Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.10.2023 11:23
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda H.Z.Tağıyevin 200 illiyi ilə əlaqədar açıq qapı günü keçirilib

Əlyazmalar İnstitutunda H.Z.Tağıyevin 200 illiyi ilə əlaqədar açıq qapı günü keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ekspozisiya zalında müsəlman Şərqində qızlar üçün ilk dünyəvi məktəbin yaradıcısı, görkəmli xeyriyyəçi, ictimai xadim Hacı Zeynalabdin Tağıyevin 200 illik yubileyi ilə əlaqədar açıq qapı günü keçirilib.

Bu münasibətlə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Universiteti, Bakı Kooperasiya Universiteti və Bakı şəhərində yerləşən bir sıra aparıcı təhsil müəssisələrinin müəllim, tələbə və şagird heyəti Əlyazmalar İnstitutunu ziyarət ediblər.

İnstitutun Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin tərcüməçisi Aysel Atakişiyeva ziyarətçiləri sözügedən müəssisənin Ekspozisiya zalında yaradılmış Hacı Zeynalabdin Tağıyev guşəsi ilə tanış edib, burada nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verib. Qonaqlar, həmçinin Əlyazmalar İnstitutunun fondunda mühafizə olunan nadir əlyazmalar, orta əsrlərə aid mühüm tarixi-arxeoqrafik sənədlər, XIX-XX əsr Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrinin şəxsi arxivlərindəki materiallar və s. barədə də məlumat əldə ediblər.

Ziyarətçilər təşkilatçılığa görə institutun rəhbərliyi və Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin əməkdaşlarına dərin minnətdarlıqlarını bildirib, Əlyazmalar İnstitutundan xoş təəssüratlarla ayrılıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: