Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Heydər Əliyevin baxışı və yüksələn Azərbaycan
14.07.2023 16:35
  • A-
  • A
  • A+

Heydər Əliyevin baxışı və yüksələn Azərbaycan

Dr Sofia Yousuf

İslamabad, Pakistan

Azərbaycanda Baba kimi tanınan Heydər Əliyev (1923-2003) Azərbaycanın ictimai-siyasi problemlərinin həlli yolunda yarım əsrdən çox mübarizə aparmış və buna görə də xalqı tərəfindən Baba adı ilə mükafatlandırılmışdır. Azərbaycan dövləti 2023-cü ili rəsmən Heydər Əliyev İli elan edib. Heydər Əliyev 1969-1982-ci illərdə Sovet Azərbaycanına rəhbərlik etmiş və 1987-ci ilə qədər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmışdır. O, Azərbaycanın azadlığı, firavanlığı, sabitliyi naminə xalqın taleyini dəyişən, Azərbaycanı tərəqqi, maarif, birlik yoluna aparan bir çox uzaqgörən və həyati siyasi qərarlar qəbul etmişdir. O, özünün uzaqgörən siyasəti ilə tolerantlıq və dinc birgəyaşayış prinsiplərinə əsaslanan çoxsaylı, sülhsevər və maariflənmiş cəmiyyəti tənzim etmişdir.

Azərbaycan tarixən etnik müxtəlifliyə malik ölkədir. Lakin bu cür etnik və dini müxtəlifliyə malik ölkə bütün sakinlərinə bərabər vətəndaşlıq hüquqlarını təklif etmişir. Prezidentliyi dövründə (1993-2003) Heydər Əliyev çoxluğun  rəyinin qəbul olunmasını, qarşılıqlı hörməti, harmoniyanı təşviq etdi və müxtəlif mədəni, dini və etnik mənşəli insanların rahat, ədalətli, sülh şəraitində yaşaya bildiyi dinc birgəyaşayış mühitini yaratdı. O, müxtəlifliyə hörmət edildiyi və bərabərlik prinsipinin qiymətləndirildiyi cəmiyyəti təsəvvür edirdi. Onun bu baxışı Azərbaycanın özünəməxsus ictimai quruculuğu ilə nəticələndi.

1991-ci ildə Sovet İttifaqının dağılması ilə Azərbaycan daxil olmaqla Cənubi Qafqaz ölkələri müstəqillik əldə etdikdən sonra etnik və regional münaqişələr də daxil olmaqla, çox sayda problem yarandı. 1988-ci ildə Sovet İttifaqının göstərişi ilə Ermənistan Dağlıq Qarabağa hücum edərək bir milyondan çox azərbaycanlını öz yurdundan didərgin saldı. Bu silahlı qarşıdurmada minlərlə günahsız insan da həlak oldu. O vaxt Heydər Əliyev Ermənistanın bu silahlı təcavüzünə kəskin etirazını bildirmişdi. 1990-cı ilin yanvarında sovet ordusu Bakıda hökumət əleyhinə başlanan dinc etirazları dağıtmış, nəticədə 147-dən çox insan həlak olmuş, 800-dən çox etirazçı yaralanmışdı. Çoxlu sayda nümayişçi itkin düşmüş və bu günə qədər onların izi tapılmamışdır. Heydər Əliyev bu cinayəti pisləyərək  bu iyrənc əməldə iştirak edənlərin ciddi cəzalandırılmasını tələb etmişdi. O həmçinin Moskvadan çıxıb doğma Azərbaycana - ana yurdu Naxçıvana qayıtmışdı. Vəziyyət günü-gündən pisləşirdi. Ölkə tədricən müstəqilliyi təhdid edən vətəndaş müharibəsinə doğru gedirdi. Bu həm də millətin birliyini təhlükəyə salırdı.

Bu kritik zamanda xalqın kütləvi tələbi ilə 1993-cü ildə Heydər Əliyev ölkə rəhbəri postuna oturdu. O, ölkənin siyasi və iqtisadi işlərini müdrikliklə, ağılla idarə etdi.  Böhran dövründə o, nəinki dövləti və cəmiyyəti sabitləşdirdi, həm də elə səmərəli iqtisadi islahatlar apardı ki, hətta xarici investorlar da ölkənin neft-qaz sektoruna investisiya qoymağa inam qazandılar. Bu arada 1994-cü ildə Ermənistanla atəşkəs sazişi imzaladı. Onun atəşkəs qərarı ciddi tənqid olunmağına baxmayaraq, zaman sübut etdi ki, bu qərar Azərbaycana sabitlik, əmin-amanlıq, firavanlıq gətirdi və ölkə sabitlik, inkişaf yoluna çıxdı. O, lider kimi beynəlxalq miqyasda rəğbət qazanmış milli qəhrəman kimi tanındı.

Heydər Əliyev dinc birgəyaşayış prinsiplərini əsas götürərək multikultural və tolerant ölkə kimi Azərbaycanın əsaslarını qoyub. O, fərdi dəyərə, hörmətə inanırdı və hər hansı mədəni, etnik mənsubiyyətindən asılı olmayaraq qarşılıqlı etimad və əməkdaşlığı müdafiə edirdi. Hər kəsə öz mədəniyyətini, dinini, dilini ifadə etmək hüququ və azadlığı verirdi. Heydər Əliyev bütün həyatı boyu dini və etnik ayrı-seçkiliyi aradan qaldırmağa, bu prinsiplərə sadiq qalmağa çalışmışdır. Onun səyləri nəticəsində Azərbaycan Konstitusiyası hər bir vətəndaşa bərabər vətəndaşlıq hüququ verir. Bütün bunlar nəzərə alınaraq Heydər Əliyev Azərbaycan xalqı və beynəlxalq aləm tərəfindən bütün həyatı boyu sülh səfiri, tolerantlığın tərəfdarı, birlik qalası, birgəyaşayışın, inkişafın və firavanlığın məşəldarı olmuş lider kimi tanınır.

Onun rəhbərliyi ilə Azərbaycanın mədəni irsinin dirçəldilməsinə uğurla nail olunub, xalqın müxtəlif adət-ənənələri, musiqisi, ədəbiyyatı və incəsənəti dünyaya tanıdılıb. Bu mədəni intibah nəinki ölkədaxili əlaqələri gücləndirdi, həm də qlobal miqyasda Azərbaycanın müsbət imicini təqdim etdi. Üstəlik, bu siyasət iqtisadi artıma və sabitliyə şərait yaratdı və bununla da ölkəyə xarici sərmayə qoyulmasını artırdı. Heydər Əliyev 1994-cü ilin sentyabrında altı ölkənin 11 neft şirkətindən ibarət konsorsiumla yüzillik müqavilə, Hasilatın Pay Bölgüsü sazişini (HPBS) imzaladı. Bu yolla ölkənin təbii qaz və neft ehtiyatlarının artırılması üçün böyük layihələrə start verildi. Bu layihələrə Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi daxildir. Onun varisi İlham Əliyev tərəfindən tamamlanan Tbilisi-Qars dəmir yolu daxil olmaqla bu layihələr Azərbaycan iqtisadiyyatının əsasını təşkil edir.

Xarici siyasət baxımından Heydər Əliyev Azərbaycanın beynəlxalq səviyyədə mövqelərini möhkəmləndirdi. Qonşu ölkələrlə, xüsusilə Türkiyə ilə sıx əlaqələri inkişaf etdirdi, Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri qurdu. Onun varisi İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti olaraq atasının yolu ilə ölkənin inkişafı və sabitliyi naminə tolerantlıq siyasəti yürüdür. Dağlıq Qarabağ münaqişəsi 2020-ci ilin sentyabrında yenidən Ermənistan və Azərbaycan arasında genişmiqyaslı müharibə ilə nəticələndi. Altı həftəlik müharibə Azərbaycan qüvvələrinin Dağlıq Qarabağ daxil olmaqla Ermənistan silahlı qüvvələrinin nəzarətində olan regionun əksər hissələrinə nəzarəti bərpa etməsi  və beynəlxalq səviyyədə tanınmış sərhədlərin bərpa edilməsi ilə nəticələndi. Azərbaycan ordusunun bu uğuru Ermənistanı müharibəni dayandırmağa məcbur etdi və Rusiyanın vasitəçiliyi ilə 2020-ci il noyabrın 10-da müvafiq razılaşma imzalandı və Ermənistan işğal etdiyi sonuncu iki rayonu müharibəsiz Azərbaycana təhvil verməli oldu.

Azərbaycanın hazırkı Prezidenti, Heydər Əliyevin oğlu İlham Əliyev işğaldan azad edilmiş Qarabağın paytaxtı Şuşaya daxil olduqdan sonra dünyaya bəyan etdi ki, bu qələbə Heydər Əliyev uzaqgörənliyinin qələbəsidir. Ölkənin zəif olduğu vaxtda atəşkəs sazişi bağlayaraq, ölkəni iqtisadi və hərbi cəhətdən güclənməsinin təməlini qoydu. 2020-ci ilin payızında Ermənistan yenidən hücuma cəhd edəndə məğlubiyyətlə üzləşdi, Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev  işğal altında olan torpaqları geri alaraq ölkəsinin sərhəd bütövlüyünü təmin etdi və dövlətinin gücünü ortaya qoydu.

2023-cü ili “Heydər Əliyev İli” elan edən Azərbaycan xalqı müxtəlif platformalarla öz uzaqgörən liderini ehtiramla yad edir. Azərbaycan Pakistan üçün  dost ölkədir. Biz pakistanlılar olaraq bu münasibətlə Azərbaycan xalqının xoşbəxtliyinin tərəfdarı və dəstəkçisi olmaqla yanaşı, ümid edirik ki, xüsusilə bu il iki ölkə Pakistan və Azərbaycan arasında dövlət səviyyəsində dostluğun parlaq gələcəyi diqqətdə olacaqdır. İqtisadi əməkdaşlığın daha da artırılması ilə yanaşı, elmi-ictimai əlaqələr, mədəni mübadilə, xüsusilə ədəbiyyat, kino və musiqi sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində səmərəli səylər göstəriləcəkdir.

Tərcümə və redaktə:

Eynulla MƏDƏTLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru, Azərbaycanın Pakistan İslam Respublikasında keçmiş Fövqəladə və Səlahiyyətli səfiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: