Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Tanınmış alim Fəridə Vəlixanova vəfat edib
04.09.2023 22:00
  • A-
  • A
  • A+

Tanınmış alim Fəridə Vəlixanova vəfat edib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, fil.e.d., prof. Fəridə Vəlixanova sentyabrın 4-də vəfat edib.

Fəridə Ağaəli qızı Vəlixanova 1935-ci ilin oktyabrın 21-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 132 saylı şəhər məktəbində almış, məktəbi qızıl medalla bitirdikdən sonra 1953-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur.

F.Vəlixanova 1958-ci ildə ali təhsilini başa vurub, azərbaycanlı professor Əziz Şərifin rəhbərliyi ilə yazdığı diplom işini uğurla müdafiə etmiş və universiteti yüksək qiymətlərlə qurtarmışdır. Ona Moskvada qalıb işləmək təklif edilsə də vətənə qayıdıb, Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda akademik M.A.Dadaşzadənin rəhbərlik etdiyi şöbədə elmi fəaliyyətə başlamışdır. İki il sonra o, SSRİ Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasına daxil olmuş və 1964-cü ildə görkəmli ədəbiyyatşünas akad. Q.İ.Lomidzenin rəhbərliyi altında “Səməd Vurğun poeziyasının rus dilinə tərcümələri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. F.Vəlixanova 1977-ci ildə uzun və gərgin bir əməyin nəticəsində hasilə gələn “Azərbaycan sovet poeziyası rus dilində” mövzusundakı doktorluq dissertasiyasını müdafiə etmişdir.

1982-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun tərkibində “Bədii tərcümənin nəzəriyyəsi, tarixi və təcrübəsi” şöbəsi yaradılmış və F.Vəlixanova şöbənin müdiri təyin olunmuşdur.

Fəridə Vəlixanovanın elmi-tədqiqatçılıq fəaliyyəti çoxcəhətli idi. O, Moskvada və Bakıda çıxmış “Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri” (M., Nauka, 1963), ikicildlik “Azərbaycan sovet ədəbiyyatı tarixi” (B., “Elm”, 1968), yeddicildlik “Çoxmillətli sovet ədəbiyyatı tarixi” (M., Nauka, 1970), altıcildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitablarında ədəbiyyatımızın beynəlxalq əlaqələrinə aid və s. icmal oçerklərlə həm müəllif, həm də elmi redaktor kimi iştirak etmişdir.

Görkəmli alim AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının üzvü, doktorluq və namizədlik dissertasiyaları üzrə Nəsimi adına Dilçilik və Nizami adına Ədəbiyyat institutlarının Birləşmiş Müdafiə Şurasının (1967-1982) ictimai əsaslarla elmi katibi, Əlaqələndirmə Şurasının üzvü, Respublika Prezidenti yanında AAK Ekspertlər Şurasının (1993-2013) üzvü, Moskva və Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir sıra jurnal və məcmuələrin redaksiya heyətlərinin üzvü olmuşdur.

F.Vəlixanovanın Azərbaycan ədəbiyyatşünaslıq elmi sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, o, dəfələrlə Fəxri fərmanlarla mükafatlandırılmış, Əməkdar elm xadimi adına, Prezident təqaüdünə layiq görülmüşdür.

Tanınmış alimin əziz xatirəsi institut əməkdaşlarının və bütün onu sevənlərin xatirəsində daima yaşayacaqdır.

AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli və institutun kollektivi alimin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: