Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

08.09.2023 12:16
  • A-
  • A
  • A+

Keşməkeşli və şərəfli ömür

Keşməkeşli  və şərəfli  ömür

Heydər Əlirza oğlu Əliyev - 100

İkinci  məqalə

Yüksək idarəçilik bacarığına malik Heydər Əliyev sovet quruluşu kimi totalitar, avtoritar dövrdə Azərbaycan dilini, ölkə təhsilini, millətin gələcəyi olan gənclərin sağlamlığını və s. sahələrin inkişafını düşünərək fundamental sosial-mədəni, iqtisadi, mənəvi və eləcə də hüquqi məsələləri həyata keçirmişdir. Tarixə eksklüziv nəzər yetirməklə biz bu dediklərimizi əyani surətdə təsdiq edə bilərik.

Məsələn, Heydər Əliyev Azərbaycan Sov.İKP-nin birinci katibi seçildiyi 1969-cu ilin elə fəaliyyətə başladığı növbəti ayında - avqust plenumunda xalqın elmi təfəkkürünün inkişafı ilə bağlı həlli vacib məsələləri qabardaraq bu sahənin problemlərini və qarşıda dayanan məqsəd və vəzifələri müəyyənləşdirmişdi:

“Elmi idarələrimizin fəaliyyətində hələ ciddi nöqsanlar vardır. Elmlər Akademiyası, bir sıra sahə elmi idarələri elmi-texniki tərəqqinin sürətləndirilməsi uğrunda, tamamlanmış işlərin istehsalata tətbiqi uğrunda mübarizədə kifayət qədər əzmkarlıq göstərmirlər... Dissertasiyaların heç də hamısı lazımi nəzəri səviyyədə yazılmır. Aspiranturada vəziyyət yaxşı deyildir... Alimlik dərəcəsi alanlar arasında nazirliklərin və digər mərkəzi idarələrin rəhbər işçiləri də az deyildir. Elə etmək lazımdır ki, elmə yalnız onu həqiqətən zənginləşdirməyə, irəlilətməyə qabil olan adamlar gəlsinlər...” (Hacıyev İ. Heydər Əliyev və Azərbaycan elminin inkişafı http://www. xalqqazeti.com/az/news/politics/71061).

Akademik İsmayıl Hacıyevin “Heydər Əliyev və Azərbaycan elminin inkişafı” məqaləsində yuxarıdakı iqtibasda şərh olunan nöqsanların 70-80-cı illərdə məhz ölkə rəhbəri Heydər Əliyevin xüsusi diqqəti və nəzarəti sayəsində sürətlə aradan qaldırıldığına dair statistik dəlillər göstərilmişdir:

“Ümummilli Lider Azərbaycanı ölkə elminin mərkəzlərindən birinə çevirmək məqsədilə elmi-tədqiqat institutlarının, elmi işçilərin sayının artırılmasına çalışır və onlara qayğı göstərirdi. Bu sahədə onun fəaliyyəti kifayət qədər uğurlu idi. Əgər 1969-cu ildə Azərbaycanda fəaliyyət göstərən 89 elmi-tədqiqat institutlarında, digər layihə müəssisələri və problem laboratoriyalarında 12850 elmi işçi, o cümlədən 55 akademik və müxbir üzvü, 329 elmlər doktoru və 3000 elmlər namizədi var idisə, 1978-ci ildə elmi-tədqiqat, layihə və sahə institutlarının sayı 118-ə, elmi işçilərin sayı 21407 nəfərə, akademik və müxbir üzvlər 100 nəfərə, elmlər doktorları 853, elmlər namizədlərinin sayı 7594 nəfərə çatmışdı” (Hacıyev İsmayıl. Heydər Əliyev və Azərbaycan elminin inkişafı, http://www.xalqqazeti. com/az /news/ politics/71061).

Bunlarla bərabər “Sağlam bədəndə sağlam ruh olar”, - qədim atalar məsəlimizin dərin ideyasını  müdrik siyasətinin əsas məqsədinə çevirən Heydər Əliyev milli gəncliyin hərtərəfli yetkin olması, ölkənin aparıcı qüvvəsinə çevrilə bilməsi üçün hələ 1974-ci ildə, Azərbaycan SSR MK-nin I katibi vəzifəsində fəaliyyət göstərərkən mühüm qərarların qəbul olunmasının təşəbbüskarı olmuşdur. Məsələn, Nazirlər Soveti onun irəli sürdüyü “Respublikada bədən tərbiyəsi və idmanın vəziyyəti və onun daha da inkişaf etdirilməsi tədbirləri haqqında” qərarı qəbul  etmiş, bununla da əksəriyyətlə gənclər və orta yaşlı insanların həqiqi rifahına bağlı geniş miqyaslı tədbirlərə sitat verilmişdi. Bu qərara uyğun olaraq ölkə boyunca həm çoxsayda idman qurğuları tikilmiş, həm idman təhsil müəssisələri açılmış,  həm də idman maarifləndirici işləri, məsələn, qazetlər, televiziya proqramları və s. açılmaqla, bədii və sənədli filmlərin çəkilməsi ilə bu sahədə geniş təbliğat və təşviqat aparılmışdı. Qərardan sonra 5 il müddətində Respublikanın 70 rayonunu əhatə edən inzibati ərazisində 10580 idman qurğusunun inşa edilib istifadəyə verilməsi rekord hadisə idi ki, bu da Heydər Əliyevin öz xalqının sağlam həyatının, sağlam gələcək nəsillərinin təminatçısı missiyasından qaynaqlanırdı. 

Əlbəttə ən əsas məsələ “Respublikada bədən tərbiyəsi və idmanın vəziyyəti və onun daha da inkişaf etdirilməsi tədbirləri haqqında” qərar Heydər Əliyevin idman və gənclər siyasətinin tərkib hissəsi idi və ölkədə bu siyasətin təntənəsi qadınların da idmana-bu gənclik və sağlamlıq ruhlu sahəyə can atmasında özünü təsdiqləmişdir. Məhz Heydər Əliyevin 1969-cu ildə hakim kürsüdə çalışdığı ildən 5 il müddətinə statistikaya görə, yəni 1969-1976-cı illər arası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda 1000-dən çox gənc qızlarımız oxuyub, məzun olmuşdur.

Heydər Əliyev XX əsrin 70-ci illərində ölkənin neft planını artıqlaması ilə yerinə yetirən, dövlət büdcəsinə yüz milyardlarla xeyir verən Bakı neft zavodlarının köhnə avadanlıqlarının yenilənməsi məqsədi ilə ciddi addımlar atmış, hətta müasir  avadanlıqlarla təchiz olunmuş iki böyük Neftayırma zavodunun tikilməsinə nail olmuşdur.

Bunun ardınca respublikanın ayrı-ayrı şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında, Sumqayıtda, Gəncədə, Mingəçevir şəhərində elektrotexnika, cihazqayırma, dəzgahqayırma, kimya zavodları yaradılmışdır. 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Bakıda “8-ci kilometr”, “Musabəyov”, “Əhmədli”, “Günəşli”, “Hövsan”, “Xırdalan”  kimi irimiqyaslı qəsəbələr yaradılmışdır.

“Gülüstan”, “Əl oyunları” sarayları, “Xoreqrafiya məktəbi”, “Azərbaycan”, “Abşeon”,  “Moskva”, “Qarabağ”, “Bakı” və başqa mehmanxanaları, “Bakı”, “Moskva” univermaqlarını, Bakı Dövlət Sirki, Aktyorlar evi, Bakı bulvarı, Dağüstü park, Milli Məslisin (keçmiş Ali Sovet) binası və onlarla bank, ali məktəb binası da bu illərdə tikilmişdir.

Məhz Heydər Əliyevin yüksək idarəetmə peşəkarlığı və ölkə vətəndaşlarına böyük diqqət və qayğısı nəticəsində keçən əsrin 70-ci illərində “Ulduz”, “Əzizbəyov”, “Qara Qarayev”, ”Neftçilər”, “Nizami”, “Elmlər akademiyası”, “İnşaatçılar”, “20 yanvar”, “Memar Əcəmi” metro stansiyaları yaradılaraq insanlarımıza rahatlıq, şəhərimizə müasirlik, gözəllik bəxş etmişdir. Heydər Əliyev 1970-ci illərdən başlayaraq respublikada muzey işinin zənginləşməsinə də çalışmış, 1980-ci ildə Muzey İşinin İnkişafı haqqında Qərar qəbul edilmişdir.         

Həmin illərdə nəinki, respublika miqyasında, hətta daxil olduğumuz SSRİ  regionunda  məşhur olan Bakı Qaz Aparatları zavodu, Sabunçu rayonunda tikilmiş iki monumental körpü, neçə-neçə təhsil ocağı, yenidən qurulan Bakı Fəhləsi və Zabrat Maşınqayırma zavodları, Geofizcihaz istehsalat Birliyi, Balaxanı Neft İdarəsi, Keyfiyyət Evi binası və başqa müəssisələr, yaşayış massivləri və digər obyektlər yüksək idarəçilik peşəkarlığına malik Heydər Əliyevin uzaqgörən müdrik siyasətinin ifadəsi və nəticəsi idi.

Belə rəhbər əzmkarlığı ilə tarix yazan Heydər Əliyev əslində vətəni Azərbaycan SSRİ tərkibində olsa da onu müstəqil dövlət kimi düşünərək hərtərəfli inkişaf etdirmişdir. 1982-ci ilin dekabr ayında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.

Haşiyə: Rusiyanın “Nezavisimaya” qəzetinin müxbiri Viktoriya Panfilova:     

“Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə – mahiyyətcə milli lider postuna, Sosialist Əməyi Qəhrəmanı adına layiq lider idi. Bu 10 ildə Azərbaycanın  sənaye potensialı iki dəfədən çox artdı. Onun şəhər və kəndlərinin siması tanınmaz dərəcədə dəyişdi. 15 respublikadan yalnız Rusiya və Azərbaycan SSRİ-in dövlət büdcəsindən subsidiyalara yol vermədi. Gələcəyin prezidenti Heydər Əliyev o vaxtlar doğma respublikanın çiçəklənməsi haqqında taleyinə minnətdarlıqla  yazırdı: “Gözəl illər idi. ...İşdən sonra mən evə getmədən “gələcək” üçün yeni planlar düşünərdim. Düşünürdüm  vəzifəmin mənə verdiyi imkanlardan necə istifadə edim ki, xalqıma faydalı olsun”. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər yaradıcılıq və quruculuq mərhələsi oldu. 313 sənaye müəssisəsi tikilib istifadəyə verildi. Azərbaycan xalq təsərrüfatının müxtəlif sahələrində inkişaf uğurlarına görə ardıcıl olaraq 12 dəfə qalib gəldi”(Панфилова Виктория.Формула успеха Гейдара Алиева  http:// vesti kav ka za .ru/articles/Formula-uspekha-Geydara-Alieva-1.html).   

 Məqalə müəllifi, həmçinin “Sovet İttifaqı Nazirlər Sovetində xidmət vəzifəsinə gəldikdə, Elmlər Akademiyası, Mədəniyyət  Nazirliyi, Dövlət Televiziya və Radio Şurası, səhiyyə və təhsil, mühəndislik, ticarət, yüngül sənaye, nəqliyyat və kommunikasiyaların bütün növlərinə rəhbərlik etmişdir. Onun təşəbbüsü ilə ilk kompleks Diaqnostika Mərkəzləri yaradılmışdır. Onun dəstəyi sayəsində sovet cərrahlarına ilk əməliyyatları açıq ürəkdə aparmağa icazə verildi. Heydər  Əliyev Göz Mikrocərrahi Mərkəzinin açılışına kömək etdi. Heydər  Əliyev Svyatoslav Fyodorova Volqa boyunca seyr edən çay qayığında mobil laboratoriya yaradılması üçün lobbiçilik etdi” (Панфилова Виктория.Формула успеха Гейдара Алиева  http:/ /vestikavkaza. ru/ articles /For mula-uspekha-Geydara-Alieva-1.html). - kimi dolğun faktlarla Azərbaycan xalqının yetirdiyi  dahi şəxsiyyətin ömür yolunu və dövlət quruculuğu fəaliyyətini işıqlandırır.

Heydər Əliyevin SSRİ-nin yüksək hakimiyyət kürsüsündə fəaliyyəti dövründə həyata keçirdiyi islahatlar arasında onun 1980-ci ildə hazırladığı Təhsil haqqında Rusiya qanunudur ki, Rusiya dövləti indiyədək ondan faydalanmaqdadır (ətraflı: “Если бы Гейдар Алиев стал президентом СССР” məqaləsində  (https://ok.ru/bizimkiller/topic/75636143366144 ). 

Heydər Əliyevin SSRİ siyasi rəhbərliyində təmsil olunduğu dövrdə böyük  dövlət xadimi təcrübəsi ilə, peşəkarlıqla həllinə nail olduğu nəhəng tarixi işlərdən biri də BAM-ın - Baykal Amur Magistralının tikintisi olmuşdur.

Məlumdur ki, Rusiya üçün siyasi və iqtisadi, eyni zamanda sosial-mədəni strateji əhəmiyyət kəsb edən BAM layihəsinə hələ 1888-ci ildə, yəni III Aleksandrın Rusiyaya başçılıq etdiyi dövrdə başlanılsa da iş tamamlanmamış, 1914-cü ildə II Nikolay bu layihə üçün sənəd imzalamış, hətta layihə xəritəyə belə daxil edilmiş, lakin buna baxmayaraq yenə nəticəsiz qalmış, İ.Stalin 1932-ci ildə yenidən BAM tikintisi məsələsinə qayıtmış və hökumətə bu məsələni həll etmək üçün 3 il vaxt vermişdir. Lakin Stalin hökmranlığı, sərt şərtlər-əhalinin bütün təbəqələrindən olan kütlənin bu ümumxalq işinə cəlb olunması 1937-ci ilə kimi davam etsə də dünya müharibəsinin başlaması ilə bağlı yenə yarımçıq qalmışdır. Rusiya BAM tikintisinə dördüncü dəfə - 1974-cü ildə təkrar start versə də idarəçiliyin qeyri-peşəkarlığı səbəbindən layihə yenə bütünlüklə tamamlanmamışdır.

Yalnız Heydər Əliyevin cəsarəti sayəsində 1983-ci ildə BAM layihəsinin icrasına başlanılır. Şəhərlərin salınmasını, minlərlə kilometr yolun, körpünün çəkilişini və s. geniş miqyaslı quruculuq işlərini əhatə edən dünya səviyyəli  BAM-ın tikintisinin bir il ərzində həyata keçirilməsi həqiqətən də Heydər Əliyevin əfsanəvi lider qüdrətindən xəbər verirdi. Maraqlıdır ki, bu nəhəng tikintinin qarşısı 3 siyasi hadisə səbəbindən – 1. Birinci və İkinci Dünya Müharibələri və habelə, “yenidənqurma” təkanları ilə bağlı olaraq alınmışdır. Xarakterik bir misal gətirə bilərik. Belə ki, 1985-ci ilin yanvar ayında 1984-cü ilin yekunlarının müzakirəsində bu məsələ ilə bağlı Heydər Əliyevin çıxışı dinlənilmiş və müsbət qiymətləndirilmişdir. Məhz 1985-ci ilin martında M.Qorbaçovun Sov.İKP MK Baş katibi seçilməsi ilə bütün ölkədə cərəyan edən “yenidənqurma” işləri BAM  tikintisindən də yan ötmür və Rusiya üçün mühüm əhəmiyyət daşıyan, strateji BAM layihəsində böhran başlayır.

Lakin Heydər Əliyevin 1974-cü ildə hələ Azərbaycana rəhbərlik etdiyi vaxtlardan BAM tikintisinə göstərdiyi diqqət, 1983-cü ildə SSRİ rəhbərliyində təmsil olunarkən bu ağır quruculuq sahəsini canlandırıb demək olar ki, sona çatdırması tarixdə öz izini qoya bilmişdir. Buna əyani misal kimi BAM-da Heydər Əliyevin adının onun ideyası ilə salınmış və əhalisinin üçdə birinin Azərbaycanlılardan ibarət olduğu qəsəbəyə verilməsi faktını göstərmək olar.

Bu da Heydər Əliyevin milli dövlət qurucusu, milli lider taleyinin xeyli əvvəldən görünən həqiqətlərindəndir: Heydər Əliyev Azərbaycandan təxminən 10 min kilometr uzaqlıqda olan BAM-da yaradılan yaşayış obyektlərinə, yollara, körpülərə və s. məkanlara Azərbaycan milli ornamentlərini verməklə, xalqımızın ruhunu ifadə edən koloritləri daşlar, qurğular üzərinə həkk etdirməklə “gizlində” - ürəyinin dərinliklərində yaşatdığı milli müstəqil dövlət quruculuğu ideallarını, həmçinin də siyasətdə, dövlət quruculuğu sahəsində peşəkarlığını təsdiq etmişdir. Belə yüksək peşəkarlıq keyfiyyətləri isə görkəmli dövlət xadimi Heydər Əliyevin onillər boyu yeritdiyi daxili və xarici siyasətin saysız-hesabsız sahəni əhatə edən problemlərinin düzgün həllində əksini  tapmışdır.

Lakin xarici qüvvələrin təsiri ilə Sov.İKP MK Siyasi Bürosunun sədri vəzifəsinə irəli çəkilmiş M.Qorbaçovu Heydər Əliyevin idarəçilik bacarığı, onun rəhbərliyi ilə həyata keçirilən yüksək səviyyəli işlər, əldə olunan nailiyyətlər narahat edir. Bir tərəfdən Heydər Əliyevi SSRİ-yə rəhbərlik məsələsində özünə ən güclü rəqib görən, digər tərəfdən himayədalarının marağına görə, o cümlədən həyat yoldaşının aldığı bahalı hədiyyələr səbəbindən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi planına Heydər Əliyevin imkan verməyəcəyini anlayan M.Qorbaçov hər vasitə ilə rəqibini vəzifə kürsülərindən uzaqlaşdırmağa səylər etmiş və buna pillə-pillə nail olmuşdur. 

Haşiyə. 1985-ci ilin yanvar ayında 1984-cü ilin yekunlarının müzakirəsində uğurlu nəticələrlə dolu BAM məsələsi ilə bağlı Heydər Əliyevin Sov.İKP.MK Siyasi Bürosunda çıxışı müsbət qiymətləndirildikdən iki ay sonra - 1985-ci ilin martında M.Qorbaçovun Sov.İKP MK Baş katibi seçilməsi ilə bütün ölkədə cərəyan edən “yenidənqurma” işləri Rusiya üçün mühüm əhəmiyyət daşıyan işlərdə, o cümlədən BAM tikintisi strateji layihəsində böhrana səbəb olur.

Davamda SSRİ “baş katib”-i Heydər Əliyevin “Əmək kollektivləri haqqında Qanun” proqramına, eləcə də BAM quruculuğunun tamamlanmasına məqsədli olaraq əngəl törədir, həmçinin onun nitq və çıxışlarındakı aydın, obyektiv həqiqi fikirlərindən qorxur, təmkinli, mədəni, yüksək etik keyfiyyətlərə malik Heydər Əliyevin qarşısında özünü  cılız hiss edirək, əsas məsələ, Heydər Əliyevin SSRİ-yə rəhbərlik etmək üçün böyük qüdrətini anlamış və ancaq qəbul edə bilməyərək birmənalı surətdə xalqın içindən çıxmış və ümumxalq mənafeyini qorumağa qadir dahi milli liderin zəhməti üzərindən xətt çəkməyə çalışmış, ona  fəaliyyətində maneələr  yaratmışdır.

M.Qorbaçovun Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən,  SOV.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən könüllü istefasına nail olduqdan sonra Dağlıq Qarabağ məsələsinin ermənilərin xeyrinə həll edilməsi SSRİ planının işlənilməsinə start verməsi və digər faktlar  bu fikrimizi təsdiqləyir.

Beləliklə, Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir. Heydər Əliyevin 1990-cı ilin 20 yanvar tarixində Sovet Ordusunun əliyalın Azərbaycan xalqına qəddarcasına divan tutmasına etiraz olaraq ‘”Cəsarətliliyinin” SSRİ  Nazirlər Sovetindəki yüksək vəzifəsindən, Siyasi Büro və Sov. İKP MK üzvlüyündən azad edilməsi kimi “nəticələrinə” baxmayaraq- X.Q.) faciədən 2 gün sonra, səhhəti ilə bağlı sanatoriyada olduğu halda Moskvada Azərbaycan SSR-in daimi nümayəndəliyinə gedərək M. Qorbaçovun birbaşa göstərişi ilə həyata keçirilmiş bu tarixi əsl terror hadisəsi ilə bağlı verdiyi kəskin Bəyanatla Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. Heydər Əliyev 1991-ci ilin iyulunda Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, Sovet İttifaqı Kommunist Partiyasının sıralarını da tərk etmişdir.

Xatirə QULİYEVA, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: