Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.10.2023 09:42
  • A-
  • A
  • A+

“Horizon Avropa” Proqramı həftəsi çərçivəsində iki günlük düşərgə təşkil edilib

“Horizon Avropa” Proqramı həftəsi çərçivəsində iki günlük düşərgə təşkil edilib

Bakıda keçirilən “Horizon Avropa” Proqramı həftəsi çərçivəsində Azərbaycanın alim və mütəxəssisləri üçün layihə təkliflərinin yazılmasına həsr edilmiş iki günlük düşərgə təşkil edilib.

Düşərgə Avropa Komissiyası (AK) və AMEA tərəfindən Azərbaycan tədqiqatçılarının, müxtəlif dövlət qurumlarından olan mütəxəssislərin “Horizon Avropa” Proqramında uğurlu iştirakının təmin edilməsi məqsədilə keçirilib.

AK-nın Avstriyadan olan eksperti Qorazd Veis (Gorazd Weiss) və italiyalı ekspert Bruno Mourenza (Bruno Mourenza) tərəfindən keçirilən təlimdə iştirak üçün 300-ə yaxın müraciət daxil olub. Onların arasından seçilmiş 30 iştirakçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Azərbaycan Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutu, müxtəlif ali təhsil müəssisələri (Azərbaycan Milli Aviasiya Akademiyası, ADA Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan-Fransız Universiteti, Bakı Ali Neft Məktəbi, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elmi müəssisələri (Fizika İnstitutu, Radiasiya Porblemləri İnstitutu, Geologiya və Geofizika İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Botanika İnstitutu, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu), AMEA-nın elmi müəssisələri (Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Qafqazşünaslıq İnstitutu, Fəlsəfə və Sosiologiya İnstitutu), Azərbaycan Respublikası Mədəniyyat Nazirliyi Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyini təmsil edib.

AK-nın Tədqiqat və İnnovasiya üzrə Baş Direktorluğunun Avropaya Qonşuluq Siyasəti ölkələri üzrə Qrup rəhbəri Silvia Bojinova onlayn formatda tədbirdə çıxış edərək, iştirakçıları salamlayıb. O, Horizon Avropa Proqramı ilə əlaqəli məlumat verib, bu Proqramda iştirakın genişləndirilməsi məqsədilə həyata keçirilən belə təlimlərin əhəmiyyətini diqqətə çatdırıb və iştirakçılara uğurlar arzulayıb.

Tədbirdə AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri dosent Esmira Əlirzayeva çıxış edib və bundan əvvəl keçirilən təlimlərin nəticəsi olaraq, Azərbaycan alimləri tərəfindən Horizon Avropa Proqramı çərçivəsində çağırışlara qoşulma və uğurlu nəticələr üzrə məlumatları diqqətə çatdırıb və iştirakçıları bu Proqramda daha fəal iştiraka təşviq edib.

Təlimlərçilər Qorazd Veis və Bruno Mourenza “Horizon Avropa” Proqramı üzrə iştirakçılara Proqram üzrə layihə təkliflərinin hazırlanması zamanı layihənin yeniliyi, aktuallığı, metodologiyası, büdcə forması və s. kimi mühüm məsələlər üzrə nəzəri və praktik dərslər keçiriblər. İştirakçılar qruplar şəklində müəyyən edilmiş nümunələr üzərində konsorsiumların yaradılması, prioritet sahələr üzrə layihə ideyalarının formalaşdırılması və layihələrin hazırlanmasına həsr edilmiş təlimlər keçiblər, uğurlu təcrübə ilə tanış olublar.

Horizon Avropa həftəsi çərçivəsində təşkil edilən növbəti tədbir ekspert məsləhətləşməsi olub. Ekspertlər Qorazd Veis və Bruno Mourenza V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Aqrar Xidmətlər Agentliyi, Azərbaycan Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Universiteti, Radiasiya Porblemləri İnstitutu, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu və akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun alim və mütəxəssisləri ilə fərdi olaraq görüş keçirib, onların suallarını cavablandırıb və layihə təkliflərinə uyğun olan çağırışların müəyyənləşdirilməsində köməklik göstəriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: