Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Ürəyin ehtiyacı
22.06.2023 17:24
  • A-
  • A
  • A+

Ürəyin ehtiyacı

O, yaxşı bilirdi bu güc nə gücdür. Özü güclü insan idi və güc daşıyan dəyərlər onu daim cəzb edirdi. Ümumən, bu, tarix boyu elə güclülərin ayrılmaz keyfiyyəti olub. Cövhərində güc olanlar onları daha güclü edə biləcək nə varsa, o səmtə meyl ediblər və bu minvalla qovuşan güclər onları Qüdrətə çevirib.

Heydər Əliyev mətbuata həmişə məxsusi münasibət bəslədi: diqqətcil, tələbkar, qayğıkeş, dözümlü və müəyyən qədər də həmkarcasına, hətta bir az da ərkli.

Hər an istənilən ən qəliz suala da cavab verməyə hazır olduğundan jurnalist həmsöhbəti səviyyəcə daha yüksək olduqca o, danışmağa daha çox həvəslənir, daha artıq açılırdı. İstər bizimki olsun, istər xarici - onunla üzbəüz dayanan jurnalistin əsl peşəkarına rəğbətlə yanaşardı. AzTV-də işlədiyindən xarici ölkələrə səfərlərdə onu müşayiət edən jurnalist dəstəsinə hər dəfə adı əlavə edilən bir müxbir növbəti dəfə yenə ütülü, basmaqəlib sualını verəndə dözmədi: "Yaxşı sual da verə bilmirsiniz!"

Özü mahiyyətcə daim axtarıcılığa, tədqiqata, hər mətləbin dərininə getməyə mail olduğundan, mətbuatın və jurnalistin də üstdən gedəninə deyil, dərin qatlara enməyə qadir olanına rəğbət bəsləyirdi, mikrofondan, kameradan qaçan siyasətçilərə heç bənzəməzdi, hələ sovet dövründə belə ayrı yüksək çinli partiya və dövlət xadimlərindən fərqli olaraq, köntöy suallar verməyə adətkərdə əcnəbi jurnalistlərdən çəkinməz, o zamanların meyarlarıyla sovet siyasət adamı üçün gözlənilməz, qəliblərdən kənara çıxan cəsarətli cavabları ilə heyrətləndirərdi.

Səbəbsiz deyil ki, 1969-cu ilin yayında Azərbaycan respublika rəhbərliyinə gəldiyi ilk aylardan ta ömrünün sonunacan Heydər Əliyev müdam mətbuatla oldu.

Müxtəlif respublika qəzetlərini oxuyarkən çəkilmiş, həmin qəzetlərin də indi iftixarla, əziz bir yadigar kimi dönə-dönə çap etdiyi fotoları qalır. Belə fotoların miqdarca çoxluğunun səbəbi o deyil ki, əlində, masasının üstündə qəzetlər düzülən şəkillərini məqsədli olaraq bol çəkdirib. Yox, səbəb daha sadə, daha üzdə olan və təbiidir. Qəzetə, mətbuata, jurnalistlərə o qədər bağlıydı ki, onlarla birlikdə olduğu anlar da çox idi və əslində onun mətbuatlı şəkillərinin hamısı çəkilmiş olsaydı, indi bildiklərimizdən də qat-qat çox çıxardı.

Heydər Əliyev mətbuata arxalanırdı, ondan öz niyyətlərinin gerçəkləşməsi yolunda səmərəli istifadə edirdi, mətbuata dövlət işində ən etibarlı və qüvvətli silahdaş, köməkçi kimi yanaşırdı.

Azərbaycan Televiziyası 1969-cu ildə hələ sütül idi - 13 yaşı vardı. Ancaq artıq Azərbaycan mühitinə yetərincə sirayət etmişdi. Televiziyanın açdığı imkanlardan  dövlət və millət quruculuğu səmtində Heydər Əliyev yolunun başlanğıcından hakimiyyətini sürdüyü ən son dövrəcən ağılla, səriştə ilə, ustalıqla gen-bol istifadə etdi. Dövləti və xalqı yalnız kabinetdən deyil, həm də ekrandan idarə etdi. Mahiyyəti ilə müəllim olan bu insanın yüzminlərə gündəlik dərslərini verdiyi, Azərbaycan boyda auditoriyaya açılan geniş və etibarlı pəncərəsi, kürsülərin ən yüksəyi saydığı efir kimi yüksək kürsüsü vardı. Təbii, bunlar Heydər Əliyevdən əvvəlki və sonrakı respublika başçılarının da ixtiyarında olmuşdu. Amma heç biri əsl mənada sərvət, güc daşıyıcısı olan həmin vasitələrdən onun kimi yararlanmamışdı və heç yararlanmağa hazır da deyildi.

Televiziya ilə uzunmüddətli yol yoldaşlığı etməyi elə 1969-cu ilin yayından, respublikaya rəhbərliyə başladığı ilk günlərdən qət etdiyindəndir ki, ilk tapşırıqlarından biri oradakı gerçək vəziyyət barədə müfəssəl arayış hazırlanması olmuşdu.

1969-cu il sentyabrın 30-da Mərkəzi Komitənin növbəti büro iclası gedirdi və gündəlikdəki əsas məsələlərdən biri elə həmin geniş arayışın müzakirəsi, radio-televiziyanın sonrakı aqibəti haqqında qərar qəbul edilməsi idi.

...Sovet dönəmində təxminən bütün kinoteatrlarda Vladimir Leninin məşhur sözlərini yazıb divardan asardılar: "Bütün incəsənət növlərindən bizim üçün ən əhəmiyyətlisi kinodur". Lenin olanda nə olar. Kişi tam haqlı idi. Dübbədüz demişdi. Sovet hökumətinin yeni ayaq tutduğu çağlarda kütlələrə kinodan daha güclü və tez təsir edəcək ayrı qüvvəni təsəvvür etmək mümkün deyil. O vaxt üçün kino həm radio idi, həm televiziya, həm qəzet idi, həm də şəhər-şəhər, kənd-kənd gəzib dolaşan qabil təbliğatçı.

Televiziyadan Heydər Əliyevin dövlət işinin mühüm tərkib hissəsi kimi daim yararlanması öz yerində, amma mavi ekran (Azərbaycan ekranının ağ-qaralıqdan çıxıb sürətlə rəngliləşməsi də SSRİ-də ən ilklərdən biri kimi elə onun ardıcıl səyləri ilə baş verdi) həm də onun sirayətedici səsiylə, oturuşu-duruşu, ədaları, qətiyyəti və səmimiyyəti ilə Azərbaycan insanı ilə qaynayıb-qarışmasının, nəsil-nəsil soydaşımızın yaddaşına əbədilik həkk olunmasının körpüsünə çevrildi. Heydər Əliyev cavanlığından ixtiyar çağlarınacan yollarda oldu. Azərbaycanın bu başından o başına ömrü uzunu neçə dəfə səfər etdi. Az kənd-kəsək olar ki, Heydər Əliyevin ayağı oralara dəyməsin. Amma hər halda hər bir evə ki baş çəkməyib! Buna heç ömür də çatmazdı. Ancaq Heydər Əliyev həm də hər evdə olmaq istəyirdi, hər azərbaycanlıyla birgə olmağı arzulayırdı. Və ola bildi də. Heydər Əliyev dönəmində yaşamış azərbaycanlıların hər birinin şüuruna, varlığına yalnız bu ad yox, bu səs, bu iradə, bu cazibə elə hopub ki, onların hamısının tərcümeyi-halının ayrılmaz parçası kimidir. O, müdrik, dünyagörmüş idi. Yaxşı anlayırdı ki, hər gün, günaşırı ekranlardan üz-üzə dayandığı milyonlarla insanın arasında onu istəyənlər saysızcasa da, bu qədər camaatın içində müxalifi də var, ondan inciyi də, tərs düşünəni də. Onun insanlarla efir təmasları həm də bir təlqin idi. Heydər Əliyev dünyanın o həqiqətindən agah idi ki, gözün, qulağın yaddaşından ürəyə gedən yol uzaq deyil, bu şəkil, bu səs, onun güclü varlığıyla insanlara ötürdüyü enerji itib-batmayacaq, onlarla biryolluq qalacaq, o da hər bir adamın varlığında ömrünü davam etdirəcək. Onun ali peşəkar kimi bariz məziyyətlərindən biri bu idi ki, hər işin hər tərəfini, bütün yaxşı-yaman cəhətlərini saf-çürük etməyi xoşlardı. Bunu da düşünməmiş deyildi ki, geci-tezi var, bəlkə gün gələcək, onu dananlar çoxalacaq, bəlkə vaxt yetişəcək, kölgəsini qılınclayanlar artacaq, fəqət illər ahəstə-ahəstə burulğanları duruldacaq, sulara qatışmış lillər dibə çökəcək, hər şey səngiyəndən, aydınlaşandan, zaman tozanaqları yatandan sonra onu keçmişlərdəkindən daha artıq xiffətlə, həsrətlə, məhəbbətlə anacaqlar, ona dünənlərdəkindən də artıq dəyər verəcəklər.

Hələ Heydər Əliyevlə ayrılıqdan nə ötüb ki! Başqalarını qoyuram bir qırağa, Heydər Əliyev dövrünün ona ən barışmaz münasibət bəsləmiş ən qart müxalifətinin belə dilindən oxşar ürkək etirafları eşitdiyimiz az olmayıb ki, onun dövrü başqa dövr idi, qədrini bilməmişik!

Həzrət Əlinin "Nəhc ül-bəlağə"sində yaşayan köhnəlməz hikməti var: "Bizdən qabaqda gedənlər bizi gözləyəcək, bizdən sonra gələnlər özlərini bizə çatdıracaq. Çünki bizim yolumuz haqq yoludur!"

17 səhifəlik arayışın əsasında hazırlanmış, altında Heydər Əliyevin imzası olan bu qərar əslində Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin yaxın 5-10 il üçün fəaliyyət proqramı və getməli olduğu gələcək yolun layihəsi idi. Həmin arayışın altında komitədə yoxlama aparmış qrupun rəhbəri, "Azərbaycan kommunisti" jurnalının baş redaktoru Kamran Rəhimov və bu işdə onun müavini, Mərkəzi Komitənin Təbliğat və təşviqat şöbəsinin müdiri İskəndər Axundovdan başqa 16 imza dayanır (Araşdırmanı jurnalistlər, yazıçılar, alimlər, texnika, avadanlıqlar və yayım üzrə mühəndislər, digər mütəxəssislər, ümumilikdə 20 nəfər aparmışdı). Bu son səhifə özü ayrıca bir tarixi sənəddir. Haçansa Azərbaycan radio-televiziyasının layiqli muzeyi yaranarsa, orada yer alası qiymətli yadigar. Ad-soyadları açıq yazılmayıb, sadəcə, müxtəlif rəngli qələmlərlə çəkilmiş qollardır. Ancaq elə həmin imzalara baxınca adları Azərbaycan radio və televiziyasının tarixində həmişəlik qalacaq, millətimiz üçün böyük xidmətlər göstərmiş bu məkanın başlanğıc dövrünün peşəkar qurucuları sırasında həmişə sayğıyla anılacaq tanış surətlər canlanır göz önündə. Bu arayışı da bütün istiqamətlər üzrə dəqiq təhlillər apararaq elə tərtib ediblər ki, Heydər Əliyevin imzalayacağı, radio-televiziyanın həyatında yeni səhifə açacaq qərara köməyi dəyə bilsin.

1969-cu ildən çox onillər keçib. Ancaq o vaxt mənzərə necə idi və çıxarılan qərar hansı dəyişikliklərə meydan açdı söhbətini yalnız ona görə xırdalamıram ki, bütün bunlar Heydər Əliyevin həyatının səhifələridir. İş ondadır ki, o vaxt bu arayış əsasında çıxarılmış qərar elə mətləblərə toxunur və radioya, televiziyaya bu xalqın elə vacib dəyəri kimi baxır, onun çəkisini, gücünü artırmaq üçün elə vəzifələr müəyyənləşdirir ki, indi də onlara yenidən qayıtmağa, yolun bundan sonrakı hissəsinin daha düzgün gedilməsindən ötrü onlardan yararlanmağa lüzum var.

1968-ci ildən başlayaraq yoxlamayadək sürən son 1 il 3 ayda komitəyə İmran Mirzəyev sədrlik edirmiş.

Xatirimdədir ki, 1980-ci illərin sonlarına qədər radio-televiziyaya hər gün yüzlərlə məktub gələrdi. Dinləyici, tamaşaçı məktublarının çoxluğu onların sistemləşdirilməsi, ayrı-ayrı redaksiyalar arasında bölüşdürülməsini təmin etməkçün xeyli əməkdaşı olan, hər gün işlə qaynayan ayrıca məktublar redaksiyası yaradılması zərurətini doğurmuşdu.

Sonralar insanlarımızın bu məkana əvvəlki inam və istəklə baxmaması, üstəlik, məktubyazma ənənəsinin də qəfilcə soyuması ucbatından o redaksiya da ləğv edildi, radio-televiziyanın da insanlarımıza əvvəlki məhrəm münasibətlərindən əsər-əlamət qalmadı.

Arayışda yazılırdı ki, komitəyə 1966-cı ildə vətəndaşlar 8.926 məktub yollamışdısa, bu rəqəm 1968-ci ildə 15.848-ə çatmışdı. Amma yeni rəhbərliyin dövründə bu rəqəm keçmişdə hər il artdığı halda kəskin aşağı düşmüşdü. 1969-cu ilin ilk 6 ayı ərzində Mehdi Hüseyn küçəsi 1-ə cəmi 6.254 məktub yollanmışdı. Və Heydər Əliyevin göstərişi ilə araşdırmanı aparanlar məktubların azalmasını verilişlərin keyfiyyətinin aşağı düşmə səbəblərindən hesab etməkdən əlavə göndərilən məktublardan gələn səslərə diqqətin zəif olmasından da gileylənərək yazırdılar ki, məktublardan istifadənin bircə yolunu bilirlər - bunların əsasında sifariş konsertləri tərtib etməkdən o yana keçmirlər. Halbuki o məktublar neçə maraqlı verilişə qida verə bilərdi.

Həmişə komitədə radio daha yüksək səviyyəsi ilə seçilmişdi. Yalnız ona görə yox ki, milli radiomuz televiziyadan 30 yaş böyük idi. Sadəcə, əvvəldən iş elə qurulmuşdu ki, bura təsadüfi adamları götürməmişdilər. Böyük əksəriyyəti istedadlı insanlar idilər, ona görə də çoxu sonralar Azərbaycanın adlı-sanlı şairləri, yazıçıları, alimləri kimi tanındılar, sevildilər, hazırladıqları verilişlərin əksəri "qızıl fond"da həmişəlik qorunmaq haqqı qazandı. Televiziyanı qüvvətləndirmək üçün daim radioya arxalandılar. O vaxtlar radionun 9 baş redaksiyası olduğu halda televiziyada bu rəqəm 7 idi. Əlbəttə, illər ötdükcə televiziyanın imkanları artmalı idi. Artdı da. Ancaq heyiflər ki, zəngin ənənələri olan Azərbaycan radiosunu naşı idarəçiliklə nəhayətdə cılızlaşdıra-cılızlaşdıra aciz duruma gətirdilər.

O vaxtlar radionun ayrıca "Araz" proqramı vardı ki, çox sevilərdi. O çağlar respublika radiosunun gündəlik səslənişi elə "Araz"la birlikdə sutkada 32 saatmış. Televiziyamızsa 29 saat göstərirmiş. İndi televiziyanın saatları qat-qat artıbsa da, radionunku azalıb. Bir zamanların örnək Azərbaycan radiosunu, təəssüflər ki, özəl radiolara oxşatmaq kimi yanlış, xətalı yol tutulub.

Heydər Əliyevin imzaladığı qərar Azərbaycan radio və televiziyasını ən əvvəl daha öyrədici etməyə yönəldirdi. Ucuz musiqi parçaları ilə doldurulan bolluca konsert proqramlarının əvəzinə tanınmış yazıçıları, alimləri, ziyalıları cəlb etməklə məzmunlu verilişlər hazırlamaq, verilişlərin böyük hissəsinin daha çox qonorar almaq xatirinə elə əməkdaşlar tərəfindən hazırlanması vərdişinə son qoyaraq qüvvətli qələmi olan kənar müəlliflərdən geniş istifadə tövsiyə olunurdu. Xaricə verilişlərin həcminin də, məzmununun da, keyfiyyətinin də artırılması vəzifə kimi qarşıya qoyulur, respublika mətbuatında radio-televiziya haqqında mütəmadi təhlil yazılarının dərc ediləsi, bununla da efir məkanının həmişə nəzarəti hiss etməsi, daim səfərbər olması istənilirdi, komitənin nəzdində fəaliyyət göstərmiş, artıq ləğv edilmiş olan simfonik orkestrin bərpa edilməsinin məqsədəuyğunluğundan əlavə yeni musiqi kollektivlərinin yaradılması gərəkli bilinirdi. Üstündən yarım əsr sovuşandan sonra isə o vaxt o cür yarıtmaz işləmişlərin dayaz mənəvi varisləri zəngin ənənələri və irsi olan simfonik orkestri də, radio-televiziyanın digər musiqi kollektivlərini də ləğv edəcək, uzun yaşlı sanballı verilişləri öz gödək arşınları ilə ölçərək gərəksiz sayacaq, qapadacaq, elə 50 il qabakı kimi, yenə efiri ortabab, bəzənsə lap ortadan da aşağıbab musiqi horralarıyla dolduracaqlar.

Respublikanın intellektual qüvvələrinin komitənin işinin daha səviyyəli qurulmasına cəlb edilməsi, əməkdaşların müasir tələblərə uyğun peşəkarca yetişdirilməsi ilə bağlı tədbirlər görülməsi, radio-televiziyanın maddi-texniki bazasının gücləndirilməsi qət edilirdi. Əgər sən radio-televiziyanı özünə silahdaş və mötəbər dayaq kimi seçirsənsə, gərək onun inkişafı üçün əlindən gələni də edəsən.

Və Heydər Əliyev də bu işi elə respublikanın birinci şəxsi təyin edildiyi ilk aylardanca başladı. Həmin qayğının bəhrəsini xalq da gördü, radio-televiziyadan dövlət maşınının mühüm hissələrindən biri kimi yararlanan hakimiyyət də, bilavasitə elə həmin dövlət maşınının əsas sükançısı olan Heydər Əliyev özü də.

...Heydər Əliyev iqtidara gələndə respublikada həm statusuna, həm tirajına görə birinci sayılan "Kommunist" qəzeti yarım əsr idi ki, buraxılırdı. Amma Heydər Əliyev ilk rəhbər idi ki, təzə gəldiyi çağlardan mətbuatdan onun sözlərini hər kəsə çatdıran vasitə kimi tam həcmdə yararlanmaq, mətbuatın da səsini həssaslıqla dinləmək xəttini tutdu. Qəzet sözünün kəsəri Heydər Əliyev dönəmində əvvəlki çağlara baxanda müqayisəedilməz qədər artdı.

A.Şopenhauer qəzeti "tarixin ani atıcıları, qəzetlərin baş məqalələrini hadisələr dramında xor" adlandırır və əlavə edirdi ki, "qəzet çox vaxt ucuz metaldan hazırlansa da, ara-sıra hədəfə çox dəqiq vurur".

Heydər Əliyevin Azərbaycana rəhbərliyi haylı-küylü başlandı. Dünənəcən gizli qalan, xalq arasında pıçhapıçla danışılan çox mətləblər dəlili-sübutuyla qəzet səhifələrində göründü.

Sovet dönəmində raykom katiblərinə "balaca padşahlar" deyərdilər. Səlahiyyətləri sadəcə çox yox, hüdudsuz kimiydi. Bəziləri bu imkandan bir qədər də sui-istifadə edərək özlərini həmin rayonun sərhədlərində az qala yerin-göyün sahibi, hakimi-mütləq kimi aparar, müti rəiyyət kimi baxdıqları adamlarla qudurğan ağa kimi davranardılar. "Kommunist" qısa bir zamanda onların da, onlardan da yüksək vəzifə sahiblərinin də qoparağını necə götürdüsə, bu redaksiyadan gələn müxbirin qarşısında hamısı özünü yığışdırdı.

Qəzetdə çıxan hər tənqidi yazının respublikada vəlvələ saldığı, qəzetin hər sayının əl-əl ötürüldüyü o illərin canlı şahidi, özü də bir nömrəli qəzetin elə bir nömrəli müxbirlərindən olmuş Rəfail Nağıyev mənə söyləyirdi ki, qəzetin, mətbu sözün belə qiymətə minməsi qəzetin də hörmətini artırdı, cavanlar arasında jurnalistika ixtisasına yiyələnmək istəyənlər də çoxaldı. Rəfail müəllim söyləyirdi ki, dünənəcən kabinetinin qarşısında qəzet əməkdaşını da, müxtəlif yüksək vəzifə sahiblərini də təkəbbürlə saatlar boyu gözlətməkdən xoşhallanan neçə naziri, direktoru, rəisi, idarə müdirinin yüz cür xahiş-minnətlə "Kommunist" redaksiyasına gələrək boynubükük dayandığını çox görmüşəm. "Kommunist"in də qazandığı bu nüfuza və sanbala görə birbaşa Heydər Əliyev qarşısında məsuliyyəti vardı.

Heydər Əliyevin KQB-dən gəlməsinin çoxlarında olduğu kimi, onlarda da yaratdığı bir xof da vardı ki, heç vəchlə sol getməməlisən, bilmərrə cızığından çıxmamalısan - hökmən biləcək.

1969-cu ilin sentyabrında iki gün dalbadal - ayın 27-si və 28-də "Kommunist"də "Bir məktubun izi ilə" rubrikası altında "Lənkəran malikanələri" adlı 2 böyük məqalə dərc edilir. Qəzetin müxbirləri o yazıları cənub bölgəsindən göndərilmiş bir məktubun dalıyca düşərək yazmışdılar. Və Heydər Əliyev də göstəriş verir ki, məktubun izi ilə gedilərək ortaya çıxmış bu məqalələrdə bəhs edilənlərin nə dərəcədə doğru olmasının ardınca olsunlar və məsələ müfəssəl şəkildə araşdırılsın.

Büronun iclasına "Kommunist"in redaktor müavini də çağırılır. Çünki tənqid yazanın başı həmişə qalda olar və hər kəskin məqaləsindən sonra müxbirlərin özlərindən də Mərkəzi Komitəyə şikayətlər göndərməyə başlayırdılar ki, nələrisə düz yazmayıb, haradasa qərəzkarlıq edib. Hər dəfə belə məqamların müzakirəsi əsnasında Heydər Əliyev qəzetin, jurnalistin yanında olduğunu büruzə verir, hərdən bunu elə açıqca da dilə gətirir. "Lənkəran malikanələri" ilə bağlı da xeyli şikayət məktubları alınmışdı. Üstəlik də, rayon rəhbərləri büroda da özlərini təmizə çıxarmaq üçün jurnalistləri doğru yazmamaqda ittiham edirdilər.

Heydər Əliyevdir danışan: "Burda "Kommunist" qəzetinin müxbiri haqqında irad bildirildi. Qəzetin redaktor müavini burdadır. Mən artıq demişəm, bir də deyirəm ki, ayrı-ayrı müxbirlərlə əlaqədar bizə siqnallar gəlir. Biz mətbuatı çox müdafiə edirik. Ancaq sui-istifadəyə də dözən deyilik. Bu məsələni də araşdırın".

Elə həmin Rəfail Nağıyev deyən məsələdir. İnanırdı, dayaq dururdu, qoruyurdu, amma açıq və örtülü mətnlə də xatırladırdı ki, etibarı itirmək olmaz, ədalətli olun, düz yazın ki, dostluq axıradək çəksin.

...Zaman ayrı zaman idi. Rayon yerində, kənd-kəsəkdə yaşayanlar, təbii ki, fərdi evlər tikmək istəyirdilər. Daha keçmişdəki kimi qarğıdan-qamışdan, lap çiy kərpicdən ev qurmaq əyyamları keçmişdi. Ancaq sovet dövrünün öz məhdudiyyətləri də vardı. Rayonlara ayrılan tikinti materiallarının həcmi çox olmurdu. Tədricən hamının istəyinə çata bilməsi üçün hər rayona ayrılan taxta-şalban da, daş-kərpic də gərək elə insafla, ədalətlə bölünə idi ki, kiminsə işi dərhal düzəlib, kimlərsə illərlə intizarda qalmayaydı. Lənkərandan gələn məktublardasa camaat şikayətlənirdi ki, bax, filankəslər böyük mülklər tikdirirlər, bizsə illərdir bir maşın taxta ala bilməyin həsrətini çəkirik.

Bugünün adamlarına belə söyləmələr nağıl kimi gələr. İndinin insanı gedir girir dükana, bəyəndiyi minik maşınını seçir, pulunu ödəyir, elə bir neçə saata sənədləşmə də həll olunur, oturur avtomobilinə, sürüb gəlir evinə.

Ya hər rayonda, şəhərdə sıra-sıra inşaat materialları satılan mağazalar, sexlər. Gir hansına istəyirsən, pulun varsa, kimdir qarşısını kəsən - bir yox, iki maşın taxta al apar, kimdir sənə söz deyən! Alış-verişin qəbzini də cırıb atırlar ki, artıq kağız-kuğuza nə gərək! Amma uşaqlıq illərimdən yadıma gəlir ki, evimizdə köhnə bir qovluq vardı, içərisində çox illər qabaq tikilmiş evimizin inşası əsnasında alınmış hər kubmetr taxtanın, hər maşın qumun, hər kisə sementin qəbzləri, arayışları saxlanırdı və təxminən hər evdə də belə qorunan qovluq olardı ki, günlərin birində gəlib "evini necə tikmisən?" soruşulanda cavab verməyə əldə sənəd-sübut olsun.

Müxbirlər şikayət məktublarının izi ilə Lənkərana gedib araşdırmalara başlayanda görmüşdülər ki, son 5 ilə yaxın müddətdə rayon icraiyyə komitəsinə daxil olan 950 ərizənin təqribən 600-ü tikinti materialları almaqdan ötrüdür. Ərizə yazıblar, götürülüblər növbəyə, qalıblar illərcə gözləyə-gözləyə. Sağlarında-sollarında kimlərsə nə ərizə yazıb, nə illərlə həsrətlə gözləyib, yekə-yekə mülkləri də rahatca tikiblər, qonşular da qalıb baxa-baxa.

Ya bir nəfər gəlib rayon icraiyyə komitəsinə müraciət edib ki, yaşlaşmışam, şəxsi istifadədən ötrü "Volqa" maşınına ehtiyacım var. Ərizəsinin üstünü dərhal dərkənarlayıblar ki, növbədənkənar təmin edilsin. Həmin adam alır maşını, üstündən vur-tut 9 gün sonra satır Azərbaycan zərgərlik kontorunun Lənkərandakı mağazasının müdirinə. Gendən baxan, illərlə növbədə duranlar da çörəyi burunlarına yemirdi. Əhali şikayət ərizələri göndərmişdi, müxbirlər gedib başlamışdılar eşələməyə. Sual verirdilər ki, axı niyə Lənkəranda bir dəstə adamın xüsusi bəxti var?! Vur-tut son 8 ay ərzində 30 qəpiyə alınan lotereya ilə 4 "Volqa", 5 "Moskviç 408", 4 "Zaporojets" udulub və bəxti ayaq üstə olanlar da nədirsə, heç biri kasıb deyil, imkanlı-pullu adamlardır?

Heydər Əliyev belə-belə natəmiz əməliyyatların varlığından Dövlət Təhlükəsizlik Komitəsində 25 illik yol keçmiş bir şəxs kimi istənilən partiya işçisindən yaxşı xəbərdar idi, məsələnin cikini-bikini, belə sövdələşmələrin də necə baş verdiyini bilirdi. Respublikaya rəhbərliyə başlarkən də əsas niyyətlərindən biri sosial ədalətsizliyi rəf etmək, haqqı, düzgünlüyü bərqərar etmək idi. Hadisələrin altından-üstündən bixəbər olmadığından onu aldatmaq da çətin idi. Çətin yox, mümkünsüz idi.

1970-ci ilin 24 iyulu idi, büronun növbəti iclası gedirdi, çöldə yayın cırhacırı idisə də, içəridəki hərarət heç bayırdakından geri qalmazdı. Lənkəran hekayətinə nöqtə qoymaq, qanunu pozanların dərsini vermək, bununla həm də digər rayonların rəhbərliyinə "Qızım, sənə deyirəm, gəlinim, eşit" xəbərdarlığını çatdırmaq lazım idi. Heydər Əliyev iclası yekunlaşdırırdı: "Lənkəran Rayon Partiya Komitəsinin katibi Babayev gəlmişdi qəbuluma. Məni inandırmağa çalışırdı ki, heç də hər şey obyektiv əks etdirilməyib. Ancaq biz ayrıca komissiya düzəltmişdik ki, "Kommunist"in yazdıqlarını da araşdırsın. Nə yazıblarsa, əsasən düzdür. Biz bu məsələləri müzakirə etmişdik, nöqsanlar göstərilmişdi, özümüz işi qəsdən uzatdıq ki, vaxt çox olsun, yoldaşlara imkan verilmişdi ki, islah olunsunlar, vəziyyəti sahmana salsınlar. Nəticədə nə olub? Bu tənqidlərdən nə katib Babayev, nə Lənkəran Rayon Partiya Komitəsinin digər büro üzvləri düzgün nəticə çıxarıblar. Özlərinə haqq qazandırmaq üçün üsullar axtarıblar".

Söz gəzirdi ki, Heydər Əliyev respublikaya rəhbərliyə təzə başlayanda tam barışmaz, çox amansız olub, cəza verəndə baltanı dibindən vurub. Ancaq görürəm ki, yox, sənədlər başqa şey deyir. Büronun stenoqramı köhnə günlərin əhvalatlarını sözbəsöz dəqiqliyi ilə çatdırır. Yenə Heydər Əliyevdir danışan, qərarını elan edir: "Qərar layihəsinə gəlincə, onu qəbul etmək lazımdır. Babayev də, digər yoldaşlar da partiyadan çıxarılmağa layiqdirlər. Qərar layihəsində belə də yazılıb. Ancaq gəlin biz onların işdən çıxarılması haqda qərar qəbul edək, amma şəxsi işlərinə yazılmaqla töhmətlə kifayətlənək".

Heydər Əliyevin xasiyyətində hərdən qəfilcə ən sərt mövqedən aralanaraq belə mülayimləşmə də varmış. Yapışdığından əl çəkməyən deyilmiş, qarşısındakı günahlarını səmimiyyətlə etiraf edəndə bağışlamağa da hazır olurmuş.

Yəqin, o iclasda raykom katibinin üzrxahlıqları ona təsir edib ki, artıq qərar layihəsi hazır olsa da, partiyadan xaric etmək cəzasını qoyub qırağa.

Partiya üzvlüyündən xaricetmə gününə görə elə ölümə bərabər bir hökm idi. İşdən çıxarılmısan, nə eybi, vaxt ötər, yenə haradasa işə düzələrsən, yolun davam edər. Amma partiyadan qovulmusansa, bu, elə ləkə idi ki, üzünə bütün qapılar bağlanırdı.

..."Kommunist" qəzetinin nömrələri il-il tikilib, cildlənib, kitabxanalarda, arxivlərdə qalır. Oradakı yazıların əksərində yarandığı vaxtın möhürü var. O dövr, o siyasət gedib, zəmanənin hökmü ilə qələmə alınmış həmin yazılar da bu gün daha maraq kəsb etmir. Ancaq vaxtında o yazıların hər biri tale dəyişə bilib. Mən həmin Lənkəran məqalələrini Mərkəzi Komitə Bürosunda bu məsələnin müzakirələri ilə bağlı sənədlərlə tanış olandan sonra aradım. Məqalə yazılıb, böyük olduğu üçün iki hissəyə ayrılaraq çap edilib və bircə məqalə aylarca dövlətin diqqət mərkəzində saxlanılıb. Bircə məqaləylə bağlı dövlət səviyyəsində bir neçə mötəbər komissiya yaradılıb, Lənkərana gediblər, günlərlə, həftələrlə araşdırmalar aparıblar, mövzu iki dəfə Mərkəzi Komitənin Bürosuna çıxarılıb. Nəticədə böyük bir dəstə adam tutduqları vəzifədən xaric edilib, əhvalatın əks-sədası Azərbaycan boyu yayılıb, hamı da aşkarca görüb ki, bütün bu mərəkə bir qəzet məqaləsindən başlandı.

Köhnə mətbuat işçilərinin neçəsinin köks ötürərək xiffətlə: "Onda mətbu sözün qılınc kimi kəsəri, qəzetin hörmət-izzəti vardı" dediyini eşitmişəm. Mətbuat ona görə hörmətliymiş, qəzetin sözü ona görə itiymiş ki, ona arxalanan və onun arxalandığı qüvvə varmış.

İnsan əməyinə qiymət veriləndə, ətrafdakılar onun qəlbən sevərək gördüyü işə biganə baxmayanda xoşbəxt olur. Məhz belə - sadəcə sevinmir, yalnız fərəhlənmir, özünü bəxtiyar hiss edir. İllər öncə neçə sabiq "Kommunist" əməkdaşı mənimlə xatirələrini öyünərək bölüşüb ki, Heydər Əliyev məqaləmdən sonra redaksiyaya zəng vurmuşdu, ya felyetonumdan büroda danışmışdı, yaxud mənim məqaləm vasitəsilə haqqı tapdalanmış kimlərinsə vəzifəsinə qaytarılmasına, müşkülünün həll olunmasına göstəriş vermişdi.

Çörəkləri qələmdən çıxan, həyatdakı əsas zövqü yazı-pozudan alan o köhnə jurnalistlər sevimli peşələrini, qəzeti qaldırdıqlarına görə Heydər Əliyevə minnətdar idilər. Artıq müstəqillik illərində, Azərbaycan Prezidenti olduğu vaxtlarda başqalarına rəsmi dövlət təltifləri və fəxri adları verən Heydər Əliyevə müxtəlif redaksiyalar rəmzi "Mətbuatın dostu" mükafatları da verdilər, o da getdi, tədbirlərinə qatıldı, qəbul etdi. Ömrün, hakimiyyətin, şöhrətin elə zirvəsindəydi ki, artıq verilə biləcək nə qədər belə mükafatdan ucada dayanırdı. Ancaq həmin mükafatı bir rəmz sayaraq qəbul edirdi. Di gəl, qəbul etmədiyi təltiflər də vardı. Necə ki, dərin zəkası ilə çoxdan alimlik mərtəbəsinə yüksəlsə də, elmin inkişafına çox töhfələr versə də, onu elmi dərəcə və rütbəyə təqdim etmək istəyəndə razılaşmamışdı. Jurnalistlərin cavan nəslinin onu özlərinə arxa sayaraq mətbuatın dostu kimi mükafatlandırmasını isə məmnuniyyətlə qəbul edirdi. Ədəbiyyat, mədəniyyət xadimlərinin, bir də jurnalistlərin arasında ilk baxışdanca duyulurdu ki, Heydər Əliyev özünü doğma mühit, ruhən ona yovuqların arasındaymış kimi hiss edir. Hansı xarici səfərə çıxsaydı, yanında iri bir jurnalist dəstəsi olardı. Zahirən bəlkə də AZƏRTAC-ın, Azərbaycan Televiziyasının müxbirləri yetərli idi ki, səfərin gedişini bütün təfərrüatı ilə işıqlandırsınlar. Ancaq çoxmüxbirli dəstə daim yanında idi. Müstəqilliyin ilk illərində xəzinənin hələ boş olduğu, özüylə apardığı hər jurnalistin əlavə yük, izafi məsrəflər olduğu vaxtlarda da, artıq informasiya blokadasını çoxdan yarmış olduğumuz, sözünü dünyaya çatdırmaqçün bəlkə də onu müşayiət edən bu irilikdə dəstəyə daha sən deyən ehtiyacı olmadığı çağlarda da.

Ehtiyacı hər halda varmış. Bu, ürəyin ehtiyacı idi. Həmişə həqiqi dost, etibarlı köməkçi saydığı və özünün də sədaqətli dostu, sabit dayağı olduğu mətbuatla, jurnalistlə - simsarlarıyla birgə olmaq ehtiyacı.

O, hər cəhətdən əvəzolunmaz bir şəxsiyyət idi. Elə bu baxımdan da onun kimisi olmayıb, çətin ki, bundan belə də ola!

Rafael HÜSEYNOV, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik

“525-ci qəzet”

  • Paylaş: