Bu, ayrılıq ərəfəsində həm səmimi vidalaşma, həm keçilmiş yol haqqında düşüncə, həm də vəfa borcunun ifadəsi idi. Bu, Heydər Əliyevi 30 ildən artıq müddətdə tanıyan bir insanın bəlkə də hisslərinin saflığını daha bariz ortaya qoyması üçün məqsədli şəkildə makinada deyil, əl xətti ilə yazdığı məktub idi. O məktubu yazan İrandakı məşhur nəsillərdən birinin övladı idi.
1970-ci illərin qurtaracağında İranda yaranmış vəziyyət onillərcə vətənindən aralıda yaşamış bu insanı ata-baba yurduna çağırırdı. Həm də elə həmin vəziyyət gedişata təsir imkanlı bir şəxsiyyət kimi onun çəkisini qəfilcə elə artırmış, onu elə tələbolunan etmişdi ki, Kreml ona nəvaziş göstərirdi.
Yazan 1978-1979-cu illərdə elə İrandakı hadisələrlə bağlı əvvəlki vaxtlara nisbətən Heydər Əliyevin daha tez-tez qəbul etməli olduğu, əslən oralı siyasi mühacirlərdən, İran Xalq Partiyasının üzvlərindən biri Rəhim Qazi idi. Ancaq nə siyasi mühacirlərin, nə də partiya üzvlərinin sıravilərindən idi.
"Hər insanın həyatında elə xoş və unudulmaz günlər olur ki, onu ilhamlandırır, ona bəşər və cəmiyyət inkişafında daha irəlilərə getməkçün yeni güc və enerji verir. Mənim həyatımdakı belə parlaq və unudulmaz günlərdən biri, həddən ziyadə məşğulluğunuza baxmayaraq, Vətənə getməyimlə əlaqədar məni qəbul edərək ətraflı söhbət etdiyiniz gün oldu. Bu, mənimçün böyük şərəfdir və buna görə Sizə minnətdarlığımı bildirirəm. Sizin söhbətiniz məndə dərin təəssürat buraxdı və Sizin söylədiyiniz sözləri İrandakı sonrakı fəaliyyətim üçün bir növ proqram kimi qəbul etdim. Əmin ola bilərsiniz ki, mən bütün gücümü, qüvvətimi, qabiliyyətlərimi və biliklərimi İranda demokratiya və tərəqqiyə sərf edəcək, mənə göstərdiyiniz yüksək etibarı doğrultmağa çalışacağam.
Əziz Heydər Əlirza oğlu! Sovet Azərbaycanında olduğum bütün illər ərzində mənə göstərilən atalıq qayğısına görə böyük təşəkkürlər!
...Şübhə etmirəm ki, mən burada olmayanda da ailəmə hərtərəfli kömək göstəriləcəkdir".
1979-cu ilin 4 aprelində bu məktubu özü də, nəsli də inqilab işi, milli azadlıq hərəkatı ilə bağlı insan yazırdı və Heydər Əliyevin bir siyasi xadim olaraq digər nadirliyi də ondan ibarət idi ki, İranın bir nəhəng siyasət və inqilab qazanı kimi 1970-ci illərin sonlarında pıqhapıqla qaynadığı çağlarda oradakı hadisələrə bilavasitə aidiyyəti olan, varlıqları ilə, nüfuzları ilə, imkanları ilə o gedişata müdaxilə və təsir imkanı olan, ona silahdaş, məsləkdaş və lider kimi neçə istəyəni vardı.
Belə adamları isə hansısa tarixi məqam yetişəndə, sənə gərək olanda bir neçə gün ərzində tələm-tələsik qazanmaq olmur, bu sərvəti əldə etməkçün o cür sərvətlərin sənə doğru gəlməsi, daim səninlə olmasından ötrü ona uyğun da həyat yaşamalısan.
Tarixin elə lərzəli parçası idi ki, hər gün nədir, hər saatın öz hökmü vardı. Bu məktubun yazılmasından öncəki görüşdən bəhs etməyin də yeri var. Ancaq məktub yazılıb 1979-cu ilin aprelində, görüş baş tutub martda. Bundan əvvəlki aylarda və günlərdə tarixinin ən həlledici dönəmlərindən birini yaşayan İranla bağlı Heydər Əliyevin başqa görüşlərinin, müzakirələrinin üstündənsə tələsik keçmək olmaz. Onlar elə mühüm tarix hadisələridir ki, hər birinin yanında ayaq saxlamağa, nəfəs dərməyə, ayrıntıları izləməyə və düşünməyə gərək var.
...Bu, bir ümidlər fəsli idi. İranın içində də, çölündə də insanlar böyük dəyişikliklərin intizarında idilər. İran burjuaziyası bir qüvvə idi, mötədil dindarlar bir ayrı qüvvə, fəhlələr, tələbə-gənclər hərəkatı bir özgə hərəkat idi, radikal islamçılar bir ayrı güc və bunlar hələ güclərin, hərəkatların, qüvvələrin, axınların hamısı da deyildi. Ölkənin daxilində də, xaricində də İrana bağlı partiyalar hər zaman olduğundan qat-qat fəallaşmışdılar. İranda inqilablar çox baş vermişdi. İnqilabların amansız varlığı isə heç vaxt qan-qadadan əskik olmur. Ancaq 1978-ci ilin 19 avqustunda Abadanda olan sayaq kinoteatra od vurulması və 400 insanın diri-diri yandırılması hətta qart üzlü inqilablarçün də gözlənilməz səhifələrdi. Bunu iqtidar müxalifətin üstünə yıxırdı, müxalifət iqtidarın ayağına yazırdı. İnqilabların qəddar, güzəştsiz mahiyyəti elədir ki, o tərəfdən də ola bilərdi, bu tərəfdən də.
Azərbaycan rəhbəri Heydər Əliyev də həmin günlərdə İranla bağlı gələn məlumatları elə respublika üzrə ona hər gün, günaşırı təqdim edilən operativ məlumatlar qədər həssaslıqla izləyirdi.
1978-1979-cu illərin hər həftəsində, hər ayında hadisələrin sürətli gedişi qüvvələr nisbətinə qaçılmaz təsirini göstərirdi. İran həmişə həm Vaşinqtonun, həm Moskvanın diqqət mərkəzində olmuşdu. Ancaq heç vaxt indiki kimi yox.
Və fövqəlgüclərin maraqlarının toqquşma nöqtəsi olan İran hadisələri həmin müstəvidə Azərbaycanı da gedişatı ən diqqətlə izləyərək hansısa izlərini qoya bilmək imkanı arayanlar sırasında önə çıxarmışdı.
Heydər Əliyev o çalarda artıq 30 ilə yaxın idi ki, İran və Cənubi Azərbaycan məsələlərinin içində idi. Ancaq indiki narahat dönəmdə Bakının proseslərə müəyyən təsir imkanlarının yaranması Kremlin Heydər Əliyevə yalnız siyasi lider kimi yox, həm də əvəzsiz mütəxəssis, sahənin bilicisi kimi ciddi məsələlərin həllində yardımçı olması dolayısı ilə müraciətlərini xeyli artırmışdı.
O gün - 1979-cu il yanvarın 6-da Heydər Əliyev iş gününün xeyli saatını onlara həsr etdi. Əvvəlcə Qulam Daneşyanla son günlər ərzindəki üçüncü görüşünü keçirdi, sonra Nurəddin Kiyanurini ayrıca qəbul etdi, ardınca isə əlavə olaraq Əmrəli Lahrudini də dəvət etməklə dördləri birlikdə müzakirə apardılar.
Bu, Heydər Əliyevin iş üslubu idi. Düyünlü məsələlərlə qarşılaşanda həmişə iddialı tərəfləri ayrı-ayrılıqda dinlər, bu söhbətlər əsnasında həm iddialıların buxarının müəyyən qədər buraxılmasına, gərginliyin azalmasına nail olar, həm də ayrıntılardan daha yerli-yataqlı xəbər tutardı. Bu da mübahisəni həll etmək, son qərarı rahat keçirə bilməkçün ona əlverişli meydan açardı.
Yəni bu, yalnız İran Xalq Partiyasına sədrin Kremlin arzuladığı şəxsin seçilməsi, həmin tapşırığın ən ali dövlət səviyyəsindən gəlməsinin yaratdığı xüsusi məsuliyyətə görə deyildi ki, Heydər Əliyev məsələnin müsbət həllinə belə bol vaxt ayırır, ciddi səy göstərirdi, o elə vacib məsələlərə münasibətdə həmişə belə idi.
Heydər Əliyev həmin dördlükdəki söhbəti qınaqdan başlamışdı: "Gerçəklik bundan ibarətdir ki, İran Xalq Partiyası Mərkəzi Komitəsinin rəhbərləri fəal işləyərək İrandakı hadisələrin gedişinə təsir etmək əvəzinə bitib-tükənməyən mübahisələrlə və nəzəri mülahizələr yürütməklə məşğuldurlar. 30 ildən çoxdur ki, siz mühacirətdə yaşayırsınız, inqilabi mübarizəni arzulayırsınız, amma baxın, İrandakı hadisələrə hazır deyilsizmiş. Partiyanın fəaliyyətini qüvvətləndirmək üçün Kiyanurinin konkret planları var. Ancaq təəssüf ki, İcraiyyə Bürosunun ayrı-ayrı üzvlərinin dəstəklədiyi İskəndəri həmin planlara qarşı çıxır. Biz öz tərəfimizdən deyirik ki, indiki şəraitə uyğun olaraq yoldaş Kiyanuri doğru təkliflər irəli sürür və bunları qəbul edərək onların əsasında işləmək lazımdır".
Ardınca Heydər Əliyev budəfəki qəbulun artıq yekun görüş olduğunu vurğulayaraq əvvəlcə onların üçünün də mövqeyini soruşur. Birinci Kiyanuri danışır və sözünü əsas məsələdən - siyasi platformasını elan etməkdən başlayır və bildirir ki, biz şah rejiminə qarşı silahlı mübarizənin, İrandakı digər müxalif qüvvələrlə, o cümlədən, Xomeyni ilə əməkdaşlığın tərəfdarıyıq. İndiki halda bizim əsas vəzifəmiz hər zaman olduğundan daha artıq birləşmək, təcili surətdə İrana yoldaşlarımızdan bir dəstəsini göndərməkdir. 3 aydır ki, mənim bu məsələlərlə bağlı təkliflərim İskəndərinin masasının üstündə yatıb qalır, ancaq İskəndəri onlara heç məhəl qoymur, əlavə olaraq məni də günahlandırır ki, guya İrana öz adamlarımı göndərmək istəyirəm. Daha belə işləmək olmaz. Buradan belə nəticə çıxır ki, biz gərək Mərkəzi Komitə rəhbərliyini dəyişək".
Və ardınca Kiyanuri Mərkəzi Komitəyə nisbətən cavan olan və lazım gələrsə İrana yollanaraq orada mübarizəyə rəhbərlik edə biləcək Mənuçöhr Behzadi, Ənuşirəvan İbrahimi və Əmrəli Lahrudini daxil etmək, İrəc İskəndərini birinci katib vəzifəsindən çıxararaq yeni 3 nəfəri - Ehsan Təbəri, Mənuçöhr Behzadi və Fərəculla Mizanini də MK katibi seçmək təkliflərini dilə gətirir, bu katiblərdən də ikisinin İrana gedərək siyasi mübarizəyə qoşulmalarının məqsədəuyğunluğunu söyləyir. Bunu da əlavə edir ki, fevralın əvvəlində də plenum keçirib artıq tam dəqiqliklə növbəti vəzifələrimizi müəyyənləşdirərik.
Heydər Əliyevlə təkbətək söhbətindən sonra Kiyanuriyə sərt münasibəti dəyişmiş, sonradan artıq Heydər Əliyevin təşəbbüsü ilə ikilikdə görüşərək də Kiyanuriylə aralarında əvvəllər olmuş bir para narazılıqları aydınlaşdırmış Qulam Daneşyan sözünü daha yumşaq başlayır və Kiyanurinin proqramını bəyəndiyini, özünün də, ADF-nin bütün üzvlərinin də sözdə deyil, əməldə Kiyanurini dəstəkləməyə hazır olduqlarını da bildirir. Lakin o, razılaşmadığı bəzi məqamları da açıq söyləyir (Bunu ona elə ikilikdəki söhbətlərində Heydər Əliyev məsləhət bilmişdi ki, sözü ürəyində saxlama, iclaslarda müzakirəyə çıxararaq qalmaqala döndərməkdənsə öz aranızda həll arayın).
Qulam Daneşyanın bəyənmədiyi cəhət budur ki, İXP Mərkəzi Komitəsi qəbul edilmiş qərarların yerinə yetirilməsini yoxlamır: "Ona görə də biz yerimizdə sayırıq, hər dəfə toplaşaraq eyni sözləri təkrarlayırıq". Qulam Daneşyan elə birbaşa Kiyanurinin üzünə deyir ki, o, təkbaşına fəaliyyət göstərir, rəhbərlikdəki kollegiallıq şərtlərini pozur.
Və aparılan müzakirələrin necə təşkil edilməsinin yolunu, şərtini də nişan verir: "Bütün vacib məsələlərə İcraiyyə Bürosunda, yaxud MK Katibliyində baxılsın".
Getdikcə söhbətin höcətləşmə səmtinə yönələ biləcəyini duyan Heydər Əliyev qarışır, zorla yaratdığı barışığın, anlaşmanın itməməsi üçün: "Özünüzü mübahisəyə kökləməyin, - deyir və əlavə də edir: - Hərçənd ən düzgün qərarlar da mübahisələrin nəticəsində doğulur. Ancaq indi diqqəti başqa səmtə yönəltmək lazımdır". İcraiyyə Bürosunun say tərkibinin daha 3 nəfər artırılaraq 8 nəfərə çatdırılmasının məqbul olduğunu söylədikdən sonra bircə-bircə adları sadalayır, MK-nın birinci katibi vəzifəsinə də Kiyanurinin seçiləcəyini və namizədliyi də Qulam Daneşyanın irəli sürəcəyini, 5 nəfərdən ibarət MK Katibliyinin Nurəddin Kiyanuri, Həmid Səfəri, Ənuşirəvan İbrahimi, Mənuçöhr Behzadi və Fərəculla Mizanidən ibarət olacağını söyləyir və yekunlaşdırır: "Beləliklə, biz təşkilati məsələləri həll etdik".
Yəni yol xəritəsi aydındır və mənsiz keçiriləcək plenumunuzda əlavə mübahisə və qarşıdurmalar olmasın. Ardınca Heydər Əliyevin söylədikləri Tudənin də, ADF-nin də, ümumən bu hərəkatın da əsl liderlərindən birinin elə onun özünün olmasını, bu işlərə çox-çox əvvəllərdən əhatəsi, dərinliyi və xırdalıqları ilə bələdliyini əyani olaraq ortaya qoyur: "1953-cü ili, partiyadakı sonrakı uğursuzluqları xatırlamaq ağırdır. Sizin işinizdə ("sizin" deyir, əslində elə gərək "bizim" deyəydi) konspirasiyanın çox böyük əhəmiyyəti var. Abbas Memarı yada salın. Əlimizdə onun "Sazman-e Əmniyyət"lə əlaqələrinə dair təkzibedilməz dəlillər vardı. Ancaq Rza Radmaneş bizə inanmadı. Sonrası hər birinizə məlumdur. Yoldaş Daneşyanda Qüdvə ilə Mizaninin siyasi etibarlılığı ilə bağlı müəyyən şübhələr vardı. Ancaq Kiyanuri deyir ki, onlar tam bel bağlanası adamlardır. Mən onun bu rəyini müdafiə etdim və yoldaş Daneşyan da onlarla bağlı etirazlarından geri durdu. Belə ki, daha ümumilikdə mübahisəli məsələmiz qalmır. Siz Mərkəzi Komitənin plenumuna yekdil rəylə, aranızda fikir ayrılıqları olmadan gedirsiniz".
İXP-nin də, ADF-nin də həm rəhbərliyində, həm sıralarında olanlar kommunist ideallarına inanan insanlar idilər. Heydər Əliyev hər üzlərinə bələd, hər məziyyətləri və kəsirlərindən yetərincə agah olduğu bu köhnə inqilabçılara bir öyüdünü də verir ki, yenə həmin deyişlərində o, mühafizəkar, basmaqəlib sovet partiya liderlərinə xas yanaşma və ifadə tərzindən çox uzaqdır: "Sizə bir tövsiyəm də var. Bəli, hər inqilabi hərəkat nəzəriyyə ilə bağlıdır. Ancaq hərdən mənə elə gəlir ki, siz inqilabi hərəkətlərin zərərinə olaraq nəzəri mülahizələrə həddən ziyadə yer ayırırsınız. İndi ən çevik hərəkətlər etmək zamanı yetişmişdir. Marksizm-leninizm təlimi ehkam deyil, fəaliyyət üçün rəhbərlikdir. Heç də hər bir addımınızı, hər bir qərarınızı nəzəri cəhətdən əsaslandırmaq lazım deyildir. Dünyada baş verən hadisələr bizim həyat haqqında təsəvvürlərimizə bir çox düzəlişlər edir. Məgər marksizm-leninizm nəzəriyyəsində belə şey varmı ki, bir sosialist ölkəsi digər sosialist ölkəsini düşmən elan edə bilər? Siz gərək bizim partiyanın açıq və gizli fəaliyyət istiqamətindəki zəngin təcrübəsindən, ayrı-ayrı Avropa, Asiya ölkələrinin təcrübəsindən istifadə edəsiniz, ancaq siyasi istiqaməti İrandakı konkret vəziyyətə uyğun seçmək lazımdır. Şəxsən mən belə zənn edirəm ki, sizə indi antişah, antiamerikan təmayüllü istənilən müxalif qüvvə ilə ittifaq sərfəlidir, İrandakı vəziyyət dəyişilə bilər. Bəxtiyar hökumətinin yerinə Üveysin hərbi rejimi, ya başqa şah adamı gələ bilər. Lakin bundan qorxmaq lazım deyil. Xomeyninin fəaliyyəti nəyi ilə cəlbedicidir? O, eyni vaxtda həm taxt-taca, həm də amerikalılara qarşı mübarizə aparır. Hətta ehtimal etsək ki, şah səltənətinin yerinə hərbi administrasiya gələcək, o halda belə haqqımız var bunu irəliyə doğru atılmış addım hesab edək. İran camaatı uşaqlıqdan şaha təzim etmək, onu ilahiləşdirmək ruhunda tərbiyə edilir. Belə bir inam hərbi diktatorda olmayacaq və amerikanların müdafiəsinə rəğmən, onu devirmək asan olacaq. Biz öz taktikamızı müəyyənləşdirərkən daha çevik, daha ayıq və qətiyyətli olmalıyıq".
Və Heydər Əliyev Kiyanurinin irəli sürdüyü (əslində ona da ötürülmüş və ilk səslənişdə məqbul kimi görünməyən, ADF-də etirazla qarşılanan silahlanma çağırışları məsələsinə aydınlıq gətirir, bu sadə, anlaşıqlı, məntiqli izahla məsələnin ağlabatanlığı hər kəsə çatır. Hər kəsə bəlli olur ki, burada söhbət heç də Tudə Partiyasının onda onsuz da olmayan silahı xalqa paylamasından deyil, etiraza qalxanları xalqa silah tətbiq edənlərə qarşı silahlanmağa çağırmaqdan gedir. Əgər aylar əvvəl İcraiyyə Bürosunun iclaslarında Kiyanuri həmin məsələni məhz Heydər Əliyevin ifadə etdiyi tərzdə çatdırmağı bacarsaydı, bəlkə heç artıq höcətləşmələrə də yer qalmazdı: "Xalqı silahlanmağa çağırmaqda Kiyanuri haqlıdır. Bir var siyasi şüarlar qışqırasan, bir də var dinc nümayişçiləri, qadınları və uşaqları soyuqqanlılıqla öldürənlərə atəş açasan. Məlumdur ki, sizin silahınız yoxdur və onu paylamaq da sizin işiniz deyil. Ancaq xalqı silahlanmağa, müqavimət hərəkatını birləşməyə səsləmək, şübhəsiz ki, lazımdır. Xalq bunu ruh yüksəkliyi ilə qarşılayacaq".
Təbii, İranda cərəyan edən hadisələri ən çox diqqətdə saxlayan, bu və ya digər şəkildə həmin proseslərə müdaxilə etməyə səy göstərən iki əsas ölkə ABŞ-la Sovet İttifaqı idi və SSRİ-nin mövqeyi ilə bağlı da Heydər Əliyev qonaqları ilə mülahizələrini bölüşür: "Sovet İttifaqı üçün İranın böyük mənası vardır. Ona görə də biz bu ölkədə baş verən proseslərə biganə deyilik. Sovet İttifaqının İrana münasibətdə mövqeyi L.İ.Brejnevin "Pravda" qəzeti müxbirinə müsahibəsində aydın şəkildə ifadə edilib. Biz İranın daxili işlərinə qarışa bilmərik. Ancaq biz İran xalqının azadlıq və müstəqillik səylərini müdafiə edirik. Ona görə də biz amerikanları xəbərdar edirik ki, onların İrana silahlı müdaxiləsi olarsa, biz cavab tədbirləri görəcəyik. Hərbi alovlanma təhlükəsinə gətirib çıxaran vəziyyətin yaranmasını istəməzdik. Ancaq bu da şəksizdir ki, şahlıq rejimini devirmək üçün bütün qüvvələri və səyləri səfərbər etmək lazımdır. Artıq bu da çox uzaqda deyil".
ABŞ xalq etirazları davam etdiyi və bu dalğanın şiddətlənmə dərəcəsi dəyişdikcə İranla bağlı siyasətinə bir neçə dəfə düzəlişlər etmişdi. Həm də bu dəyərləndirmə kənardan seyr edərək əldə etdiyimiz qənaət deyil. Özləri yazıblar, etiraf ediblər. Zbiqnev Bzejinski təsdiqləyirdi ki, Vaşinqtonun İran siyasəti tədricən İranı əlində necə saxlamaq üçün şaha kömək etmək xəttindən İranı hətta şahsız necə qoruyub saxlamağa çevrildi. ABŞ və onun müttəfiqləri hər vəchlə İran ordusuna nəzarəti saxlamağa can atırdılar. O vaxtlar İran ordusundakı zabitlərdən 12 min nəfəri də ABŞ-da təlim görmüşdü.
Hadisələr zəncirinin rəngdən-rəngə saldığı ABŞ siyasəti 1978-ci ilin sonlarından etibarən bu mövqedə idi ki, islam respublikası heç də şahdansonrakı İranda siyasi inkişafın ən bəd variantı deyil. Ağ Evin bu dəyişən siyasətinin ən aşkar sübutu Karterin 1979-cu ildə o vaxt Parisdə olan Xomeyniyə yolladığı məktubdur ki, mətləb pərdəsiz-filansız bəyan edilirdi: "ABŞ xalqın böyük əksəriyyətinin dəstəklədiyi istənilən İran hökuməti ilə sabit dostluq münasibətlərinin tərəfdarıdır". Ya mövqeyi daha dəqiq göstərən qapalı sənəd var. Pentaqonun Kəşfiyyat İdarəsinin rəisi, general R.Tayın İran hərbi kəşfiyyatının rəhbərləri generallar Borumənd və Qacarla danışıqlarının İran Hərbi Kəşfiyyat arxivindən aşkarlanmış mətni həqiqətin içini göstərir: "Din də monarxiya sistemi kimi ən strateji vəzifənin - İranın azad dünyanın qoynunda (yəni Qərbin təsir dairəsində - R.H.) qorunub saxlanmasına xidmət edən və kommunist təsirinin qarşısını kəsən effektiv bir alət kimi çıxış edə bilər".
Hələ kartlar qapalı idi. O vaxt cərəyan etmiş proseslərə vaxt ötəndən, burulğanlar və qasırğalar sovuşandan, xüsusən bu vaxt 15-20 ili və daha artıq müddəti arxada qoyandan sonra fərziyyələri hasil olmuş nəticə ilə tən gələnlərin şəstlə "Gördünüzmü mən deyən düz çıxdı, biz söyləyən yerini tutdu" bəyanatları ilə ehtimalları doğrulmamışları uzaqgörməzlikdə suçlaması heç doğru deyil. Tam əksi də ola bilərdi, ya İrandakı gedişat büsbütün qeyri bir məcrada cərəyan edərdi. Başlanğıcda o tərəflə bu tərəfin, elə deyənlərlə belə söyləyənlərin düz çıxmaq şansı eyni idi. Molla Nəsrəddinin məşhur lətifəsindəki kimi: Molla deyir, şah məni münəccim kimi işə götürsün, yüksək maaş kəssin, hər gün ona sabah havanın necə olacağını yüzfaizli dəqiqliklə deyim. Sarayda da düşünürlər ki, belə xidmət çox faydalı ola bilər, ona görə də işi yubatmadan Mollanı dərbara dəvət edirlər ki, razıyıq, sizi sarayda qulluğa alırıq, şərtlərinizi deyin. Molla qayıdır ki, bircə şərtim var, mənim zövcəmi də işə götürün, çünki bu, elə məsələdir ki, heç cürə təkbaşına alınmır. Yoldaşım deyəndə ki, yağacaq, mən deyirəm, yağmayacaq. İkimizdən birimizin sözü mütləq düz çıxır.
Xomeyninin hansı xətti tutacağı ilə bağlı hesablamalar və ehtimallarda yanılmaqdan söhbət gedərsə, SSRİ və ABŞ kəşfiyyatlarımın proqnoz xətaları təqribən bənzərdir. Moskva ilə Vaşinqtonun xomeyniçiliyin siyasi xətti ilə əlaqədar ümidli gümanları aşağı-yuxarı eyni səviyyədə özünü doğrultmadı.
Heç kim Xomeyninin çiyninin üstündən onun əllərindəki kartları aydın görmək imkanına malik deyildi. Hamı yalnız əsas götürdüyü sübut və dəlillər əsasında öz məntiqi ilə nəticə çıxarırdı.
Heydər Əliyev də 1979-cu ilin 6 yanvarında Nurəddin Kiyanuri ilə birinci görüşündə onun məhz Xomeyni tərəfdarları ilə əməkdaşlıq etmək təklifini nəzərə alaraq soruşmuşdu ki, əvvəllər sizin Xomeyni ilə əlaqələriniz olubmu, belə bir əminlik varmı ki, o, sizinlə, yəni Tudə Partiyası ilə əməkdaşlığa razılıq verəcək?
Əvvəllər əlaqələrinin olub-olmaması ilə bağlı bir söz demir: "Məncə, razılaşacaq. Bu yaxınlarda Xomeynidən soruşmuşdular ki, o necə hesab edir, ABŞ-ın silahlı qüvvələri İrana girə bilərmi? O, belə cavab vermişdi: "Əgər amerikanlar İrana girsələr, daha güclü bir rəqiblə qarşılaşacaqlar".
O, qüsursuz adam kimi səciyyələndirdiyi, son 25 ildə şaha qarşı mübarizə aparan Xomeyninin İrandakı adilikdən uzaq populyarlığına bunu misal çəkir ki, 1978-ci ilin 8 sentyabr "qanlı cümə"sindən sonra "Keyhan" qəzeti onun portretini dərc etmişdi. Bu qəzetin tirajı adətən 60 min olduğu halda həmin gün buraxılan qəzetin sayı 1 milyona çatmışdı, qəzetin hər nüsxəsi əl-əl gəzirdi və onu 30-50 tümənə satırdılar.
Ancaq Heydər Əliyev şübhəsini də bölüşür, Xomeyninin kommunistlərlə əməkdaşlığın əleyhinə olması haqqında məlumatı olduğunu bildirir.
Kiyanuri "Yox, düşünürəm ki, bu, taktiki bəyanatdır" söyləyərək, dəqiqləşdirir ki, "Zənnimcə, bu, taktiki bəyanatdır. Xomeyni Sovet İttifaqı ilə ABŞ-ı eyni tərəziyə qoymur. Məlumdur ki, Ayətullah Talebani, Ayətullah Qomi və başqa din xadimləri Sovet İttifaqı haqqında çox konkret danışmışlar. Məsələn, Qomi az əvvəl belə deyib: "SSRİ uzun müddət ərzində İrana heç bir pislik etməyib. Biz Sovet İttifaqını şahla müharibədə potensial müttəfiqimiz hesab edirik".
...Aylardan bəri davam edən ikitirəliyə və mövqelər toqquşmasına Heydər Əliyev ard-arda keçirdiyi 5 görüşlə məharətlə həll açarı tapır və Nurəddin Kiyanuri Heydər Əliyevə göstərdiyi köməyə, tövsiyələrinə görə təşəkkürünü yetirdikdən sonra sevinclə etiraf edir: "Biz anlayırıq ki, bu, partiyamızın həyatında tarixi mərhələdir. Ən mühüm olanı isə budur ki, biz artıq birlikdəyik və ruh yüksəkliyi ilə işə başlayırıq".
Kiyanuriyə Azərbaycan Demokrat Firqəsində inamsızlıq və rəğbətsizliyin kökləri, çeşidli səbəbləri vardı. Onun babasının şahlığın sütunlarından olduğu, 1909-cu ildə məşrutəçilər tərəfindən qətlə yetirildiyi bəlli idi. Nurəddinin qardaşı şah ordusunda briqada generalı idi, iki ərli qızı ABŞ-da yaşayırdı və arvadının əmisi oğlu Müzəffər Firuz Qəvam üs-Səltənənin müavini olmuş, 21 Azər hərəkatının amansızlıqla yatırılmasında bilavasitə iştirak etmişdi. Başqalarının fikirlərinə dözümsüz yanaşması, müəyyən qabalığı və nəzakətsizliyi, üstəlik də, azərbaycanlılara təkəbbürlü münasibəti Kiyanuriyə bizim firqəçilərin soyuqluğunu yaradan başlıca amillərdi. Digər tərəfdən də, Berlində işləyən, Kiyanurini yaxından müşahidə imkanı çox olmuş Ənuşirəvan İbrahimi bütövlükdə Kiyanurinin ADF-yə də xoş münasibət bəsləmədiyini Bakıdakılara çatdırmışdı.
İran Xalq Partiyası daxilində gedən proseslər, aparıcı, sözükeçər üzvlərinin əksərinin əks mövqedə durması Kiyanurinin qarşıdakı seçkilərdə birinci katib seçilməyə ümidləri və imkanlarını sıfra endirirdi. Heydər Əliyev işə qarışaraq əksmövqeliləri çöndərməsəydi, bu sevda baş tutan deyildi.
Moskva niyə məhz onun üzərində israr edirdi, Kiyanuri bu rəğbəti necə qazana bilmişdi - bəlli deyil. Məlum olan budur ki, Heydər Əliyev mümkünsüz görünəni mümkünə çevirməyi bacarır.
Bir neçə gün sonra Heydər Əliyevin bu qonaqları yenə bir yerdəydilər. Amma daha Bakıda yox. 1978-ci il yanvarın 13-də Leypsiqdə İran Xalq Partiyası Mərkəzi Komitəsi İcraiyyə Bürosunun iclası keçirilirdi. Toplantını partiyanın sədri İrəc İskəndəri açaraq əvvəlcə gündəlikdəki birinci məsələni diqqətə çatdırır, İXP-nin İranda silahlı mübarizəyə çağırışının mətnini səsləndirir. Mətn yekdilliklə qəbul edilir. İkinci məsələ isə "İranda inqilabi-partiya işini gücləndirmək" haqqında idi. Bu barədə Qulam Daneşyan danışır, İrandakı hadisələrə lazımi reaksiya verə bilməsi üçün partiyanı gücləndirməyin zəruri olduğunu söyləyir. İrəc İskəndərinin partiyada dönüş yaratmaq iqtidarında olmadığını elan edərək birinci katib vəzifəsinə Nurəddin Kiyanurinin namizədliyini irəli sürür. 1 ay əvvəl ağlasığmaz kimi görünən, hökmən etirazlarla qarşılanası bu təklif yekdilliklə keçir, hamı əl qaldıır.
İcraiyyə Bürosunun tərkibinin genişləndirilməsi ilə bağlı təklifə də, Heydər Əliyevin kabinetində müzakirə edilərək dəqiqləşdirilmiş namizədlərin hər birinə də maneəsiz "hə" verilir.
Təqi Erani söz alır: "İrəc İskəndərinin birinci katib vəzifəsindən çıxarılması partiya cəzası deyil, amma həm də o demək deyil ki, İskəndəri yaxşı işləyib".
İskəndəri də danışır, mən partiyanın əsgəriyəm deyir, yoldaşlar bu qərara gəliblərsə, mən onun tərəfdarıyam. Üç gün sonra - yanvarın 16-da isə partiyanın İcraiyyə Bürosu Mərkəzi Komitəsinin Nurəddin Kiyanurinin başçılığı ilə ilk iclası keçirilir. Fevralın 27-si ilə 28-də isə İXP artıq Berlində XVI plenumunu keçirir. Əsas məruzəni Kiyanuri edir. 18 nəfərin qatıldığı müzakirələrdə məruzədəki əsas müddəalardan biri - partiyanın İrandakı hərəkatda Xomeyninin tərəfdarı kimi çıxış etməsi məsələsi fikir fərqlilikləri də yaradır. X.Əmirxizi Ayətullah Xomeyninin uzun illər Səudiyyə Ərəbistanı ilə əlaqə saxladığını, həmin ölkənin ona maddi dəstək olmasını xatırladaraq bu gün Xomeyninin öz bayrağı altında 700 milyon müsəlmanı qovuşdurmaq söyləyişlərinin təsadüfi olmadığını diqqətə çatdırdı: "Biz elə qeyd-şərtsiz Xomeyni xəttini müdafiə etməməliyik, biz hadisələrə son dərəcə açıq gözlə, siyasi çevikliklə yanaşmalıyıq".
Partiya fəaliyyətini İranda, o sıradan Güney Azərbaycanda fəal şəkildə davam etdirməyin yollarını arayır, bu səmtdə fikir bölüşürlər, İran içərisində Azərbaycana muxtariyyət verilməsi istiqamətində düşünməyin vacibliyindən də bəhs edilir, Qafar Kəndli olub-keçən təcrübədən dərs almağın unudulmamasını istəyir, bundan sonra partiyanın bütün məsələlər ətafında müzakirələrində, illah da belə nigaran bir tarixi mərhələdə hər qərarın müştərək rəyə arxalanmasına, razılaşdırılmış ortaq məqbul baxışın nəticəsi kimi verilməsinə səsləyir.
Qət edilir ki, Ayətullah Xomeyniyə, Mehdi Bazərqana və Kərim Səncabiyə İran Xalq Partiyasının fəaliyyətini İranda davam etdirməklə bağlı xahiş teleqramları yazılsın, həmin teleqramların surətləri də dərc edilməkçün "Ettelaaat", "Keyhan", "Ayəndeqan" qəzetlərinə göndərilsin.
SSRİ də illərdən bəri yaşayan iranlı siyasi mühacirlərin hamısının mərhələli vətənə qayıdışı səmtində işə başlanılması təşəbbüsünü də qaldırır.
...Berlindəki plenumda təşəbbüs qaldırılırdı. Həmin günlərdə Bakıda isə Heydər Əliyevin masasının üstündə artıq siyahılar vardı. Bu məsələyə də onun baxışı uzaqgörən idi. İlk növbədə cavan, yüksəkixtisaslı, hərtərəfli hazırlıqlı, bişkin mütəxəssislərə üstünlük vermək. Həm də onları elə birbaşa göndərməmək, xüsusi kurslarda bir qədər də yetişdirərək yola salmaq ki, gedib faydalarını verə bilsinlər. Təkliflərini Kremlə ünvanladığı məktubda bircə-bircə əks etdirmişdi.
İran və Güney Azərbaycan onillər öncə olduğu kimi, yenə onun hərgünkü ümdə işlərinin sırasında idi.
Rafael HÜSEYNOV, akademik