Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

12.09.2023 11:28
  • A-
  • A
  • A+

Keşməkeşli və şərəfli ömür

Keşməkeşli və şərəfli ömür

Heydər Əlirza oğlu Əliyev - 100

Dördüncü  məqalə

2003-cü il...

2003-cü ilin aprel ayının 21-də Cəmşid Naxçıvanski adına məktəbin yubiley tədbirində Heydər Əliyevin səhhətində ani olaraq ciddi dəyişikliyin baş verdiyi və sanki, onun özü ilə bərabər xalqının ona dərin sevgisinin sınaqdan çıxdığı hadisə baş verdi. Həmin tədbirdə gözəl nitqi ilə təkcə ölkənin ən böyük zalındakı insanları deyil, tədbirin birbaşa traslasiyası ilə izləyən milyonlarla Azərbaycan vətəndaşının diqqətini öz üzərinə cəmləmiş Milli Lider - Ulu Öndər Heydər Əliyev ani olaraq müvazinətini itirdi. Ancaq nitqini dayandırmadı. Davam etdi. Həyəcanlı dəqiqələr ötdükcə gərginlik və ilahi enerji bir-birini əvəzləyir, xarizma onu müşayət edirdi. “Növbə” fiziki olana keçərkən onu təcili zaldan apardılar. Bu an sınaq zirvə nöqtəsinə qalxdı: Xalq və Liderin bir-birinə necə möhkəm tellərlə bağlı olduğu təsdiqlədi. Xalqın ruhu həqiqiliyini göstərdi. “İgid odur atdan düşə, atlana!”... Milli Lider Heydər Əliyev bu misalın əsl ideyasına uyğun tərzdə səhnəyə qayıdıb, nitqini davam etdirdi. Bu hamıya görə möcüzə, siyasi nəzəriyyə elminə görə isə xarizma anlamı, inanc və imana bağlı fenomen şəxsiyyətlərə xas bir hadisə idi. Bu hadisə eyni zamanda onun peşəkar lider keyfiyyətini ifadə edirdi. Belə ki, o adi, sıradan biri deyildi və fiziki gərginliyə “kürsünü” dəyişə bilməzdi. Elm də, tarixi təcrübə də təsdiq edir ki, belə vəziyyətdə səriştəsiz siyasətçi, məsuliyyət hissini unudan prezident kürsünü qoyub gedə bilər, amma qüdrətli siyasi lider öz nüfuzunu ani fiziki gərginliyə təslim etməz. Əsl Ulu Öndər son nəfəsə qədər xalqa  xidmətini davam etdirər!

O əsl Milli Lider- əsl Ulu Öndər idi!

Heydər Əliyevin son nəfəsə qədər xalqının ona etimad etdiyi vəzifə kürsüsündə olduğunu, öz tarixi missiyasını yerinə yetirdiyini təsdiqləyən hadisələrdən biri də Azərbaycan - UNESCO əlaqələrinin möhkəmlənməsi istiqamətində 2003-cü il 21 iyun tarixində mədəniyyət siyasəti üzrə milli debatların iştirakçılarına ünvanladığı müraciətdir. 

Heydər Əliyev bu müraciətdə hər bir xalqın mədəni irsinin onun milli sərvəti olmasını xüsusilə vurğulamış, Azərbaycan xalqının mədəniyyətinin dünyanın ən qədim mədəniyyətlərindən olduğunu, klassik şairlərimiz - Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi söz ustalarının və “Kitabi-Dədə-Qorqud” dastanı yubileylərinin UNESCO xətti ilə yüksək səviyyədə qeyd edildiyini, İçərişəhər tarix-memarlıq qoruğunun “Dünya İrs Siyahısı”na salınmasını, milli mədəniyyətimizin zənginliyinin dünya ictimaiyyəti tərəfindən qiymətləndirilməsini fəxrlə yada salmış, Azərbaycan mədəniyyət nümunələrinin dünyaya tanıtdırılması, təhsilin, elmin inkişafı üçün UNESCO-nun rolunun əvəzsizliyini, zəruriliyini xüsusilə olaraq qeyd etmişdir (Azərbaycan UNESCO əlaqələri (http://lib.aliyev-heritage.org/az/3473502.html).

Eləcə də Heydər Əliyevin 2003-cü ilin 13 oktyabr tarixində Azərbaycan  Respubliksı Gənclərinin Üçüncü Forumunu diqqətdə saxlaması və tədbir iştirakçılarına məktub  ünvanlaması onun xalqı ilə hər an həmrəy olduğunu göstərən faktdır. Bu məktub, həmçinin ölkə gənclərinə Ulu Öndərin dolğun məzmunlu nəsihət-vəsiyyəti kimi tarixi əhəmiyyət kəsb edir.

Haşiyə. Heydər Əliyevin məktubundan: “Bu gün Azərbaycan Respublikası öz tarixinin şərəfli və mürəkkəb bir dövrünü yaşayır. Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, o cümlədən işğal olunmuş torpaqlarımızın azad olunması, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdirilməsi, əhalinin sosial problemlərinin həll edilməsi, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda görüləsi işlər hələ çoxdur. XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzərinə düşür. İnanıram ki, zəngin və dərin mənəviyyata sahib, vətənpərvər gəncliyi olan xalqımızın daha böyük, daha parlaq gələcəyi var. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətçiliyini yaşatmaq, onu qüdrətli etmək üçün siz, yüksək amallı Azərbaycan gəncləri daim hazır olmalısınız” (Azərbaycan Respublikası Gənclərinin Üçüncü Forumuna məktub (http://files.preslib.az/projects/toplu/books/45.pdf ).

Bu məqamda Heydər Əliyevin özünəməxsus dil-üslubda, hər birində millilik, ənənə, tarixi keçmişimiz, vətən, milli-mənəvi dəyərlərimiz, xalqımızın milli azadlıq mübarizəsi, deməli, Azərbaycan və Azərbaycançılıq ideyası dolğun şəkildə əks olunmuş dərin mənalı cümlələrinin yer aldığı daha bir “son məktub”unu yada salmaq istərdik. Beləki, Ulu Öndər Heydər Əliyev fiziki ömrünün  axırlarında - “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim” - deyib vətəni Azərbaycanı zirvələrə ucaldan xalq şairi, mahir söz ustadı Məmməd Arazı yada salmış, şairin yaradıcılığını məhz millilik, tarix-ənənə kontekstindən təhlil edib yüksək qiymətləndirmişdir. Bu təbrik məktubunda cəmlənən fikirlər onun xalqımızın əsl Milli Lideri - Ulu Öndəri olduğunu bir daha və qeyd-şərtsiz təsdiqləyir. Tanış olaq: “Hörmətli Məmməd Araz! Sizi - müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini anadan olmağınızın 70 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. ...Xalqın azadlıq arzusunu ədəbiyyatımızın böyük idealına çevirərək, onu yüksəklərə qaldıran əzəmətli poeziyanız vətən sevgisi, vətəndaşlıq amalı ilə səciyyələnir. ...Dövrümüzün sənət zirvəsinə yüksələn poeziyanız müstəqil Azərbaycanımızın bundan sonra da neçə-neçə nəslinə mənəvi saflıq və vətənpərvərlik ruhunun aşılanması işində əvəzsiz mənbələrdən biri olacaqdır. Sizə cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzu edirəm” (Heydər Əliyev Müstəqilliyimiz əbədidir (45-ci kitab. Bakı.Azərnəşr-2013) (http://files.preslib.az/projects/toplu/books/45.pdf). Nəhayət, Azərbaycanın yeni tarixinin dahi insanı Heydər Əlirza oğlu Əliyevin əziz xalqına, həmvətənlərinə ən Son Məktubu. Heydər Əliyevin 01.10.2003-cü il tarixli Azərbaycan Xalqına Müraciəti. Əziz xalqına, həmvətənlərinə, bir milli ideyada yumruq kimi birləşməyi nəsihət-vəsiyyət etdiyi Son Müraciəti onun Ulu öndərlik missiyasını layiqincə və hətta politologiya nəzəriyyəçilərinin elmi qənaətlərinə uyğun olaraq və bütünlüklə tamamladığını aydın surətdə ifadə edir. 

Ulu Öndərin xalqı qarşısında Hesabatı da demək olar bu Müraciətə. Onu Azərbaycanın müstəqil dövlət quruculuğunun əsl tarix səlnaməsi də adlandırmaq olar. Xalqına nəsihət-vəsiyyət ruhu da var bu Müraciətdə.

Haşiyə. Heydər Əliyevin müdrik Lider düşüncələrindən seçmələr:

1. “Əziz həmvətənlər, hörmətli Azərbaycan vətəndaşları! Bu günlərdə mənim Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə Prezident kimi rəhbərliyimin isə 10 ili tamam olur. Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız Sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gııcümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib. Azərbaycan xalqı dünyanın ən qabaqcıl xalqları sırasında öz layiqli yerini tutub” (Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin Azərbaycan xalqına Müraciət (http://files. Pre slib .az/ projects/toplu/v2/f3_13.pdf ).

2. “Azərbaycanın iqtisadi həyatı yenidən qurulur, yüksək dinamizmlə dirçəlir və inkişaf edir. Ölkə iqtisadiyyatına daxili və xarici kapital qoyuluşu ildən-ilə artır, aqrar sahə, yeyinti və yüngül sənayesi modernləşir, iqtisadiyyatda qeyri-neft sektorunun payı yüksəlir, manatın sabitliyi qorunur, valyuta ehtiyatları artır, yeni-yeni yüksək maaşlı iş yerləri açılır. Bütün bunlar 1994-cü ildən başlayaraq həyata keçirilən yeni neft və iqtisadi inkişaf strategiyasnın nəticəsidir. Mən əminəm ki, biz belə davam etsək, qarşıdan gələn bir neçə ildə Azərbaycanda nə bir işsizə, nə bir kasıb insana rast gəlinəcəkdir. Maaşlar, təqaüdlər və insanların ümumi gəlirləri yüksələn sürətlə artacaq” (Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin Azərbaycan xalqına Müraciət (http://files.preslib.az/projects/toplu/v2/f3_13.pdf ).

3. “Yalnız milli birliyə, ictimai-siyasi sabitliyə malik, iqtisadiyyatı dinamik inkişaf edən, güclü dövlət təsisatları olan demokratik və vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətlə hər şeyi, o cümlədən ərazi bütövlüyü və digər məsələləri həll etnıək olar. Əminəm ki, bu məhz belə də olacaq” (Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin Azərbaycan xalqına Müraciət (http://files.preslib.az/projects/toplu/v2/f3_13.pdf ).

4. “Dövlətimiz getdikcə öz müdafiə qabiliyyətini artırır, hərbi cəhtdən güclənir. Milli ordumuz qabaqcıl təcrübə və texnologiyalara yiyələnir, gənclərimiz həvəslə xidmətə gedirlər” (Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin Azərbaycan xalqına Müraciət (http://files.preslib.az/projects/toplu/v2/f3_13.pdf ). 

Ulu Öndər müraciətdə bundan sonra sanki xalq və dövlət qarşısında imtahan verirmiş kimi bir-bir həyata keçirilmiş quruculuq işlərinin istiqamətlərini şərh edir. Bu siyasi proqramın sistemli bölmələrində hər bir dövlətin mövcudluğunun ilkin şərti-siyasi sabitlik, onun əsası olan milli birlik, bunun üçün isə ali şərt - qanunların gücü önə çəkilərək dəyərləndirilir və arzulanana nail olunması diqqətə çatdırılır. Daha sonra mühüm amil - iqtisadiyyat və üçüncüsü, “Azərbaycan xalqının istək və arzularının ifadəsi olan, özünün bütün müvafiq təsisatlarına malik güclü, demokratik dövlətimizi qura bilmişik, onun müstəqilliyinin dönməzliyini təmin etmişik (Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin Azərbaycan xalqına Müraciət (http://files.preslib.az/projects/toplu/v2/f3_13.pdf) - iqtibasından ucalan ideyalar maarifləndirmə süzgəcindən keçirilərək yaddaşlara və habelə tarixin arxivinə, milli-mənəvi miras “fonduna” istiqamətləndirirlir. 

Haşiyə. Bu məqalənin müəllifi Azərbaycan xalqının dahi şəxsiyyəti Heydər Əliyevin 2003-cü il Prezidentliyə namizədlik qərargahının üzvü kimi Bakımın Nizami və Xətai rayonlarında onlarla məktəb və idarələrdə təbliğatında iştirak etmişdir. Unudulmaz  günlərdi. Xalq Heydər Əliyevin sağalması üçün dualar edir, onun 3-cü dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsini arzulayırdı. Hamının bir istəyi vardı, Heydər Əliyev tezliklə sağalıb fəaliyyətini davam etdirsin. Təbliğat kampaniyası ümumxalq tədbirləri kimi keçirilirdi. Bütün tədbir iştirakçıları söz alıb Ümummilli Lider Heydər Əliyevin dövlətinə, xalqına sadiq bir insan, qüdrətli Ulu Öndər olmasından fəxrlə danışırdı.  

İndi isə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına müraciətindəki nikbin, hər şeydən razı-məmnun məzmunlu yekun hissədən seçmə iqtibaslarla tanış olaq:

“Yüz minlərlə insan seçki kampaniyasına qoşularaq mənim təbliğatımı aparır. Fürsətdən istifadə edərək bu insanlara, namizədliyimi irəli sürən və dəstəkləyən Yeni Azərbaycan Partiyasının bütün üzvlərinə, digər ictimai-siyasi təşkilatların nümayəndələrinə, elm, təhsil və mədəniyyət xadimlərinə, ziyalılara və mənə dəstək verən bütün Azərhaycan xalqına dərin təşəkkürümü bildirirəm. Ümidvaraın ki, tezliklə səhhətimi bərpa edərək Vətənə dönəcək, xalqımla yenidən birlikdə olacağam. İndi isə öz namizədliyimi İlham Əliyevin xeyrinə geri götürürəm” (Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin  Azərbaycan xalqına Müraciət (http://files.preslib.az/projects/toplu/v2/f3_13.pdf ).   

Beləliklə, xalqının Ümummilli Lideri, Ulu Öndəri olmaq şərəfini sağlığında qazanmış Heydər Əliyevin xalqına müraciətindəki, yekun hissə nəticə, “nöqtə”, “nida” mənasında sonluq deyil. Buradaca dünya siyasətşünaslığının xarizmalı lider tipinin mühüm prinsiplərindən olan bir şərti yada salmaq yerinə düşər. Xarizmalı liderlər “Davamçılarını öyrədirlər, yetişdirirlər, müdafiə edirlər və eyni zamanda öz zəfərlərini paylaşırlar” (http://www.elitarium.ru/liderstvo-harizma-kachestva-rukovoditel-vlijanie-priznanie). Biz bu nöqteyi-nəzərdən deyə bilərik ki, Ulu Öndərin xalqa müraciətindəki nəticə hissəsi onun davamçısını təqdim etmək və məqsədə doğru hərəkətdə son nöqtə deyil, nikbin şəkildə estafetin ötürülməsi, deməli öz yolunun davamı, başqa bir tərəfdən tamamlanmalı böyük məqsədlərə doğru əsl yenilənmə-başlanğıc mahiyyətində sırf siyasi-nəzəri mövqedən bir qərar idi.

Nəticə. Heydər Əliyev: “Üzümü Sizə - həmvətənlilərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intelektual, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızım ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızım firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və  dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” (Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciət (http://files.preslib.az/projects/toplu/v2/f3_13.pdf ).  

Heydər Əliyevin xalqa müraciətində “İndi isə öz namizədliyimi İlham Əliyevin xeyrinə geri götürürəm” - deyib lider davamçısı olaraq irəli sürdüyü İlham Əliyevi xalq təkcə Ulu Öndərin əsl varisi, oğul övladı kimi deyil, mənəvi siyasi varis kimi də onillər idi tanıyırdı.

Heydər Əliyevin xalqının övladlarının daha bilikli, peşəkar mütəxəssislər kimi yetişməsi məqsədilə yüzlərlə gənci Rusiyanın ən tanınmış ali məktəblərinə yolladığı illərdə İlham Əliyev də biliyini Moskvanın o dövrdə ən nüfuzlu ali məktəbi - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda sınamış, imtahanları müvəffəqiyyətlə verərək bu ali məktəbə daxil olmuşdu.

İlham Əliyev 1990-cı il,  Qanlı 20 yanvar hadisələrinə ilk etiraz edən Heydər Əliyev ailəsinin üzvü olaraq Moskvadakı Azərbaycan nümayəndəliyi önündə həmvətənlərimizlə birlikdə  yaralanmış vətəndaşlarımızın harayına gəlmişdi.

İlham Əliyev peşəkar, savadlı, əsl rəhbər cəhətlərinə və o cümlədən xalqının səsinə səs verdiyi üçün keçmiş SSRİ rəhbəri M.Qorbaçovun qəzəbinə gəlmiş Heydər Əliyevin övladı kimi Moskva Dövlət Universitetində müəllim peşəsindən kənarlaşdırılmışdı. Mürəkkəb vəziyyətlərlə, əziyyətlərlə üzbəüz qalmış ailəsinə ən çətin və həyatı boyu məşğul olmadığı iqtisadi yönlü sahələrdə çalışmaqla dəstək olmuşdu. Beynəlxalq iqtisadiyyatı, əməkdaşlıq bacarığını dünya şöhrətli siyasətçi atasından əxz edən İlham Əliyev 1991-1994-cü illərdə artıq liderliyə doğru ilk inamlı addımlarını ataraq özəl sektorlara rəhbərlik etmişdi.

İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə  Azərbaycan xalqının böyük arzusu və tələbi ilə müstəqil Azərbaycan dövlətinin rəhbərliyinə gətirildiyi, Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk vaxtlardan - 1994-cü ildən 2003-cü ilin avqust ayına kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti yüksək vəzifələrində çalışmış, eyni zamanda ölkənin neft siyasətinin fundamental inkişaf strategiyasının geosiyasi kontekstdə elmi cəhətdən sistemləşdirilməsində xeyli yaxından  iştirak etmişdi. 

1995-ci və 2000-ci illərdə  birinci çağırış - Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş, 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilənədək xalqa millət vəkili səlahiyyətləri ilə xidmət göstərrmişdi. İlham Əliyev bu müddətdə 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri, habelə, 2003-cü ilin yanvarında AŞPA sədrinin müavini olmuşdu. O, eyni zamanda 1997-ci ildən  Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin ali ordenli fəxri şəxs olaraq müstəqil respublikamızın cəsur idmançılarının əsl himayədarı, mənəvi  hamisi idi. 

İlham Əliyev siyasi fəaliyyətlə də ciddi məşğul olan və habelə siyasi elmlər doktoru dərəcəsində bir peşəkar kimi Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının 1999-cü ildə sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini seçilmişdir.  

Bütün bu sadalanan şəxsiyyət və fəaliyyət dəlilləri təsdiq edir ki, Ulu Öndər Heydər Əliyev öz namizədliyini lider xüsusiyyətlərinə malik, ölkənin etibar olunmalı layiqli vətəndaşının xeyrinə geri götürür. Bununla bərabər yuxarıda qeyd olunan bioqrafik göstəricilər deməyə əsas verir ki, bütün xarizmalı liderlər kimi Heydər Əliyev də xeyli əvvəldən davamçısını yetişdirməklə öz üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirmişdir və burada sadə yanaşma ilə həqiqi varislikdən tamamilə ayrı bir əsas- davamçı, varis məsələsi önəm kəsb edir.

Məhz buradan da çıxış edib deyə bilərik ki, Azərbaycan tarixinin XX əsr mərhələsinin görkəmli şəxsiyyəti, nəhəng siyasətçi, Ulu Öndər kimi ən nüfuzlu adı ləyaqətlə qazanmış və şərəflə daşıyan, 1993-2003-cü illərdə müstəqil Azərbaycan Respublikasının Prezidenti olmuş Heydər Əliyevin 01.10.2003-cü il tarixli Azərbaycan xalqına Müraciətində son cümlələrdə ifadə olunmuş dərin məna həyati mahiyyət kəsb edən, həmçinin tarixyüklü Qərarı – “varislik ideyası” İlham Əliyevin xalqın yüksək fəallığı ilə Prezident seçilməsi və arxada qalan 20 illik  böyük bir dövrdə bütün sahələrdə möhtəşəm nailiyyətlərlə dolğun olub, hətta Azərbaycanın 30 illik ən ağır dövlət sərhəddi məsələsi – Qarabağ torpaqlarının işğaldan azad olması, Böyük Vətən müharibəsinin zəfərlə başa çatması ilə tarixə iz salmaqla Heydər Əliyev uzaqgörənliyini, Azərbaycan xalqının Ümummilli Liderinin inamında yanılmadığın təsdiq edir.  

...Seçilmək və ya seçilmiş! O, ilk olaraq nəsildə seçildi. “Yaxşı igid dayısına çəkər”- Qədim Zəngəzur torpaqlarından didərgin düşərkən, sanki doğma el-oba ayrılığına, vəhşi ermənilərin həmvətənliləri ilə qəddar davranışına dözə bilməyib həlak olmuş 23 yaşlı Heydər dayının adı ona verildi. Ailədə də qardaş-bacılarından seçildi. Naxçıvanda da seçildi. Sonra Azərbaycanda seçildi. Daha sonra bütün SSRİ-də seçildi. Nəhayət o, bütün dünya siyasətçilərindən fərqləndi, bütün liderlərdən seçildi...

Göndərilmiş! Bu söz belə bir işarə-kod kimi çox mənaları əhatə edir: 1. O, Bakıda cərəyan edəcək liderlik üçün xeyli uzaqdan-Naxçıvandan göndərildi (1951). 2. O,  Azərbaycanı daha güclü edə bilmək üçün Moskvaya daha uzaqdan Bakıdan göndərildi (1982). 3.Təkrar Bakıya uzaqdan-Moskvadan göndərildi (1990). Ancaq ikinci gəliş birinci kimi Naxçıvandan keçərək “düşünülmüşdü”. Bu “düşünülmüşdü” ifadəsi bəlkə mistik səslənir. Amma xarizmanın mistikliklə əlaqəsi danılmazdır, əvvəl ilk enerjinin mənbəyinə döndü, sonra Bakıya göndərildi (1993). Axırda da göndərildi-bu dəfə də uzaqdan və hətta lap uzaqdan- okeanların o tərəfindən-dünyanın o başından -Amerikadan Azərbaycana (2003) göndərildi. Bu dəfə ilahi qüdrət onu həyatı qədər sevdiyi Ana vətəninə - müqəddəs torpağına qarışıb onun əbədi bir parçası olmaq  üçün göndərdi... 

2003-cü il dekabrın 12-dən 13-nə keçən gecə Azərbaycan bir xəbərlə sarsıldı. XX əsrin nəhəng siyasətçisi, Azərbaycan xalqının yetirdiyi dahilərdən biri Heydər Əliyev vəfat etdi!..

Tez yetər, qara xəbər

Öldü Öndər dedilər.

Üzüqara bu səhər...

En bayrağım, sən də en!..

O səni uca tutdu,

Səndə özün unutdu.

Bulud Günəşi tutdu...

En bayrağım, sən də en!..

Onsuz qaldı toy-düyün,

Dərdimiz düyün-düyün.

Matəm günü 7 gün ...

En bayrağım, sən də en!..(şerdən bir parça. Xatirə Quliyeva)

... Azərbaycanın Ümummilli Lideri, Ulu Öndər, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2003-cü il dekabrın 15-də Bakıda ümumxalq izdihamının müşayəti ilə Fəxri Xiyabanda dəfn olundu.

“Xarici qonaqlar - Türkiyə Prezidenti Əhməd Nejdət Sezər, baş nazir Rəcəb Tayyib Ərdoğan da vidalaşmağa gəliblər. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tabutun önündə ehtiram əlaməti olaraq baş əyir. Rusiya Federasiyasnın Prezidenti Vladimir Vladimiroviç Putin də Bakıya gəlməyi özünə borc bilib. O, görkəmli siyasətçinin xatirəsinə baş əyməklə bütün Rusiya xalqının, rusiyalıların başsağlığını çatdırdı. Bakını tərk edərkən Putin jurnalistlərə müsahibəsində deyəcəkdi: «Mən Heydər Əliyevə çox hörmət edirdim. Ona təkcə hörmətlə deyil, həm də dərin məhəbbətlə yanaşırdım. O, nəhəng bir dövlət xadimi idi. Heç bir şişirtmə etmədən demək istərdim ki, siyasi nəhəng idi». Bütün dünyadan - Berlin, Vaşinqton, Tokio, Pekin və digər yerlərdən gələn başsağlığı məktublarnın ardı-arası kəsilmirdi” (Görkəmli adamların həyatı..Son borc, son xidmət. (http://azkurs.org/gorkemli--adamlarin-heyati.html?page=38). 2003-cü ildən başlayaraq 20 ildir ki. Fəxri xiyaban qış-yaz Ulu Öndər Heydər Əliyevin sıralarla ziyarətçilərini qəbul edir. Çiçəklər fəslində dünyaya gəlmişdi Heydər Əliyev. Xalq da əziz Liderinin məzarını daimi olaraq gözəl çiçəklərlə bəzəyir.      

Azərbaycan Respublikasında və eləcə də bir sıra ölkələrdə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin xatirəli əbədiləşdirilərək ona heykəllər qoyulmuş, adına parklar salınmışdır. Heydər Əliyev adına orden və medallar təsis edilmişdir. Heydər Əliyevin irsinin elmi tədqiqat kitabxanası yaradılmışdır. Şairlərimiz şerlər, bəstəkarlarımız mahnıları ilə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevə sevgilərini ifadə edir, rəssam və heykəltaraşlarımız tablosunu yaradırlar.

Azərbaycan xalqının yetirdiyi dahilərdən biri Heydər Əliyevin adı və Milli Lider fəaliyyəti  xalqının yaddaşında əbədiyaşarlıq  qazandığındandır ki, bu gün onun anadan olmasının 100 illiyi ölkənin hər tərəfində, o cümlədən dünyanın müxtəlif dövlətlərində təntənə ilə qeyd olunur.

Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: