Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

21.10.2023 19:05
  • A-
  • A
  • A+

“Keşikçidağ Tarix-Mədəniyyət Qoruğu ərazisində elmi-arxeoloji qazıntılar və yay məktəbi - 3” adlı layihə ilə bağlı aparılmış tədqiqatlar

“Keşikçidağ Tarix-Mədəniyyət Qoruğu ərazisində elmi-arxeoloji qazıntılar və yay məktəbi - 3” adlı layihə ilə bağlı aparılmış tədqiqatlar

“Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü, Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi və Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun təsdiqlənmiş iş planına uyğun olaraq “Keşikçidağ Tarix-Mədəniyyət Qoruğu ərazisində elmi-arxeoloji qazıntılar və yay məktəbi - 3” adlı layihə ilə əlaqədar olaraq 2023-cü ilin 7 sentyabr-6 oktyabr tarixində qoruq ərazisində, Ceyrançöl düzündə arxeoloji tədqiqat işləri aparılıb.

Arxeoloji qazıntılar AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu ilə Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu arasında imzalanmış birgə memoranduma əsasən həyata keçirilib.

Qoruq ərazisində kurqan qəbirlərinin qazıntısına ötən illərdən başlanılmışdır. Candargöl, Sarıyoxuş, Karvan dərəsi və s. yerlərdə aparılan arxeoloji tədqiqat işləri zamanı son tunc-erkən dəmir dövrünə aid (e.ə. II minilliyin II yarısı-I minilliyin sonu) onlarla kurqan qazılmış və xeyli nadir artefaktlar aşkar edilmişdir. Kurqan qəbirlərinin bəziləri isə Keşikçidağ mağaralar kompleksinə və Qaltan silsiləsinin ən hündür nöqtəsinə yeni çəkilmiş yolun tikintisi zamanı aşkar edilmiş və qazıntısı aparılmışdır.

Cari ildə arxeoloji qazıntılar Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində, Ceyrançöl düzənliyinin Qarasoy adlı sahəsində, kurqan qəbirlərində aparılmışdır.

Qarasoy düzü Ceyrançöl alçaq dağlığının bir hissəsi olmaqla Acıdərə çayını qidalandıran Qarasoy çayı dərəsinin sol düzənlik və sağ alçaq dağlıq hissəsini əhatə edir. Kurqan çöllüyündən ibarət olan ərazidə kurqanlar bir-birindən 10-15 m aralı məsafədə olmaqla yerləşirlər. Böyük (diametrləri 20-25 m) və kiçik ölçülü (diametrləri 15-10 m) olan kurqanların demək olar ki, əksəriyyəti kromlexlərə malikdir. Kurqanları ətəyindən dairəvi əhatələyən və ilk baxışda aydın izlənilən bu kromlexlər böyük ölçülü kurqanlarda iri ölçülü qaya daşlarından, kiçik ölçülü kurqanlarda isə çay daşı və çarpanaq daşlardan qurulmuşdur. Hər iki halda əsasən düzbucaqlı formalı, uzunsov daşlardan istifadə edilmişdir. Kurqanların üst örtüyü isə bəzilərində tamamilə kiçik ölçülü çay daşlarından, bəzilərində isə çınqıl qarışıq torpaqdan ibarətdir. Ümumiyyətlə, kromlexlərin Günəşə olan ibtidai dini inamlarla əlaqədar olması və Günəş məbədi vəzifəsini daşıması haqqında da nəzəriyyələr mövcuddur.

Qarasoy kurqanları Keşikçidağ mağaralarının yerləşdiyi silsilənin aşağısında, cənub-qərb ətəyində yerləşən düzənlik boyunca uzanırlar. Qaltan silsiləsi ilə Qarasoy çayı dərəsi arasında olan sahə Qarasoy düzənliyidir. Buranın torpaq qatı nisbətən az qalınlığa malik qaratorpaq qatı olduğu üçün ərazi belə adlandırılır.

2023-cü ilin arxeoloji qazıntıları mövsümündə Qarasoyda 2 kurqan qəbri qazılaraq tədqiq edilmişdir.

Kurqanların hər ikisi böyük diametrə (18 m və 25 m) malik olub müasir yer səthindən 1,75 və 2,1 m hündürlüyə malik idilər. Kurqan kromlexləri əsasən iri ölçülü (60x80 sm, 50x90 sm, 70x100 sm) qaya və kirəçləşmiş qumdaşı materiallarından istifadə edilməklə qurulmuşdur. Çınqıl qarışıq torpaqdan ibarət kurqan örtüklərinin təxminən 1-1,5 dərinliyində, mərkəz hissədə orta və iri ölçülü (50x70 sm) əsasən dairəvi formaya malik qəbir kameralarının üst daş düzümü aşkar edilmişdir. Çarpanaq və qaya daşlarından ibarət sıx daş düzümləri əsasən şimal-cənub istiqamətində qurulmuşdur. Bu daşlar götürüldükdən sonra qəbir kameraları üzərində çox səliqəli və nizamlı düzülmüş plitə formasında ağır çəkiyə malik və iri ölçülü (70x90 sm; 1x1,2m) qaya daşları aşkar edilmişdir. Mərkəz hissədə hər iki kurqanaltı qəbir kameralarının torpağı bir qədər yumşaq olduğu üçün daşların kameranın içinə doğru çökməsi müşahidə edilmişdir.

Daş plitələr tamamilə götürüldükdən sonra 1,75 və 2,1 m dərinliklərdə, müasir yer səthi ilə eyni səviyyədə kurqan kameraları aşkar edilmişdir. Hər iki qəbir kamerası düzbucaqlı formada, şimal-cənub istiqamətində qurulmuşdur. Bu istiqamətdə kameraların uzunluğu müvafiq olaraq 4-5 m, şərq-qərb istiqamətində eni isə 1,8-2 m idi. Qəbir kameralarının dərinliyi 2,25 m və 3,2 m idi.

Kurqanların qəbir kameralarından insan və heyvan skeletləri, gil qablar, pasta və şəvədən hazırlanmış muncuqlar, tunc qolbaqlar aşkar edildi. İnsan skeletlərinin aşkar olunma vəziyyətindən aydın olurdu ki, mərhumlar qəbirlərdə üzü şərqə və qərbə olmaqla şimal-cənub istiqamətində, sol və sağ çiyinləri üstə, yarımbükülü formada dəfn olunmuşlar. İnsan skeletlərinin baş tərəfində orta və iri ölçülü gil qablar, ayaq sümükləri ətrafına isə pasta muncuqlar aşkar edilmişdir.  

Qarasoyda qazıntısı aparılan 1 və 2 saylı kurqanların hər ikisində oxşar dəfn adətinin və dəfn qaydasının şahidi oluruq. Bu oxşarlıq dəfn olunan şəxslərin istiqamət fərqini nəzərə almasaq, həm mərhumların kameranın müəyyən hissəsinə qoyulmasında, həm də qəbir avadanlığının düzülüşündə özünü göstərir. Hər iki kurqan kamerasında mərhumlar qəbir kamerasının cənub hissəsində yarımbükülü vəziyyətdə basdırılmış, ayaqları altında muncuqlar tökülmüş (muncuqların dağınıq vəziyyətdə aşkar edilməsi onların kamerada mərhumun ayaqları altında nizamlı formada deyil, sanki töküldüyünü, dar bir sahədə səpələndiyini deməyə imkan verir), baş hissələrinə gil qablar düzülmüş, kameranın şimal divarı yanında isə heyvan cəsədləri yerləşdirilmişdir. İnsan cəsədləri, gil qablar və heyvan cəsədləri qəbir kameralarında eyni səviyyədə, yanaşı qoyularaq basdırılmışdır.   

“Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi - 3” adlı layihənin nəticələri uğurlu olmuş, bölgənin arxeoloji irsinin tədqiqində yeniliklərə imza atmağa şərait yaratmışdır. Layihənin elmi-tədqiqat tərəfi ilə yanaşı, maarifləndirmə, bölgənin tarixi-arxeoloji irsinin tanıdılması və təbliği baxımından da faydalılığı mühüm əhəmiyyət daşımışdır. Axeoloji işlərin gedişatı zamanı gənc könüllülərin, tələbələrin, rayon və bölgə ziyalılarının, müəllimlərin, muzey əməkdaşlarının arxeoloji sahəyə dəfələrlə səfərləri xüsusilə diqqətəlayiq bir hal kimi qiymətləndirilməlidir. Bu işin təşkilində yüksək təşkilatçılıq, bacarıqlılıq, peşəkarlıq və maddi-mədəni irsimizə diqqət başlıca olaraq Keşikçidağ Tarix-Mədəniyyət Qoruğunun rəhbərliyinin və əməkdaşlarının üzərində cəmlənmişdir. Qeyd edək ki, Ağstafa, Qazax və Tovuz rayon Tarix-Diyarşünaslıq muzeylərinin əməkdaşları 1 və 2 saylı Qarasoy kurqanlarda aparılan arxeoloji qazıntı işlərində iştirak etmişlər. Aşkarlanmış artefaktlarla yaxından tanış olan muzey əməkdaşları qazıntıların gedişi, kurqan abidələrinin qazıntısının əhəmiyyəti, təmsil etdikləri rayon muzeylərində sərgilənən eksponatların ilkin tədqiqi olunması, onların arxeoloji qazıntılar nəticəsində üzə çıxarılması, alimlər tərəfindən yerindəcə öyrənilməsi məsələləri ilə bağlı suallar vermişlər.

Arxeoloji qazıntılarla yaxından tanış olmaq üçün BDU-nun Qazax filialının tələbələrinin və rayon könüllülərinin mütəmadi olaraq qazıntı sahəsinə təşkil olunan ekskursiyaları isə gənclərdə çox böyük maraq və tarixi irsimizin öyrənilməsinə həvəs oyatmışdır. BDU-nun Qazax filialının Tarix fakültəsinin 60-a yaxın tələbəsi 1 və 2 saylı Qarasoy kurqanlarında olmuş, arxeoloji qazıntıların gedişini canlı izləmişlər. Tələbələr arxeoloji qazıntılar nəticəsində aşkarlanmış saxsı nümunələri, bəzək əşyaları, tuncdan silahlar və digər maddi-mədəniyyət nümunələrindən ibarət sərgi ilə tanış olmuş, arxeologiyanın tariximizin qədim dövrünü canlandıran və qaranlıq səhifələrini işıqlandıran bir elm sahəsi kimi dəyərinin şahidi olmuşlar. Tələbələrə Ceyrançölün tarixi-arxeoloji irsi, ərazinin məskunlaşma mərhələləri, kurqan abidələrinn dövrü, arealı, qazıntısının əhəmiyyəti barədə danışılmış, o cümlədən arxeoloji qazıntıların aparılma üsulları haqqında məlumat verilmişdir. Tədbir kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən işıqlandırılmışdır.

Layihənin və arxeoloji qazıntıların yekunu olaraq 5 oktyabr 2023-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü, Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi ilə Keşikçidağ Dövlət Tarix-Mədəniyyət qoruğu tərəfindən Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Tarixi abidələrin qorunmasında Heydər Əliyevin rolu və bölgəmizin mədəni irsi” adlı elmi seminar keçirilmişdir. Ulu Öndər Heydər Əliyevin 100 illiyi və qoruq ərazisində aparılmış arxeoloji qazıntıların yekununa dair keçirilmiş elmi seminarda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbərliyi və məsul şəxsləri, Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul şəxsləri, o cümlədən, qoruq ərazisində elmi tədqiqat işləri aparmış alimlər, rayon ziyalıları iştirak etmişlər.

Tədbirin proqramı çərçivəsində Ulu Öndər Heydər Əliyevin Ağstafa rayon Heydər Əliyev Mərkəzinin önündə ucaldılmış abidəsi ziyarət edilmiş, seminar iştirakçıları Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən kiçik muzeylə tanış olmuş, daha sonra isə qonaqlar qoruğa məxsus çap məhsullarından ibarət guşə, qoruq ərazisində arxeoloji qazıntılar zamanı aşkarlanmış artefaktlardan ibarət arxeoloji sərgi və fraqmentləşmiş halda aşkarlanmış küplərin bərpası prosesi ilə tanış olmuşlar. Seminarda Ağstafa rayon İH-nin başçısının müavini qonaqları salamlamış, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi S.Hacıyeva, qoruqların idarə olunması və istifadəsinə nəzarət sektorunun müdiri M.Qəhrəmanov çıxışlar edərək müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin tarixi abidələrə, mədəni irsimizə, tarixi keçmişimizə verdiyi töhfələrdən bəhs etmişlər. Dövlət Xidmətinin beynəlxalq əlaqələr sektorunun böyük məsləhətçisi F.Hüseynli “Mədəni irsimizi tanıyaq, tanıdaq və birgə qoruyaq” mövzusunda təqdimat keçirmişdir. Sonra qonaqlar “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi - 3” adlı layihə çərçivəsində Keşikçidağ mağaralar kompleksinin ərazisində yerləşən 1 və 2 saylı Qarasoy kurqanlarında aparılmış arxeoloji qazıntıların yekunu ilə tanış olmaq məqsədilə qoruq ərazisinə səfər etmişlər. Arxeoloji qazıntıların aparıldığı Qarasoy kurqanları, kurqanlardan əldə olunmuş zəngin artefaktlar, onların dövrü, ümumiyyətlə kurqanların mədəni mənşəyi haqqında iştirakçılara ətraflı məlumat verilmişdir. Həmçinin qoruq ərazisində yerləşən informasiya mərkəzində sərgilənən maddi-mədəniyyət nümunələri ilə tanış olmuş, “İlham Əliyev adına zirvə” istiqamətində yerləşən abidələrə baxış keçirilmişdir.

Ceyrançöldə, Qarasoy kurqanlarında aparılan arxeoloji qazıntılar bölgənin tunc dövrünün sonları və dəmir dövrünün başlanğıcına məxsus maddi mədəniyyətini öyrənmək baxımından çox əhəmiyyətlidir. Kurqanların sahəsi, strukturu, kurqanaltı qəbir kameralarının quruluşu, dəfn qaydası və əldə edilən artefaktların tipoloji, eyni zamanda analoji təhlili bu kurqanları son tunc - erkən dəmir dövrünə (e.ə. II minilliyin II yarısı - I minilliyin əvvəli) aid etməyə imkan verir. Ərazinin Xocalı-Gədəbəy mədəniyyətinin daşıyıcıları olan qədim sakinləri kurqan mədəniyyətinin bu arealda geniş yayılmasını təmin etmiş, dəfnlərini əsasən kurqan qəbrlərində icra etmişlər. Qarasoy düzündə çay yatağı boyunca gələcəkdə qazıntısı aparılacaq onlarla kurqan abidələri qeydə alınmışdır.

Şamil NƏCƏFOV, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent

Musa MURSAQULİYEV, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: