Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Birgəyaşayış və tolerantlığın Azərbaycan nümunəsi
28.09.2023 16:45
  • A-
  • A
  • A+

Birgəyaşayış və tolerantlığın Azərbaycan nümunəsi

Latıncadan tərcümədə “çoxmədəniyyətli” mənasını ifadə edən multikulturalizm anlayışı müxtəlif millətlərə, dinlərə və məzhəblərə, mədəniyyətlərə mənsub olan xalqların birgəyaşayışı, sivilizasiyalararası dialoq, qarşılıqlı hörmət və anlaşma, dostluq, mədəni müxtəlifliyin qorunması, inteqrasiyası və tolerantlıq yönündə gedən prosesləri özündə cəmləşdirir.

Tarixin bütün dövrlərində həm Azərbaycan şifahi xalq ədəbiyyatında, həm klassik ədəbiyyatında, həm də tarixi maddi-mədəniyyət nümunələrində xalqımızın sərgilədiyi tolerantlıq bütün dünya dövlətlərinə, xalqlarına nümunə olub.

Bu fikirləri AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov söyləyib.

Ə.Muxtarov bildirib ki, Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrindən başlamış, ilk yazılı ədəbiyyat nümunələrimiz də daxil olmaqla bunların hər birində multikulturalizm, tolerantlıq xalqımızın həyat tərzi kimi təbliğ və tərənnüm olunub. Bununla yanaşı, dünyaca məşhur “Kitabi-Dədə Qorqud” dastanı da Azərbaycan xalqının həyat tərzi olan multikultural ənənələrlə olduqca zəngindir.

Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev bu kitabı “xalqımızın ana abidəsi”, “milli varlığımızın mötəbər qaynağı” kimi səciyyələndirir və onun haqqında deyirdi: “Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz “Kitabi-Dədə Qorqud” eposunda öz əksini tapmışdır... “Kitabi-Dədə Qorqud” həm də bizim etika kitabımız, əxlaq kodeksimizdir. Böyüyə hörmət, ata-anaya məhəbbət, iman və etiqad, namus və qeyrət, ailəyə, torpağa, vətənə sədaqət – bu insani keyfiyyətlər, mənəvi məziyyətlər Qorqud övladlarının qanına ana südü ilə, ata nəfəsi ilə birlikdə daxil olur və son mənzilə qədər də onlarla birlikdə gedir. Dədə Qorqud dünyasındakı milli dəyərlər, stereotiplər, rituallar sistemi əslində hər bir azərbaycanlının varlığının ayrılmaz hissəsidir”.

Bu dastanın “Qanlı Qoca oğlu Qanturalı” boyu multikultural dəyərlərin əksini tapması baxımından daha nümunəvidir. Boyda Qanturalının evlənməsini məsləhət görən atası Qanlı Qocaya oğlu belə cavab verir: “Baba, mən yerimdən durmadan ol durmuş ola! Mən qaraquc atımı binmədən ol binmiş ola!”. Göründüyü kimi, məhz bu istək ardınca Qanturalı Trabzona gələrək xristian təkurunun qızı olan sarı donlu Selcan xatunu almaq üçün ona təklif olunan ən çətin sınaqlardan keçməli olur. Ümumiyyətlə, dastanın bu boyu dini və milli mənsubiyyətin fərqli olmasının oğuzların, yəni azərbaycanlıların yaşam tərzi və adət-ənənələrinə heç bir əks təsiri olmadığını aydın nümayiş etdirir. Qanturalının evlənmək və qadın seçmək haqqındakı fikirləri, atası Qanlı Qoca və onun kimi bəylərin, elin razılığı həm də oğuz elinin mənəviyyatında başqa eldən, dindən olmasına görə ayrı-seçkilik qoyulmamasının bariz ifadəsidir.

Dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığı da bu mövzuda dünya miqyasında örnəkdir. Onun yaradıcılığında bəşərilik o qədər güclüdür ki, dünyanın hər bir xalqı asanlıqla özünü bu misraların içərisində tapa bilir. Bu isə Azərbaycan xalqının dünya ədəbiyyatına, mədəniyyətinə bəxş etdiyi bir töhfədir. Aşağıda təqdim edilən nümunə Azərbaycandan dünyaya təqdim edilən birgəyaşayış konsepsiyasıdır:

Zəncinin rəngi qaradır ancaq,

Sən ağzından çıxan saf sözlərə bax.

Zənci dəmir kimi qara parlaqdır,

Rəngi qaradırsa, ürəyi ağdır.

İstər qədim və orta əsrlər dövrü, istərsə də yeni və ən yeni dövr Azərbaycan ədəbiyyatında xalqımızın gündəlik yaşayış nümunəsi olan belə nümunələri kifayət qədər görə bilərik. Çünki Azərbaycan əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Ölkəmizdə multikulturalizm adlandırdığımız sosial münasibətin mövcudluğu və davamlılığını şərtləndirən dinc birgəyaşayış ənənəsini, tolerantlıq, qarşılıqlı hörmət və ehtirama söykənən köklü münasibətləri bütün dövrlərdə görə bilərik.

Xatırladaq ki, Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli” elan etmişdi. Bu bir daha onu deməyə əsas verir ki, multikultural tarixi, mühiti, ənənəsi olmayan xalq, dövlət heç bir vaxt öz ölkəsində bütöv bir ili bu anlayışa həsr edə bilməz. Deməli, multikulturalizm Azərbaycan xalqının tarixdən bu günədək formalaşan həyat tərzidir.

Azərbaycanda tolerantlığın, birgəyaşayışın ən bariz nümunəsini 44 günlük Vətən müharibəsində gördük və yaşadıq. Ölkəmizdə yaşayan digər xalqların nümayəndələri Vətənin darda olduğu bir zamanda sələfləri yəhudi əsilli Azərbaycan vətəndaşı, Milli Qəhrəman Albert Aqarunov kimi dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmanlıqla vuruşdular.

44 günlük Vətən müharibəsindəki parlaq Zəfərimizdən sonra Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 32 ildən sonra Şuşada - Cıdır düzündə təşkil edilən “Xarı bülbül” festivalı və burada Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin təqdim etdikləri çıxışlar bir daha ölkəmizin bu mövzuda dünyaya nümunə olduğunun göstəricisidir.

Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror tədbirlərindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 20-də Azərbaycan xalqına müraciəti də humanizm, bəşəri dəyərlər və birlikdə yaşamaq konsepsiyası üzərində qurulub. Prezidentin söylədiyi: “İndi isə əminəm ki, bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur” fikirləri bir daha dünyaya Azərbaycan dövlətinin ali amalını, arzusunu nümayiş etdirir.

“Biz ziyalılar da möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, inanmaq istəyirik ki, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər heç bir xarici qüvvələrin, separatçı və revanşist qrupların fitnəsinə, boş xülyalarına uymadan Azərbaycan vətəndaşlığını qəbul edib respublikamızın konstitusion hüquqları çərçivəsində ölkəmizdə yaşayan digər xalqlar kimi tezliklə mehriban bir həyatın tərkib hissəsinə çevrilib Azərbaycan bayrağı altında yaşamağa qərar verəcəklər”, - deyə Ə.Muxtarov fikrini yekunlaşdırıb.

AzərTac

  • Paylaş: