Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

İçimizdəki saat
24.06.2023 15:20
  • A-
  • A
  • A+

İçimizdəki saat

Ömrümüz musiqisiz çox dadsız, rəngsiz, sönük olardı. Bəlkə də insan oğlu həyatını yeknəsəqlikdən qurtarmaqçün musiqini sözlərdən, dildən əvvəl yaradıb və elə həmin səbəbdəndir ki, sözlər heç vaxt içərimizi musiqi qədər doldura, ürəyimizdən keçənləri onun qədər sərrastlıqla ifadə edə bilmir.

O da, hər birimiz kimi, musiqini sevirdi. Həm də musiqinin hər çeşidini duyaraq sevirdi. Ancaq muğamı da, sazı da, cazı da sevsə də, o, miqyasları ilə simfoniyaya daha çox oxşayırdı.

Adam olmaz ki, zümzümə etməsin. O da hərdən oxuyurdu. Qəlbə yatan baritonu da vardı. Ovqatının duru vaxtında, məhrəm insanlar arasında, ailə məclislərində ara-sıra özünü saxlaya bilməzdi, başlardı oxumağa, özü də ürəyini boşaldardı, yığnaq da bəzənərdi.

Ancaq musiqini bir rəmz olaraq götürüb onun varlığı, taleyi ilə tutuşduranda görürsən ki, ən əvvəl qüdrətli bir bəstəkara, qadir bir dirijora bənzəyir. Millətinin vaxt içərisindəki yolu haqqında simfoniyalar yazan misilsiz bəstəkara, millət orkestrinin önünə çıxaraq həmin əsəri ifa edən xalqını yönəldən ən mahir dirijora!

Bunları sadəcə poetik bənzətmələr kimi qəbul etməyin. Çox məşhur misiqiçilərimizin neçəsi də bu düşüncəni bölüşürdü, Heydər Əliyevin daxili aləmi, şəxsiyyəti, xətti və əməlləriylə çox sevdiyi və bağlı olduğu musiqi aləmi arasında heyrətli dərəcədə üst-üstə düşən məqamların olmasını təsdiqləyirdilər.

...Yeni əsrimizin əvvəllərində Azərbaycan televiziyasında hazırladığım, Heydər Əliyev şəxsiyyəti və yoluna müxtəlif görüm bucaqlarından işıq salan "Əbədiyyət" adlı verilişlər silsiləsini sonralar neçə illər hər ilin mayında və dekabrında - Ulu öndərin doğum və anım günləri ərəfəsində təkrar göstərərdilər. İllər ötdükcə həmin verilişlərdə Heydər Əliyev haqqında söz açan, xatirə bölüşənlərin də neçəsi həyatdan getdi və "Əbədiyyət"lərin o buraxılışları da qaldı dünəndə. Amma heç istəmirəm ki, hərəsi neçə maraqlı tarixçə yaşadan həmin verilişlər televiziya arxivinin rəflərində sükut içərisində uyumaqda davam etsin. Yazılaşdırıram ki, o isti sözlər, mehriban yaddaşlar həmin söhbətləri görüb-eşitməmiş insanlarçün də çatımlı olsun.

O gün bizi Heydər Əliyevli dünənlərə qaytaranlar görkəmli sənətkarlarımız, müğənni Zeynəb Xanlarova idi, pianoçu Fərhad Bədəlbəyli, bir də bəstəkar Aqşin Əlizadə. Arxada qalan illərdə, heyiflər ki, Aqşin müəllimi də itirdik (1937-2014).

Qonaqlarımızla studiyada görüşməzdən öncə iki dəstə çiçəklə Fəxri xiyabana getmişdim. Sadəcə ziyarət deyildi, orada söylədiklərim də elə hazırlayacağım verilişə müqəddimə olacaqdı.

Bütöv Azərbaycanda - Güneyli-Quzeyli yurdumuzdakı köhnəli-təzəli, irili-xırdalı məzarlıqlar arasında ikisi var ki, bütün xalqımız üçün müstəsna müqəddəslik daşıyırlar. Elə məzarlıqlar ki, orada uyuyanlar, istisnasız olaraq, hamının qohumudurlar. O iki ünvana and içmək, tapınmaq olar. Birinin yaşı qocaman, biri ona nisbətən xeyli cavan. Lakin siqlətcə, mahiyyətcə hər ikisi eynidir. Təbrizdə "Məqbərət üş-şüəra", Bakıda Fəxri xiyaban. Birincinin yaşı çoxsa, 1000-i keçirsə də, ikincinin hələ heç 100-ü tamam olmayıb - Vətən oğullarına ağuşunu ilk dəfə 1948-də açıb. Ancaq 1948-ci ilin noyabrında vəfat edərək Fəxri xiyabana köçən Üzeyir Hacıbəyli ilə 1000 il əvvəl, 8 əsr, 7 yüzil qabaq dünyasını dəyişmiş Qətran Təbrizi də, Mücirəddin Beyləqani də, Zülfiqar Şirvani də əslində çağdaşdırlar, onlar Vaxtın ölməzlik qatında eyni sıradadırlar.

Heydər Əliyev həyatdan gedəndə ona ayrıca bir mavzoley də düzəltmək mümkün idi. Necə ki, Türkiyədə Atatürkün Anıt qəbri var. Ancaq nə qədər gəlib-gedəni olsa da, orada tək darıxacaqdı. Hətta yan-yörəsində bir neçə yaxını, doğması olsa da, tənhalıqdan əziyyət çəkəcəkdi. Çünki o, elə bir ömür yaşamışdı ki, həmişə sağı-solu insanlarla dolu olmuşdu. Və indi əsl yerindədir. O məkanda ki, orada rahatdır. Çünki ruhdaşlarının arasındadır.

Və onu anmaq üçün məşhur musiqiçiləri dəvət etdiyim günün səhərini Fəxri xiyabandan başlayarkən məqsədim o idi ki, ayrı-ayrı istiqamətlərdə getsələr də,  Azərbaycan xalqının tarixində və taleyində oxşar vəzifəni yerinə yetirməyə ömür həsr etmiş iki şəxsiyyətə salam verim. Ona - Heydər Əliyevə və musiqiçilərimizin hamısının babası Üzeyir Hacıbəyliyə.

Üzeyir Hacıbəyli müasir peşəkar Azərbaycan musiqisini yaratdı, Azərbaycanın musiqi siyasətini qurdu, müasir Azərbaycan musiqi zövqünü, musiqi düşüncəsini şəkilləndirdi və Azərbaycanın Azərbaycandan kənarlardakı şöhrətini təmin etdi, həm də XX əsrin ikinci onilində Azərbaycan istiqlalının təməlində duranlardan, müstəqilliyimiz uğrunda mübarizə aparan fədakarlardan oldu. XX əsrin sonunda o işi Heydər Əliyev yerinə yetirdi, Azərbaycan istiqlal bayrağını qadir əlləri ilə ucalara qaldırdı, müasir Azərbaycan dövlətini, yeni Azərbaycan siyasi düşüncəsini yaratdı. Həm Heydər Əliyevə, həm Üzeyir Hacıbəyliyə bu xalq həmişə minnətdar olacaq. Azərbaycan xalqı Üzeyir Hacıbəylini də, Heydər Əliyevi də həmişə musiqi qədər sevəcək. Bu, iki dahidən birinin digərinə verdiyi adil qiymətdir. Bu, Heydər Əliyevin səsidir: "Üzeyir Hacıbəyov dahi bir bəstəkar kimi eyni zamanda böyük alimdir, filosofdur, maarifçidir. Məhz Üzeyir Hacıbəyovun əsərlərindən ruhlanaraq bizim Azərbaycan gəncləri, azərbaycanlılar, Azərbaycan vətəndaşları vətənlərini daha da çox sevmişlər. Onun musiqisini dinləyərək, onun əsərlərindən irəli gələn fikirlərin təsiri altına düşərək onlar hiss etmişlər hər bir vətəndaş üçün vətən, ölkə, millət nə qədər əzizdir. Üzeyir Hacıbəyov böyük vətəndaş olmuşdur. Üzeyir Hacıbəyovun yaşadığı hər gün bizim üçün qiymətlidir. Üzeyir Hacıbəyovun yazdığı hər bir əsər, hər bir not vərəqi bizim üçün qiymətlidir. Üzeyir Hacıbəyovun ictimai-siyasi fəaliyyəti əvvəldən axıra qədər bizim üçün qiymətlidir. Çünki bunlar hamısı Azərbaycan xalqının dirçəlməsinə, Azərbaycan xalqının mədəniyyətinin inkişaf etməsinə, Azərbaycan xalqının özünü tanımasına xidmət edibdir. Bu xidmətlər heç vaxt unudula bilməz. Bu xidmətlər əvəzsizdir".

...Gözəl dilimizin saysız-hesabsız kəlmələri içərisində hamımıza əziz olan, bəlkə də bütün sözlərimizin ən zirvəsində dayanan bir söz də var. Yurdumuzun adı! Başdan-başa musiqi ilə dolu söz, elə səslənişində bir xüsusi ahəng, ritm, melodikli söz - "Azərbaycan" kəlməsi. Bəlkə "Azərbaycan" sözünün özünün binədən bu cürə musiqili olmasındandır ki, xalqımız həmişə musiqi ilə nəfəs alıb. Azərbaycan xalqı minillər boyu çox sərvətlər yaradıb, amma bu sərvətlərin ən ucasında dayanan musiqimizlə ədəbiyyatımızdır. Böyük azərbaycanlı Heydər Əliyevin, hər bir azərbaycanlı kimi, musiqimizi qəlbən sevməsində qəribə heç nə yoxdur. Bu, bir xalq olaraq hamımızın ayrılmaz keyfiyyətidir. Lakin Heydər Əliyevin musiqini sevməsində bir ayrı məna da var. O, musiqini dərindən bilirdi, duyurdu, bir musiqişünas kimi anlayırdı musiqini. Və musiqini dərindən bildiyindən musiqinin də, musiqiçinin də qədrini həmişə çox yüksək tuturdu. Ancaq musiqimizi də, musiqiçimizi də onun üçün vacib edən ən əsas şərtlərdən biri də bu idi ki, o, ilk növbədə böyük dövlətçi idi və həm istedadlı musiqi xadimlərimiz, həm də gözəl musiqimizi bu yurdu və xalqı dünyaya daha uca təqdim edə bilməkçün ən uyğun vasitələrdən idi.

1970-ci ildə Zeynəb Xanlarova SSRİ Xalq artisti adına layiq görüldü. Təbii ki, təqdimat da Heydər Əliyevin idi, yazılı təqdimatacan bu yüksək adın veriləcəyinə Kremldən razılıq almaq da. Zeynəbə qədər, elə Heydər Əliyev dönəmində musiqiçilərdən Müslüm Maqomayev 1973-də, Lütfiyar İmanov 1977-də, Rauf Hacıyev 1978-də SSRİ Xalq artisti adına layiq görülmüşdülər. Ancaq Zeynəb Xanlarovanın onlardan fərqi vardı. Zeynəb xanım sırf xalq musiqisi ifaçısı idi. Bu titulunsa sənət tərəfindən əlavə, siyasi özünəməxsusluqları və yazılmamış, amma yazılandan daha iti şərtləri də vardı. Sən öz xalqın üçün ən əvəzsiz müğənni, fövqəladə xanəndə, tayına-bərabərinə rast gəlinməmiş aşıq ola bilərdin. Öz respublikanın Xalq artisti adını alardın, SSRİ Xalq artisti adınısa sənə vermək heç ağıldan keçməzdi. Ali məramı SSRİ-yə daxil millətləri bir-birində əridərək özəl milli çöhrəsi olmayan sovet xalqı düzəltmək olan ideoloji maşın milli simanı qoruyub saxlamağa köklənmiş, yəni onun istədiyinin əksini edəni niyə də yuxarı başa çıxarmalı, özünün ən seçilmişləri cərgəsinə qatmalı idi ki!

Ömrü boyu Azərbaycan xalq musiqisini ifa edən Zeynəb Xanlarovasa bu yolu tutub gedən və SSRİ Xalq artisti adına layiq görülən ilk və son böyük sənətkarımızdır. Bu, yalnız Heydər Əliyevin mümkünsüzü mümkün edə bilmək gücü, Kremldəki ən girilməz qapıları belə aça bilmək gücü ilə bağlı idi. Mənası ilə bu, təkcə Zeynəb Xanlarovaya aid ediləsi uğur da deyildi. Azərbaycanın milli özünüifadəsinin ali səviyyədə təsdiqi idi: "O qədər böyük şəxsiyyət idi ki, bəlkə də onun haqqında layiqli səviyyədə danışa bilməkçün gərək özü kimi də bir şəxsiyyət ola. Mən özümü onun qarşısında çox kiçik bir insan kimi təsəvvür edirəm. Heydər müəllim çox incə, həssas adam idi. İnsanın gözündən bilirdi nə deyəcək. Ürəyi oxuyan adam idi. O qədər ağır günləri olub Heydər müəllimin! Heç yadımdan çıxmaz, o, xəstə olan vaxtlarda Moskvaya xəstəxanaya, onu yoluxmağa getmişdim. Məni görən kimi dedi, ay Zeynəb, qanım qara idi, gəldin, elə bil ki, gəlişinlə mənə bütün Azərbaycanı, oranın havasını gətirdin. Mən həmişə ya xaricə gedəndə, ya qayıdanda onu ziyarət edirdim. Moskva əyalətində, məşhur Barvixa qəsəbəsindəki bağına gedərdim. Həmişə əhvallarını soruşardım. Heydər müəllim deyərdi ki, Zeynəb, sən oxu, oxumağı bacarırsan, bəsdir. O, mənim loru danışığımdan çox xoşlanırdı. Gileylənirdi ki, mənim vəzifəyə qoyduğum adam, öz yerimə qoyub gəldiyim adam, eşidirəm ki, Moskvaya gəlib, Qorbaçovla görüşüb, gəlib mənimlə hal-əhval tutmur. Deyirdi ki, belə dönüklük mənə çox pis təsir edir. Heydər müəllim elə adam idi ki, ona bir yaxşılıq edənə əvəzində beşini edərdi. Ancaq yaxşılıq etmiş olduğu adamların ona qarşı etinasızlığına da çox pərişan olurdu, vaxtilə dayaq durduğu adamların biganəliyi, arxa çevirməsi ona ağır təsir edirdi".

Fərhad Bədəlbəyli başqa bağı yada salır, 1970-ci illərə qayıdır. O bağdakı görüşdə Fərhad özü olmamışdı, baxmayaraq ki, artıq yetərincə şöhrətliydi, 1968-ci ildə Lissabonda dünya pianoçularının müsabiqəsində qalib çıxması onu birdən-birə Azərbaycandan çox uzaqlarda da məşhur etmişdi. Heydər Əliyevlə də onun hələ respublikaya rəhbər gəlməsindən əvvəl, DTK sədri olduğu dövrdə, özünün həmin zəfərli beynəlxalq müsabiqədən qayıtmasından az sonra maestro Niyazigildə görüşmüşdülər. Fərhadın bəhs etdiyi görüş Heydər Əliyevin Zağulbadakı dövlət bağında təşkil edilmişdi. O görüşdə iştirak etməyə Fərhadın "yaşı çatmırdı". Mərkəzi Komitənin Birinci katibi Heydər Əliyev ziyafət verirdi və Azərbaycan musiqisinin "ağır çəkililər"ini dəvət etmişdi. Qonaqlığın da məqsədi ulduzları bir-birinə yaxınlaşdırmaq, aradakı soyuqluqları, inciklikləri rəf etmək idi. Baş verənləri Fərhada təfərrüatı ilə həmin görüşdə iştirak etmiş əmisi Əfrasiyab Bədəlbəyli nağıl etmişdi: "Əfrasiyab danışırdı ki, Rauf Hacıyev, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, digərləri orada idi. Heydər Əliyev başlayır dəvət etdiyi hər bəstəkar haqqında fikirlərini deməyə, baxırlar ki, bu, əməlli-başlı bir mühazirədir, məəttəl qalıblarmış ki, heç musiqişünaslar bizim haqqımızda belə sözlər deməyib. Baxmayaraq ki, hər şeyi bilirdi, mühüm hesab elədiyi hər belə görüşə hazırlaşırdı da. Əfrasiyab rəhmətlik deyirdi ki, Heydər Əliyev hər vasitə ilə çalışırdı ki, böyük sənətkarların arasındakı anlaşılmazlıqlar bitsin, buzlar ərisin. İstedadsız, xəbis adamlar söz aparıb, söz gətirirdilər. Biri çalışırdı Qaranın adamı olsun, digəri Fikrətin, araya girirdilər, buna ondan deyirdilər, ona bundan pıçıldayırdılar, qeybətləri ilə münasibətləri pozurdular. Bu isə nəticə etibarilə musiqimizə zərbə idi. Heydər Əliyevsə yaxşı anlayırdı ki, Qaranın öz yeri var, Fikrətin öz yeri. Bizə, mədəniyyətimizə o üslub da lazımdır, bu dəst-xətt də. Bu rəngarəngliklə sənətimiz udur".

Maestro Niyazi Fərhad Bədəlbəyliyə də, mənə də çox əziz bir insan idi. Əlbəttə, hər ikimiz bilirdik Niyazi nə qədər parlaq sənətkardır, necə əlçatmazdır. Ancaq Niyazi bizimçün yalnız səhnədən görünən planet deyildi. Həm də evini öz evimiz saydığımız, ailəsinin üzvü kimi olduğumuz doğmamız idi.  İndi heç xatırlaya bilmirəm, bilmirəm Fərhadın necə yadına düşürmü ki, dostluğumuz, qardaşlığımızın başlanğıcına çevrilən ilk tanışlığımız haçan baş verib, harada olub - Şəmsi müəllimin evində, ya elə maestrogildə?

Maestro Heydər Əliyevlə iftixar edirdi, onun ağlına, istedadına, işgüzarlığına heyran idi. Amma eyni hissləri də elə Heydər Əliyev maestroya bəsləyirdi. Ancaq Heydər Əliyev sevdiyi, daim nakəslərdən, rəzillərdən qoruduğu Niyaziyə yalnız sənətkar və şəxsiyyət kimi möhtəşəmliyinə görə deyil, həm də böyüklük ölçüsü, Azərbaycanı daha qüdrətli göstərməyə qadir üstünlüklərə malik olmasından dolayı vurğun idi.

Niyazi Azərbaycanın dünyada tanınan ilk böyük dirijoru idi. Heydər Əliyev bununla fəxr edirdi. Qürrələnirdi və açıq bəyan edirdi ki, Niyazi Leninqrad Opera və Balet Teatrının orkestrində baş dirijor olub, həmin teatrın simfonik orkestri ilk dəfə İngiltərəyə qastrol səfərinə gedəndə kollektivə Niyazi rəhbərlik edib.

Leninqrad (indi Sankt-Peterburq) Sovet İttifaqının iki baş şəhərindən biri idi, imperiyanın əsas mədəniyyət mərkəzlərinin əvvəlincilərindəndi və bir azərbaycanlının gəlib orada bu mərtəbəyə dikəlməsi sonralar Heydər Əliyevin özünün Kremlin ən üst qatına qədər ucalması, Siyasi Büroya üzv seçilməsi qədər  möcüzəvari nailiyyət idi.

Maestro ilə Heydər Əliyevi bağlayan ayrı bir həssas məqam da vardı. Maestro Niyazi sovet dönəmində xarici ölkələrə ən çox səfər edən musiqiçilərimizdən idi və dünyada da yaxşı tanınırdı. Türkiyədə, İranda, Avropadakı Azərbaycan siyasi mühacirəti ilə ilk əlaqələr quran, onların neçəsinin SSRİ-yə qəti şəkildə qapalı olan yollarının açılmasına, buralara hələ sovet dövründə səfər edə bilmələrinə səbəb o zamanlar Dövlət Təhlükəsizlik Komitəsində çalışan Heydər Əliyevin köməkləri ilə maestro olmuşdu. Bu baxımdan onlar ikisi də həmin işin ağlasığmaz qədər müşkül olduğu əyyamlarda millətimizə çox gərəkli diaspora quruculuğunun pionerlərinə çevrilmişdilər.

Mən bu mətləblərə toxunanda Fərhadın yadına bilavasitə öz ailələri ilə əlaqədar hadisə düşmüşdü, demişdi ki, atamın xalası oğlu Murad Tağı İstanbulda yaşayırdı. Niyazi səfərlərindən birində onu tapdı, bizə məktubunu gətirdi.

Beləcə, qapalı sovet onillərində Niyazinin özü və evi ən müxtəlif ölkələrdən gələn qonaqlara ürəyi və qapısı həmişə açıq olan, başda dost-doğma əmisi Ceyhun Hacıbəylinin Parisdəki ailəsi olmaqla, xaricdə yaşamağa məhkum soydaşlarımız üçün etibarlı Vətən körpüsünə dönən xarici işlər nazirliyi kimi idi. 1994-cü ildə, Niyazi ilə ayrılıqdan 10 il keçirkən Heydər Əliyev keçmişləri belə xatırlayırdı: "Mən Niyazini uzun illər əzində tanımışam, onunla lap gənc vaxtlarımdan dostluq etmişəm, 25 il bundan öncə Azərbaycana rəhbərliyə başlayarkən və ondan sonrakı dövrlərdə Niyazini həmişə qiymətləndirmişəm, onunla sıx əlaqədə olmuşam, onun sənətinin pərəstişkarı olmuşam və onun yaradıcılıq fəaliyyətinin tam inkişaf etməsi üçün, onun daxilində olan musiqi potensialının, mədəni potensialın Azərbaycanın milli mədəniyyətinə təsir göstərməsi üçün əlimdən gələni etmişəm".

...O axşam xatirələr Xalq artisti Aqşin Əlizadəni 1972-ci ilin oktyabrına - böyük Dmitri Şostakoviçin (1906-1975), Moskva Filarmoniyası simfonik orkestrinin, onun baş dirijoru Kiril Kondraşinin (1914-1981) Azərbaycana gəldiyi günlərə aparmışdı. O vaxt Azərbaycanda Rusiya ədəbiyyatı və incəsənəti günləri keçirilirmiş. Şostakoviçin və Kondraşinin bu tərkibdə olması Heydər Əliyevin təkidi imiş. Dmitri Şostakoviç 15-ci simfoniyasını yenicə bəstələyibmiş. Hələ əsər bircə dəfə Moskvada ifa edilibmiş. Şostakoviç təzə simfoniyanın Berlindəki premyerasına dəvət alıbmış. O çağlar səhhəti də böhranlıymış, Almaniya səfəri öncəsi bir ayrı uzun yol da ona yükmüş. Ancaq Heydər Əliyevin dəvətinə "yox" deyə bilmir, gəlir. Heydər Əliyevin onu mütləq Bakıda görmək istəməsinin başqa səbəbi də vardı. Bir neçə ay əvvəl - 1972-ci il aprelin 17-də Heydər Əliyev şəxsi təşəbbüsü ilə Azərbaycanın bir çox görkəmli bəstəkarlarının müəllimi olan Dmitri Şostakoviçə respublikanın Xalq artisti fəxri adının verilməsi ilə bağlı Mərkəzi Komitə Bürosunun qərarını imzalamışdı, bir neçə gün sonra Ali Sovet fərman vermişdi və Heydər Əliyev həm də bu səfər əsnasında o təltif kitabçasını canlı klassikə təqdim etmək istəyirdi. Aqşin müəllim Müslüm Maqomayev adına Filarmoniyada 15-ci simfoniyanın səsləndiyi günü gətirmişdi gözümüzün qarşısına: "Əsl böyük musiqi bayramı idi. Şostakoviçin özünü o cür xoşbəxt hiss etməsini az görmüşdüm. O, burada, Heydər Əliyevin yanında özünü çox rahat, arxalı hiss edirdi. Çünki o vaxtlar yenə Şostakoviçə qarşı gözügötürməzlərin həmlələri vardı. Birinci və ikinci hissənin arasında Heydər Əliyev filarmoniyanın foyesində qucaqladı Şostakoviçi. Bugünkü gün kimi dəqiq yadımdadır. İkilikdə gəzişirdilər, söhbət edirdilər. Elə bil cavanlaşmışdı Şostakoviç. Onu çoxdan idi belə bəxtiyar görməmişdim. Ümumiyyətlə, Şostakoviç çox təvazökar insan idi, şöhrətindən sanki utanardı, özünü gizlədərdi. Moskvada ona qarşı kampaniyalar aparılırdı həmin dövrdə. Onu sıxışdırırdılar, tənqid edirdilər. Burada, Bakıda isə o, yalnız məhəbbətlə, sonsuz ehtiramla əhatə olunurdu. Ona görə də buralara özü də can atırdı, sevirdi Bakıya gəlməyi, burada sözün əsl mənasında azad idi, məsud idi. Kiril Kondraşin da o vaxtın ən böyük dirijorlarından idi. Sən demə, bu, onların ikisinin də son konserti kimiymiş. Bir neçə il ötdü, Şostakoviç həyatdan getdi, Kiril Kondraşin isə SSRİ-dən köçdü. Bu, onların Bakıda, Heydər Əliyevin yanında vida konsertləri imiş. Elə 15-ci simfoniya da Şostakoviçin son böyük əsəri oldu".

İkisi də zirvə idi - Qara Qarayev də, Fikrət Əmirov da. Hər ikisi tez getdi. 1982-ci ilin 13 mayında Qara Qarayev keçindi, ikicə il sonra, 84-ün 20 fevralında ölüm Fikrət Əmirovu haqladı.

Necəsə söhbətin səmti dəyişir, onlarla əbədi ayrılıq günləri xatırlanır. Fərhad deyir ki, çox təsirli saatlar idi, Qara Qarayevin dəfninə qatılanlar - başda Heydər Əliyev olmaqla onu son mənzilə yola salmaqçün filarmoniyadan Fəxri xiyabana qədər piyada getdik. Ancaq az sonra Fikrət Əmirov vəfat etdi. Artıq Heydər Əliyev Bakıdan getmişdi, Kremldə işləyirdi. Fikrətin dəfnində o təntənə, o münasibət olmadı. Fərq göründü. Eləcə də Niyazinin dəfnində. Rəhbərlik başqa idi, səviyyə ayrı idi.

Adətən görkəmli ədiblərin, sənət adamlarının, alimlərin yuvarlaq ildönümləri çatanda, onların yubileylərinin keçirilməsi gündəmə gələndə yuxarılara müvafiq arayışlarla müşayiət edilən xahiş məktubu göndərilir ki, baxılsın, qərar verilsin. Söz sözü çəkmişdi  və həmin "Əbədiyyət" axşamında Heydər Əliyevin bu baxımdan da qəliblərə yerləşməz olmasının neçə maraqlı hekayəti yaddaşın alt qatından üzə çıxmışdı. Portreti tatamlayası elə cizgilər ki, elə canlı şahid söyləyişləri ki, yazılmasa, qalmasa, unudulub gedəsidi. Ancaq bunlar elə ibrətli ayrıntılardır ki, gərək heç vəchlə yaddan çıxmaya axı!

Bülbül 1897-ci il təvəllüdlü idi və 1997-ci ildə 100 yaşı tamam olacaqdı. Mədəniyyət naziri işləyən Polad təqdimat yazmağa tərəddüd edir ki, gendən baxanlar deyər, əlindəki imkanlardan atası üçün istifadə edir.

Və Prezident özü zəng vurur mədəniyyət nazirinə: "Sən bilirsən Bülbülün yubileyi gəlir, bəs niyə fəaliyyət göstərmirsən? Niyə bir məktub yazmırsan?"

 Polad: "Məktub göndərməyə utandım", - deyir.

"Düzdür, Bülbül sənin atandır, ancaq Bülbül hamınınkıdır, o, bütün Azərbaycanın sərvətidir, sənin nə ixtiyarın var bu işi ləngidəsən?! Sənə töhmət elan edirəm".

Fərhad gülə-gülə Poladın illər qabaq ona danışdığını bizimlə bölüşür, nazirin həmin töhməti necə ləzzətlə qarşıladığını söyləyir.

Bülbülün yubiley gecəsində isə Heydər Əliyev o axşam Respublika sarayına toplaşanların əksərini qəhərləndirən çox təsirli çıxış etdi. Bu gün o inamlı sözlər öncəgörüm, gələcəkdənxəbərvermə kimi səslənir: "1992-ci ilin mayında Şuşa Ermənistan tərəfindən işğal olundu. İşğalçılar çox şeyləri, o cümlədən, bizim mədəniyyət abidələrini də, Üzeyir Hacıbəyovun, Bülbülün, Natəvanın heykəllərini nəinki dağıtdılar, hətta vəhşiliklərini o qədər büruzə verdilər ki, onları güllələdilər. Ancaq heç də erməni işğalçıları bilməsinlər ki, o güllələr Üzeyir Hacıbəyov, Bülbül, Natəvan yaradıcılığını sarsıda bilər, yox! O güllələr Azərbaycan xalqının mənəviyyatını sarsıda bilər, yox! Şuşanın işğalı daimi ola bilər, yox! Ola bilməz! Mən bütün Azərbaycan xalqının hissiyyatını ifadə edərək deyirəm ki, Bülbülə olan, onun sənətinə olan məhəbbətimiz sonsuzdur və sonsuz olacaqdır! Bülbül də bilməlidir, xalqımız da bilməlidir, bizim üçün əziz olan Qarabağ torpağı, Şuşa qalası işğaldan azad olacaq. Bülbül diyarı müstəqil Azərbaycanın çiçəklənən bir guşəsi olacaq və gələcək nəsillər məhz Qarabağda, Şuşada Bülbülün heykəlini qoyacaq, Üzeyir Hacıbəyovun heykəlini yenidən qoyacaq və Şuşa, Qarabağ Azərbaycanın gözəl guşəsi kimi müstəqil Azərbaycanda yaşayacaq!"

1997-ci ildə əfsanə kimi səslənən o sözlər 2021-ci ildə gerçəyə döndü. Üzeyir bəy də, Bülbül də, Natəvan da Şuşaya yenidən qayıtdılar. Həm də hər biri iki olub qayıtdı. Düşmən güllələrinin zədələdiyi heykəllər də qayıtdı, həmin heykəllərin yenidən düzəldilib güllə yarası olmayanları da. Hər ikisi qayıtdı ki, gələcəkdəkilərə qəmli və şanlı hekayətləri sadəcə danışmasınlar, həm də göstərsinlər.

Heydər Əliyev Azərbaycanda musiqi təhsilinin inkişafı yolunda da çox çalışdı. Sovet dövründə iqtidarda ikən respublika boyu onlarla yeni musiqi məktəbləri yaratdı, müstəqillik illərindəki qayıdışından sonra isə Musiqi Akademiyasından əlavə, ayrıca Milli Konservatoriyamıza da həyat verdi. Amma o, Azərbaycan insanının ümumi musiqi düşüncəsinin təkmilləşməsinə, üfüqcə genişlənməsinə xidmət edə biləcək hər vasitədən də daim yararlanmağa səy göstərirdi, istəyirdi ki, camaatımız da, onun idarəediciləri də simfonik musiqidən hali olsunlar, bu musiqiyə əsnəməsinlər, anlayaraq, duyaraq dinləsinlər.

Sovet dönəmində onun filarmoniyada təşkil etdiyi daimi simfonik musiqi axşamlarının sorağı 1970-ci illərdə Moskvadan tutmuş müttəfiq respublikalaradək yayılmışdı. O konsertlər cümə günləri olurdu. İndi adamlarımız həftənin beşinci günləri intizamlı səliqə ilə məscidlərə, cümə namazına tələsirlər. Bu da olsun, ibadət də lazımdır, dini ayin və ənənələr də əsasən daxili saflaşma girəvəsidir. Ancaq Heydər Əliyevin 1970-ci illərdə irəli sürdüyü və özünün də danışıqsız riayət etdiyi o cür sənət, zövq "ibadətlər"i də unudulmasın.

O vaxt Heydər Əliyev şəxsi nümunə göstərirdi. Həyat yoldaşı, unudulmaz Zərifə xanımla gedirdi, əyləşirdi, həmin konsertləri həvəslə dinləyirdi. Özü gəldiyinə görə nazirlər, komitə sədrləri, Mərkəzi Komitənin, Nazirlər Komitəsinin məsul işçiləri də gəlməyə bilmirdilər. Başlanğıcda könülsüz, başqa çıxış yolları olmadığı üçün gələrdilər, amma sonralar, bir çoxlarının etirafına görə, həmin təqdimatlara elə alışmışdılar ki, ezamiyyətə-filana gedib simfonik musiqi cümələrindən hansınısa qaçıranda çox heyifsilənirmişlər.

Belə axşamlardan birindən sonra maestro Niyazi ilə bərabər yenə gəlmişdik onun qonaqpərvər mənzilinə. Fidan və Xuraman Qasımova bacıları idi, o simfonik konsertlərin aparıcısı Janna Dozortseva, bir də mən. Çox oturduq, gecənin dərin saatlarında maestro qayıtdı ki, di dur, apar qızları evlərinə, Janna xanımı hotelə ötür. Bacıların evi də, mehmanxana da yaxınlıqda və yanaşı idi. Sakit küçələrdən keçib gedirdik, Dozortseva etiraf edirdi: "Musiqişünasam, öz yerində, amma mən daha artıq aktrisayam. Bu simfonik musiqi axşamlarında səhnəyə çıxıram, ayrı-ayrı musiqi əsərləri haqqında danışıram. Əvvəldən bu mövzuların hamısına hazır idim. Amma Heydər Əliyevlə söhbətlərimizdən sonra, onun musiqini nə qədər dərindən, incədən-incə duyduğunu biləndən sonra özümü yığışdırdım, hər dəfə səhnəyə çıxanda daha əvvəlki biliyimlə kifayətlənmədim, başladım təzə kitablar oxumağa, hekayətlərimi bir qədər zənginləşdirib dərinləşdirməyə".

...Fərhadın necə mahir pianoçu olması aləmə bəlli. Unudulmaz Tofiq Quliyevin çalğısı da gözəl idi. Özü söyləyirdi ki, yolunun başlanğıcında bəstəkarlıqdan daha artıq pianoçu olmağı düşünürmüş. Fərhadla Tofiq müəllimin royal arxasına qoşa keçərək çalmaqları da  olmuşdu. Birində Heydər Əliyev də onlarlaymış. Daha dəqiqi, Heydər Əliyev özü onlardan xahiş edir ki, Tofiqin "Sənə də qalmaz"ını çalın, oxuyacam. Söhbəti davam etdirən artıq Fərhadın özüdür. Sözbəsöz özünün dilindən verim ki, xatirə lap dəqiq olsun: "Mstislav Rostropoviç (1927-2007) yenə Bakıya qonaq idi, süfrə arxasında oturmuşduq, xoş məclis idi, yeyib-içirdik, gülüb-danışırdıq, amma deyəsən, məclisin sərbəstlik ab-havası bizi elə tutubmuş ki, içməyimiz bir az qədərindən də çox olubmuş. Çünki Heydər Əliyev bizə müraciətlə "Yalqızam yalqız"ı oxuyacağını (həm də o, adətən "yalqız" yox, "yalquz" deyirdi) bildirib çalmağımızı rica edəndə nədirsə mən ayrı, Tofiq müəllim fərqli tonallıqlarda çalmağa başladıq. Heydər Əliyev zarafatla qayıtdı ki, çala bilmirsiniz, Zərifə xanımın çalğısı sizinkindən yaxşıdır. Zarafat zarafatlığında, amma həqiqətən Zərifə xanım pianoda çox şirin çalırdı".

Heydər Əliyevin diqqətcilliyinə, qayğıkeşliyinə misal olaraq Fərhad Bədəlbəyli öz başına gələni danışır. Deyir, İttifaqlar Evinin Sütunlu Salonunda Veronika Dudarovanın (1916-2014) dirijorluğu, Moskva Simfonik Orkestrinin müşayiəti ilə konsert verəcəkdik, proqramda Gerşvinin əsərləri idi. Birdən məşq zamanı mülki geyimdə, amma görünüşlərindən, tərpənişlərindən zabitə bənzəyən bir neçə nəfər içəri daxil oldu. Təxminən 15 nəfər olardı. Soruşdum ki, nə məsələdir? Dedilər, axşam Siyasi Büronun üzvləri konsertə gələcəklər, bunlar təhlükəsizlik xidmətindəndirlər, öz işlərini görməlidirlər. Bunu da əlavə etdilər ki, indiyədək belə iş olmayıb. Adətən Siyasi Büro üzvləri simfonik musiqidən ibarət konsertlərə gəlmirlər. İlk dəfədir ki, belə olur. Başa düşdüm ki, bu, Heydər Əliyev olacaq. Gümanım düz çıxdı. Axşam konsertdən sonra da bizi qəbul elədi, mənə dedi ki, burada çıxış eləməyin çox yaxşıdır.

Bunu niyə yada salıram?! Moskvada məndən qat-qat yaxşı pianoçular vardı, konsertləri də olurdu. Dahi pianoçular - Rixter, Gilels. Ancaq Heydər Əliyev məhz mənim konsertimə gəldi. Gəldi ki, mənə dayaq olsun, ürək-dirək versin.

...Əlağa Vahidin öz səsində yadigar qalan bir söhbəti var. Deyir, gənclik illərimdə tez-tez Məşədi Azər Buzovnalının evindəki şeir məclislərinə dəyərdim, hər dəfə xudahafizləşib çıxmaq istəyəndə ağsaqqal qalxıb məni qapıyadək ötürərdi. Bir dəfə Məşədi Azərə dedim ki, ustad, daha sizə gəlməyəcəyəm. Təəccübləndi: "Niyə?" Cavab verdim ki, hər dəfə qalxıb məni ötürürsünüz, xəcalət çəkirəm. Gülümsündü: "Bala, mən sənin özünə görə qalxıb qapıdan çıxana qədər ötürmürəm. Bununla sənə ədəb öyrədirəm".

Heydər Əliyevin də belə saysız ədəb dərsləri olub ki, biri haqda da Zeynəb xanımla, Aqşin müəllimlə, Fərhadla birgə olduğumuz axşamda danışmışdıq və  söhbət də elə Tofiq Quliyevlə bağlıdır. Gənclik çağlarından - hələ 1940-cı illərdən tanış olduğu, dostluq etdiyi, nəğmələrini çox sevdiyi Tofiq Quliyevi 80 yaşının tamamında Heydər Əliyev "İstiqlal" ordeninə layiq görmüşdü. Adətən mükafatları, təltifləri Prezident Sarayında özü təqdim edərdi. Ancaq Tofiq Quliyev xəstə olduğundan həmin mərasimə qatılmamışdı. Təbii, belə olan halda ordeni bəstəkarın evinə də göndərmək mümkün idi. Ancaq Heydər Əliyev belə etməmişdi. Ordeni özü aparmışdı xəstəxanaya. Orada təqdim elədi. Bu, aqil rəhbərin və özü boyda ürək olan insanın sənətin böyüklüyünə əyilməsi, qədrini bildiyi istedadlı sənətkara salama getməsi ilə ibrət götürə biləcəklərə öyüd verməsi idi.

Olsun ki, xəstəxanaya yollananda bu hərəkətinin öyüdlüyü, örnəkliyi barədə heç düşünmürmüş də, qəlbinin hökmü buymuş, o səbəbdən də belə edirmiş. Ancaq dünya da, həyat da, insan da əzəldən bir nizama tabedir. İçərin saat kimi dürüst işləyəndə nə edirsən et, nəticədə ya dərs alınır, ya ibrət, ya  nəsihət...

Rafael HÜSEYNOV, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik

“525-ci qəzet”

  • Paylaş: