ərzindəki günəşli günlərin sayına görə Naxçıvan regionu Azərbaycanda ilk yerlərdən birini tutur. Ona görə də Naxçıvanda günəş enerjisindən istifadə etməklə alternativ enerjini geniş miqyasda artırıb inkişaf etdirmək mümkündür. Dövlət Proqramında xüsusi olaraq günəş enerjisinin diqqət mərkəzinə çəkilməsi Naxçıvanda yaşıl enerjinin bu sahəsinin böyük həcmdə infrastrukturunun qurulacağından xəbər verir. Eyni zamanda, qeyd etməyi lazım bilirəm ki, alimlərimizin hesablamalarına görə Naxçıvan Muxtar Respublikasının Culfa şəhəri və ətraf ərazisi küləkli günlərin kəmiyyət göstəricisi etibarilə ölkə üzrə rekord imkanlara malikdir. Düşünürəm ki, Dövlət Proqramının imkanları hesabına Culfa rayonu ərazisində alternativ yaşıl enerjini küləkli günlərin potensialı hesabına da daha da artırmaq olar. Dövlət Proqramında nəzərdə tutulduğu kimi, bərpa olunan alternativ enerjinin Naxçıvandan Türkiyəyə və oradan da Avropaya ixrac edilməsi çox real iqtisadi səmərə verə bilən böyük potensiyalın işə salınması deməkdir. Uzun illər ərzində sərt iqlim şəraitində elektrik enerjisi qıtlığının əziyyətlərinə dözümlü münasibət bəsləməyi sınaqdan çıxarmış Naxçıvan Muxtar Respublikası üçün yeni tarixi mərhələdə Avropaya enerji ixrac edən bir regiona çevrilmək ölkə üçün də, beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyətə malik əhəmiyyətli hadisədir.

Qeyd etmək lazımdır ki, çətin blokada səbəbindən Muxtar Respublikada turizmin imkanlarından çox minimum səviyyədə istifadə olunmuşdur. Halbuki, Naxçıvan Muxtar Respublikasında turizmin bir neçə sahəsi özünün geniş imkanları ilə dünyanın bu sahə üzrə ixtisaslaşmış ayrı-ayrı ölkələri və regionları ilə rəqabətə girə bilər. Bu baxımdan Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasında ən müasir turizm infrastrukturunun yaradılmasının yer alması regionun rəqabətəqabiliyyətli mühüm turistik məkana çevrilməsinə tam əsas verə bilər. Dövlət Proqramında öz əksini tapmış ekoturizm, sağlamlıq turizmi, qış və kənd turizmi diyarın inkişaf səviyyəsini və simasını dəyişdirib inkişaf etdirən ən mühüm faktorlardandır. Naxçıvandakı qədim Duzdağ mağaraları dünyada burada olduğu səviyyədə analoqu olmayan nadir sağlamlıq turizmi bazası hesab edilə bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Duzdağının əhəmiyyətini aşağıdakı kimi yüksək qiymətləndirmişdir: "Duzdağ... ölkəmizdə təkcə saf və təmiz duzu ilə deyil, həm də şəfalılıq xüsusiyyətlərinə görə tanınmışdır. Hələ Nuh-Nəbi dövründən burada duz çıxarılır. Şöhrəti dünyaya səs salan İpək Yolundan əvvəl Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə Duz yolu uzanırdı... Qədim Naxçıvanın ən möcüzəli yerlərindən biri olan Duzdağın hər qarışında, dağında-daşında tarixin sirli, sehirli izləri gizlənmişdir".

Müxtəlif dövrlərdə Naxçıvan Duzdağı dünyanın tanınmış şəxsiyyətləri və elm adamları tərəfindən "Daş dövrünün insan məskənləri", "tarixdən əvvəlki dövrün duz mədənləri" (Skalon), "dünya duzlu torpaq sisteminin mərkəzi dairəsi", "daş duz formasiyasının nadir qatı" (P.Şeremetyevski), "gil dağının özəyi", "tükənməz duz mədənləri" (K.Nikitin), "duzlu formasiyanın çox nadir hallarda rast gəlinən ideal kəsimi" (A.Marqolus) kimi dərin mənalı fikirlərdə dəyərləndirilmişdir. Azərbaycan alimlərinin də Duzdağa həsr edilmiş qiymətli tədqiqatları vardır. Qədim dövrlərdə olduğu kimi, hazırda da Azərbaycan əhalisindən başqa Türkiyə və İran vətəndaşları da məhdud şəkildə olsa da Naxçıvandakı Duzdağ mağaralarının imkanlarından istifadə edirlər. Hətta sovet hakimiyyəti illərində Sovetlər İttifaqının rəhbərlərinin, Siyasi büro üzvlərinin Naxçıvan Duzdağına gəlmək niyyətləri, burada onlar üçün əlavə şərait yaradıldığı barədə rəvayətlər mövcud idi. Bundan başqa, vaxtilə Səfəvi hökmdarı Şah Abbasın da Naxçıvan Duzdağına gəlib burada müalicə alması, Duzdağda onun üçün duz saray düzəldilməsinə dair əhvalatlarda da reallığın payı az deyildir. Naxçıvan Duzdağının cəlbediciliyini və əhəmiyyətini nəzərə çarpdıran bu misallar qədim tarixə malik olan Naxçıvan Duzdağında sağlamlıq turizmini daha da genişləndirmək üçün əlavə addımların atılmasına əsas verir. Əvvəla, hazırda müalicə məqsədilə istifadədə olan Duzdağ mağarası Duz mədəninin həmin mağarasının yalnız bir hissəsini əhatə etdiyi üçün onun daha da uzadılması və genişləndirilməsi mümkündür. İkincisi isə Naxçıvan Duzdağında istifadəsi çoxdan dayandırılmış və hazırda istismarda olmayan başqa köhnə mağaralar da vardır ki, onlarda da sağlamlıq surizm üçün münasib şərait yaradıla bilər. Ümumiyyətlə, Naxçıvan Duzdağı Azərbaycanın misilsiz sərvətidir. Bəşəriyyətin ilkin məskunlaşma dövründən aşkar olunub istifadə edilən Naxçıvan Duzdağı Azərbaycanın qədim tarixini öyrənmək üçün zəngin material verir. Duzdağdan tapılmış daş baltalar, çapacaqlar, duzəzmə əşyaları və sair Naxçıvan Duzdağının tarixlə zəngin bir mənbə olduğunu sübut edir. Bəlkə  çoxları üçün qəribə olsa da, deməliyəm ki, Duzdağ ərazisində bir neçə axar su mənbəyi-kiçik çaylar və bir neçə bulaq və hətta bir şəlalə mövcuddur. Yüz hektarlarla ərazini əhatə edən Naxçıvan Duzdağında kəhrizlər və nadir bitki aləmi vardır. Bütün bunları nəzərə almaqla, gələcəkdə Duzdağ Dövlət Təbiət-Sağlamlıq Qoruğunun yaradılması və həmin ərazidə yeni infrastrukturun qurulması ilə bu unikal ərazinin turizm imkanlarını bir neçə dəfə genişləndirmək və dünyaya təqdim etmək mümkündür.

Fikrimcə, dini turizmin təşkili baxımından Naxçınandakı Əshabi-Kəhf mağaraları dünyadadkı bir neçə qəbul olunmuş müqəddəs siyarətgahdan sonra ən mühüm inanc yeridir. Tanrıçılıqla islam dəyərlərini özündə cəmləşdirən Əshabi-Kəhf dünyanın əsas dini turizm mərkəzlərindən biri səviyyəsinə qaldırıla bilər. Tarix və mədəniyyət abidələri vaxımından xüsusi zənginlikləri ilə seçilən Naxçıvan diyarı bu istiqamətdəki turizm sektorunun həcminin qat-qat artırılmasına şərait yaradcaqdır. Ağbulaq qış turizmi ilə Naxçıvanın turizm imkanları daha da genişlənəcəkdir. Deməli, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" qədim diyarın müasir turzim imkanlarına da gur işıq salır.

Hazırkı şəraitdə Dövlət Proqramında öz əksini tapmış Türkiyənin Aralıq-Dilucu məntəqəsindən - Ümid körpüsünə qədər 18 kilometr magistral qaz kəmərinin çəkilməsi və muxtar respublikanın Türkiyənin qaza şəbəkəsi ilə birləşdiriliməsi həm iqtisadi və həm də siyasi cəhətdən çox böyük əhəmiyyətə malikdir. Əvvəla, bununla Naxçıvana ixrac edilən qaza görə maliyyə ödənişlərinin həcmi xeyli dərəcədə azalacaqdır. Naxçıvanın Bakı-Tbilisi-Ərzurum qaz kəməri şəbəkəsinə qoşulması Azərbaycan qazının ölkəmizin ayrılmaz üzvi tərkib hissəsi olan bu diyara da gəlib çatmasını təmin edəcəkdir. Ən əsası  isə İğdır-Dilucu-Sədərək qaz  kəmərinin çəkilməsi və istifadəyə verilməsi ilə Naxçıvan maye qazdan istifadə baxımdan İran İslam Respublikasından asılılıqdan xilas olacaqdır. Son on ildə bu sahədə qonşu ölkə tərəfindən yaradılmış bəzi süni gərginliklər regionun qaz təminatı riskindən xilas edilməsinin zəruriliyini nəzərə almağı tələb edir. Bu baxımdan Naxçıvana qaz nəqlinin Türkiyə ərazisindən təmin edilməsi mühüm əhəmiyyətə malik addımdır.

Əlbəttə, "Naxçıvan Muxtar Respublikasınən sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" inkişafın müasir səviyyəsi üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına yeni bir tələbat doğuracaqdır. Azərbaycanın ən qabaqcıl ali təhsil ocaqlarından biri olan Naxçıvan Dövlət Universitetinin mövcud geniş potensialı burada istənilən yeni ixtisaslar üzrə kadrların hazırlanmasına şərait yarada bilər. Dövlət Proqramının uğurla həyata keçirilməsi məqsədilə Naxçıvan Dövlət Universitetində xarici dillər, iqtisadiyyat, beynəlxalq münasibətlər, turizm, menecment, muzeyşünaslıq və sair kimi ixtisasların imkanlarının daha da genişləndirilməsini tələb edir. Son illərdə Naxçıvan Dövlət Universitetində böyük uğurla həyata keçirilməkdə olan genişmiqyaslı islahatlar burada yeni dövrün mütəxəssis hazırlığı tələbatına ən qısa zamanda çevik münasibət bəsləniləcəyinə və mühüm nəticələr əldə ediləcəyinə dərin inam yaradır. Dövlət Proqramındakı Naxçıvan Dövlət Universitetinin imkanlarının daha da genişləndirilməsinə dair müddəalar da muxtar respublikada Dövlət Proqramının həyata keçiriləcək kadr potensialının formalaşdırılması işinə nikbin baxmaq üçün tam əsas verir. Xüsusən, Naxçıvan Dövlət Universitetinin nəzdində muxtar respublikada ilk dəfə olaraq ingilis dili təmaüllü məktəbin açılmasının öz əksini tapması yenidən ölkəmizə və dünyaya açılan Naxçıvanın ən müasir tələblər səviyyəsində təqdim edə biləcək yeni nəsil mütəxəssislərin də keyfiyyət dəyişikliklərini indidən görmək üçün bəs edir.

Artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Prezidentin Səlahiyyətli Nümayəndəsi İnstitutunun fəaliyyətə başlaması və qısa müddətdə muxtar respublikada məqsədyönlü islahatların uğurla həyata keçirilməsi ilə regionda yeni bir inkişaf mərhələsinin başlanılması təmin edilmişdir. Qədim diyar bu gün özünün müasir inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapmış genişmiqyaslı tədbirlər, böyük maliyyə tutumlu infrastruktur layihələri muxtar respublikanın daha böyük gələcəyini, uğurlu sabahlara aparan inkişaf ritmlərini bütün reallıqları ilə təqdim edir. Təqdim olunan Dövlət Proqramı vaxtilə Ulu öndər Heydər Əliyevin düşmən işğalından xilas etdiyi, yeni inkişafın möhkəm təməllərini atdığı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daim böyük diqqət və qayğı ilə əhatə olunmuş Naxçıvan Muxtar Respublikasının çoxillik tarixində fərqli bir intibah dövrünün başlandığını bəyan edir. Heç şübhəsiz, qəbul edilmiş möhtəşəm Dövlət Proqramı uğurla həyata keçiriləcək və ölkəmizə daha böyük nailiyyətlər qazadıracaq, xalqımıza daha xoş günlər bəxş edəcəkdir.

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı, akademik

“525-ci qəzet”

  • Paylaş: