"Nizami Gəncəvi Azərbaycan mədəniyyətinin və tarixinin ən görkəmli şəxsiyyətlərindən biridir. Nizami yaradıcılığı bütün dünyada sevilir. Bu gün şairin əlyazmaları dünyanın bir çox kitabxanalarında və arxivlərində saxlanılır. Nizami yaradıcılığı yüksək sənətkarlıq, ədalət, xeyirxahlıq düşüncələri ilə seçilir. Hələ orta əsrlərdə - Renessans dövründə bir çox Avropa ədibləri Nizaminin əsərlərinə müraciət edib".
Mehriban ƏLİYEVA,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti.
Bu gün dünya arenasında Azərbaycan nizamişünaslığının nüfuzu, miqyası memarı və qurucusu ulu öndər Heydər Əliyev olan qüdrətli Azərbaycanla və onun yolunu ləyaqətlə davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin Nizami Gəncəvi irsinə verdiyi dəyərlə, diqqətlə ölçülür. Tarixin heç bir dövründə Azərbaycan nizamişünaslığı, Nizami irsinin tədqiqi milli kolorit kontekstində bugünkü inkişaf səviyyəsinə, istiqamətlərinə çata bilməmişdir ki, bu inkişaf konsepsiyası da məhz ulu öndər Heydər Əliyevin Nizami Gəncəvi irsinə strateji yanaşmasına, milli münasibətin təməl prinsiplərinə əsaslanmaqla möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 2000-ci ilin mayında Nizami Gəncəvi məqbərəsini ziyarət edərkən söyləyib: "Nizami Gəncəvinin məqbərəsini qorumaq bizim müqəddəs vəzifəmizdir. Siz də bunu etməlisiniz, biz də etməliyik. Gələcək nəsillər bu məqbərəni bundan da gözəl edəcəklər. Mənim buna şübhəm yoxdur". Ulu öndərin Nizami Gəncəvi ruhaniyyətindəki qüdsiyyətə əsaslanan müqəddəs vəzifə anlayışını, gələcək nəsillərə vəsiyyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müqəddəs ata vəsiyyəti kimi yüksək səviyyədə həyata keçirdi. Ölkə rəhbərinin göstərişi ilə nəinki dahi mütəfəkkirin məqbərəsi və ətrafda yerləşən 35 hektar ərazi abadlaşdırıldı, eyni zamanda ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezideni Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2014-cü ildə Nizami Gəncəvi məqbərəsinin qarşısında müasir tələblərə cavab verən Nizami Gəncəvi Muzeyi inşa edilərək dahi mütəfəkkirin dünya kitabxanalarından, muzeylərindən gətirilən əlyazmaları ilə zənginləşdirilib ziyarətçilərin istifadəsinə verildi.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti Azərbaycan xalqının, eyni zamanda dilindən, dinindən asılı olmayaraq, hər bir bəşər övladının gələcək nəsillər üçün miras qoyduğu maddi-mənəvi abidələri qorumağa, dünya mədəni irsinin keşiyində dayanmağa əsaslanır.
Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondunun ilk növbədə ümummilli liderin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının praktik həyatda tətbiqi, gələcək nəsillərə ötürülməsi, həmçinin Azərbaycanın beynəlxalq aləmdə təbliği, yaxından tanıdılması istiqamətində xidmətləri əvəzsizdir. Fond ulu öndərin siyasi məfkurəsinin həmişəyaşar səciyyə daşıdığını əks etdirmək, azərbaycançılıq fəlsəfəsini, milli dövlətçilik ideyalarını yeni nəsillərə çatdırmaq məqsədilə yaradılsa da, Mehriban xanımın bacarığı, uzaqgörənliyi nəticəsində ölkəmiz, xalqımız üçün xüsusi əhəmiyyət kəsb edən bir çox mühüm işləri həyata keçirməyi qarşısına məqsəd qoymaqla fəaliyyət dairəsini daha da genişləndirmişdir.
"Gəncə qədim mədəniyyət mərkəzidir. Bütün dövrlərdə Gəncə incəsənət, mədəniyyət, memarlıq sənəti ilə tanınıb. Gəncə dahi Nizaminin yurdudur. Azərbaycan xalqının Gəncədə yaşayıb-yaradan görkəmli nümayəndələri bizim milli sərvətimizdir. Ona görə Gəncədə olmaq mənim üçün hər zaman çox xoşdur və çox sevinirəm ki, yenidən sizinlə görüşürəm", - deyən Mehriban Əliyevanın Azərbaycan naminə gördüyü işlərinin sırasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi şəxsiyyəti, yaradıcılığına həsr olunmuş tədbirlər mühüm yer tutur.
Mehriban xanım Əliyevanın Nizami Gəncəvi sevgisi tarixi ardıcıllıqla ulu əcdadlarından, şəcərəsindən, yaşadığı müqəddəs ailə ocağından qaynaqlandığı kimi, eyni zamanda öz ruhunda taxt qurmuş sarsılmaz milli məfkurəyə əsaslanan azərbaycançılıq ideyasına əsaslanır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Nizami Gəncəvi irsinə diqqət və məhəbbətini Gəncənin Azərbaycan tarixində oynadığı rol kontekstində öyrənmək və dəyərləndirmək lazımdır. O, Gəncəyə təkcə Nizami Gəncəvinin vətəni kimi deyil, ümumən Azərbaycanın döyünən ürəyi kimi baxır və qiymətləndirir.
Mehriban xanım Əliyevanın 44 günlük Vətən müharibəsində Ermənistanın Gəncədə törətdiyi terror aktı ilə bağlı dünyaya ünvanladığı paylaşımında Gəncə ilə bağlı səsləndirdiyi müdrik fikirlər Gəncənin Türk dünyasında, müsəlman aləmində oynadığı rolun, tarixi və müasir əhəmiyyətini əks etdirir: "Bu gecə erməni təcavüzkarları Gəncəyə xaincəsinə hücum ediblər. Niyyət sadə və eyni zamanda dəhşətlidir - mümkün qədər çoxsaylı dinc sakinləri məhv etmək, panika yaratmaq, Azərbaycan xalqını qorxutmaq. Lakin təcavüzkar heç vaxt öz çirkin məqsədlərinə nail olmayacaq. Bu şanlı şəhərin sakinləri ruhən çox güclüdürlər! Gəncə - Nizamidir, Məhsətidir, Vazehdir! Lakin Gəncə təkcə Azərbaycanın mədəni irsi deyil. Gəncə - qədim dövlətçiliyimizin beşiyidir. Bu, sarsılmaz dözüm, mərdlik və igidlik rəmzidir! Gəncə Cavadxanın yurdudur. Bu şəhər Şərqdə ilk demokratik Cümhuriyyətin müstəqilliyi uğrunda sona qədər vuruşmuş şəhərdir. Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs, heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!".
Milli kimliyin göstəricilərindən olan dahi şəxsiyyətlərin tanıdılması, unudulmaması, saxta dəlillərlə onlara sahiblənmək xülyalarının alt-üst edilməsi yolunda fədakar fəaliyyəti ilə öndə olan ümummilli lider Heydər Əliyev Nizami Gəncəvi fenomeninə çox böyük önəm verərək deyirdi: "Azərbaycana, Azərbaycan xalqına təkcə Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət bağışladığına görə Gəncə torpağı, Gəncə xalqı, gəncəlilər əbədi minnətdarlığa layiqdirlər". Bu ənənəni davam etdirən ölkə rəhbəri cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə bu gün dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidələri dünyanın ən böyük şəhərlərini, park və meydanlarını bəzəyir.
Ulu öndərin dövlətçilik strategiyasının layiqli davamçısı cənab İlham Əliyevin təşəbbüsü ilə 2004-cü ildə "Xəmsə" latın qrafikası ilə nəfis şəkildə yenidən nəşr edilmiş, 2005-ci ildə isə Nizami adına Ədəbiyyat Muzeyinin təmir-bərpasına 13 milyon manat vəsait ayrılmışdır. 2005-ci ildə Azərbaycan Mədəniyyət Günləri çərçivəsində Moldovanın paytaxtı Kişinyov şəhərində şairin daha bir büstü qoyulmuşdur. 2012-ci ildə əsaslı yenidənqurmadan sonra həmin ərazidə Nizami Gəncəvinin adını daşıyan park da salınmışdı. Abidənin memarı Semyon Şoyxet və heykəltaraşı Azərbaycanın Xalq rəssamı Akif Əsgərovdur. Abidə başında çalma olan, şərq geyimli şairi təsvir edən qranit büstdən ibarətdir. Postamenti qırmızı qranitdən hazırlanmış və Şərq ornamentləri ilə bəzədilmiş, üzərində ingilis dilində şairin adı, doğum və ölüm tarixləri yazılmışdır.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 dekabr 2011-ci ildə Sərəncam imzalamışdır. Sərəncama əsasən, dahi şairin irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi yaradılmışdır. Mərkəzin əsas fəaliyyət istiqamətləri şairin irsinin araşdırılması, nizamişünaslığın aktual problemlərinin, elmi-fəlsəfi görüşlərinin tədqiq olunması, beynəlxalq əlaqələrin təşkili və əsərlərinin müxtəlif dillərə tərcüməsi, ensiklopediyasının hazırlanmasıdır.
Məqsədi dünyada sülh, birgəyaşayış və ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal tədbirlərə, həmçinin fəaliyyətlərə töhfə vermək olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tolerantlıq, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqun təşviq edilməsində ən yüksək səviyyəli əməkdaşlıq platformasına çevrilmişdir.
Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar şairin doğma şəhəri Gəncədə dünyanın 40 ölkəsinin 150-dən artıq şərqşünas və nizamişünas alimlərin, həmçinin görkəmli dövlət və ictimai xadimlərin iştirakı ilə dahi şairin yubileyi ilə bağlı möhtəşəm tədbirlər planı həyata keçirilmişdir. Yubiley ərəfəsində dövlətimiz tərəfindən Nizami Gəncəvi məqbərəsinin yerləşdiyi ərazidə şairin şəcərəsinin sonrakı davamçıları olan Şeyxzamanlılar qəsəbəsi salınmışdır. Bununla yanaşı, Şıx düzündə "Nizami Gəncəvi şəhərciyi" salınaraq dahi şairin məqbərəsində əsaslı bərpa-təmir işləri aparılmışdır.
Görkəmli şairin yubileyi münasibətilə Misirin İsgəndəriyyə kitabxanasında, ABŞ Konqres kitabxanasında, Avstriya milli kitabxanasında, Saltıkov Şedrin adına Rusiya milli kitabxanasında, Böyük Britaniyanın milli muzeyində, Metropolitan muzeyində qorunan "Xəmsə" əlyazmalarının surətləri Heydər Əliyev Fondu tərəfindən ölkəmizə gətirilərək nəfis şəkildə nəşr edilmişdir.
Xəlil Yusifli, Səməd Vurğun, Məmməd Rahim, Abdulla Şaiq və Mikayıl Rzaquluzadənin tərcüməsində təqdim olunan "Xəmsə"yə CD disk əlavə olunmuşdur. Diskə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Cahangir Cahangirov, Tofiq Quliyev, Şəfiqə Axundova və başqa bəstəkarların Nizami Gəncəvinin sözlərinə yazdığı mahnı və romanslar, Niyazinin "Xosrov və Şirin" operası, Əfrasiyab Bədəlbəylinin "Nizami" operası, Fikrət Əmirovun "Nizami" simfoniyası, eləcə də Qara Qarayev, Cövdət Hacıyev, Ramiz Mustafayev və başqa bəstəkarların dahi şairin sözlərinə xor üçün yazdığı əsərlər daxil edilmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2012-ci il iyunun 5-də Sankt-Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə onun adını daşıyan bağın təntənəli açılışı olmuşdur. Açılış mərasimində iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bildirmişdir ki, Nizami Gəncəvi adına bağın açılışı Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ilə Sankt-Peterburq Administrasiyasının daha bir layihəsidir. O demişdir: "2002-ci il iyunun 9-da XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Sankt-Peterburqda abidəsinin açılışında prezidentlər Heydər Əliyev və Vladimir Putin iştirak etmişdilər. Bakıda hazırlanmış abidə Azərbaycan xalqının Sankt-Peterburqa hədiyyəsi olmuşdur".
Nizaminin obrazını Azərbaycan heykəltaraşı, V.Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbinin məzunu Qəyruş Babayev yaratmışdır. Fondun nümayəndəliyinin hamiliyi ilə bağda qranitdən nadir skamyalar və Nizaminin əsərlərindən fraqmentlər təsvir edilmiş pannolar qurulmuş, şairin abidəsi bərpa olunmuşdur. Sankt-Peterburq qubernatorunun qərarı ilə bu gözəl bağa Nizami Gəncəvinin adı verilmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Sankt-Peterburq şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin xatirəsinə ucaldılmış abidə və salınmış bağ Azərbaycanın möhtəşəm qədim tarixə və zəngin irsə malik olan mədəniyyətini təcəssüm etdirir.
2013-cü il noyabr ayında Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın paytaxtı Parisdə və bir sıra şəhərlərində Azərbaycanın dahi söz ustadı Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilmişdir. Noyabrın 12-də Paris şəhərinin 7-ci rayonunun meriyasının, Parisin Əlyazmalar və Məktublar Muzeyinin əməkdaşlığı ilə Nizami Gəncəviyə həsr olunmuş sərgi açılmışdır.
Paris sakinləri və şəhərin qonaqları sərgidə Nizami dövrünə aid edilən arxeoloji tapıntılar - Şirvanşahlar və Atabəylər dövrünün pul sikkələri, zərgərlik nümunələri, məişət əşyaları, orta əsrlərdə Azərbaycan rəssamlarının çəkdikləri miniatürlərin reproduksiyaları, miniatürlərin əks olunduğu çini qablar və "Xəmsə"yə daxil olan poemaların süjeti əsasında işlənən xalça və batiklərlə tanış olmaq imkanı əldə etmişlər. Sərgidə, eyni zamanda XIX əsrin sonu, XX əsrin əvvəlində Gəncədə çəkilmiş fotoşəkillər, mütəfəkkir şairin Gəncədəki məqbərəsinin maketi, Bakı, Sankt-Peterburq, Moskva, Roma, Çeboksarı və Pekində ucalan abidələrin fotoları və Heydər Əliyev Fondunun Nizami yaradıcılığına dair nəşrləri sərgilənmişdir.
Azərbaycanın müstəqillik əldə etməsinin 20 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində 2011-ci ildə Meksikanın Akapulko şəhərində Nizami Gəncəvinin xatirəsinə abidə ucaldılmışdır. 2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 870 illiyi haqqında" Sərəncamına əsasən, dahi mütəfəkkirin heykəlləri ucaldılmışdır. Bu münasibətlə aprelin 20-də İtaliyanın paytaxtı Roma şəhərində "Villa Borghese" parkında görkəmli şair Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur. Abidənin müəllifləri Xalq rəssamı Səlhab Məmmədov və Əməkdar rəssam Əli İbadullayevdir.
Heykəlin postamentində italyanca "Azərbaycan Respublikasının Roma şəhərinə hədiyyəsi" yazılmışdır. Əlində lələk qələm, kürsüdə əyləşmiş formada həkk olunmuş heykəlin geyimindəki qatlar şairin monumental heykəlinə ağırlıq verir, dahi şairin məğrur obrazını tamamlayır.
Nizami Gəncəvinin 870 illiyi ərəfəsində (2012) Çinin paytaxtı Pekində, Çaoyan parkında klassik Azərbaycan ədəbiyyatının görkəmli şairinin büst abidəsi yerləşdirilmişdir. Büstün müəllifi məşhur Çin heykəltaraşı Yuan Sikundur. Şairin başında çalma təsvir edildiyi büstün üzərində Çin və ingilis dillərində şairin adı, doğum və ölüm illəri, həmçinin "Böyük Azərbaycan şairi, alimi və mütəfəkkiri" ifadəsi yazılmışdır. Aşağıda Azərbaycan və Çin dillərinə tərcümə edilmiş şairdən bir sitat da var.
Prezident İlham Əliyev 2021-ci ilin ölkəmizdə "Nizami Gəncəvi İli" elan edilməsi haqqında Sərəncam imzalamışdır. "Nizami Gəncəvi İli" çərçivəsində Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovda Ukrayna-Azərbaycan dostluğu küçəsində Azərbaycan poeziyasının klassiki, filosof və orta əsr Şərqinin mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur. Nizami abidəsinin müəllifi Ukraynanın Xalq rəssamı, azərbaycanlı Katib Məmmədovdur.
22 iyun 2021-ci ildə Heydər Əliyev Fondunun Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi ilə birgə təşkil etdiyi sərgi dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuşdur.
"Mədəniyyət və incəsənət xalqları, insanları bir araya gətirmək, daha yaxşı anlamaq üçün ən gözəl vasitədir", - deyən Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə 25 may 2021-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki katibliyində "Nizami Gəncəvi - bütün bəşəriyyətin şairi" adlı tədbir keçirilib.
Tədbirdən əvvəl Heydər Əliyev Fondunun Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinin binasında daimi nümayiş olunmaq üçün hədiyyə etdiyi Nizami Gəncəvinin büstünün təqdimatı olub. Bu, ŞƏT-in katibliyində Çin mütəfəkkiri Konfutsidən sonra nümayiş olunan 2-ci büstdür. Tədbir iştirakçıları dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinə çəkilmiş və dünyanın tanınmış muzeylərində nümayiş olunan illüstrasiyaların, habelə dahi şairinin poemalarındakı hadisələri əks etdirən xalçaların sərgisi ilə tanış olublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqda Sərəncamından irəli gələrək Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyi 22 fevral 2021-ci ildə görkəmli şairə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsi elan etmiş, 20 yaşdan yuxarı 43 nəfərin iştirak etdiyi müsabiqəyə 30 may 2021-ci ildə yekun vurulmuş, beynəlxalq münsiflər heyəti tərəfindən 43 iştirakçı arasından iki qalib - "Düşüncələr" adlı eskizin müəllifi, azərbaycanlı rəssam Eldar İbadullayev və "İntikalun" (Ərəb dilindən tərcümədə "Keçid") adlı eskizin müəllifi Rusiyadan olan tekstil dizayneri Olqa Laşenko seçilmişlər.
Heydər Əliyev Fondu və İCOM-un Azərbaycan Milli Komitəsi tərəfindən təşkil edilmiş "Nizami: dildən-dilə" beynəlxalq onlayn-deklamasiya layihəsinin videoçarxı sərginin interaktiv davamıdır. Bu hissədə Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan və Qırğızıstanı təmsil edən 150-dən çox məşhur incəsənət və mədəniyyət xadimi Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından fraqmentləri estafet prinsipi ilə deklamasiya edirlər.
Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil edilmiş "Yeddi gözəl" sərgisinin ekspozisiyasına Heydər Əliyev Fondunun, Azərbaycan Milli Xalça Muzeyinin və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eksponatları daxildir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dahi Azərbaycan şairi Nizami Gəncəvi irsinin Azərbaycanda və dünyada təbliğ və tədqiq edilməsi istiqamətindəki tarixi fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən hər zaman yüksək qiymətləndirilib, mükafatlandırılıb. Xüsusilə vurğulamaq lazımdır ki, 2018-ci ildə Mehriban xanım Əliyevanın Nizami Gəncəvi adına "Qızıl medal" ilə təltif edilməsi dövlətimizin onun bu sahədəki fəaliyyətinə verdiyi ən böyük dəyərdir.
Mehriban xanım Əliyeva deyib: "İlk növbədə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə qızıl medalla mükafatlandırıldığıma görə dərin minnətdarlığımı bildirmək istərdim. Mənim üçün yüksək universal dəyərləri və humanizm, qarşılıqlı anlaşma və sülh ideyalarını təşviq edən bu Mərkəzdən mükafat almaq böyük şərəfdir.
Sizin fəaliyyətiniz sayəsində Mərkəz beynəlxalq platformaya çevrilib. Cənab Serageldin, Sizin təcrübəniz, Sizin bilikləriniz gənc nəsli dünyaya daha açıq olmaq və öz üfüqlərini genişləndirmək üçün təhsil və elmin dəyərlərindən istifadə etməyə ruhlandırıb. Xanım Vayra Vike-Freyberqa, Siz bütün dünyada bir çoxları üçün parlaq nümunəsiniz. Biz Azərbaycanda Sizin fəaliyyətinizi, ölkələr və xalqlar arasında dialoqun qurulması üzrə səylərinizi, həmçinin Azərbaycanın məşhur şairi Nizami Gəncəvinin irsinin təbliğinə verdiyiniz töhfəni yüksək qiymətləndiririk. Əziz xanım Vayra Vike-Freyberqa, Sizə təşəkkür edirəm. Siz çox füsunkar qadınsınız".
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, onun ideallarını gerçəkləşdirmək yolunda əzmlə çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsinin əsas hədəfi güclü, qüdrətli, demokratik Azərbaycan dövlətinin inkişafıdır. Milli özünüdərki formalaşdıran amillər sırasında tarixi şəxsiyyətlərin varlığı xüsusi yer tutur. Nizami Gəncəvi və Heydər Əliyev fenomeni Azərbaycan dövlətçiliyinin təkcə bu günü üçün deyil, gələcək inkişafı üçün də başlıca milli-mənəvi dəyərlər rolunu şərəflə oynayacaqdır.
Əlimuxtar MUXTAROV,
AMEA Gəncə Bölməsi
Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru.
“Respublika” qəzeti