Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa şəhərində “Neft və qaz yataqlarının işlənməsi və texnoloji proseslərin modelləşdirilməsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Başqırdıstan Respublikası Elmlər Akademiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, mexanika, texnika, texnologiya, neft və qaz yataqlarının işlənməsi və istismarı sahəsində elmi məktəbin banisi Azad Mirzəcanzadənin 95 illik yubileyinə həsr olunmuş konfrans Ufa Dövlət Neft Texniki Universitetində (UDNTU) təşkil edilib.
Konfransda Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları - Maye və qaz mexanikası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahov və dosent Eldar Abbasov da iştirak ediblər. İclasda akademik Azad Mirzəcanzadənin Azərbaycan elminə verdiyi töhfələr haqqında plenar məruzə ilə çıxış edən Q.Pənahov akademikin Azərbaycanda mexanika, tətbiqi riyaziyyat, neft-qaz sahəsində nəzəri və praktik məsələlərin həllində və bu istiqamətlərdə sonralar geniş beynəlxalq miqyasda rəğbət qazanmış elmi məktəbin yaradılmasında danılmaz xidmətlərini vurğulayıb.
Qeylani Pənahov və Eldar Abbasov, həmçinin Azərbaycan alimlərinin Başqırdıstanda elmin və təhsilin inkişafına verdiyi töhfələri ilə əlaqədar UDNTU-da ölkəmizin adını daşıyan Elmi Auditoriyanın açılışında da iştirak ediblər.
Beynəlxalq konfansın ikinci günündə institutun əməkdaşları forumun bütün iştirakçıları ilə birlikdə akademik Azad Mirzəcanzadənin hər il beynəlxalq seminar keçirdiyi Enerji Ehtiyatlarının Nəqli Problemləri İnstitutunun divarına həkk olunmuş xatirə barelyefinin açılışında iştirak ediblər. Açılış mərasimində prof. Geylani Pənahov çıxış edərək bu işdə əməyi olan bütün şəxslərə Azərbaycandan gəlmiş elmi kollektiv adından təşəkkürünü bildirib. O, həmçinin Başqırdıstanın dövlət televiziyasına müsahibə verərək, Bakı və Ufa alimləri arasında elmi-texniki əməkdaşlığın mühüm aspektlərini qeyd edib.
Eyni zamanda, səfər çərçivəsində Başqırdıstan Elmlər Akademiyasının konfrans zalında Akademiyanın prezidenti və digər əməkdaşları ilə görüşlər olub, prof. Qeylani Pənahov Azərbaycan-Başqırdıstan elmi-texniki əlaqələrinin inkişafındakı xidmətlərinə görə Başqırdıstan Elmlər Akademiyasının diplomu ilə təltif edilib.
Konfrans digər iştirakçıların məruzələrinin dinlənilməsilə öz işini yekunlaşdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.