Heydər Əlirza oğlu Əliyev - 100
Üçüncü məqalə
Heydər Əliyevin Kommunist Partiyasının tarixi boyu onun üzvlüyündən 4-cü nüfuzlu yüksək siyasi şəxs olaraq imtina etməsi onun bütün siyasi reallıqları arxada qoyaraq xalqı ilə həmrəyliyini təsdiq edirdi.
“Heydər Əliyev. Tale yolları” kitabının müəllif Nikolay Zenkoviç SSRİ-nin yüksək hakimiyyət kürsüsündə xüsusi yer tutan Heydər Əliyevin dövrün ən nüfuzlu “bileti”dən - Sov.İKP üzvlüyündən imtina etməsinin 3 əsas səbəbinə diqqət yönəldərək qüdrətli siyasətçinin öz fikirlərini misal gətirməklə onun əslində milli vətənpətvər şəxsiyyətini işıqlandırır: “… Üç Səbəb. Birinci səbəb. Hələ 1990-cı il yanvarın 20-də mərkəzin və Azərbaycan KP MK-nın siyasi rəhbərliyi altında Azərbaycan xalqına qarşı edilmiş hərbi təcavüzdən sonra məndə Sov.İKP sıralarından çıxmaq fikri yarandı. Yanvar hadisələrində yüzlərcə günahsız dinc sakin öldürüldü və şikəst edildi, onların arasında qocalar, qadınlar və uşaqlar da var idi". Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sov.İKP MK və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid bağlayırdım. Özümü ələ alıb səbirlə gözlədim. Çıxışlarıma cavab əvəzinə çox çəkmədi ki, "Правда”dаn başlayaraq partiyanın mətbu orqanlarında mənə qarşı hücumlar təşkil edildi. Mənə qarşı yönəlmiş uydurma faktları əsaslandırılmış şəkildə elə həmin kütləvi informasiya vasitələrinin özlərindəcə təkzib etmək cəhdlərim boşa çıxdı. Yenidənqurmanın əsas nailiyyəti olan “aşkarlıq” özünü birtərəfli göstərirdi... “(Zenkoviç Nikolay “Heydər Əliyev Tale yolları”file: (///C:/Users/user/Downloads/Heyder Eliyev Tale yollari.pdf).
Heydər Əliyevin Sov. İKP sıralarından imtina edərək çıxması səbəblərinin ikincisi əsası da onun xalqının tarixi torpaqlarına əsl vətənpərvər münasibəti ilə bağlı olmuşdur.
Haşiyə. Heydər Əliyev: “Üç ildən artıqdır ki, mərkəzin ikiüzlü siyasəti nəticəsində Sov. İKP MK-nın havadarlıq etdiyi erməni millətçilərinin səyi ilə Azərbaycanın Dağlıq Qarabağ vilayətində yaranmış kəskin münaqişəli vəziyyət saxlanmaqdadır. Vilayət əslində tamamilə Azərbaycanın dövlət idarəçiliyindən çıxıbdır. Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü konstitusiyaya zidd olaraq kobud şəkildə pozulubdur. Ermənistan və Azərbaycan arasında elan edilməmiş müharibə gedir, demək olar, hər gün iki tərəfdən də adamlar ölür. Bütün bunlar “humanist ideologiyalı» sovet dövləti üçün adi haldır. Əminəm ki, partiya rəhbərliyi istəsəydi, 1987-1988-ci illərdə üzdəniraq Qarabağ problemi ətrafında milli münaqişə təzə başlayanda onun qarşısını ala bilərdi, getdikcə güclənən qarşıdurmaya və həm Azərbaycan, həm də erməni xalqına ağır fəlakət və müsibətlər gətirmiş bu qırğınlara imkan verməzdi. Deməli, siyasi mərkəzə bu münaqişə lazımdır» “(Zenkoviç Nikolay “Heydər ƏLİYEV Tale yolları” file: (///C:/User-s/user/Downloads/Heyder Eliyev Tale yollari.pdf).
Heydər Əliyevin öz dərin mühakimə dili ilə əsaslandırdığı səbəblər sırasında üçüncü, yekun nəticə xarakterli səbəb isə artıq istər mahiyyət etibarı ilə, istərsə də zahirən belə böyük tarixi şəxsiyyətin on illər boyu pillə-pillə sistemləşdirib inkişaf etdirdiyi Azərbaycanın müstəqil dövlət statusu qazanması arzu və məqsədini aydın surətdə əks etdirir. “Üçüncü səbəb. «Bütün cəmiyyətin demokratikləşdiyi, siyasi azadlıqların və plüralizmin bəyan edildiyi bir dövrdə Azərbaycanda 1988-ci ildə ərazi bütövlüyünün müdafiəsinə qalxmış geniş demokratik hərəkat və cəmiyyətin demokratikləşməsi Sov. İKP MK-in rəhbərliyi altında Azərbaycan KP MK-nın səyi ilə boğulur. Bu illərdə nə qədər adam siyasi fəaliyyətinə görə repressiyalara məruz qalıb. İl yarımdır ki, Azərbaycanın iki milyonluq paytaxtı heç bir əsas olmadan fövqəladə vəziyyət rejimində yaşayır. Məhz belə bir şəraitdə respublika Ali Sovetinə üzdəniraq “demokratik seçkilər” və nəticələri İttifaqın xeyrinə irəlicədən həll olunmuş referendum keçirilmişdir. Fövqəladə vəziyyət şəraitində hər hansı demokratikləşməyə və xalqın öz iradəsini sərbəst ifadə etməsinə ümid bağlamaq avamlıq olardı. Demokratik təşkilatlar dəfələrlə seçicilərin mütləq əksəriyyətinin referendumda iştirak etməməsi və referendumun nəticələrinin saxtalaşdırılması barədə məsələ qaldırmışlar. Ancaq Azərbaycanın kommunist rəhbərliyi bu müraciətlərə hətta baxmağa belə lüzum görməyib” “Hər hansı suveren dövlətin tərkibində bir neçə suveren dövlət və eləcə də bundan irəli gələn azadlıqlar, səlahiyyətlər və funksiyalar ola bilməz” (Zenkoviç Nikolay “Heydər Əliyev Tale yolları” file: (///C:/Users/user/Downloads/Heyder Eliyev Tale yollari.pdf).
Sovet İmperiyası rəhbərlərinin xalqımıza qarşı ədalətsiz və qəddar münasibətinə etiraz olaraq yüksək vəzifəsindən istefa verib Rusiyadan ayrılaraq vətənə dönən Heydər Əliyev doğulub böyüdüyü Naxçıvan Muxtar Respublikasına gedib həmvətənlilərinin əhatəsində yaşadığı 3 il kimi qısa bir vaxtda böyük dövlət quruculğu işlərini həyata keçirmişdir.
Belə ki, yüksək müdriklik xislətinə malik görkəmli dövlət xadimi Heydər Əliyev 1990-cı ilin iyul ayının 22-də Naxçıvana gəldikdən sonra vətəndaşlıq məsələsini düşünür. Heydər Əliyevin bu qərarı 1990-cı il 21 avqust tarixində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (MSSR) Ali Sovetinin Rəyasət Heyəti “Heydər Əliyevin Naxçıvan MSSR vətəndaşlığı barədə” qərarı ilə reallaşır və o, Azərbaycan vətəndaşlığı alır.
Bu bir həqiqətdir ki, tarixi şəxsiyyətlərin həyatı, fəaliyyəti üçün zaman şərt deyil. Əsas amal, ideya və məqsəd, bu qayəni idarə edən daxili enerji və qüvvədir. Bu baxımdan Heydər Əliyevin bir ay sonra 1990-cı il 30 sentyabr seçkilərində Nehrəm seçki dairəsindən Azərbaycan SSR-nin xalq deputatlığına, Naxçıvan Trikotaj Fabriki kollektivi tərəfindən isə Naxçıvan MSSR-in xalq deputatlığına seçilməsi xarakterik qarşılanır.
Cəmi 4 ay ərzində müdrik siyasəti ilə tarixyüklü mühüm işlərə imza atan Naxçıvan Muxtar Respublikası vətəndaşlarının çoxsaylı ciddi sosial problemlərini həll edən və yaddaşlarda əbədiyyət qazanan Heydər Əliyev 1990-cı ilin noyabrın 17-də artıq deputat kimi 12-ci çağırış Naxçıvan MSSR-in Ali Məclisinin ilk sessiyasına qatılarkən müstəqil Azərbaycan dövlətinin qurucusu missiyasına başlamış, SSRİ-nin dağılmağına hələ təxminən 1 il qaldığı və totalitar rejimin davam etdiyi bir vaxtda sədrliyi ilə keçirilmiş sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək Naxçıvan Muxtar Respublikası adlandırması kimi tarixi qərar qəbul olunmuşdu.
Bununla birlikdə Sessiyanın Naxçıvan MSSR Ali Sovetinin adını dəyişərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırması, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan Üçrəngli Dövlət Bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi tanınması haqqında qəbul olunmuş qərarlar artıq öz məzmun və mahiyyətinə görə Heydər Əliyevin rus imperiyası üzərində siyasi qələbəsi idi.
Hələ Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Аli Məclisinin Üçrəngli Dövlət Bayrağının Azərbaycan SSR Ali Sovetinin qarşısında bütünlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırması onun milli lider olaraq mətin və cəsarətli siyasi addımları kimi unudulmaz hadisədir.
Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə Rus Sovet İmperiyasının siyasi rəhbərliyinin göstərişi ilə Qızıl Ordunun xalqımızın dinc, suveren, müstəqil dövlət arzularına qarşı çıxaraq törətmiş olduğu 20 yanvar faciəsinə siyasi lider, həmçinin də vətən övladı olaraq qiymət verilməsi məqsədilə “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar layihəsi hazırlamış və bu vətənpərvər siyasi sənədi 1990-cı il, noyabr ayının 21-də Naxçıvan MR Ali Məclisi qəbul etmişdir. Bundan başqa Heydər Əliyevin hazırladığı “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Şaumyan rayonunda və Xanlar rayonunun Çaykənd kəndində yaranmış vəziyyətə münasibət haqqında” Naxçıvan MR Ali Məclisinin 1990-cı il 14 dekabr tarixli qərarı xüsusi əhəmiyyət kəsb edir.
Heydər Əliyev ömrünün ixtiyar dövrü yuvarlaq 70 yaş həddində çox yüksək vəzifələrdə çalışmışdı. Elə 1990-cı ildə doğma vətəni Azərbaycana Rusiyadakı yüksək dövlət postundan imtina edib gəlmişdi. Böyük dünya siyasətçisinin 1991-ci ildə vəzifə staji Naxçıvan MSSR-in Daxili İşlər Xalq Komissarları Sovetində məxfı arxiv şöbəsinin müdiri olduğu 1941-1943–cü illərdən çıxış edərək konkret desək, düz 40 il idi. Bu baxımdan Heydər Əliyevin zəfəri xalqın ona olan böyük inamı, ən əsas da əsl hədəfə - illər boyu sistemləşdirdiyi müstəqil Azərbaycan dövlətinin quruculuğu məqsədinə doğru istiqamət alması idi. Hüquqi qaydada NMR-nın Ali Məclisinin sədri seçilən Heydər Əliyev elə həmin il Azərbaycan Ali Sovetinin sədr müavini seçilmiş, bu vəzifədə 1993-cü ilin 15 iyun tarixinə kimi fəaliyyət göstərmişdir. Heydər Əliyevin bu dövrdə həyata keçirdiyi tarixi əhəmiyyəti olan işlərdən biri də 1992-ci ildə Yeni Azərbaycan Partiyasını yaratması və Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilməsidir..
3 sentyabr 1991-ci il təkcə Heydər Əliyev, həmçinin onun həmvətənləri üçün deyil, bütün Azərbaycan xalqı üçün qiymətli tarixi təqvimdir. Beləki, məhz NMR-nin minlərlə vətəndaşının küçələrə çıxaraq günlərlə davam edən mitnqlərində kütləvi tələbləri ilə 1991-ci ilin 3 sentyabr günündə Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyası çağırılmış və bu sessiyada Heydər Əliyev yekdilliklə Naxçıvan MR Ali Məclisinin sədri seçilmişdir.
Ali Məclis sədri seçilməsi 20 il fasiləsiz SSRİ Ali Sovetinin deputatı olmuş, dörd dəfə daxil olduğumuz SSRİ məkanının ən möhtəşəm təltifi - Lenin ordeni, Qırmızı Ulduz ordeni və bir sıra xarici dövlətlərin ordenləri və çox adda medalları ilə təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bu baxımdan da gözü-könlü tok bir şəxsiyyətə, Heydər Əliyevə deyil - SSRİ kimi nəhəng quruluşun necə deyərlər, xırda mexanizmlərinə qədər dağıldığı, Azərbaycanın, o cümlədən keçmiş müttəfiq respublikaların siyasi müstəqillik əldə etdiyi, lakin formalaşmadığı, həmçinin Naxçıvanın faktiki olaraq blokadada olduğu bir mərhələdə xalq üçün zəruri idi. Qonşu dövlətlərlə iqtisadi-siyasi münasibətlərin yaranması, mühüm danışıqların aparılması, digər tərəfdən sanballı kürsüdən nüfuzlu siyasətçi, güclü liderin müraciətləri ölkənin hərtərəfli inkişafını, xalqın rifahını müəyyənləşdirirdi.
Haşiyə. Sovet dövrünün məşhur siyasi simalarından Nikolay Baybakov: “Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram”. Doğurdan da müstəqilliyin ilk aylarında, keçid dövrünün ən gərgin vaxtında və blokada vəziyyətində olan xalqı gərək o qədər sevəsən ki, onu düşünüb, addım atasan. Beləcə, Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri kimi ciddi səylər nəticəsində qısa müddətdə qonşu dövlətlər olan Türkiyə və İran İslam respublikası ilə əlaqələr quraraq Sədərək rayonunda Azərbaycanla Türkiyə arasında Araz çayı üzərində “Ümid” adlanan körpünün yaradılması ideyasını irəli sürmüşdür. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi və həmrəyliyinin simvolu kimi Ümid körpüsünün müvəqqəti açılışı, 1991-ci il, 29 oktyabr tarixində, tam açılışına isə 1992-ci ilin 28 mayında isə tam açılışına nail oldu ki, hər iki tarix Türkiyə və Azərbaycanın Respublika günlərini ifadə etməklə dərin məna kəsb etməkdədir (https:// azertag. az/xeber /suleymandamiralheydaraliyev -363340).
Bundan başqa Heydər Əliyevin uzaqgörənliyi və şəxsi təşəbbüsü ilə 1992-ci il 22-25 mart tarixində Türkiyə Cümhuriyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasına (Baş nazir Süleyman Dəmirəlin köməyi ilə) 100 milyon dollar məbləğində kredit ayrılması və hər il 100 tələbənin Türkiyədə təhsil almasını nəzərdə tutan birgə Əməkdaşlıq Protokolu imzalamışdır.
1992-ci il 22-26 avqustda Heydər Əliyev İran İslam Respublikasına səfər etmiş, ali dini lider Ayətulla Xamneyi və İran İslam Respublikasının prezidenti Əli Əkbər Rəfsəncani, habelə digər rəsmi şəxslərlə görüşmüşdür. Bu səfərin nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlığa dair protokollar imzalamışdır. 1992-ci ildə İran və Türkiyə ilə bağlanmış əməkdaşlıq müqavilələri əsasında Sədərək, Culfa və Şahtaxtı keçid məntəqələri yaradılmışdır. Bundan əlavə, Naxçıvan şəhəri yaxınlığında İstilik-Elektrik Stansiyası tikilmişdir. İran İslam Respublikasından və Türkiyə Respublikasının İğdır vilayətindən 92 kilometrlik bir məsafədən yüksək gərginlikli elektrik xətlərinin Naxçıvana çəkilməsi başa çatdırılmışdır ki, bu da Naxçıvanın elektrik enerjisinə olan ehtiyacını əsasən ödəmiş olmuşdur. Həmçinin Heydər Əliyev Naxçıvanda olarkən dünyaya səpələnmiş həmmillətlərimizi əbədiyaşar çıraq-Azərbaycanımızın başına toplamaq üçün 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik gününü təsis etmişdir. Heydər Əliyev hətta Bakıdakı səriştəsiz hakimiyyətin əvəzinə Naxçıvan Ali Məclisində ölkə sərhədlərinin bərpası, Dağlıq Qarabağ torpaqlarının işğaldan azad olunması məqsədilə komissiyanın yaradılmasının təşəbbüskarı olmuş və Naxçıvan Ali Məclisindən bütün dünyaya Dağlıq Qarabağ həqiqətlərinin çatdırlmasını həyata keçirmişdir.
Bütün bunlar Naxçıvanda cərəyan etsə də təbii olaraq Azərbaycanın paytaxtı Bakıda əks-səda doğururdu və ən əsası 1993-cü ilin may-iyun aylarında Azərbaycanda cərəyan edən siyasi hadisələr ölkədə vətəndaş müharibəsini alovlandırmaqla keçid dövründə olan gənc dövlətimizin müstəqilliyini itirmək təhlükəsini reallaşdırdıqda o vaxtın siyasi hakimiyyəti idarəçiliyə qadir olmadığını anlayaraq və xalqın sürəkli tələblərini qəbul edərək Heydər Əliyevi dərin ictimai-siyasi, sosial-mədəni böhranın qarşısını alması, ölkənin idarə etməsi üçün Hakimiyyətə çağırmışdı, daha doğrusu rəhbər işçilər Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur olmuşdular.
Beləliklə, Heydər Əliyev Azərbaycanı qorumaq, xalqın qarşılaşdığı sosial-siyasi və iqtisadi problemləri aradan qaldırmaq, dövlətin dünya siyasi arenasında nüfuzunu qaldırmaq, habelə İşğal altında olan vətən torpaqlarını azad etmək məramı ilə Bakıya gəldi və 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə AR Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Bu baxımdan Azərbaycan Dövlətinin rəsmi tədbirləri sırasında hər il xüsusilə qeyd olunan 15 iyun Qurtuluş Günü Azərbaycan tarixi və eləcə də Azərbaycan xalqı üçün ən önəmli yaddaş səlnaməsidir. Gənc müstəqil dövlət olan Azərbaycan Respublikasının taleyində belə tarixi günlərdən biri də 1993-cü il oktyabrın 3-dür. Beləki, Heydər Əliyev 3 oktyabr 1993-cü ildə ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Prezident seçilərkən Müqəddəs Qurani-Kərim kitabımızı öpüb and içən tarixi şəxsiyyət Heydər Əliyev hakimiyyətə başladığı ilk gündən sabitlik, rifah, ölkənin sərhədlərinin qorunması və bərpası, bütövlükdə Azərbaycanın sivil, demokratik inkişafı strategiyasını həyata keçirməyə başladı.
Haşiyə. Heydər Əliyev 1993-cü il prezident seçkisi münasibətilə keçirilən Andiçmə mərasimində söylədiyi dərin məzmunlu nitqində gənc Azərbaycan dövlətinin xarici siyasətinin tərifini belə vermişdir: “Bizim xarici siyasətimiz sülhsevər siyasətdir, biz heç bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə toxunmaq məqsədi güdmürük. Lakin, eyni zamanda nəyin bahasına olursa-olsun respublikanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü, xarici siyasət vasitəsilə təmin etməyə çalışacağıq. Güman edirəm ki, bundan sonra görüləsi işlər Azərbaycanın daha geniş tanınmasına şərait yaradacaqdır və respublikamız dünya dövlətləri birliyində öz layiqli yerini tutacaqdır” (Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin Andiçmə mərasimində nitqi Bakı - "Respublika" sarayı, 10 oktyabr 1993-cü il (http://lib.aliyev-heritage.org/az/66679364.html).
Ulu Öndərin xarici siyasət proqramından, gənc müstəqil Azərbaycan Respublikasının 10 il müddətində ən qabaqcıl dövlətlərlə əlaqələrinin səmərəli surətdə inkişafından və ümumiyyətlə bu istiqamətdə əhəmiyyətli dərəcədə mühüm olan fəaliyyətindən bəhs edərkən onun ölkənin son dərəcə mürəkkəb, ağır vəziyyətində xalqın tələb və arzusu ilə, eyni zamanda mənsub olduğu dövlətin mənafeyini düşünərək milli dövlət quruculuğuna başladığı ilk gün – 15 iyun 1993-cü il tarixli nitqindən:
“Xarici siyasət sahəsində keçən bir il müddətində çox iş görülüb. Ancaq görüləsi işlər daha da çoxdur. Güman edirəm ki, Azərbaycan Respublikası demokratik dövlət kimi bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər yaratmalıdır. Hansı dövlətin daxili quruluşu, daxili siyasəti hansı istiqamətdə getməsindən asılı olmayaraq, biz normal münasibətlər yaratmalıyıq. Birinci növbədə, bizim yaxın qonşularımızla lazımi mədəni, iqtisadi, dövlət münasibətləri yaradılmalıdır. Bu baxımdan Türkiyə Cümhuriyyəti ilə olan əlaqələr, şübhəsiz ki, respublikanın əhalisi tərəfindən bəyənilir. Qonşu İran İslam Respublikası ilə bizim münasibətlərimiz yaxşılaşdırılmalıdır, inkişaf etdirilməlidir. Rusiya çox böyük dövlətdir, bizim şimal qonşumuzdur. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında münasibətlər bundan sonra daha yaxşı, daha geniş, səmərəli olmalıdır. Keçmiş Sovetlər İttifaqına daxil olan, indi müstəqil dövlət olan bütün dövlətlərlə - Ukrayna, Belarus, Gürcüstan, Orta Asiya dövlətləri, Qazaxıstan, Baltikyanı dövlətlər, Moldova ilə biz daha geniş, qarşılıqlı əlaqələr yaratmalıyıq. Bizim üçün bu, çox lazımdır. Çünki bu dövlətlərlə bizim iqtisadi əlaqələrimiz, mədəni əlaqələrimiz, insani əlaqələrimiz uzun illər, yüzilliklərlə çox yaxın olub. Bu əlaqələri qırmaq olmaz, əksinə, inkişaf etdirmək lazımdır. Şübhə etmirəm ki, məhz belə siyasət Azərbaycan Respublikasının müstəqil dövlət kimi formalaşmasına və inkişaf etməsinə kömək edəcəkdir” (Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin Andiçmə mərasimində nitqi Bakı - "Respublika" sarayı, 10 oktyabr 1993-cü il (http://lib.aliyev-heritag e . org/az/ 6667 9364.html).
Dövlətin iqtisadi siyasətinnin düzgün həllini tapması da Azərbaycanın qüdrətli Prezidenti Heydər Əliyevin dövlət quruculuğu platformasının əsas məqsədlərindən idi. Bu istiqamətdə 1994-cü ildə sentyabrın 20-də dünyanın 7 dövlətinin 11 neft şirkəti ilə Azərbaycan arasında “Əsrin Müqaviləsi” sənədi imzalandı. Neft Müqaviləsinin ölkənin necə bir mühüm iqtisadi siyasəti olduğunu bilmək üçün bu Müqaviləyə dünya neft şirkətlərinin 60 milyard ABŞ dollarını əhatə edən sərmayəsini yada salmaq kifayət edər. Bu vəsait yeni yaradılmış və inkişaf tarixinin keçid mərhələsini yaşayan gənc bir resbublikanın inkişafını, sabaha hesablanmış tərəqqisini ehtifa edirdi.
Bundan sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Azərbaycana Sovetlər vaxtı rəhbərliyi dövründən yaxşı tanış olan ölkənin neft yataqlarının yenidən geoloji təhlillərinin aparılması işləri başlanılmış, Günəşli, Şahdağ və başqa neft yataqlarının bugünkü yüksək səmərəli fəaliyyəti həyata keçirilmişdir.
Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.