Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Milli dövlətçilik tariximizin salnaməsi
28.09.2023 10:15
  • A-
  • A
  • A+

Milli dövlətçilik tariximizin salnaməsi

Azərbaycanın şərəfli milli mətbuat tarixində özünəməxsus yeri olan "Azərbaycan" qəzeti yarandığı ilk gündən etibarən azərbaycançılıq ideallarının, bu ideallara bağlı ictimai-siyasi fikir qaynaqlarının vacib daşıyıcısı olmaqla xalqımızın maariflənməsinə, milli-mənəvi dəyərlərinin yüksəlişi və qorunmasına, müstəqillik ideyalarının yayılmasına və gənclərin bu ideyalar əsasında tərbiyələndirilməsinə əvəzsiz töhfələr vermişdir. Qəzet Şərq və müsəlman dünyasında ilk demokratik respublika olmuş Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi 1918-ci il sentyabrın 15-də fəaliyyətə başlayaraq həm bolşevik işğalına qədərki o qanlı-qadalı  müddətdə, həm də müstəqil dövlətçiliyimizin bərpasından sonrakı illərdə təkcə bir mətbu orqan kimi deyil, milli dövlət quruculuğu prosesində fəal iştirak edən ictimai-siyasi mərkəz missiyasını uğurla yerinə yetirmişdir.

Ətrafında dövrün ən qabaqcıl, tərəqqipərvər, vətənsevər ziyalılarını, ictimai xadimlərini, millət fədailərini  birləşdirən qəzetin başlıca məramı onun ilk redaktorlarından birinin - Üzeyir bəy Hacıbəylinin dili ilə desək, tək bir partiyanın orqanı, dar siyasi xəttin daşıyıcısı kimi fəaliyyət göstərmək deyil, bütövlükdə azərbaycançılığın, azərbaycançı fikir və əməllərin təntənəsi naminə, Vətən istiqlalı yolunda çalışmaqdan ibarət olmuşdur. Bu baxımdan "Azərbaycan" qəzetinin dövlətin rəsmi mətbu orqanı kimi meydana çıxması Azərbaycan tarixinin mühüm hadisəsi hesab edilə bilər.

Qəzeti Azərbaycan Xalq Cümhuriyyəti tarixinin mətbu salnaməçisi, o zamanın həqiqətlərini, doğrularını dolğun şəkildə nümayiş etdirən ilkin və mötəbər mənbə hesab etmək mümkündür və təsadüfi deyildir ki, dövlətin və xalqın həyatı ilə bağlı bütün mühüm xəbərlər onun nömrələrində öz əksini tapmışdır. Xarakterikdir ki, həmin dövrdə nəşrin baş redaktorları Ceyhun bəy Hacıbəyli, Üzeyir bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli və Xəlil İbrahim gənc respublikanın savad və intellektləri ilə yanaşı, obyektiv və ədalətli mövqeləri, həqiqətsevərlikləri ilə fərqlənən böyük ziyalıları olmuşlar. Təkcə qəzetin nəşrinə uzun müddət rəhbərlik etmiş Üzeyir bəy Hacıbəylinin Azərbaycan tarixinə, siyasi və iqtisadi vəziyyətə, maarif və mədəniyyətə, milli-mədəni dəyərlərə, xarici və daxili düşmən qüvvələr tərəfindən məruz qaldığı haqsızlıq və təhdidlərə və s. aid 100-dən çox məqaləsi bu mətbu orqanın səhifələrində yer almışdı.

"Azərbaycan" qəzetinin ölkə tarixində tutduğu yerə və mövqeyə, özünün şərəfli tarixi ərzində arxalandığı, əsaslandığı fəaliyyət prinsiplərinə ən düzgün qiyməti məhz Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vermişdir.

Ümummilli Lider "Azərbaycan" qəzetinin 1000-ci nömrəsinin çıxması ilə bağlı təbrik məktubunda müstəqilliyimizə düşmən kəsilmiş xarici və daxili qüvvələrin öz çirkin məqsədlərinə nail olmaq üçün azğın niyyətlərindən əl çəkmədikləri məqamlarda "Azərbaycan" qəzetinin öz sayıqlığını bir an belə itirmədiyini xüsusi vurğulamışdı. Böyük azərbaycanlı digər bir təbrikində yazırdı: "Ölkəmizin mütərəqqi mətbuat ənənələrini ləyaqətlə davam etdirən "Azərbaycan" qəzeti bu gün demokratiyanın, siyasi plüralizmin, aşkarlığın təmin edilməsində müstəsna rol oynayır. Onun səhifələrində Azərbaycan həqiqətləri, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, iqtisadi islahatların həyata keçirilməsi, sağlam mənəvi-psixoloji mühitin, vətəndaş həmrəyliyi və milli birliyin yaradılması sahəsində aparılan məqsədyönlü işlər və ictimai-siyasi proseslər qərəzsiz işıqlandırılır".

Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan" qəzetinə verdiyi dəyər də xarakterik olmaqla kifayət qədər yüksəkdir: "Qəzet peşəkarlıq, obyektivlik və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etmiş, ölkəmizin sosial-iqtisadi tərəqqisi, vətəndaş cəmiyyətinin formalaşması, milli həmrəyliyin möhkəmlənməsi və digər sahələrdə həyata keçirilən dövlət siyasəti barədə həqiqətlərin Azərbaycan ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir".

"Azərbaycan" qəzeti hər zaman müasirlik, əxlaqi-mənəvi kamillik və vətənsevərlik, islami dəyərlərə və türkçülüyə sədaqət ruhunda fəaliyyət göstərməklə maarifçilik ideallarına xidmət etmiş, hələ ilk saylarından xalqın savadlanmasına, təhsilin inkişafına, millətin özünüdərkinə həsr edilmiş məqalələr, xəbərlərlə oxucuların qarşısına çıxmağı özünə borc bilmişdir. Bakı Dövlət Universitetinin yaradılması və fəaliyyətinə, dövlətin təhsil sahəsində atdığı addımlara, yeni məktəblərin təsis olunmasının vacibliyinə, Azərbaycan dilinə həsr edilmiş yazılarda irəli sürülən ideyalar böyük maraq doğurur, bu sahələrdə gələcək milli strategiyanın formalaşmasına mühüm xidmət göstərirdi.

"Azərbaycan" qəzetinin ölkədə iqtisadiyyatın və siyasi sistemin, demokratiyanın tərəqqisi ilə yanaşı, elmin və elm xadimlərinin, elmi qurumların təbliğinə, dünya səviyyəli tədqiqat fəaliyyətlərinin və yüksək təhsilin inkişafına, elm və təhsil ocaqlarının cəmiyyətin inkişaf mərkəzlərinə, intellektual resurslarına çevrilməsi strategiyasının reallaşdırılmasına verdiyi töhfələr də danılmazdır. Ölkədə elm və təhsil sahəsində baş verən mühüm hadisələrin, xüsusən son illərdə Azərbaycan elmində dövlətin məqsədyönlü iradəsi və dünyada gedən proseslərin, mütərəqqi təcrübələrin nəzərə alınması ilə aparılan genişmiqyaslı islahatların onlara anında reaksiya verilməklə düzgün işıqlandırılması, qəzetin səhifələrində geniş oxucu kütləsinə bu istiqamətlərdə xəbərlərin vaxtında çatdırılması ilə yanaşı, problem müzakirələrin aparılması, zəngin faktlara əsaslanan düşündürücü təhlillərin verilməsi xarakterikdir və kollektivin vətəndaşlıq mövqeyinin, rəsmi dövlət qəzeti kimi məsuliyyətini dərk etməsinin, doğru yola sədaqətinin təcəssümüdür.

Bu xüsusda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 28 iyul 2022-ci il tarixli fərmanının qəzetdə təşkil edilmiş müzakirələri, məsələ ilə bağlı elm xadimləri ilə, ziyalılarla aparılmış müsahibələri xatırlamaq yerinə düşərdi. Qəzetin səhifələrində əks edilmiş təhlillər elm və təhsil üzrə ölkədə dərin struktur və elmi-təşkilati islahatlara, elmi fəaliyyətin idarə olunmasının optimal mexanizmlərinin tapılması və tətbiqinə, elm-təhsil-tətbiq zəncirinin real fəaliyyətinin təmin edilməsi üzrə tədbirlərin görülməsinə olan ehtiyacları üzə çıxarmış, fərmanın əsaslandırılması və tətbiq olunmasında səmərəli rol oynamışdır.

Qəzetdə mütəmadi olaraq Azərbaycanın tanınmış elm mərkəzlərinin, böyük alimlərinin, ziyalılarının yubileylərinə, elmi, elmi-təşkilati və pedaqoji fəaliyyətlərinə, yaratdıqları elmi məktəblərə həsr edilmiş məqalələr, müsahibələr dərc edilir ki, bunlar da gənc nəslin düzgün istiqamətləndirilməsinə, cəmiyyətdə elmi fəaliyyətin, millətin inkişafında yüksək təhsilin təşviqinə dəyərli töhfələr verir.

Burada xüsusi olaraq qeyd etmək lazımdır ki, "Azərbaycan" qəzetinin cəmiyyətin aparıcı qüvvəsi olan gənc nəslin inkişafına diqqət və qayğısı, həqiqətən də, təqdirəlayiqdir. Ulu Öndər Heydər Əliyevin işləyib hazırladığı və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən dövlət gənclər siyasətinin Azərbaycan modeli qəzetin səhifələrində uğurla təbliğ edilir, gəncliyə ideya və fikirlərini, istək və gözləntilərini paylaşmaq üçün tribuna verilir.

Əlamətdardır ki, bu gün "Azərbaycan" qəzeti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda cəmiyyət həyatının və iqtisadiyyatın bütün sahələrində, eləcə də yuxarıda qeyd etdiyimiz kimi, elm və təhsil sistemində aparılan köklü islahatların və misilsiz inkişafın, ölkəmizə rifah və başucalığı gətirən qlobal, regional və milli səviyyəli layihələrin, vətəndaş cəmiyyəti, hüquqi-demokratik dövlət quruculuğu istiqamətində atılan addımların, görülən işlərin obyektiv və əhatəli işıqlandırılmasına, deməli, milli dövlətçiliyin və milli təhlükəsizliyin möhkəmləndirilməsinə dəyərli töhfələr verir.

44 günlük Vətən müharibəsinin gedişində Müzəffər Ali Baş Komandanın rəhbərliyi və qəhrəman əsgərlərimizin şücaəti sayəsində müqəddəs Qarabağ torpaqlarının erməni işğalçılarından azad edilməsinin xronikası, daha sonra regionda aparılan möhtəşəm quruculuq işləri, "Böyük Dirçəliş" və "Böyük Qayıdış"ın getdikcə güclənən addım səsləri anbaan qəzetin səhifələrində yer alaraq tarixilik qazanmışdır. Qəzetdə həmçinin regiona elmin də böyük qayıdışı, Qarabağın yeraltı və yerüstü təbii ehtiyatlarının, torpaq və su resurslarının, kənd təsərrüfatı sisteminin, bioloji müxtəlifliyinin, təbii landşaftlarının, o cümlədən meşələrinin bərpası, qorunması və səmərəli istifadəsi istiqamətində elmi müəssisələr, alim və mütəxəssislər tərəfindən aparılan tədqiqat işləri və onların mühüm nəticələri haqqında mütəmadi məqalələr dərc edilir.

Savadlı, peşəkar və vətənpərvər insanların çalışdığı, dövlətin rəsmi mətbu orqanı olmaqla yanaşı, oxucu rəğbətinin ünvanı olan, Vətənimizin adını daşıyan belə bir qəzetdə bu və ya digər mövzularda bizim də imzalarımızın dəfələrlə yer almasını fəxr mənbəyi hesab edir və qəzetlə bundan sonra da əməkdaşlığımızın davam etdirilməsinə ümid bəsləyir və böyük önəm veririk.

"Azərbaycan" qəzetinin 105 illiyi münasibətilə redaksiya kollektivini, ölkəmizdə qəzetçilik və jurnalistika ilə əlaqəsi olan hər bir kəsi, bütün xalqımızı səmimi-qəlbdən təbrik edir, qəzetin yaradıcılarına və ilk müəlliflərinə rəhmət diləyir, bugünkü əməkdaşlarına şərəfli fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.

İradə HÜSEYNOVA, AMEA-nın vitse-prezidenti, akademik

“Azərbaycan” qəzeti

  • Paylaş: