Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.09.2023 12:18
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzdə Dekas və Tadas sistemlərinin təqdimat mərasimi keçirilib

Seysmoloji Mərkəzdə Dekas və Tadas sistemlərinin təqdimat mərasimi keçirilib

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq mərkəzində Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) Zəlzələ departamentinin mütəxəssisləri ilə birgə zəlzələ məlumatlarının emalında istifadə olunan Dekas (Zəlzələlərin parametrlərinin ölçülməsi və analiz sistemi), Tadas (Türkiyə Akselerometrik Məlumat Bazası və Analiz Sistemi) sistemlərinin təqdimat mərasimi  keçirilib.

Mərasimdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, AFAD-ın Zəlzələ və risklərin azaldılması idarəsinin müdiri Orhan Tatar, həmin idarənin əməkdaşları,həmçinin Ankara Universitetinin professoru Bahadır Aktuğ, RSXM-nin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, Zəlzələlərin tədqiqatı bürosunun rəisi, yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, Geodinamika şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.

AMEA-nın müxbir üzvü Qurban Yetirmişli tərəflər arasında əldə olunmuş Anlaşma Memorandumu əsasında seysmik stansiyaların quraşdırılması, kadrların təcrübə mübadiləsi, baş verən zəlzələlərlə bağlı məlumatların mübadiləsinin aparılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr, eləcə də birgə layihələrin həyata keçirilməsinə dair məsələlərdən danışıb.

Tədbirdə iştirak edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Dekas, Tadas sistemlərinin effektivliyini yüksək qiymətləndirib.

Qeyd edək ki, tərəflər arasındakı razılaşmaya əsasən hər iki tərəfdən sərhəd bölgələrində yerləşən 10 seysmik stansiyaların məlumatlarının qarşılıqlı olaraq mübadiləsi həyata keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: