Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

27.10.2015 14:58
  • A-
  • A
  • A+

Elmlər Akademiyasının yaradılması prosesi və ilk tərkibi

Elmlər Akademiyasının yaradılması prosesi və ilk tərkibi

Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir. Bu sərvəti qoruyub saxlamalıyıq.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev

Azərbaycanda müstəqil elmi-təşkilati qurumun yaradılması işinə XX əsrin əvvəllərində, daha dəqiq desək, 1923-cü ildə Azərbaycan Tədqiq və Tətəbbö  Cəmiyyətinin təşkili ilə başlanmışdır. Bu təşkilatın fəaliyyəti ölkədə elmi-tədqiqat işlərini istiqamətləndirmək, ekspedisiyaları təşkil etmək, müzakirələr keçirmək baxımından ilk böyük addımlar olsa da, sistemli və fundamental tədqiqatların aparılmasına və tətbiqinə geniş imkan verə bilməmişdir. Bunun ardınca 1929-cu ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin nəzdində yaradılmış Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu Tədqiq və Tətəbbö Cəmiyyətinin funksiyalarından bir qədər irəli getmiş, lakin institutun əsas istiqaməti siyasi və iqtisadi vəzifələrin, tədris-metodiki işlərin həllinə yönəldildiyi üçün ölkə üzrə elm sahəsində xüsusi bir canlanma yaratmaq mümkün olmamışdır. Bununla belə, Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti, habelə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu respublikada elmi fəaliyyətlə məşğul olan yaradıcı qüvvələri bir yerdə cəmləşdirmək, onların elmi fəaliyyətlərini müəyyən olunmuş istiqamətlər üzrə əlaqələndirmək baxımından bir çox faydalı addımlar atmaqla gələcək Akademiya üçün müəyyən zəmin hazırlamışdır. Bu mənada 29 dekabr 1932-ci ildə yaradılmış SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi respublikada o vaxta qədər mövcud olmuş elmi bazanın əsasında təşkil olunduğu üçün səmərəli şəkildə fəaliyyətə başlamışdır. İttifaq Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan Şöbəsində yaradılmış Sektorlar konkret olaraq ayrı-ayrı ixtisaslar üzrə elmi araşdırmaların aparılması işlərini təşkil etmiş, buna görə də az sonra Akademiyanın tərkibində müstəqil elmi-tədqiqat institutlarına çevrilə bilmişdilər. SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsində rəhbərlik  etmiş tanınmış alimlər Frans Yulyeviç Levinson – Lessinq (1861-1939), Ruhulla Axundov (1897-1938), Əhəd Yaqubov (1908-1979), Cəfər Kazımov (1897-1968), Artur Rudolfoviç Zifeldt-Simumyaqi (1889-1938),  Heydər Hüseynov (1908-1950), Aleksey Alekseyeviç Klimov (1894 -?), Vəli Xuluflu (1894-1939), Yakov Dmitriyeviç Kozin (1896-1973)və başqaları ilk növbədə konkret elm sahələri üzrə Sektorların yaradılması vəzifələrini həyata keçirmiş, ölkə miqyasında elmi fəaliyyətə maraq göstərən yaradıcı qüvvələri işə cəlb etmişdilər. Lakin mövcud strukturun çoxmərtəbəli tabelik prinsipləri əsasında fəaliyyət göstərməsi idarəetmədə müəyyən çətinliklər yaratdığından az sonra mərkəzi təşkilatla birbaşa əlaqəli işləyən yeni qurumun yaradılması zərurətini meydana çıxarmışdır.

Beləliklə, 25 oktyabr 1935-ci ildə akademik Frans Yulyeviç Levinson – Lessinqin (1861-1939) rəhbərliyi ilə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialı Azərbaycan Şöbəsinin bazasında birbaşa mərkəzi elmi qurumla çalışan Azərbaycan Filialı yaradılmışdır. SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının təşkil edilməsi ilə Azərbaycanın artıq Akademiyada şöbə qismində deyil, filial statusunda fəaliyyət göstərməsinə meydan açılmışdır. Azərbaycan Filialı respublikada elmi qüvvələrin təşkilatlanması üçün xeyli dərcədə irəli getmişdir. Qısa müddət ərzində Azərbaycan Filialında Kimya, Geologiya, Tarix, Etnoqrafiya və Arxeologiya, Botanika, Zoologiya, Energetika, Fizika və Torpaqşünaslıq Sektorları təşkil olunmuşdur. Statusun artması Azərbaycan Filialının tərkibində ayrı-ayrı elmi-tədqiqat institutlarının  yaradılmasına imkan vermişdir. Geologiya İnstitutu, Tarix, Dil və Ədəbiyyat İnstitutu, az sonra Dilçilik, Ədəbiyyat institutları, Coğrafiya İnstitutu, Neft və Kimya İnstitutu məhz həmin tarixi mərhələdə açılmışdır. Elmi-tədqiqat institutları səviyyəsində aparılmış tədqiqatlar daha sistemli və ardıcıl olmuş, ölkənin sosial-iqtisadi inkişafının və mədəni mühitinin tələblərinə cavab verərək Azərbaycanda gedən inkişaf proseslərinə özünün müsbət təsirini göstərmişdir. Xüsusən, kimya, geologiya, coğrafiya, botanika, energetika istiqamətləri üzrə əldə edilmiş mühüm elmi nəticələr, meydana çıxmış böyük təşəbbüslər SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialına böyük nüfuz qazandırmışdır. Bundan başqa, eyni zamanda, Humanitar və ictimai elmlər sahəsində çalışan yaradıcı qüvvələrin böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinə hazırlıq sahəsində gördükləri geniş miqyaslı tədqiqat, tərcümə və çap işləri keçmiş Sovetlər İttifaqı miqyasında diqqəti cəlb edən mühüm hadisəyə çevrilmişdir. Bu dövrdə tarix, arxeologiya, dilçilik, etnoqrafiya üzrə də sistemli elmi tədqiqatların möhkəm bünövrəsi yaradılmışdır. Azərbaycan Respublikasının ilk dəfə olaraq geoloji xəritəsinin hazırlanması, vilkanologiya tədqiqatlarına başlanılması, mezozoy dövrünün öyrənilməsi üzrə birinci addımların atılması, müalicəvi əhəmiyyətə malik olan Naftalan neftinin aşkara çıxarılması, Mingəçevir su-elektrik stansiyasının, Samur-Dəvəçi kanalının yaradılması planlarının meydana çıxması, Azərbaycan florasına həsr edilmiş 3 cildlik materiallar toplusunun, coğrafiya atlasının nəşr edilməsi SSRİ Elmlər Akademiyası Azərbaycan filialının həyata keçirdiyi mühüm elmi layihələr sırasında xüsusi yer tuturdu.

Böyük Vətən müharibəsi dövründə elmin, ziyalıların böyük rolunu və əhəmiyyətini dərindən hiss edən Sovet rəhbərliyi SSRİ Elmlər Akademiyasının imkanlarının və səlahiyyətlərinin daha da genişləndirilməsi zərurətini nəzərə almalı olmuşdu. Hələ müharibə bitməmiş SSRİ-yə daxil olan müttəfiq respublikalarda İttifaq Akademiyasının filiallarının bazasında mərkəzləşdirilmiş qaydada idarə olunan müstəqil akademiyaların yaradılması işinin davam etdirilməsinə diqqət yetirilmişdir. Bu, 1937-ci illər repressiyasından sonra dövlət səviyyəsində ziyalılara yeni dönüş idi. Beləliklə, 1941-ci ildə Gürcüstanda, 1943-cü ildə Ermənistanda, 1944-cü ildə Özbəkistanda SSRİ Elmlər Akademiyasının həmin respublikalardakı filialları əsasında Elmlər Akademiyaları yaradılmasının ardınca Azərbaycanda da filialdan müstəqil elmi qurumun təşkil edilməsinə keçmək qərara alınmışdır. Bu məqsədlə Sovet dövlətinin rəhbərlərinin tapşırığı ilə SSRİ Elmlər Akademiyasının prezidenti, akademik V.İ.Komarov 1944-cü ilin oktyabr ayında Bakıya gələrək Azərbaycan filialının fəaliyyəti ilə şəxsən tanış olmuş, mövcud imkanları öyrənmişdir. Bütün bunlardan sonra o, 24 oktyabr 1944-cü il tarixdə SSRİ Xalq Komissarları Sovetinin sədr müavini Vyaçeslav Mixayloviç Molotova Azərbaycanda Elmlər Akademiyasının yaradılmasının mümkünlüyü barədə təqdimat yazmışdır. SSRİ Elmlər Akademiyasının prezidenti, akademik V.İ.Komarovun təqdimatında deyilirdi: “Bakıda olduğum müddətdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının və onun elmi-tədqiqat institutlarının fəaliyyəti ilə tanış oldum. Qeyd etməliyəm ki, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı inkişaf etmiş, möhkəmlənmiş, özündə onlarla görkəmli alimləri birləşdirən və Azərbaycan SSR-dəki sahə elmi-tədqiqat institutlarının işini koordinasiya edən həqiqi elmi mərkəzə çevrilmişdir.

Bütün bunlar Azərbaycan xalqının qarşıdan gələn Azərbaycan SSR-də sovet hakimiyyətinin qurulmasının 25 illiyinə töhfə olaraq Azərbaycan SSR Elmlər Akademiyasını yaratmasına haqqı çatdığı barədə fikir söyləməyə əsas verir...

Daha ətraflı..

İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti,  Milli Məclisin deputatı, akademik  


 

  • Paylaş: