Onlar möhkəm adamlar idilər. Hər biri qətiyyən sadə olmayan tale sahibi idi. Mübarizə yolu keçmişdilər, fədakar çalışmalarının bəhrəsini görüb xoşbəxt də olmuşdular, ağır məğlubiyyətin acısını dadaraq xəyal qırıqlığı da yaşamışdılar, ölüm təhlükəsi ilə (bəziləri bir neçə dəfə) üzbəüz qalmışdılar, həyatlarını sanki ağ səhifədən başlayaraq yenidən ümid və inamla davam etdirmək üçün də özlərində güc tapmışdılar.
Hərəsi özünə görə güclü adam idi, çünki çətin həyat sınaqları onları sındıra, ruhdan sala bilməmişdi, yenə ayaq üstə, yenə mübarizə yolundaydılar. Ancaq özü güclü olanların da həmişə daha güclü məhrəm kürəyə sığınmaq ehtiyacı olur. Və onların bu sarıdan bəxtləri gətirmişdi. Heydər Əliyev kimi onları yaxşı duyan, keçdikləri yola da, dərd-sərlərinə də, sönməyən amallarına da yaxşı bələd olan arxaları vardı.
İrandan Sovet İttifaqına pənah gətirmiş siyasi mühacirlər tək Azərbaycanda deyildi. Rusiyada da, başqa respublikalarda da vardı. Bu qəbil insanlar SSRİ-nin təsir dairəsi altında olan bir neçə Avropa dövlətində də yaşayırdılar. Ancaq onların həm sayca ən çox olduqları, həm də özlərini daha rahat hiss etdikləri, ehtiyacları da daha çox təmin olunan, özlərinin də daha artıq qaynayıb-qarışdıqları yer məhz Azərbaycan idi. Onlara münasibətdə bəlli vahid siyasət vardı. Həmin xətti Kreml müəyyənləşdirirdi - Moskvadakılar üçün də, Tacikistanda yaşayanlardan ötrü də, adı müstəqil olsa da, Sovetin 16-cı respublikası kimi qavranılan Bolqarıstanda ömür sürənlərə də. Siyasət eyni olsa da, Azərbaycanda bütün başqa yerlərdəkinə nisbətən iranlı siyasi mühacirlər - onlarsa yalnız milliyyətcə Azərbaycan türkü olan insanlar deyildilər - daha əlverişli, özlərini mənəvi baxımdan da çox məmnun edən şəraitdə idilərsə, başlıca səbəb Heydər Əliyevin şəxsiyyəti idi. Onun iranlı siyasi mühacirlər üçün yalnız qayğı göstərmək baxımından deyil, onları duymaq, içəridən tanımaq baxımından da əvəzsizliyini oturub-durduğum çox güneylilərdən, o sıradan vaxtilə Azərbaycan Demokrat Firqəsinin baş katibi olmuş nurlu, müdrik insan Əmirəli Lahrudinin dilindən eşitmişəm. 1980-ci illərdə Azərbaycan radiosunda, 1990-cı illərdə "Amerikanın səsi" radiosunda hər 21 Azər astanasında verilişlər hazırlayar, köhnə fədailərdən müsahibələr alardım. Neçə dəfə də Lahrudini danışdırmışdım. Çox vaxt da onların hamısını birlikdə Azərbaycan Milli Hökumətinin sözlərini Mirmehdi Etimadın yazdığı, musiqisini Cahangir Cahangirovun bəstələdiyi himnini oxumağa dəvət edərdim. O məclislərin daimi iştirakçısı Novruz Feyzullayevə, həmişə də olmasa, o yığnaqlara hər halda vaxtaşırı qatılan Məmməd Salmanovun səsinə səs verərək oxuyardılar, duyğulanardılar. Müstəqilliyimizin təzədən qayıdışının ikinci ilində yenə növbəti bu cür 21 Azər mərasimindən sonra Lahrudinin iş otağında söhbətini lentə yazıb bitirəndə nədirsə, bu dəyişən zaman içində Heydər Əliyevi yada saldı, "Dəmir adam idi, bizim ürəyimizin adamı idi", - dedi və özünün adətən son dərəcə ölçülü-biçili, hissiyyata qapılmaqdan ustalıqla qaçan deyiş tərzindən fərqlənən, daha çox etirafa bənzəyən əlavəsini etdi ki, "onun bizimçün yerini heç kim verə bilməz, vermədi də!"
Bu, işin içində olan bir insanın, el sözüylə desək, can yiyəsinin ürəkdən gələn dəyərləndirməsi idi. O vaxt bu qiymətvermənin dəqiqliyini müəyyən etmək mənimçün mümkünsüz qədər çətin idi. Bugünsə yalnız mən yox, dəlillər-sübutlar qatarını indinin hündürlüyündən görərək müqayisələr aparmaq imkanı olan hər ədalətli münsif Lahrudinin o qiymətini təsdiqləyər.
...Bu məktubu Heydər Əliyev 1979-cu il martın 6-da Kremlə göndərib. İran tarixinin yalnız ölkənin içərisində deyil, xaricdə də yüz minlərlə insanın yaxşı dəyişikliklərə ümidlər, arzular, fərziyyələrlə dolu büsbütün yeni dövrü başlanırdı. 1946-cı ildə şah istibdadından can qurtararaq Sovet İttifaqına gəlmiş iranlı siyasi mühacirlər arxada qalan illərdə daha da yetişərək, içəridən böyüyərək, mətinləşərək böyük orduya çevrilmişdilər. O vaxt buralara pənah gətirən 10 mindən artıq iranlının yüzdəyetmişi savadsız idisə, sonrakı illərdə də gələnlərlə birgə indi miqdarı 19 minə çatan həmin təbəqə arasında nəinki savadı olmayan heç yox idi, daha artıq - onların arasındakı elmlər doktoru və elmlər namizədləri 159 nəfər idi, əksəri də tanınmış, fikri ilə hesablaşılan mötəbər alimlər. 1946-cı ildən 1979-cu ilədək, cəmi 33 il ərzində başlanğıcda vur-tut 15-cə nəfər ali təhsillisi olan iranlı siyasi mühacirlərin yeni ordusunda indi mühəndis və texniklərin sayı 945, həkim və tibb işçilərininki 1007, aqronomların, mexanizatorların, digər kənd təsərrüfatı mütəxəssislərininki 675 nəfər idi. Sovet dönəmində partiya və hökumət vəzifələrinə doğru irəliləməkçün əsas tramplinlərdən biri Ali Partiya Məktəbində təhsil almaq idi və iranlı siyasi pənahəndələrdən belə diplomu alanlar 400 nəfər idi. 1966-cı ildən İran Siyasi Mühacirlərinin Cəmiyyətinin Azərbaycan bölməsi fəaliyyətdə idi, 1960-cı ildən İran Xalq Partiyasının vilayət partiya təşkilatı kimi fəaliyyətdə olan 152 özəkli Azərbaycan Demokrat Firqəsinin sıralarında 3.500 üzv vardı. Söz yox, bu potensialı həqiqətən ordu saymaq mümkün idi.
Heydər Əliyev Moskvaya yazırdı ki, İrana dönmək istəyənlər arasında bunu birbaşa Sovet İttifaqından deyil, üçüncü ölkələr yolu ilə etmək istəyənlər varsa da, əksəriyyət vətənə açıq, qanuni şəkildə, orada həyatlarını qura bilmələri üçün müəyyən zəmanətlər əldə edərək qayıtmağı üstün tutanlardır.
Azərbaycan rəhbəri həmin siyasi mühacirlərin dilindən həlli Moskvadan asılı məsələlərlə bağlı suallara da cavab arayırdı. Yəni siyasət əslində Moskvadan gəlirdi ki, getmələri məsləhətdir. Çünki gedəcəklərə Moskva sabah İranda Sovetin xəttini yürütməkçün dayaqlar kimi baxırdı. Heydər Əliyev də məktubunda soruşurdu ki, yaxşı, getdilər, bəs onların bir çoxu burada adi təqaüdlərdən fərqlənən fərdi təqaüdlər alırlar, bunun həlli necə olacaq, yaxud ailənin hansısa üzvlərini də apararlarsa, təminat məsələləri necə həll ediləcək? Başqa sözlə, bu məktubun məqsədi həm Moskvanın "siyasi mühacirlər İrana qayıtsınlar" çağırışına müsbət cavab idi, həm də qayıtdıqları təqdir üçün biz onlarçün nə etməliyik sualını yuxarılar qarşısında qaldırmaq.
Heydər Əliyevin məktubunda bu məqam da vardı ki, mühacirət illərində həmin zümrədən olan 416 nəfər burada vətəndaşlığı qəbul edib, indi İran vətəndaşlıqlarını bərpa etmək istəyirlər.
Bu müddəanı da məktuba səbəbsiz əlavə etməmişdi. İş ondadır ki, qayıdışla əlaqədar Kreml Tehrana dövlət səviyyəsində birbaşa müraciət etməli idi, o halda bu sualların da hər biri gərək o müraciətdə əksini tapaydı, müvafiq cavab alınaydı ki, belə həyati xırdalıqları aydınlaşdırmadan İrana qayıdan siyasi mühacirlər Əli aşından da, Vəli aşından da olmasınlar, çıxılmaz kor dalana düşərək nicatsız halda vurnuxa-vurnuxa qalmasınlar.
O günlərdə və həftələrdə ki iranlı siyasi mühacirlərin vətənə qayıdışı üçün hazırlıqlar gedirdi, ölkənin içərisində vəziyyət durmadan dəyişirdi. Hələ heç kəs, heç bir kəşfiyyat nəyin necə olacağı, gələcəyin hansı qaçılmaz təklifləri ortaya qoyacağını qətiyyətlə proqnozlaşdıra bilməzdi. Hələ Xomeyninin sözü və hökmləri danışıqsız icra səviyyəsindən uzaq idi. Hələ İranın içərisində işləyən kəşfiyyatların, o sıradan Sovetin malik olduqları güclər və dayaqlarla bir çox niyyətlərinə yetəcəkləri ümidi də qüvvədə idi.
Elə təqribən düz Heydər Əliyevin məktubunun Kremlə göndərildiyi vaxtda - 1979-cu ilin 7 martında Xomeyninin göstərişi ilə "Müvəqqəti inqilabi komitələrin nizamnaməsi" hazırlanır. "Xomeyninin göstərişi, əmri, tapşırığı" və digər belə ifadələr həmişə şərti qəbul edilməlidir. Çünki İran inqilabının və İran İslam Respublikasının ay-ay, il-il irəliləyən gedişini, təbəddülatlarını izlədikcə ona şahid oluruq ki, bütün baş verənlər arxasında ciddi beyin mərkəzi, ya mərkəzlərinin dayandığı, bir sıra kəşfiyyatların da məqsədlərini və səylərini puça çıxaracaq qədər incə kəşfiyyat-tədqiqat tədbirlərini əhatə edən, öncədən ayrıntıları ilə mükəmməl düşünülmüş dövlət, siyasət və cəmiyyət quruculuğu planı idi.
Elan edilirdi ki, bu inqilabi komitələri təsis etməkdə məqsəd qayda-qanun yaratmaq, ölkənin təhlükəsizliyini təmin etmək, eyni zamanda, qanuni Bazərqan hökumətinin imam Xomeyninin rəhbərlik etdiyi inqilabın vəzifələrini yerinə yetirməsində ona köməklik göstərməkdir.
Bütün bunları martın 8-də "Keyhan" qəzeti xəbər verirdi.
Ancaq həmin nizamnamə inqilab komitələrinin yerli ruhanilərə və məscidlərə tabeçiliyini tələb edirdisə də, ölkə boyu mərkəzi hakimiyyətə tabe olmamaq təşəbbüsləri tez-tez müşahidə edilməkdə idi. İş ondadır ki, inqilab komitələri qarşısında yeni nizamnamənin nə tələblər qoymasından asılı olmayaraq, o komitələr inqilab gedişində xalq iradəsinin ifadəsi kimi yaranmışdı. Solların təsirinin daha qabarıq olduğu komitələr mollaların idarə və iradəsinə danışıqsız tabe olmaq fikrindən uzaq idi.
1979-cu ilin aprelində Xomeyninin xeyir-duası ilə Behişti və Rəfsəncani qruplaşması Hezbullahla birbaşa əlaqələri olan İslam İnqilabi Partiyasını yaratmağa başlayandan, həmin ilin payızında elə onların ötürməsi ilə fanatik tələbələr və ziyalıların "İmam xəttinin davamçıları Müsəlman Tələbələr" gizli ekstremist təşkilatı ortaya çıxandan sonra ölkədə ruhanilərin hakimiyyəti getdikcə şəriksiz gücə çevrilmək səmtində daha artıq irəlilədi.
Bugündə əyləşib həmin çalxantılı çağlarda ayrı-ayrı qüvvələri apardıqları siyasətdə, yürütdükləri xətdə yanlışlara yol verirmişlər, uzağı yetərincə görə bilmirlərmiş kimi kəskin deyişlərlə günahlandırmaq doğru sayılmaz. O dövrdə İranda siyasi hava payız Londonunda yağmurun haçan yağıb-yağmayacağını qabaqcadan söyləyə bilmək qədər qatışıqmış.
Və o günlərdə İrana bağlı maraqları olan hər ölkə, hər kəşfiyyat, hətta illərcə xaricdə yaşamış, indi dəyişən durumda qəribsədiyi vətənə dönmək istəyən hər fərdin özünə görə düşüncələri vardı, bunlardan hər biri də məqsədinə çatmaqçün lazım bildiyi işini görməkdəydi.
Bakı da İrana mühacirlər köçü ilə bağlı Moskva ilə daimi yazışma və məsləhətləşmələrlə öz zəruri tədbirlərini görməkdə idi.
1979-cu il martın 30-da Azərbaycan rəhbəri Heydər Əliyev Tudə Partiyasının üzvü Rəhim Qazini qəbul edəcəkdi. Həmin görüşdən əvvəlsə - martın 21-də Rəhim Qazi ilə Mərkəzi Komitənin Xarici əlaqələr şöbəsinin müdiri Ənvər Cəbrayılov söhbət etmiş və bununla bağlı hazırladığı arayışı Heydər Əliyevə təqdim etmişdi.
Almaniya Demokratik Respublikasına səfərdən qayıtmış Rəhim Qazi bildirmişdi ki, Berlin aeroportunda onu qarşılamağa iki qoruyucusu ilə Nurəddin Kiyanuri gəlibmiş və sonra onu Almaniya Vahid Sosialist Partiyası Mərkəzi Komitəsinin mehmanxanasında yerləşdiriblər. Kiyanuri Rəhim Qaziyə deyib ki, biz bu yaxınlarda İXP-nin partiyanın tarixi üçün vacib olan plenumunu keçirdik, partiyanın əsas fəaliyyətini İrana keçirməyi qət etdik. Ona görə də bəzi MK katibləri və İcraiyyə Bürosu üzvləri bu yaxınlarda İrana getməyə hazırlaşırlar. Kiyanuri bunu da söyləyib ki, o, özü və həyat yoldaşı Məryəm Firuz da getmək üçün sənədlərini hazırlayırlar. Rəhim Qazi ilə onların söhbətinin əsas mövzusu kürd məsələsi olubmuş. İran Kürdüstanındakı vəziyyətə toxunan Kiyanuri etiraf edib ki, onun kürdlərə heç bir təsir imkanı yoxdur. Kürd hərəkatına rəhbərlik edən Rəhman Qasımlı vaxtilə İXP-nin üzvü olub. Ancaq o, partiyanın mənafeyinə zidd hərəkət etdiyindən sıralarımızdan xaric edilib. Rəhim Qazi də Rəhman Qasımlını yaxşı tanıdığını, onun Kürdüstanda böyük nüfuz sahibi olduğunu, partiyasında 100 min nəfərdən artıq insanın birləşdiyini, tam silahlı olduqlarını, öz mətbəələrinin, radiostansiyalarının olduğunu deyir. Kiyanuri Rəhim Qaziyə bunu da deyir ki, artıq İranda onların "Mərdom" qəzetinin 2 nömrəsi çıxıb və bu, böyük nailiyyətdir. Kiyanuri İranın ayrı-ayrı məşhur ictimai-siyasi xadimlərinin, o sıradan Müsəddiq hökuməti dövründə maarif naziri olmuş Məhəmməd Mokrinin maraqlarının İXP-nin işlərinə yönəlməsinə köməklik göstərməsini rica edib.
Almaniyadan Moskvaya qayıdarkənsə Rəhim Qazini Sov.İKP MK-da N.Simonenko qəbul edib və ona hər cür diqqət göstərilib, hətta xüsusi maşın ayrılıb. Simonenko Rəhim Qaziyə məsləhət görüb ki, təyyarə ilə İrana uçsun, orada hava limanında mətbuat konfransı təşkil ediləcək, müsahibə alanların arasında İranda akkreditə edilmiş sovet jurnalistləri də olacaq.
Kremlin Rəhim Qaziyə belə xüsusi diqqəti onun İrandakı kürd hərəkatı ilə nəsillikcə bağlı olması və sovetin İranda həyata keçirməyi nəzərdə tutduğu siyasətin gerçəkləşməsinə göstərə biləcəyi təsirlə əlaqədar idi. Rəhim Qazinin İrana göndərilməzdən öncə Heydər Əliyevlə görüşü də həmin məqsədə xidmət edirdi, təbii ki, bu, Moskvanın istəyi idi.
Heydər Əliyevin Rəhim Qaziyə ilk sualı bu olmuşdu ki, İrana nə vaxt getmək istəyirsiniz və nə planlarınız var?
Rəhim Qazi deyirdi ki, 32 ildir burada - Sovet Azərbaycanında yaşayır və bu, həyatının ən yaxşı parçasıdır. Bildirirdi ki, İranda geniş iş aparmaqçün münasib imkanları var, çünki 1946-cı ildə şah tərəfindən edam edilmiş Məhəmməd Qazi və digər qohumlarının bütün ölkədə xatirəsi əziz tutulur, Xomeyni indi şiələr arasında nə qədər hörmətlidirsə, sünnilər arasında da İranda Qazi ailəsinə eyni ehtiram bəslənilir.
Heydər Əliyev soruşur ki, bəs İranda işinizi necə qurmağı düşünürsünüz? Rəhim Qazi qayıdır ki, mən yalnız Kürdüstanda olsam, fəaliyyət dairəm məhdudlaşar. Yaxşısı budur Tehranda yerləşim: "Anamla, başqa qohumlarımla telefon söhbətlərimdən bu qənaətə gəlmişəm ki, mənə səfir vəzifəsi verilə bilər, ya da Milli Məclisdə vəkil ola bilərəm. Ona görə də mənim İrana Tudə Partiyasının üzvü kimi deyil, bir fərd olaraq, Qazi nəslinin təmsilçisi kimi getməyim daha məsləhətlidir".
Heydər Əliyev köhnə əməliyyatçı və kəşfiyyatçı kimi ilk növbədə Rəhim Qazinin İrandakı yüksək əlaqələri ilə maraqlanır. Rəhim Qazi nazirlər Səncabi, Forruxara, Ərdalanı, Xomeyniyə təsir imkanları olan bir sıra başqa rəsmi şəxsləri yaxşı tanıdığını, onların köməklərini əsirgəməyəcəklərini bildirir. Qısa söhbət əsnasında siyasi mənzərə müstəvisində Rəhim Qazinin mümkün faydalı fəaliyyət dairəsi Heydər Əliyevə aydın görünür və o, həmsöhbəti üçün dəqiq yol xəritəsi cızır. O söhbətin kağız üzərindəki mətninə baxıram, 2 dəqiqəyə sığacaq sözlərdir. Ancaq son dərəcə məsul vəzifə və tapşırıqla yola çıxan müsahibinə 2 dəqiqə ərzində belə dəqiq və dərin bələdçi tövsiyələr verə bilməkçün nə qədər geniş bilik, təcrübə, təhlil qabiliyyəti, ən vacib olanları incəliklə sezə bilmək səriştəliliyi də vacibdir. Bu 2 dəqiqəlik yolgöstəricilikdə həm müdrik dövlət başçısının, həm hadisələrin alt və digər görünməz qatlarından agah bəsirətli kəşfiyyatçının, həm dünya siyasətinin qatmaqarışıq kələfindən ən gərəkli ipuclarını dürüst seçməyə qadir mahir diplomatın siması görünməkdədir: "Hələ ki İrana gedən olmayıb. Siz birinci olacaqsınız. Moskvada, Mərkəzi Komitənin Beynəlxalq şöbəsində sizi, yəqin ki, qəbul edəcəklər. Görüş vaxtı açıq danışın, yoldaşlara öz niyyətlərinizi bildirin, onların tövsiyələrinə diqqətlə qulaq asın. Düşünürəm ki, sizin fikirlərinizin istiqaməti doğrudur. Sizin İranda ilk mərhələdə özünüzü İran Xalq Partiyası və Kürdüstan Demokratik Partiyasının fəaliyyəti ilə bağlamayaraq Qazi ailəsinin üzvü kimi çıxış etməyiniz daha yaxşı olar. Bu, ayrı söhbət ki, onlar özləri sizə müraciət edib kömək, məsləhət istəyələr. Kiyanuriyə həmişə kömək etmək lazımdır. Ancaq çox ehtiyatla ki, hakimiyyətdə sizə qarşı şübhələr oyanmasın. Ölkəyə çatan kimi əlaqələrinizdən istifadə edərək İranda öz siyasi çöhrənizi müəyyənləşdirməlisiniz, həyatda özünüzə yer tapmalısınız, özünüzü cəmiyyətdə təsdiq etməlisiniz. Deyirsiniz ki, səfir təyin edilə bilərsiniz. Əlbəttə, bu, şərəflidir. Amma bu, ən yaxşı variant deyil. Yaxşı olardı ki, siz bir siyasi xadim kimi qalxasınız. Siz alimsiniz, İrandakı ən nüfuzlu ailələrdən birini təmsil edirsiniz, 32 il ölkədən xaricdə yaşamısınız. İndi İranda ən yüksək vəzifələrə gəlmə iranlıları təyin edirlər. Yəni o adamları ki, vaxtilə şah onları siyasi əqidəsinə görə təqib edib. Ona görə də, çalışın ki, bəlli bir dövlət vəzifəsi ilə bağlanasınız. Sonrasını həyat göstərər".
Ardınca Heydər Əliyev İranın mümkün perspektivləri haqda düşüncələrini bölüşür. O vaxt yaxın üfüqdə sayrışan, ən çox arzulanan, İran xalqı üçün də, bu dövlətin qonşularından ötrü də ən sərfəli, mütərəqqi qüvvələrin də uğrunda çalışdığı əsas səmt də elə bu idi. Heyhat ki, gec-tez hökmən gələsi həmin nəticə mürtəce əllərlə onillərlə geri atıldı.
Heydər Əliyev davam edirdi: "Yəqin ki, İran gələcəkdə federativ dövlət kimi inkişaf edəcək: azərbaycanlılar, kürdlər, türkmənlər, bəluclar milli muxtariyyətlərini qazanacaqlar. Ancaq indiki mərhələdə müstəqillik, ya muxtariyyət tələb etmək düz olmazdı. Ancaq buna doğru can atmaq da lazımdır".
Səfər hər halda çətin səfərdir, riskli səfərdir, məchulları az olmayan səfərdir və hələ DTK illərindən tapşırıqla yola saldıqlarının ailə məsələlərinə həssaslıqla yanaşan Heydər Əliyev bunu da soruşur ki, məndən hər hansı istəyiniz, xahişləriniz varmı? Rəhim Qazi də Bakıda qalan qızı, övladlığa götürmüş olduğu nəvəsi ilə bağlı əmin edən cavab da alır: "Ailənizdən nigaran qalmayın!"
Ertəsi gün - martın 31-də isə Heydər Əliyev daha geniş tərkibli bir heyətlə görüş keçirir. Onun budəfəki qonaqları Azərbaycan Demokrat Firqəsi (ADF) İcraiyyə Bürosunun üzvləri Qulam Daneşyan, Əmirəli Lahrudi, Məmmədəli Müciri, Cəfər Müciri, Lütfəli Ərdəbilyan, Əbülhəsən Rəhmani, Səməd Afiyət, Muxtar Didekunan, Qulu Xəyyamidir.
Heydər Əliyevin qəbuluna firqəçilər srağagünkü - martın 29-da keçirdikləri plenumdan sonra toplaşmışdılar. Yenə əsas mövzu İranda cərəyan edənlərdi. Heydər Əliyev əslində görüşün başlanğıcındakı müqəddiməsi ilə müzakirələrin ana xəttini və mühüm qanadlarını seçdirir, həmsöhbətlərini əsas dalğaya kökləyir: "İranda baş verənlər heç də gözlənilməz deyildir. Dünyadakı inqilabi proses daim zənginləşir, irəliyə gedir, öz orbitinə xalq kütlələrinin geniş təbəqələrini cəlb edir.
İrandakı inqilab gündəliyə mühüm siyasi vəzifələr çıxarıb. Açığını deyim ki, sizin indiyədək etdikləriniz, sizin üslubunuz, iş üsullarınız bugünün tələblərinə cavab vermir. Burada siz Sovet İttifaqı Kommunist Partiyasının və sovet dövlətinin himayəsi altında idiniz, orada, İranda isə siz daha müstəqil, daha iri addımlar atmalısınız, gündəlik işinizdə dinamika artmalıdır. 32 illik mühacirət dövründə çox sular axıb keçib, sizin partiyanın həyatında da müxtəlif vəziyyətlər olub. Mənim xatirimdədir ki, ADF özəyi Daneşyana qarşı qalxmışdı. Dövr vardı ki, ADF ilə İXP arasında kəskin fikir müxtəlifliyi hökm sürürdü. İXP rəhbərliyi heç də həmişə və hər məsələ barədə düzgün çıxış etmirdi. 1974-cü ildə İskəndəri mənim qəbulumda olanda qəti şəkildə tələb edirdi ki, ADF ləğv edilsin. O vaxt mən soruşdum ki, bunu doğuran səbəb nədir, niyə siz təşkilatı buraxmaq istəyirsiniz? İskəndəri cavab verdi ki, qoy İranda bilsinlər ki, bugündən etibarən ADF yoxdur.
Bu, düşünülməmiş qərar idi, hətta biz elan da etsəydik ki, ADF-ni buraxırıq, buna İranda inanan olmayacaqdı. O vaxt mən İskəndəri ilə ciddi danışdım, ADF-ni saxlamağın zəruriyyəti haqda öz qəti mövqeyimi bildirdim. Sonrakı hadisələr də göstərdi ki, biz düz hərəkət etmişik. Azərbaycan Demokrat Firqəsinin öz ənənələri, böyük tarixi var. Partiyadan ötrü mühacirət illəri də səmərəsiz ötməyib. İndi İranda münbit vəziyyət fəal partiya-təşkilati işə imkan verdiyindən artıq İXP İranda açıq fəaliyyət göstərdiyi bir dönəmdə bütün partiya fəallarını, bütün iranlı yoldaşları kütləvi şəkildə İrana qayıtmağa istiqamətləndirmək lazımdır. Biz Daneşyanı yüksək qiymətləndiririk, çox möhkəm və prinsipial insan, Seyid Cəfər Pişəvəri işinin layiqli davamçısı kimi tanıyırıq. Lahrudi haqqında da yaxşı fikirdəyik, Kiyanuri də onu çox müsbət səciyyələndirir".
Bunları söyləyərək Heydər Əliyev qonaqlarını İran Azərbaycanındakı son vəziyyət, hansı planlarının, hansı çətinliklərinin olması, iranlıların vətənə qayıtması yolunda hansı hərəkətləri etdikləri barədə soruşur.
Əvvəlcə Əmirəli Lahrudi də, Əbülhəsən Rəhmani də, Cəfər Müciri də milli məsələnin bu dövrdə İranda ən qaynar müzakirə mövzularından olduğundan bəhs edirlər. Cəfər Müciri Bazərqanın Təbrizə səfəri əsnasında çoxminli mitinq qarşısında çıxışı zamanı "Mən yaxşı azərbaycanlı deyiləm" etirafını, obyektiv səbəblərdən öz ana dilində danışa bilməməsindən təəssüf hissi keçirdiyini boynuna almasını xatırladır. Məmmədəli Müciri isə muxtariyyət məsələsinin vacib olduğunu söyləyir, amma İXP-nin bununla bağlı hər hansı aydın mövqe nümayiş etdirmədiyindən gileylənir. Səməd Afiyət isə söyləyir ki, biz İranın Baş konsulluğuna gedərək İran Siyasi Mühacirlər Cəmiyyəti adından ölkəyə qayıtmaq istəyimizi bildirdik, bunu da dedik ki, bizim sıralarımızda 4 min yüksəkixtisaslı mütəxəssis var və belə şəxslərə də bu gün İran ehtiyac duyur. Konsul bizim yoldaşları heç xoş üzlə qarşılamadı, dedi ki, guya sizə İranda çətin olacaq, çünki siz kommunist partiyasının hakim olduğu ölkədə yaşamağa alışmısınız. Hətta bura qədər gəlib çatdı ki, öz şəxsi narahatlığını ifadə edərək "Siz iranlı siyasi mühacirlər vətənə qayıtsanız, beşinci kolonu doğura bilərsiniz" dedi.
Heydər Əliyev xəbər alanda ki, qohumlarınızla əlaqə saxlayırsınızmı, Cəfər Müciri deyir ki, çoxumuz Tehranda olan qohumlarla telefon əlaqəsi saxlayırıq. Əlavə edir ki, son 32 ildə ilk dəfə qardaşımla telefonla danışdım, o söylədi ki, Təbrizdə bizim İrana qayıtmağımızı tələb edən bir neçə komitə yaradılıb. Bu komitələrdən birinin buraxdığı "Azərbaycan" qəzetində redaksiya məqaləsi də dərc edilib.
Onun sözünə Qulu Xəyyami qüvvət verir ki, mən Tehranda yaşayan oğlumla danışırdım. Dedi ki, sizin vətənə qayıtmaq haqqında ərizəniz bir neçə dəfə radio və televiziyada oxunub, "Keyhan" qəzetində də çap olunub. Oğlum da məndən soruşur ki, nəhayət, nə zaman qayıdırsınız?
Heydər Əliyev onlara yol göstərir: "Zənnimcə, bu gün siz 2 istiqamətdə işləyə bilərsiniz. Birincisi rəsmi xətdir. Moskvadakı İran səfirliyinə, Bakıdakı İran konsulluğuna müraciətlərinizi artırın. İndiyədək etdikləriniz kifayət deyil. Burada gərək daha yekdil, daha mütəşəkkil hərəkət edəsiniz. Hər gün Xomeyninin, Bazərqanın ünvanına teleqramlar, məktublar yollamaq, qəzet-jurnal redaksiyalarına mütaciət etmək, İranın diplomatik nümayəndəliklərinin qapısını döymək lazımdır. Eyni zamanda, sizin fərdi qaydada da getmək imkanınız var. Açıq fəaliyyət göstərməlisiniz, həm də siyasi xadim kimi yox, haqlı olaraq vətəninə qayıtmaq istəyən iranlılar kimi tələb etməlisiniz. Sizdən gedənlər nə qədər çox olsa, sizin İran Azərbaycanında mövqelərinizi möhkəmləndirmək imkanlarınız da bir o qədər çox olacaqdır. İkinci yol isə daha az rəsmidir. Öz tanışlarınızdan, qohumluq əlaqələrinizdən istifadə edin. Onların vasitəsilə İran ictimaiyyətini mübarizəyə qaldırın, bu mübarizəyə mətbuatı, radio-televiziyanı qoşun. İctimai fikrin təzyiqi ilə bu məsələni həll etməyə məcbur qalacaqlar. İctimai rəyin nəhəng təsir gücü var".
Mövzuların ən həssası - milli məsələ üzərinə gələrək Heydər Əliyev ayrı-ayrı şəxslərin Təbrizdə Azərbaycan Demokrat Firqəsini bərpa etmək yolunda təşəbbüslərinin olduğu, bununla əlaqədar İXP ilə danışıqlar aparılması barədə məlumatların çatdığını söyləyərək bunu təqdir edir, İran Azərbaycanında milli oyanışın başlanması kimi mənalandırır: "İndi sizin əsas vəzifəniz bu prosesin inkişafı və dərinləşməsinə nail olmaq, ölkənin milli-vətənpərvər qüvvələri ilə sıx əməkdaşlıq etməkdir. Yəqin ki, 2-3 aydan sonra sizlərdən çoxunuzun vətənə qayıtmaq imkanı olacaq, hər şey ona doğru gedir ki, hökumət repatriasiyaya razılıq verməyə meyillidir. Ancaq özünüzü arxayın etməyin ki, gəlmişik, başlayaq ADF-nin nümayəndələri kimi işləməyə. Gərək orada sizi etiraf etsinlər. İbrahimi artıq Tehrandadır, tezliklə Lahrudi və digər yoldaşlar da gedir. Özünüzçün bir sistem işləyib hazırlayın. Hər gedənin müəyyən yükü olmalı, bəlli tapşırığı olmalıdır. ADF İranda öz adı ilə fəaliyyət göstərməlidir. Bu, sizin ətrafınıza daha çox adamları cəlb edəcək.
Ölkə miqyaslı məsələlər barədə - kürdlər həqiqətən milli muxtariyyətə nail olurlar, türkmənlər də əldə silah hakimiyyətə qarşı qalxır. Azərbaycanda hələ sakitlikdir. Bu nə ilə əlaqədardır? 1946-cı ildə milli azadlıq hərəkatını boğandan sonra şah İran Azərbaycanında böyük iş aparıb, oranı özünə daha sadiq "Sazman-e Əmniyyət" əməkdaşları ilə doldurub. Ona görə də xalq hərəkət edə bilməyib. O, qorxudulub, çünki bir dəfə artıq inqilabi dalğadakı çıxışlarda əli yanıb. Şəxsən mənə elə gəlir ki, Azərbaycan xalqı hələ oyanmayıb, gözləyir. Ancaq bəlkə də bu, yaxşıdır ki, İran Azərbaycanında hələ muxtariyyət adına hərəkətlər yoxdur. Nəzərə almaq lazımdır ki, şah kimi, Xomeyni də, Bazərqan da azərbaycanlıların baş qaldırmasından çəkinirlər. Həmin səbəbdən də biz onları hürkütməməliyik, daha yaxında olan vəzifələri həll etmək lazımdır. Belə hesab edirəm ki, inqilabın indiki mərhələsində milli muxtariyyət verilməsini tələb etmək, illah da silahdan yapışmaq doğru deyildir. Bu, fayda gətirməz, İrandakı şahpərəst qüvvələri də dirçəldər. Sovet və İran Azərbaycanının birləşməsi haqda söz ola bilməz. Bu, bizim bütün səylərimizin beşikdəcə axırına çıxa bilən zərərli fikirdir. Zavodların, fabriklərin, qəzet-jurnalların, mədəni-maarif müəssisələrinin sahibləri ilə işgüzar əlaqələr qurun, onlardakı milli hissiyyatı oyadın, onların dəstəyini qazanın".
Heydər Əliyev ölkədəki namüəyyənlikdən, zəiflikdən yararlanaraq Güney üçün daha artıq qazanclara nail olmağa, milli dil, milli özünüifadə məsələlərini daha fəal qaldırmağa dəvət edirdi.
Hiss edirdi alov üstündəki İran qazanı ilə bacardıqca ehtiyatlı davranaraq irəliləmək lazımdır ki, bu zəlzələli zaman kəsiyində millət acılar və itkilərdən mümkün qədər uzaq düşsün.
Dinləyənlər hamısı güneylilər idi. Hamısı köhnə inqilabçılar, yol keçmiş adamlar. Ancaq onlar öz yolları haqda bir quzeylinin - Heydər Əliyevin söylədiklərini dərs kimi, fəaliyyətə rəhbərlik olaraq qəbul edirdilər. Oxuyuram Heydər Əliyevin indi xeyli uzaqda qalmış 1979-cu ilin martındakı həmin Cənub düşüncələrini və onun doğma səsini lap yaxından eşidirəm. Və bu sözlər hələ uzun müddət təzə qalacaq, yol nişan verəcək, yanılmamaq, büdrəməməkçün əldən tutacaq. Qulaq asılmalı səslərə biganə qalmayanların ayağını daş əzməz.
Rafael HÜSEYNOV, akademik