Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.09.2023 09:15
  • A-
  • A
  • A+

Xalqa bağışlanmış ömürdən anlar: 2002-ci ilin mayı

Xalqa bağışlanmış ömürdən anlar: 2002-ci ilin mayı

AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

2 may. Prezident Heydər Əliyev sərbəst güləş üzrə Avropa çempionatının açılış mərasimində iştirak etdi.

Bakıda keçirilən “Azərbaycanın milli mədəni və təbii irsinin qorunub saxlanılması – Milli parklar proqramı” adlı beynəlxalq konfransın iştirakçıları ilə görüşdü.

7 may. Türkiyə Baş nazirinin müavini, dövlət naziri Dövlət Baxçalını və onu müşayiət edən nümayəndə heyətini qəbul etdi.

8 may. Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru ilə görüşdü.

9 may. Qələbə bayramı münasibətilə keçirilən mərasimdə çıxış etdi.

Almaniya Federativ Respublikasının nümayəndə heyətini qəbul etdi.

14 may. Ölkəmizdə fəaliyyət göstərən xarici sahibkarlarla görüşdə nitq söylədi.

16 may. ABŞ-ın Xəzər hövzəsinin enerji diplomatiyası üzrə səfiri Stiven Məni qəbul etdi.

18-20 may. İran İslam Respublikasında rəsmi səfərdə oldu.

22 may. Roma Papası II İoann Pavelin Azərbaycanın din, elm və incəsənət xadimləri ilə görüşündə nitq söylədi.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Məhəmməd Əl-Baradeini qəbul etdi.

24 may. BP şirkətinin kəşfiyyat və istehsalat üzrə baş direktoru Dik Olverin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

25 may. Respublika Gününə həsr olunmuş təntənəli mərasimdə iştirak etdi.

28 may. Azərbaycan Xalq Cümhuriyyətinin 84-cü ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət etdi, paytaxta qısa gəzintiyə çıxdı.

29 may. Türkiyə Baş nazirinin baş müşaviri, Xoca Əhməd Yasəvi adına Beynəlxalq Türk-Qazax Universitetinin İdarə heyətinin sədri Namiq Kamal Zeybəki qəbul etdi.

Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyi dövründə qardaş Türkiyə ilə əlaqələr aybaay, ilbəil möhkəmlənirdi. 2002-ci ilin mayında Türkiyə Baş nazirinin müavini, dövlət naziri Dövlət Baxçalının rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri bu istiqamətdə növbəti addım oldu. Nümayəndə heyətini qəbul edən Prezident Heydər Əliyev Türkiyə-Azərbaycan əlaqələrinin sürətli inkişafından məmnunluğunu ifadə edərək “Bir millət, iki dövlət” anlayışının reallığa çevrildiyini vurğuladı.

Sitat: “Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq əlaqələri Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra sürətlə – hər gün, hər ay, hər il inkişaf edir. Bu təbiidir. Bu həm Türkiyənin istəyidir, türk xalqının istəyidir, həm də Azərbaycanın istəyidir, Azərbaycan xalqının istəyidir. Ölkələrimiz xalqlarımızın tarixi kökləri, qədim dostluq-qardaşlıq əlaqələri üzərində, milli-mənəvi dəyərləri, ənənələri üzərində dövlətlərarası əlaqələri qurublar. Biz iki dövlət baş-başa verib bu əlaqələri inkişaf etdiririk. Bir millət, iki dövlət – bu, artıq həqiqətə çevrilibdir. Belə də var və bu da bizim əlaqələrimizin əsas forması olubdur”.

Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra II Dünya müharibəsinin veteranlarına münasibət yaxşılığa doğru dəyişdi. Ulu Öndər demək olar hər il mayın 9-da - faşizm üzərində qələbə günündə veteranlarla görüşür, onlara təbriklərini çatdırırdı. 2002-ci il mayın 9-da Qələbə Günü münasibətilə keçirilən mərasimdəki çıxışında da xalqımızın qəhrəman övladlarının ön və arxa cəbhədə göstərdikləri fədakarlıqları bir daha vurğulayaraq, Azərbaycanın qələbədəki rolundan söhbət açdı: “Azərbaycan xalqı Sovetlər İttifaqının tərkibində ikinci dünya müharibəsinin, Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. Azərbaycanın 600 minə qədər vətəndaşı cəbhəyə göndərilmişdir. Onlar qəhrəmancasına vuruşmuş, yarısından çoxu geriyə dönməmiş, özlərini qurban vermiş, həlak olmuşdur... Azərbaycan xalqı faşizm üzərində qələbəyə arxa cəbhədə də böyük töhfələr vermişdir. O illərdəki müharibə motorlar müharibəsi idi. Tanklar, təyyarələr, maşınlar müharibəsi idi. Bunların hamısı üçün birinci növbədə yanacaq lazım idi. O illərdə Sovetlər İttifaqında neftin 75 faizindən çoxu Azərbaycanda hasil olunurdu, burada emal edilirdi və böyük çətinliklərlə cəbhəyə göndərilirdi. Ona görə biz faşizm üzərində qələbənin 57-ci ildönümünü qeyd edərkən, eyni zamanda, bu qələbənin əldə olunmasında arxa cəbhədə fədakarlıqla çalışmış Azərbaycan övladlarının da xidmətlərini xüsusi vurğulayırıq”.

Heydər Əliyevın adı Azərbaycan tarixinə həm də islahatçı prezident kimi yazılıb. O, bazar iqtisadiyyatına keçid istiqamətində yetərincə prinsipiallıq və qətiyyət nümayiş etdirirdi. Eyni zamanda, respublikada əlverişli investisiya mühiti yaradılır, xarici investorlar üçün yaşıl işıq yandırılırdı. Bu siyasətin davamı olaraq Heydər Əliyev 2002-ci mayın 14-də ölkəmizdə fəaliyyət göstərən xarici sahibkarlarla görüşdü. Görüşdəki nitqində bazar iqtisadiyyatını təmin etmək məqsədilə 1995-1996-cı illərdən etibarən həyata keçirilən müxtəlif tədbirlərdən və bunu zəruri edən amillərdən danışaraq dedi: “Azərbaycana xarici sərmayənin cəlb olunmasının əhəmiyyəti artıq bizim cəmiyyətimiz üçün məlumdur. Bunu sizə izah etməyə də ehtiyac yoxdur. Bazar iqtisadiyyatını təmin etmək üçün qarşımızda özəlləşdirməni aparıb, əmlakı şəxsi mülkiyyətə verib özəl sektorun inkişafını təmin etmək vəzifəsi dururdu. Ancaq bunu təmin etmək, sürətləndirmək üçün Azərbaycana xarici sərmayənin, müasir texnologiyanın, müasir idarəetmə sisteminin və bazar iqtisadiyyatının qabaqcıl ölkələrdə əldə etdiyi nümunələrinin gətirilməsi zərurəti vardı”.

“Əsrin müqaviləsi”nin imzalanmasından sonra xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və xarici bazarlara ixracını təmin edəcək boru nəqliyyat infrastrukturunun yaradılması qarşıda daha bir mühüm vəzifə kimi dayanırdı. Ulu Öndər Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ideyasını irəli sürdü. Bu ideya tərəfdaş ölkələr, o cümlədən ABŞ tərəfindən dəstəkləndi. Lakin bəzi qüvvələr buna qarşı çıxır, əks-təbliğat apararaq süni maneələr yaratmağa cəhd göstərirdilər. Heydər Əliyevin siyasi iradəsinin və gərgin keçən danışıqlar prosesinin məntiqi nəticəsi olaraq müqavimət dəf edildi və BTC həyata vəsiqə aldı.

2002-ci il mayın 16-da Heydər Əliyevlə ABŞ-ın Xəzər hövzəsinin enerji diplomatiyası üzrə səfiri Stiven Mənn arasında baş tutmuş dialoq BTC barədə həqiqətlərə işıq salmaq baxımından səciyyəvidir. Bunu nəzərə alaraq həmin maraqlı söhbətin bəzi məqamlarını diqqətə çatdırırıq.

S t i v e n M ə n n: Biz Azərbaycanın neft və qaz yataqlarının istismar edilməsi prosesini böyük maraqla izləyirik. Fərəh hissi ilə demək istəyirəm ki, Amerika Birləşmiş Ştatları yeni boru kəmərlərinin çəkilməsində Azərbaycanla tərəfdaşdır.

Beləliklə, mən buraya gəlmişəm ki, boru kəmərlərinin inşasına başlanmazdan əvvəlki bu son həftələr müddətində Azərbaycanla sıx işləyim və bu layihənin irəli getməsinə, onun tezliklə həyata keçirilməsinə kömək edim.

H e y d ə r Ə l i y e v: Çox gözəl. Siz bilirsiniz ki, biz bu layihənin üzərində uzun illərdir işləyirik. Bu layihəni çox ağır şəraitdə həyata keçirməkdə Amerika Birləşmiş Ştatları bizə daim dəstək veribdir. Xatırlayıram, Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçıları 1999-cu ildə İstanbulda Bakı–Tbilisi–Ceyhan əsas neft ixrac kəmərinin inşası haqqında müqaviləni imzalayarkən... ona Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Bill Klinton da imza atdı. Biz 1994-cü ildən bu layihənin üzərində işləyirdik və nəhayət, 1997-ci ildə bu barədə saziş imzaladıq. Ondan sonra bizim işimizin ikinci mərhələsi başladı. Biz onu da uğurla keçdik. İndi üçüncü mərhələdir, inşaata başlayırıq.

Bilirsiniz ki, indi də Bakı–Tbilisi–Ceyhana xor baxanlar var. Bəziləri deyirlər ki, bu, baş tutmayacaqdır. Onlar öz arzuladıqlarını deyirlər. İnandırmaq istəyirlər ki, onların arzuları doğrudur. Ona görə Bakı–Tbilisi–Ceyhan boru xəttinə dünyada daim çox böyük maraq, böyük diqqət, eyni zamanda, müxtəlif tərəflərdən müqavimət var. Ona görə sizin xüsusi olaraq bu məsələ üçün Azərbaycana gəlməyiniz və bununla məşğul olmağınız məni çox sevindirir. Biz bu layihəni yerinə yetirəcəyik. Buna mənim heç bir şübhəm yoxdur.

S t i v e n M ə n n: ... Artıq neft sənayesinə və eləcə də dünyaya yaxşı məlumdur ki, Bakı–Tbilisi–Ceyhan layihəsi işə düşəcəkdir. Əlbəttə, bu layihəyə müqavimət var. Cənab Prezident, lakin mənim iqtisadi, həm də intellektual dəlillərim vardır ki, Bakı–Tbilisi–Ceyhan

layihəsi yalnız Azərbaycana deyil, həm də bütün regiona xeyir verəcəkdir. Bu, Avrasiya üçün iqtisadi yüksəliş və inkişaf yoludur. Köhnə sovet inhisarı geridə qalmışdır. Azərbaycan xarici sərmayələri ölkəyə cəlb etməklə özü iş görür. Bunun ən bariz təzahürü Şərq–Qərb dəhlizinin yaranmasıdır. Cənab Prezident, beləliklə, Sizin qəbul etdiyiniz qərarlara və müəyyən etdiyiniz yola bizim ölkədə böyük hörmət vardır.

H e y d ə r Ə l i y e v: Sağ olun, təşəkkür edirəm. Mən bir də qeyd edirəm ki, bu, ölkəmiz üçün çox böyük əhəmiyyətlidir ki, biz irəli gedəndə qarşımıza çıxan maneələrin hamısını dəf edə bilək.

Bilirsiniz ki, biz – Xəzəryanı ölkələrin dövlət başçıları Aşqabadda görüş keçirdik. Mən cənab Uilsona da bu barədə məlumat vermək istəyirdim, lakin vaxtım yox idi. Hesab edirəm ki, bu görüş çox yaxşı oldu. Heç bir qərar qəbul etmədik. Ancaq özlüyündə ilk dəfə keçirilən bu görüş çox əhəmiyyətli oldu. Çünki Xəzəryanı dövlətlər öz mövqelərini orada açıq-aydın, tək yox, mətbuata yox, bir-birlərinə bildirdilər. Azərbaycanın, Rusiyanın və Qazaxıstanın mövqeləri bir-birinin eyni oldu. Türkmənistan, İran isə başqa bir mövqedə oldular. Hər halda, hamıya aydın oldu ki, bu barədə kim hansı mövqedədir, kim nə istəyir. Mən bundan çox məmnunam. Bir şey həll etmədiksə də, bir-birimizə öz sözümüzü dedik... Beləliklə, Xəzərin statusu həll olunmayıbsa da, bu məsələdə irəliləyiş davam edir.

S t i v e n M ə n n: Cənab Prezident, elə bilirəm ki, Siz Rusiya və Qazaxıstana artıq göstərmisiniz ki, insanlar yalnız inzibati bölgü nöqteyi-nəzərindən fikirləşməməlidir, eyni zamanda, iqtisadi maraqları da nəzərə almalıdırlar. Cənubi Qafqazda bu məsələ çox gərgindir. Lakin elə hesab edirəm ki, diplomatiya, ağıl və dözümlülük vasitəsilə Cənubi Qafqazda da buna nail olmaq mümkündür.

Sizin səylərinizi, eləcə də digər ölkələrin – Türkmənistanın, Qazaxıstanın, Rusiyanın səylərini Amerika Birləşmiş Ştatları hansı bir vasitə ilə dəstəkləyə, kömək edə bilərsə, biz bunu etməkdən çox xoşbəxt olarıq.

  • Paylaş: