4-8 sentyabr 2023-cü il tarixlərində Almaniyanın Göttinqen Universitetində Tərs məsələlər üzrə ənənəvi 11-ci Tətbiqi Tərs Məsələlər (11th Applied Inverse Problems Conference - AIP2023) adlı beynəlxalq konfrans keçirilib.
Konfransda Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, r.e.d. Anar Rəhimov və aparıcı elmi işçi, r.ü.f.d. Elşən İbayev iştirak ediblər.
A.Rəhimov Böyük Britaniyanın Lids Universitetinin professoru Daniel Lesnikin dəvətilə onun və Belçikanın Gent Universitetinin elmlər doktoru Karel Van Bokstal tərəfindən təşkil olunan “Tərs modelləşdirmə və tətbiqləri” (Inverse Modelling with Applications) minisimpoziumunda “Parabolik tənlik üçün qeyri-lokal şərtli tərs mənbə məsələlərinin ədədi həlli” (Numerical solution to inverse source problems for a parabolic equation with nonlocal conditions) mövzusunda məruzə ilə çıxış edib. E.İbayev isə təqdim edilmiş məruzələr seksiyasında “Tərs Laplas çevirməsindən istifadə edərək bir semi-Markov prosesinin sərhəd funksionlaının Laplas çevirməsi üçün kəsr tərtib diferensial tənliyin həlli” (Solution of the fractional order differential equation for Laplace transform of a boundary functional of a semi-Markov process using inverse Laplace transform) mövzusunda məruzə ilə çıxış edib. Hər iki məruzə konfrans iştirakçılarının marağına səbəb olub, mövzu ərafında müxtəlif suallar cavablandırılıb.
Qeyd edək ki, Tətbiqi Tərs Məsələlər Konfransı bu sahə üzrə Tərs Məsələlər Beynəlxalq Assosiasiyası (Inverse Problems International Association - IPIA) tərəfindən təşkil olunan ilk silsilə elmi konfrans kimi hər iki ildən bir keçirilir. İştirak edən alimlərin nüfuzuna görə tərs məsələlər sahəsində mühüm rola malik konfransa müxtəlif ölkələrdən 560 iştirakçı qatılıb, məruzələr 16 paralel seksiya iclaslarında təqdim edilib. Konfransın proqramına 12 plenar məruzə, 59 minisimpozium çərçivəsində dəvətli məruzələr, əlavə olaraq təqdim edilən məruzələr və 24 poster daxil edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.