Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

26.09.2023 15:21
  • A-
  • A
  • A+

Hər duadan bir parça pay

Hər duadan bir parça pay

Həmin gün bir nəfərin yubileyi də yox, sadəcə növbəti doğum günü qeyd edilirdisə də, əslində bu, böyük bir sənət bayramına çevrilmişdi. Səbəbsiz deyildi - masa arxasındakıların hamısı ulduzlardı. Böyük müğənni İosif Kobzonun ad günü idi və məclisdəki çox şöhrətli qonaqların arasında onun köhnə dostu Müslüm Maqomayev də vardı. Müslüm təbrik sözlərini yığnağın şux ovqatına uyğun olaraq zarafatla başladı ki, Kobzon durmadan işləyən, yorulmayan müğənnidir və o qədər sovet mahnılarını ifa edib ki, bu, həmin mahnıların əsl sayından da çoxdur. Ancaq indi mən bir sovet bəstəkarının nəğməsini ifa edəcəyəm ki, əminəm, bunu Kobzon məndən sonra oxuya bilməyəcək.

Və başladı Üzeyir bəyin "Sevgili canan"ını oxumağa. Həmişəki kimi sonsuz məlahətlə oxuyurdu və Azərbaycan dilində oxuyurdu. Baxırdıq, fəxr edirdik. Qürrələnirdik ki, Moskva televiziyasının göstərdiyi, yüz milyonlarla insanın baxdığı həmin məclisdə Azərbaycan ucalardadır, ana dilimiz səslənir.

O qədər ulduzun toplandığı, illah da yazılmış, tarixləşdirilmiş elə məclislər təkrar-təkrar baxıldıqca köhnəlməyən, doyulmayan bədii filmlər kimidir. Müslümlü o Kobzon axşamı da dünya hörümçəyinin - internetin yaddaşındadır, bugünəcən hər millətdən olan milyonlarla insan baxıb, bundan belə də milyonlar baxacaq.

Müslüm ilk gəncliyindən Azərbaycan çərçivəsindən çıxaraq bütün Sovet İttifaqınınkı sayılan sənətçilər mərtəbəsinə ucalmışdı və illər ötdükcə çevrilib oldu dünya səviyyəli. Dünyanın, keçmiş SSRİ ərazisindəki bütün xalqlarınkı olan Müslüm Maqomayev o gün, o Kobzon axşamında ilk növbədə Azərbaycanınkı idi, "Mən azərbaycanlıyam" deyirdi və o anlarda necə iftixar duymayaydın?! Çoxdandır ki, nə İosif Kobzon həyatdadır, nə Müslüm Maqomayev. Sonralar da həmin yadigar yazını dəfələrlə seyr etmişəm, hər dəfə də eyni fərəhi yaşamışam, hər dəfə qəlbimdən bu unudulmaz sənətkara minnətdarlıq hissi keçib. Ancaq hər dəfə də eyni minnətdar duyğuyla Heydər Əliyevi anmışam. Müslümün ogünkü könüllərimizi sevindirən azərbaycançı davranışının əsl səbəbkarı Heydər Əliyevdir ki var!

Heydər Əliyev Müslümü onun yolunun başlanğıcından, hələ Xəzər Dənizçilərinin Mədəniyyət Evinin özfəaliyyət ansamblında oxuduğu vaxtlardan tanıyırdı, həmişə onu bəyənmişdi, sevmişdi, əlində səlahiyyətlər olandan, 1969-cu ildən, respublikaya rəhbərlik etməyə başladığı vaxtlardan da ona daim qayğı, diqqət göstərmiş və özünün dəfələrlə açıq bəyan etdiyi kimi, himayədarlıq etmişdi. Müslümün hansı dərəcəli müstəsna sənətkar olduğunu müxtəlif illərdə dönə-dönə söyləsə də, 2002-ci ilin 8 sentyabrında müğənninin 60 illiyi şərəfinə Bakı Əyləncə Mərkəzində təşkil etdiyi rəsmi qəbulda sanki bütün indiyədək dediklərinə yekun hesab ediləcək qiyməti verirdi: "Müslüm zəmanəmizin böyük müğənnisidir, mən bunu mübaliğəsiz deyirəm. Dünyada elə bir təşkilat yoxdur ki, o, kimin böyük olduğunu müəyyənləşdirsin. Ancaq insanlar bunu özləri müəyyənləşdirirlər. O, tarixə böyük müğənni kimi daxil olmuşdur". Elə həmin gün bunu da deyirdi ki, 30 ildən çoxdur Müslümü dinləyir, bütün oxumuş olduqlarını aralarında fərq qoymadan gözəl sayır, amma hər halda bir nəğməni seçdirir və bu mahnının üstündə ayrıca dayanırdı: "Müslüm çox mahnılar yaratmışdır, yəni o özünü bəstəkar kimi də gözəl tanıtmışdır. Ancaq onun ən görkəmli mahnısı Azərbaycana həsr etdiyi mahnısıdır. Bu mahnı Azərbaycanın himni kimi səslənir. O, həmin mahnını, musiqini 1970-ci illərin ortalarında gözəl şairimiz Nəbi Xəzrinin sözlərinə bəstələmişdir. Amma ən başlıcası budur ki, Müslüm bu mahnını elə yaratmış, elə ifa etmişdir ki, onu heç kim belə ifa edə bilmir. Bu, müstəsna mahnıdır. Bu mahnı ayrıca görkəmli bir əsər kimi tarixə daxil ola bilər və yəqin ki, daxil olacaqdır. Müslümün ifasında bu mahnını mən hər dəfə böyük həyəcanla dinləyirəm".

O mahnı ilə bağlı bir sirri isə Heydər Əliyev daha əvvəllər açmışdı. Söyləyirdi ki, 1974-cü ildə həmin mahnını Müslüm ilk dəfə o vaxtlar Leninin adını daşıyan sarayın səhnəsindən oxumuşdu, elə həmin gün yeni nəğmənin notlarının üstünə imza ataraq Heydər Əliyevə təqdim etmişdi ki, bunu sizə həsr edirəm. Heydər Əliyevsə sovet dövrünün mühafizəkar partiya elitasının nəzərində bu ithafın təşəxxüs, özünüreklam kimi dəyərləndirilə biləcəyini nəzərə alaraq rica etmişdi ki, qəbul edirəm, sağ ol, amma bunu bir sən bil, bir mən. Və əsas onun həmingünkü başqa xahişi idi. Həm xahiş, həm tövsiyə etmişdi ki, bu mahnını yalnız Azərbaycanda deyil, hər yerdə oxu və azərbaycanca oxu.

Müslümün də o gündən başlayaraq səhnədə olduğu, insanlar qarşısında oxuduğu, konsertlər verdiyi bütün sonrakı illərdə ən axırıncı günədək repertuarında o mahnı da, Niyazinin "Arzu"su da, Üzeyir bəyin "Sənsiz"i də daimi yer aldı və hansı ölkədə, hansı şəhərdə çıxış etməsindən asılı olmayaraq, bunları Azərbaycan dilində ifa etdi. Böyük idi və hər belə ifası ilə də hər dəfə Azərbaycanı özü böyüklükdə yüksəldirdi.

Heydər Əliyev siyasət və dövlət adamı idi. O qədər peşəkar idi və bu vərdişlər onun iliyinədək işləyərək təbii həyat, düşüncə tərzinə elə çevrilmişdi ki, nə edirdisə, nüvəsində mütləq böyük siyasət vardı.

Müslüm rusca təhsil almışdı, çox vaxt rusdilli mühitdə olmuşdu, uzun müddət də Moskvada yaşamışdı, rusca danışırdı. Amma qulaq asın onun ana dilimizdə oxuduqlarına. Nə qədər səlis, rəvan, dilimizin ruhunu incidəcək xırdaca sapıntı belə yox. Müslüm də, Heydər Əliyev də haqq dünyasındadırlar. Heydər Əliyevin nəsihəti ilə Müslümün Azərbaycan dilində oxuduğu nəğmələr yenə diridir, yenə insanlara zövq bağışlamaqdan əlavə yerinə yetirməli olduğu milli vəzifəni yenə icra etməkdədir. Böyük sənətkarın insanlara sevinclər bağışlamaqda davam edən ruhu şad olsun! Müdrik nəsihəti və yolgöstərməsi ilə Müslümün bizə yalnız zövq deyil, daimi qürur da bağışlamaqda davam edən ana dilimizdəki səs irsinin yaranmasının səbəbkarı olmuş Heydər Əliyevə də, əlbəttə ki, bu alxışdan pay düşür.

...Bakımızın mərkəzində misilsiz Cəfər Cabbarlının füsunkar abidəsi ucalır. Heykəltəraş Mirəli Mirqasımovun əsəridir. Bu gün o heykəl orada olmaya bilərdi. Varsa, hələ Azərbaycan durduqca ucalacaqsa, bunun da səbəbkarı yenə Heydər Əliyevdir.

Heydər Əliyev mənim məhəbbət bəslədiyim şəxsiyyətdir, indi haqqında yazıram.     Qələmimin qəhrəmanına çevrilənlərəsə onsuz da xüsusi sevgim olur, ancaq onun haqqında qiymətverici sözləri insanların mühakiməsinə çıxararkən bir an belə hissə qapılmıram, yalnız olanları çatdırıram.

Mirələsgər Mirqasımov şanlı bir nəslin övladı idi, istedadlı insandı, tale və təbiət bir tərəfdən ondan parlaqlığı, vergini əsirgəməmişdisə, digər tərəfdən umsuq qoymuşdu - eşitmirdi və danışmırdı. Vəfalı və ötkəm ömür yoldaşı Gültəkin İsrafilova onun həm dili, həm qulağı idi. Mirələsgər müəllim təbiətcə nə qədər yumşaq idisə də, sənət məsələlərində barışmaz, sözündən dönməz idi. Cəfər Cabbarlı abidəsi üzərində iyirmi il işləmişdi və bu, onun ən əziz əsəri idi. Abidənin istədiyi məkanda və arzuladığı kimi tökülərək ucaldılması üçün o, illərlə gözləmişdi və bu heykəlin öz yerini tapanacan keçən həyəcan və sarsıntılarla dolu müddət ona iki infarkta başa gəlmişdi.

Abidənin 1982-ci il martın 23-də açılışı oldu. Abidənin üstündəki örtük çəkildi, elə həmin məkandaca cabbarlısevərlərin iştirakı ilə bir kiçik mərasim də keçirildi, çıxışlar edildi, fotolar çəkildi, kinokameralar baş verənləri lentə aldı. O xronika da qalır, fotolar da. Ancaq kadr arxasında qalandan xəbəri olanlar tək-tükdür. Bütün ayrıntıları ilə əhvalatı əvvəldən-sona mənə vaxtilə Gültəkin xanım söyləyib. Amma siz Heydər Əliyevin öz dilindən eşidin.

1997-ci ilin 15 apreli Heydər Əliyev üçün həssas gün idi. Bakı İncəsənət Mərkəzində həmin gün onun zövcəsi Zərifə Əliyevanın görkəmli heykəltəraş Ömər Eldarovun yaratdığı abidəsinin təqdimat mərasimi idi. Heydər Əliyev söyləyirdi ki, təcrübəsində iki dəfə olub ki, heykəltəraşlar ondan yaradılacaq abidə üçün seçilmiş materialın bütöv olmasını əsas şərt kimi qoyublar. Sonuncusunu - böyük ölçülü bəyaz mərməri Zərifə xanımın abidəsi üçün Ömər Eldarov istəmişdi. Heydər Əliyev yada salırdı ki, o vaxt Kremldə işləyirmiş, sovet hökumətinin rəhbərliyində olduğundan belə məsələləri həll etməsi müşkül deyilmiş. Amma o biri əhvalat 1981-ci ildə baş vermişdi: "Mirqasımov məsələ qoydu ki, bu heykəli yaratmaq üçün gərək elə böyük qranit gətirəsiniz ki, bütöv olsun. Mənə dedilər ki, bu, mümkün deyildir. Mirələsgər Mirqasımov öz xanımı ilə mənim yanıma gəlib dedilər ki, əgər belə olmasa, biz bu heykəli qoymayacağıq. Şübhəsiz ki, mən də istəyirdim Cəfər Cabbarlının heykəlini yaradaq, şəhərin gözəl bir guşəsində qoyaq. O vaxt mən tədbir gördüm və Ukraynada belə böyük qranit tapıldı. Siz onu görmüsünüz, rəngini də görmüsünüz. Mənə dedilər ki, lazım olan rəngdə və ölçüdə qranit tapılıb, ancaq onu vaqona qoyub gətirmək mümkün deyildir, elə vaqon yoxdur ki, bu ağırlığa dözsün, onu mütləq parçalamaq lazımdır. Yenə də Mirələsgər Mirqasımovun tələbləri mənim qarşımda durdu və dedim ki, nə edirsiniz edin, vəzifə yerinə yetirilməlidir. Və biz buna nail olduq".

Necə nail olunmuşdu?

"16 ildir ki, biz o heykəli qoymuşuq, hesab edirəm ki, Cəfər Cabbarlıya layiq olan bu heykəl Bakının gözəl guşələrindən birində yüzillər yaşayacaq və bizdən sonra gələnlər də birinci növbədə Mirələsgər Mirqasımova dua edəcəklər. Ola bilər duanın bir hissəsi də bizə çatsın".

Əlbəttə ki çatacaq! O zəhmətlər və nəvazişlər ki sizdən bu abidə və müəllifi görüb, onları ayrı-ayrı insanlar unutsa da, tarix yaddan çıxarmaz. Gültəkin xanım danışırdı ki, abidənin yeri hələ elə heykəlin indiki yeri olaraq 1959-cu ildə seçilib təsdiqlənmişdi, hətta ora nişangah - heykəlin məhz burada qurulacağı haqda daş lövhə də qoyulmuşdu. Müsabiqə keçirilmiş, Mirqasımovun eskizləri də ən yaxşı kimi qəbul edilmişdi və o da başlamışdı işə. Ancaq sovet dövlətinin ovaxtkı başçısı Nikita Xruşşovun sənət adamlarıyla mərəkəyə başladığı, cılız iddialarla rəssamlar, şair və yazıçılar kimi, heykəltəraşların da üstünə düşdüyü əyyamlarda onlara qarşı yürüdülən başlıca tələblərdən biri də Stalin epoxasına xas olan iri ölçülərdən vaz keçmək idi. İş dayanır. Xruşşov gedir, siyasət dəyişir, Azərbaycan rəhbərliyinə Heydər Əliyev gələndən sonra Cəfər Cabbarlı heykəlinə yenidən qayıdılır. Ancaq yenə aşağılarda Mirqasımovun səhhətini gəmirən müzakirələrdə abidəni Nizami kinoteatrının arxasındakı Cabbarlı bağında qoymağı təklif və təkid edirlər. Bu növbəti maneəni də Mirqasımov qəti etirazla, gərili əsəblə qarşılayır ki, orada uzaqbaşı büst qoyula bilər, bu ölçüdə abidəni ora qoymaq heykəli küncə sıxışdırmaq kimidir. Heydər Əliyev qəti sözünü deyir, heykəltəraş haranı arzulayırsa, abidə orada da qoyulacaq. Bu höcətləşmə bitincə obiri başlayır ki, abidə beş metr yarım deyil, beş metr olsun. Rəssamlar İttifaqında da, Bədii Yaradıcılıq Fondunda da bir az baxış başqalığından, söz yox ki, bir qədər də paxıllıqdan heykəltəraşı hey cırnadırlar. Axırı əlacı yenə Heydər Əliyevə məktubla müraciət etməkdə görür. Heydər Əliyev gəlir emalatxanaya (zavallı Gültəkin xanım "Emalatxana!" deyə-deyə getdi dünyadan. Mən də ha çalışdım, ha ora-bura Milli Məclis adından məktublar yolladım, oranı özəlləşdirməkdə özünü ərinin yaradıcılığına həsr etmuş bu diribaş qadına, heyiflər ki, yardım edə bilmədim), abidənin iki metrlik eskizinə baxır, çox xoşuna gəlir, tam dəstək göstərəcəyini vəd edir. Axıracan da vədinə sadiq qalır. Heykəlin hündürlüyünün də Mirqasımovun düşündüyü kimi qalmasını, seçilən qranitin də 280 tonluq bütöv qaya olmasını, o nəhənglikdə və ağırlıqdakı daşın Bakıya çatdırılmasını da təmin edir. Azərbaycan bir sovet respublikası idi, Birinci katib ən yüksək vəzifə idisə də, onun səlahiyyətləri və imkanlarının hüdudları vardı, hər mühüm işi Moskva ilə razılaşdırmaq çətinliyi ortada idi və belə olan təqdirdə bu məsələyə bu cür canıyananlıqla yanaşaraq axıradək getmək də hünərdir, qeyrət məsələsidir. Sovet dönəmində bir başqa müttəfiq respublikada belə işlərin az-çox oxşarını etmiş ikinci bir rəhbərin olmadığı şəkk doğurmursa da, bir az ehtiyatla yazıram ki, digər belə nümunə haqda nə oxumuşam, nə eşitmişəm.

Bütün ayrı köməkləri bir qırağa, Heydər Əliyev öz şəxsi həkiminə tapşırıq veribmiş ki, Cabbarlı abidəsi ilə bağlı illərcə sürən çək-çevirlərdə sağlamlığı laxlamış Mirəli Mirqasımovu daim nəzarətdə saxlasın, vaxtaşırı müayinə, müalicə etsin.

Başqalarına qiymət verməkdə sərraf olan Heydər Əliyev özünə də gendən baxmaq gücündə idi və Cəfər Cabbarlı heykəli ilə bağlı arxada qoyulmuş aşırımlarda ara vermədən sənətkarın dayağı ola bildiyi üçün daxilən məmnun idi: "Rəssam, heykəltəraş - incəsənət ustası öz istəyini yerinə yetirmək istəyəndə - əgər bu istək doğrudan da yeni, böyük bir əsərin yaranmasına kömək göstərəcəksə, - bunu etmək lazımdır. Dövlət adamlarının, dövlət işində olan insanların borcu odur ki, bunu etsinlər. O vaxt mən bunu etdim və öz həyatımda gördüyüm çoxsaylı işlərin ən dəyərlilərindən biri hesab edirəm".

Daim düşüncəli Cəfər Cabbarlı heykəlinin yanından bundan belə keçərkən yaddaşınızda bu gerçəklər də dolaşsın və onun da fikrini edin ki, heykəlin müəllifi də, onun hamisi də məqsədə yetmək naminə qranit kimi dayanmasaydılar, bu qranit abidə də bu gün belə vüqarla dikəlməzdi.

...Sıra-sıra müşavirələrin, Mərkəzi Komitə bürosu və plenumlarının, irili-xırdalı çoxsaylı iclas və müzakirələrin qalaq-qalaq qovluqlarını vərəqləyirəm. 1969-cu ilin yayından 1982-in payızınadək olan dövrün rəsmi şahidləridir. Hamısından Heydər Əliyevin səsi gəlir. Bu fikir, rəy bölüşümlərinin, mübahisələrin, araşdırmaların bəhrəsi olaraq əksəri bu gün də qalaraq faydalarını verməkdə davam edən neçə-neçə müəssisələr, tikililər, körpülər, yollar, institutlar, laboratoriyalar, muzeylər, sənət əsərləri yaranıb. Nəsillər dəyişir, yaddaş korşalır, müasirlər getdikcə xatirələri də özləriylə aparırlar və bizə həqiqətləri əyan edəcək cığırlar da itir. Oxuyuram bu sənədləri, protokolları, stenoqramları, söhbət yazılarını və görürəm ki, həmin yığıncaqların heç birində Heydər Əliyev sadəcə hökm verən, danışılanları dinləyən, hazır qərarlara qol atan deyil. Əksinə, hər müzakirədə ən fəal surətdir. İdeyalar verir, məlum mövqeləri cilalayır, yollar açır, səmti daha doğru tərəfə yönəldir və hər layihənin həmmüəlliflərindən birinə çevrilir. Üzdə olanı, hamının gördüyünü deyək ki, hər kəsə aydın olsun. "Bir cənub şəhərində", "İstintaq", "Nəsimi", "Atları yəhərləyin" və Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərlik etdiyi əsnada çəkilmiş daha neçə başqa bədii film. Hamısı kino xəzinəmizin inciləridir, birinin əvvəlində, hansınınsa sonluğunda titrlər gedir, filmi yaratmışların adları qatarlanır. O titrlərin heç birində Heydər Əliyevin adı yoxdur. Ancaq Heydər Əliyevin sinəsini irəli verməsi, iradəsi, bir çox məsuliyyətləri öz üzərinə götürməsi olmasaydı, o əsərlərin hansılarınınsa yolu ekrana tamam qapalıydı, hansılarsa gərək ciddi şəkildə qayçılanaydılar. "Bir cənub şəhərində" sonraların tanınmış rejissoru, Xalq artisti Eldar Quliyevin ilk işi idi. Heydər Əliyev buzu sındırmasaydı, filmin dolaqları elə tamaşaçılara görsənmədən rəflərdə qalasıydı. "İstintaq" da o cür.  Hərəsinin neçə nüfuzlu əleyhdarı vardı. Eldar Quliyev də, Rüstəm İbrahimbəyov da bunu dönə-dönə söyləyiblər də, yazıblar da, Heydər Əliyevə qoruyuculuğuna, yolaçıcılığına görə də təşəkkürlərini ifadə ediblər. Yaxud biləsiniz, bunu rəhmətlik İsa Hüseynov özü mənə söyləyirdi ki, "Nəsimi" bu cür təsirli alındısa, neçə nadan, suyu üfürə-üfürə içən, amma əli qayçılı və doğramaq ixtiyarlı məmurun caynağından itkisiz qurtardısa, səbəbkar yenə Heydər Əliyevdir. 

...Buna ki şəxsən şahidəm. 1994-cü il iyulun 9-da Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfərə çıxdı. Heyətdə xeyli elm, ədəbiyyat, mədəniyyət xadimi, tanınmış ziyalılar vardı. Böyük bəstəkarımız Arif Məlikov da müqəddəs torpağa yola düşənlərin arasında idi. Heydər Əliyevin adəti idi. Onunla səfərə çıxanların istisnasız olaraq hamısı ilə təyyarədəmi, ya səfər edilən ölkədəmi imkan düşdükcə hökmən ünsiyyətə girərdi. Orada, elə yola düşdüyümüz günün gecəyə qovuşan saatlarında, Məkkə ziyarəti vaxtı Arif Məlikovdan soruşdu ki, bilirsən bura səni niyə gətirmişəm? Və cavabı gözləmədən elə özü davam elədi: "Gətirmişəm ki, burada gördüklərinin təsiri ilə bir yeni simfoniya yazasan". O anda "Əlbəttə, cənab Prezident, yazaram" desə də, sonra qayğılı-qayğılı gileylənirdi ki, Heydər Əliyeviç məni yaman işə salıb. Bu yükün altından necə çıxacağam? Məkkə hara, Kəbə hara, bu ziyarət hara, simfoniya hara?"

Ancaq üç müqəddəs şəhərdə - Ciddə, Məkkə və Mədinədə ötən saatlarımız artdıqca bizi bürüyən, indiyəcən yaşamadığımız dərin hisslər çox düşüncələr oyadırdı, elə bil ki, saatlar ötdükcə hamı daha artıq dalğınlaşırdı, öz içərisinə dalırdı.

Mədinədə, iyulun 12-də Peyğəmbər məscidindəydik. Hər qarışı nur, ehtişam, təmtəraq saçan bu ziyarətgahın qübbələri gecənin bir aləmində asta-asta açıldı. Qəribə bir təzad yarandı - başdan-başa ağ mərmərlə döşənmiş, elə sütunları, divarları da bu cür olan, gur büllur çilçıraqların par-par parlatdığı Məscid ən-Nəbəvi birdən-birə sanki səmaya qovuşdu, qat-qat böyüdü. Göylər zil qaranlıq idi. Amma qapqara səmanın uzaq dərinliyində də adətən gördüyümüzdən daha iri görünən ulduzlar sayrışırdı. Sanki o anlarda kosmosa qovuşmuşduq. Arif müəllimlə yanaşıydıq. Bu əsrarəngiz mənzərəni görüncə sanki yuxudan ayılan kimi oldu, heyranlıq və heyrətqarışıq bir səslə pıçıldadı: "Haqlıymış Kişi, buranın özü elə möhtəşəm simfoniyaymış".

Üstündən xeyli sovuşdu. 1998-ci il dekabrın 12-si idi. Prezident iqamətgahında dövlətin yüksək mükafatlarına layiq görülmüşlərin təltifetməsi keçirilirdi. "İstiqlal" ordeninə layiq görülmüş Arif Məlikovu dəvət etdilər. Heydər Əliyev ordeni, diplomu Arif Məlikova təqdim edincə ilk sözləri bu oldu: "Mən sənə cansağlığı, yeni-yeni əsərlər arzulayıram!" Və dərhal əlavə etdi: "Sən bir simfoniya hazırlayırdın, deyəsən, hələ qurtarmamısan?"

Yəni etdiyim tövsiyə, verdiyim tapşırıq yadımdadır. Dörd il əvvəl Məkkədə o sözləri təsadüfən söyləməmişdim.

Arif Məlikov "Yazıram, əsər böyük alınır", - dedi.

Yenə xeyli müddət sonra rastlaşınca Arif Məlikovdan soruşdu ki, simfoniya nə yerdədir.

Yaradıcı mahiyyətli insan idi, gözəlcə anlayırdı ki, hansısa əsərin meydana çıxması sənətkarın daxilində cərəyan edən yüz cür əhvalla bağlıdır, fəqət məhz elə yaradıcı ruhlu olduğundan bundan da agah idi ki, sənətkarın içəridən səfərbər olmasına təkan verə biləcək belə yadasalmalara da hərdən lüzum var. Sonra bir-iki dəfə də belə gətirdi ki, Heydər Əliyevi görüncə artıq sualı gözləmədən Arif Məlikov özü qayıdırdı ki, cənab Prezident, işləyirəm.

Heydər Əliyev istədiyinə çatmışdı, artıq Arif Məlikov özünü simfoniyanı yazıb başa çatdırmağa borclu sayırdı. Yaradıcılığın bir gizlinci də elə budur ki, "etməliyəm" ovqatı artıq sənətkarladırsa, geci-tezi var, əsər mütləq doğulacaq.

Nə acı ki, Arif Məlikov həmin "Əbədiyyət" simfoniyasını Heydər Əliyevin həyatda olmadığı günlərdə başa çatdırdı.

2004-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Arif Məlikovun Heydər Əliyevin xatirəsinə həsr etdiyi və "Əbədiyyət" adlanan 8-ci simfoniyası səslənirdi. Premyera tamaşaçıların ayaq üstə, uzun zaman kəsilməyən alqışları ilə tamamlandı.

Yenə konsertlər olacaq, yenə simfonik orkestrlər səhnələrdə yerləşəcək, yenə Arif Məlikovun Məkkə fəlsəfəsindən deyən "Əbədiyyət" simfoniyası səslənəcək, yenə tamaşaçıların o anda bu əsəri yaratmış sənətkara verə biləcəyi ən ali mükafat olan alqışlar qopacaq və əlbəttə ki, həmin alqışlarda bu əsərin doğulmasının səbəbkarı Heydər Əliyevin də payı olacaq.

Heç olarmı ki, sədaları haqq-ədalətin müvazinət nöqtəsinə, Allah Evi Kəbəyə aparan, niyyəti qutsal Məkkədə edilmiş bu musiqi incisinin sehrinə dalanda insafsızlıq edərək bu əsərin yaranmasının baisini, hər səslənişində anılmağa layiqli haqqı olan insanı unudasan?

...Axı mən Heydər Əliyevin digər bir gözəl əsərin də müəllif şərikliyinə tam haqqı olmasına bilavasitə şahidəm.

Unudulmaz xalça sənətkarımız Kamil Əliyevlə dost idik. Tez-tez görüşərdik, dərdləşərdik. İçərişəhərin girəcəyindəki evi, emalatxanası, muzeyi təqribən gündəlik, günaşırı baş çəkdiyim ünvan idi. Haqqında bir neçə dəfə yazmışdım da. Ömrünün, yaradıcılığının az qala hər mərhələsinə, hər mətləbinə aşina idim. Görüşlərimizdə hərəsini bir övlad bildiyi əsərlərinin hər birinin necə yaranması tarixçəsini mənə nağıl eləmişdi. Xalçaşünaslığı Azərbaycanda müstəqil elm sahəsinə çevirmək Lətif Kərimovun xidmətidirsə, yeni dövrdə xalça rəssamlığını bu sənət müstəvisində güclü istiqamətə və məktəbə döndərmək də Kamil Əliyevin hünəridir. Kamil müəllim xüsusən portretli xalçalar yaratmağın ustası idi. Onun Nizami, Füzuli, Nəsimi, Mirzə Fətəli Axundzadə, Şota Rustaveli, Aleksandr Puşkin, Rabindranat Taqor, Atatürk kimi klassiklərə həsr etdiyi portret xalçalar öz yerində, amma müasirlərə həsr etdikləri ən xırda cizgilərinədək dəqiqliyi və gerçəkçiliyi ilə daha böyük təəccüb və maraq doğururdu. Cavanlıq çağlarından dost və qohum olduğu Heydər Əliyevin də portretləri olan xalçalar işləmişdi. Heydər Əliyevin məşhur sözü və əslində həm verdiyi ali qiymətdir ki deyirdi: "Kamil mənim portretimi xalçada rəssamların kətan üzərində işlədiyindən daha yaxşı çəkir".

Xarici ölkələrin dövlət başçılarına da Kamil Əliyevin onların portretləri ilə işlədiyi xalçalar sovet dönəmində də, müstəqillik illərində də Azərbaycan Respublikası adından hədiyyə edilmiş, xoş da təəssürat oyatmışdı. Leonid Brejnevin, İndira Qandinin, Səudiyyə Ərəbistanı kralı Fəhd Əbdüləziz əl-Səudun, Süleyman Dəmirəlin və daha neçələrinin.

1997-ci ilin avqustunda Heydər Əliyev ABŞ-da prezident Bill Klintonla görüşüb vacib sənədlər imzalamalıydılar. Səfər ərəfəsində Kamilə deyir ki, hərçənd vaxta az qalır, amma yaxşı olardı bir xalça hazırlayasan, sovqat aparım. Kamil dərhal dillənir ki, vaxta görə nigaran qalmayın, çox adam cəlb edərəm, gecə-gündüz işləyərik, çatdırarıq. Heydər Əliyev deyir: "Axı sən haradan bilirsən mən nə istəyirəm ki, artıq toxumağa başladın?" Kamil müəllim də cavab verir ki, bunu bilməyə nə var, obiri dövlət başçılarına etdiyimizdən edəcəyəm, Klintonun portretini toxuyacağam.

- Yox, bu dəfə başqa cür olmalıdır. Portret olsun, amma bir yox, iki. Billi Klinton və arvadı Hillari Klinton.

Kamil müəllim danışırdı ki, dedim, o cür yaramaz, adətən xalçada bir surət işlənir, əgər lazımdırsa, xanımı da ayrıca xalçaya köçürək.

- Ayrıca yox, bir yerdə olmalıdırlar.

Dedim, axı ənənə var, xalçaçılıqda qəbul edilmiş qaydalar var, o cür olmaz.

Heydər Əliyev yenə inad etdi ki, axı o ənənəni də, qaydaları da sənin kimi xalçaçılar yaradıb, indi sən də ənənə yarat, qayda qoy ki, belə də olar.

Kamil müəllim dübarə müqavimət göstərməyə cəhd edir ki, axı portreti xalçada əks etdirməyin öz qəlibi var, ortada göl yaradırsan, portreti ora yerləşdirirsən.

Heydər Əliyev sözündən dönmür: "Sən, həmişəki kimi, bir göl yarat, o gölün içində də bir-birinə bağlı iki göl, ər-arvad bunları yerləşdir orada".

Və qələm-kağız götürüb bunu necə gördüyünün eskizini çəkir.

Kamil müəllim dünyanın hər üzünü görmüş bişkin insan idi, onu mat qoymaq çətin idi. Ancaq etiraf edirdi ki, saniyələr ərzində Heydər Əliyev o cizgini belə sadəliklə çəkəndə donub qaldım ki, əsrlərcə yaşı olan xalça rəssamlığında yeni ülgünü elə söhbət edə-edə, əlüstü yaratdı və bu cizgi əsasında düzəltdiyimiz xalça qalacaq, kimlərsə gələcəkdə də buna uyğun başqa ikirəsmli, qoşasurətli xalçalar toxuyacaq, kimsənin isə xəbəri olmayacaq ki, bu üslubu xalçaçılığa gətirən Heydər Əliyev oldu.

İxtiraçılara patent verirlər, kəşf edənlər ilkinliyin müəlliflik haqqı şəhadətnaməsini alırlar, ancaq onun işi "Balığı at dəryaya, balıq bilməsə də, Xaliq biləcək" düsturu ilə idi. Amma Xaliq öz yerində, bunu yazdım ki, "balıq" da gerçəyə vaqif olsun, bilsin ki, Heydər Əliyevin xalça sənətində də model qurucusu kimi izi var.

Ancaq tək budurmu?

1982-ci il oktyabrın 13-də Azərbaycan rəssamlarının IX qurultayı keçirildi. Rəssamların ali məclisi başa çatınca idarə heyəti toplandı və Heydər Əliyev orada geniş nitq söylədi. Onun o gün söylədiklərinin, verdiyi və sonra rəssamlığımızda həllini tapmış ülgülərdən bircəsinin işığını tutub gedək. Vurğulayıram - həmin nitqin içində bir yox, bir neçə belə qəlib kimi götürülüb davam etdiriləsi dərin fikirlər vardı. Həm də, sən demə, o gün o yığıncaqda söylədiyini hələ bir neçə il öncədən də deyibmiş, sadəcə, bu məclisdə, daha çox peşəkar qarşısında mülahizələrinin hüdudunu genişləndirir və nə istədiyini daha artıq əsaslandırırdı: "Miniatür sənətini inkişaf etdirməklə dünyada daha çox tanına bilərik. Biz miniatür rəngkarlığının, çoxəsrlik zəngin ənənələri olan Azərbaycan miniatür sənətinin inkişafından dəfələrlə danışmışıq. Bir neçə il əvvəl mən bu barədə öz fikrimi söyləmiş, Tahir Salahova demişdim ki, biz bu məktəbi inkişaf etdirməliyik, həm də müasir zəmində inkişaf etdirməliyik".

Yalnız arzu ifadə etmirdi, hər kəs arzulaya bilər. O, bu işi necə həll etmənin yolunu da göstərirdi: "Bu yaxınlarda mən müasir miniatür rəngkarlığına aid bir neçə əsərə baxdım. Lakin bunlar əslində orta əsr miniatürlərinin rəngkarlıq vasitələri ilə çıxarılan surəti idi. Madam ki belədir, onda bu, miniatür sənətinin inkişafı deyildir, onun sadəcə surətidir. Məlumdur ki, orta əsr Azərbaycan miniatür sənətinin məkan perspektivi yox idi, bu sənət ənginlik təsəvvürü deyil, müstəvi təsəvvürü yaradırdı. Əgər rəssamlar bu gün də hər işdə keçmiş sənətkarların texnikasına riayət etsələr, bu, tamaşaçılar tərəfindən çətin ki, təqdir olunsun. Deməli, bu məktəbi əsas götürmək, onu yaradıcılıq mənasında inkişaf etdirmək, zənginləşdirmək, insanın bugünkü qavrayışını, rəngkarlığı necə duyduğunu məkan perspektivini nəzərə almaqla keçmişlə bugünün üzvi sintezini yaratmaq lazımdır. Belə olarsa, bizdə əsl miniatür məktəbi yaranar və siz bəlkə də öz yaradıcılığınızda hələ 500 il bundan əvvəl məşhur miniatür ustası Sultan Məhəmmədin çatdığı səviyyəni ötüb keçərsiniz".

Fikir verirsinizmi Azərbaycan rəssamları kiminlə üzbəüzdürlər?! Bu, 1982-ci ildir. Hələ yarpaq tökümü başlamayıb. Artıq o vaxt dünya şöhrətli, canlı klassik sayılan neçə böyük rəssam oradadır. Heydər Əliyev də onların əksərinin yaradıcılığına yetərincə bələddir, hansı mötəbər auditoriya qarşısında dayandığının fərqindədir. Və ustadlara ustad dərsi verməyi bacarır. Onun 40 ildən də bir az əvvəl təklif etdiyi düstura əməl edərək miniatür sənətimizin intibahını gətirəcək səmtə yönələn rəssamlarımız və onların yaratdıqları milli zəminli çağdaş miniatür örnəklərimiz də artıq var. Amma azdır. Heydər Əliyevin o vaxt umduğu müasir Sultan Məhəmməd səviyyəsindən hələ uzağıq. Amma hər halda öndərdən qalan qəlib işləməkdədir. Gözünüzü oxşayan, qəlbinizi sevindirən, məhz yeni zamanın Azərbaycan miniatürləri kimi qəbul edə biləcəyiniz lövhələrlə rastlaşıb gülümsədiyinizdə bu uğurlara sizinlə birgə sevinəni, həm də bu uğurlarda ən azı 40 ildən də bir az qabaq irəli sürdüyü təklif və təşəbbüslərlə payı olanı da xatırlayın...

Əfsanəvi Mixaylonun igidliyindən bəhs edən "Uzaq sahillərdə" filminə kim neçə dəfə baxıb? Yəqin, elə mənim kimi əksəriniz o sevimli filmi dəfələrlə seyr etməmiş deyil, hər halda buna "bəlkə"siz əminəm ki, görməyən yoxdur, görənlərsə hökmən bəyənib. Bu filmin də titrlərində Heydər Əliyevin adı gözə dəymir, hətta lap müəlliflər özləri təkid də etsəydilər, bu, mümkün olan iş deyildi. Film 1958-ci ildə çəkilib və Heydər Əliyev o zamanlar Dövlət Təhlükəsizlik Komitəsində işləyirdi. Bəs necə olmuşdu ki, tale onu Mehdi Hüseynzadə və bu filmlə bağlamışdı?

Dəhşətli 1941-45-ci illər müharibəsində Azərbaycandan 600.000 insan iştirak edib. Bu, rəsmi statistikada belədir. Əslində isə son illərin araşdırmaları göstərir ki, cəbhəyə gedənlərimizin miqdarı 700.000-dən çox olub. Ən müdhişi isə budur ki, əksəri cavan insanlar olan bu 700.000-dən çox vətəndaşımızın yarıdan çoxu cəbhələrdən geri qayıtmayıb, həlak olub, itkin düşüb. Sovet dönəmində həmin müharibədə iştirak edənlərə verilən ən ali mükafat, ən yüksək fəxri ad "Sovet İttifaqı Qəhrəmanı" idi. Azərbaycanın o dövrdən 42 Sovet İttifaqı Qəhrəmanı var. 41-i bu adı elə müharibə dövründəcə qazanıb. 42-cisi isə müharibədən xeyli sonra - 1957-ci ildə. Həmin 42-cini bütün Azərbaycan tanıyır: Mixaylo - Mehdi Hüseynzadə. Amma ola bilərdi ki, M.Hüseynzadə bu ada layiq görülməsin, tam unudulsun. Çünki Mehdi almanlara əsir düşmüşdü, həbs düşərgəsində olmuşdu, sonra almanların yaratdığı milli legionda xidmət eləmişdi. Sovet dövlətinin ölçülərinə görə isə, davadan sonra hətta sağ-salamat qayıtsaydı, mütləq həbs ediləcəkdi, sürgünə göndəriləcəkdi. Elə Mehdi Hüseynzadənin də adına onu bir xain kimi qələmə verən DTK-da ayrıca qovluq açılmışdı. Lakin onun tam fərqli tale yazısı varmış.

1952-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının XIX qurultayı keçirilirmiş. Adətən belə qurultaylara müxtəlif ölkələrdəki kommunist partiyalarının təmsilçiləri də gəlirdilər və İtaliya Kommunist Partiyasının rəhbəri Palmiro Tolyatti də qonaqlar arasındaymış. Stalinlə görüşdə o, 1944-cü ildə İtaliyada faşistlərə qarşı mübarizədə böyük şücaətlər göstərmiş bir qafqazlının adını çəkir: "Mixaylo".

Stalin göstəriş verir, dərhal təhqiqat başlayır. Bu araşdırmalarla o zaman Dövlət Təhlükəsizlik Komitəsi məşğul idi. İtaliyaya, Yuqoslaviyaya müraciət edilir, arxivlər qaldırılır və həqiqətən də Mehdi Hüseynzadənin qəhrəmanlıqlar göstərmiş döyüşçü olmasını təsdiqləyən ciddi sənədlər üzə çıxır. Beləcə, unudulmuş və düşmənlər cərgəsinə qatılmış bir insan yenidən həyata qayıdır, sonralar bütün Azərbaycanın başucalığına çevriləcək mərd bir övladımızı bu minvalla tapırıq. Təkan Stalin dövründə verilmişdi, 1953-cü ildə o, vəfat etsə də, dövlət maşını işləyirdi, Mehdi Hüseynzadənin bəraəti üçün SSRİ DTK-sının apardığı araşdırmalara, təbii ki, Azərbaycan da qatılmışdı. O çağlar Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində bu işləri aparmaq cavan çekist Heydər Əliyevə tapşırılmışdı. Heydər Əliyev Mixaylo ilə bağlı həqiqətlərin üzə çıxması, qəhrəman haqda bədii əsərin yaranması, həmin "Uzaq sahillərdə" filminin çəkilməsi yolunda çox səylər qoyur. Beləcə, unudulmuş qəhrəmanımız tarixə qayıdır, həyata qayıdır, olur bütöv xalqınkı.

İstedadlı yazıçı və kinorejissor Həsən Seyidbəyli xatırlayırdı ki, günlərin birində məni Bakıda Komsomolun Mərkəzi Komitəsinə dəvət etdilər. Elə binaya yaxınlaşanda İmran Qasımovla rastlaşdım. Soruşdum ki, xeyir ola, burada nə edirsən? Dedi ki, dəvət ediblər, səbəbini deməyiblər. Söylədim ki, elə mən də sənin kimi. İmran qayıtdı ki, yəqin, ikimizə eyni tapşırığı vermək istəyirlər, nəsə oçerk-filan yazdırmaq fikrindədirlər, ona görə çağırıblar. O dövrdə ikimizin də işimiz çox, başımız qarışıq idi, İmran Rus Dram Teatrı üçün pyes yazırdı, mənə də kinostudiyadan bir neçə vacib yazılar tapşırmışdılar, onlarla məşğul idim. Ona görə düşündük ki, bir bəhanə gətirib aradan çıxaq. Ancaq söhbəti başlayınca elə sözlər dedilər ki, bizim bütün digər deyəcəklərimiz qaldı kənarda. Bir arayış oxudular. Arayış hələ o zamanlar tanımadığımız Mehdi Hüseynzadənin - müharibə illərində qəhrəmanlıqlar göstərmiş azərbaycanlının haqqında idi. Arayışı oxudular və dedilər ki, hələlik məlumatımız bu qədərdir. Sizə imkan yaradılacaq, araşdırma aparacaqsınız. Bu şəxsiyyət haqqında bir əsər yazmaq lazımdır.

Çox keçmir ki, İmran Qasımovla Həsən Seyidbəyli Mehdi Hüseynzadə haqqında sonralar çox məşhur olacaq "Uzaq sahillərdə" povestini yazırlar. "Uzaq sahillərdə" povesti 1954-cü ildə işıq üzü görür, oxunur, əl-əl gəzir. Lakin Mehdi Hüseynzadəyə əsl şöhrəti Tofiq Tağızadənin 1958-ci ildə çəkdiyi "Uzaq sahillərdə" filmi gətirir. Ancaq bundan daha əvvəl Mehdinin səhnəyə başqa bir gəlişi də olmuşdu. Azərbaycan Dram Teatrının səhnəsində Mehdi Məmmədovun rejissorluğu ilə bir pyes tamaşaya qoyulmuşdu və Mehdini - baş rolu Möhsün Sənani ifa etmişdi. Və aparılan bütün geniş işlərin nəticəsi olaraq 1957-ci ildə Mehdi Hüseynzadəyə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilir.

1995-ci il dekabrın 16-da Heydər Əliyev Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvləri ilə görüşürdü və tarixin qapalı qatlarını belə açırdı: "Mehdi Hüseynzadənin kəşf olunmasında mənim şəxsi xidmətim var. Mən o vaxt KQB-də işləyirdim. Bu, 50-ci illərin əvvəlləri idi. O vaxt biz faşist Germaniyası ilə müharibə qurtarandan sonra o işlərlə çox məşğul olurduq. İstiqamət ondan ibarət idi ki, düşmənləri - kim legionda olub, kim faşistlərə qulluq edib, bunları tapaq. Orada kim qəhrəmanlıq edib, onları axtaran yox idi. Özü də o düşmən arxasındakı qəhrəmanlar sonralar məlum olub. Bunlarla məşğul olarkən Mehdi Hüseynzadə haqqında materiallara rast gəldim. Öncə onu belə təqdim edirdilər ki, əsir düşübdür, faşistlərə xidmət edibdir. İlkin məlumatlardan Mehdi Hüseynzadə haqqında belə təsəvvür yarandı. Ancaq xoşbəxtlik ondadır ki, biz bunun dərinliyinə getdik. Ola bilər ki, bunu ilk dəfə deyirəm. Şəxsən mən özüm məsələnin dərinliyinə getdim. Olan olub, keçən keçib. Bu materiallar meydana çıxanda fikirləşdik ki, biz bir oçerk yaradaq. Verdik bizim iki-üç işçimizə, belə işləri yaza bilən adamlara. Professional deyildilər, onların yazısından bir şey alınmadı. Sonra biz bunları təqdim etdik Komsomola. Orada da rəhmətlik İmran Qasımovla Həsən Seyidbəyli o vaxt gənc, bu sahədə fəaliyyət göstərən adamlar idilər. Bu materialı tez götürdülər və biz onlara kömək etdik, materiallar verdik. Onlar da bunu yazdılar, sonra da film çəkildi. Yenə də mənə qismət oldu, mən respublika rəhbərliyinə gəldim və Mehdi Hüseynzadənin xatirəsinə bir abidə yaratdıq. Xatırlayıram, gərək ki, 1973-cü ildə abidəni yaratdıq və böyük təmtəraqla açılış oldu. Sonra da həmin abidə 9 May - Qələbə günündə bizim ziyarət etdiyimiz gözəl yerlərdən birinə çevrildi".

Mehdi Hüseynzadə 1944-cü il noyabrın 2-də həlak olub və doğma Vətən torpağından uzaqlarda, indiki Sloveniyada dəfn edilib. 2011-ci ilin mayında Avropa Şurası Parlament Assambleyasının orada keçirilən iclaslarında iştirak edərkən mənə uşaqlıq illərimdən əziz olan Mixaylonun məzarına baş çəkməyi qərara aldım. Orada - Mehdinin bir müddət sığındığı və böyük qəhrəman kimi yaddaşlara köçdüyü Şempasda, Çepovanda həmyerlimizə sonsuz sevgi görüncə danışıqlar apardım, ona muzey yaratmaqla bağlı razılıq əldə etdim. Həmin ərəfədə Azərbaycan Prezidenti İlham Əliyevin də Serbiya və Sloveniyaya rəsmi səfəri gözlənilirdi. Var gücümü sərf etdim, lazım olan bütün eksponatları, hətta Mehdinin Novxanıdakı abidəsinin surətini də ora apardım. 2011-ci ilin iyun ayının 10-da gözlədiyimiz əziz gün gəlib çatdı. Tarixi hadisə baş verdi. İki ölkənin prezidentləri Mehdi Hüseynzadənin hələ həyatda olan bir sıra keçmiş silahdaşları - köhnə partizanlarla bərabər həmin muzeyi açdılar.

2011-ci ilin iyun ayında Mehdi Hüseynzadənin Sloveniyada muzeyi açılarkən, abidəsi ucaldılarkən Heydər Əliyev həyatda yox idi. Amma o bayrama çevrilən saatlarda Heydər Əliyev də gəlmişdi ora. Təzə muzeyin divarlarından birində onun da şəkli, Mixaylonu kəşf edib xalqa qaytarmaq istiqamətində vaxtilə apardığı vacib işlər barədə sözləri də vardı.

Ancaq tarixdir, gərək bu da bilinə. Mən Azərbaycan Prezidentinin Sloveniyaya gəlişinədək Mehdi Hüseynzadənin muzeyini açılışa hazırlamaqçün 2011-ci il iyun ayının 3-də yüklərimizlə bərabər Bakıdan Milana uçdum. Milanda hava limanına enincə nəzərlərim, irəlicədən danışdığımız kimi, ayrıca yük maşını ilə məni orada gözləyəcək novo-qoritsalı dostları aradı. Onları tez də tapdım. Çünki əllərində adım yazılmış lövhəcik tutmuşdular. Görüşdük, söylədim ki, az sonra təyyarəni boşaldacaqlar, yükümüzü götürüb gedərik. Uçuş vaxtı qapatdığım cib telefonumu açınca Bakıdan gələn zəng elə bil üstümə qaynar su tökdü. Dedilər ki, elə bu təyyarə ilə də qayıdın gəlin Bakıya. Sizin yükləri göndərə bilməmişik. Necə yəni göndərə bilməmisiniz? Mən təyyarənin pəncərəsindən baxırdım, görürdüm ki, bizim qutular təyyarəyə yüklənir. Dedilər, bəzi qutuların ölçüsü uyğun gəlmədi, onları yük yerinə yerləşdirmək uyğun olmadı. Dedim, axı bu da düzgün deyil. Mən bütün qutuları təyyarənin qapısının, yük yerinin ölçülərini nəzərə alaraq hazırlatdırmışam. Mümkün deyil ki, yerləşməsin. Dedilər, hər halda başqa çıxış yolu yoxdur, yükü göndərməmişik, qayıdın gəlin. Dedim, başqa çıxış yolu var. Çünki bu tədbir keçiriləcək, ölkə başçısı gələcək, muzey açılmalıdır, indi hər saat, hər dəqiqə qızıla bərabərdir, ləngiməyə ixtiyarımız yoxdur. Odur ki, siz məsuliyyət daşıyırsınız, nəyin bahasına olursa-olsun həmin yükləri bu gecə bir başqa təyyarə ilə göndərməlisiniz. Uzun mübahisələr getdi, saatlarla telefonla danışdıq. Novo-qoritsalı dostlardan xahiş etdim ki, qayıtsınlar getsinlər. Və Bakı ilə - AZAL-ın rəhbərliyi ilə gecənin dərinliyinə qədər gedən danışıqlardan sonra artıq qərara alındı ki, onlar bir başqa təyyarə ilə həmin yükü göndərəcəklər. Səhərə yaxın zəng vurdular ki, məsələ artıq həll olunub, yüklərinizi Frankfurta göndərəcəyik. Oradan da yük maşını ilə Novo-Qoritsaya çatdırılacaq. Dedim, axı siz müəyyən təfərrüatları nəzərə almırsınız. Adi yük kimi gələrsə, gömrükdən keçməsi bir neçə gün, bəlkə də bir həftə vaxt aparacaq. Bu isə bizim planlarımızın pozulması deməkdir. Bu, İtaliyaya - Milana diplomatik yük kimi gəlirdi. Bundan ötrü də üstündə müvafiq sənədlər vardı. Buna görə də İtaliyadakı səfirliyimizin əməkdaşı hava limanına həmin yükləri qəbul etməkçün gəlirdi. İndi həmin yük Frankfurta göndərilirsə, mütləq bizim Almaniyadakı səfirliyimizdən aeroporta yükü qəbul etməkçün nümayəndə gəlməlidir. Eyni zamanda da Bakıdan, Xarici İşlər Nazirliyindən bunun Almaniyaya göndərilməsi üçün müvafiq sənədlər olmalıdır. Xarici İşlər Nazirliyinə zəng vurdum, müvafiq sənədləri hazırladılar, ardınca bizim o vaxt Almaniyada fövqəladə və səlahiyyətli səfirimiz olan Pərviz Şahbazova zəng vurdum. O da iki daş arasında çıxış yolu tapdı. Artıq elə saat idi ki, Berlindən Frankfurta uçan təyyarələr yox idi. Ona görə səfirliyin maşınında bir əməkdaşı göndərdi ki, gəlib yükü qəbul etsin. Beləcə, artıq bizi üzən həyəcanlara son qoyuldu, ertəsi gün dan üzü yük maşını Novo-Qoritsaya yetişdi. Boşaltdıq eksponatları və yenə dəhşətə gəldim. Məlum oldu ki, bu dəfə də Mehdi Hüseynzadənin heykəlini göndərməyiblər. Yenə AZAL-la uzun və gərgin telefon danışıqlarından sonra buna da əncam çəkildi, sabahı gün heykəl də gəlib çıxdı.

Bu hadisədən bir neçə ay keçmişdi. Növbəti xarici səfərlərimdən birinə yenə Frankfurt hava limanında təyyarəmi dəyişərək uçmalıydım. Bizim gömrüyün orada işləyən köhnə tanışım olan bir əməkdaşıyla rastlaşdıq. Oturub qəhvə içə-içə söhbətləşirdik, birdən soruşdu ki, Kişinin heykəlinin məsələsi necə oldu, quraşdırdılarmı? Anlamadım nəyi nəzərdə tutur, sual verdim ki, nə heykəl? Dedi, axı iyunda bizə təcili tapşırıq vermişdilər ki, Bakıdan heykəl gəlir, bütün imkanlarınızı səfərbər edin, təcili maşın tapıb elə bu gecə Sloveniyaya, Novo-Qoritsa şəhərinə yola salın, biz də düşündük, Heydər Əliyevin abidəsidir, məsələni ən yüksək səviyyədə həll etdik.

Bu da bir ayrı yazı idi. Heydər Əliyev heç vəchlə gözlənilməyən bir anda da yenə Mehdi Hüseynzadəyə köməyə gəlibmiş...

2023-cü ilin ilk may günləri idi. Azərbaycandan gedən, tərkibinə mənim də daxil olduğum nümayəndə heyəti Sloveniyada, Novo-Qoritsa şəhərində idi. Burada iki xalqın - azərbaycanlıların və slovenlərin ortaq övladı sayılan Mehdi Hüseynzadənin 105 illiyi qeyd edilirdi. Mərasim elə həmin Mixaylo muzeyinin yanındakı geniş meydanda keçirilirdi.

O gün orada, Vətəndən uzaqlarda, ancaq bizə elə Mixayloya görə çox yaxın, simsar gələn Novo-Qoritsada qəhrəman Mehdi Hüseynzadə rəhmətlər və məhəbbətlərlə anılırdı, yaşarı adına və ruhuna salamlar deyilirdi. O rəhmətlərdə, o məhəbbətlərdə, o salamlarda Mehdinin dünənin qaranlıqlarında itməyərək əsl qəhrəman kimi insanlara yenidən qayıdışında tarixin uzaqlarında çəkdiyi qeyrətli əməkləri unudulmayan Heydər Əliyevin də payı vardı.

Bir zamanlar xəfif ümid bəsləmişdi ki, böyük insanların xatirinə etdiyi hansısa nəcib əməllərə görə bəlkə haçansa o şəxsiyyətlərə yönələn dualardan ona da pay düşə.

2023-cü ilin ilıq bir yaz günü idi, Sloveniyada, Novo-Qoritsada ölməz Mehdi Hüseynzadənin ziyarətində idik, o gün orada Mehdinin uğrunda zəhmətlər çəkmiş Heydər Əliyev də sayğı ilə anılırdı və Allahın bu işinə - Böyük Azərbaycanlının qəlb arzusunun növbəti dəfə gerçəkləşməsinə çox duyğulanırdım...

20 sentyabr 2023

Rafael Hüseynov, akademik

“525-ci qəzet”

  • Paylaş: