Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycan mədəniyyətinin zəngin xəzinəsi: Milli Azərbaycan Ədəbiyyatı Muzeyi - 80 il
16.05.2025 15:02
  • A-
  • A
  • A+

Azərbaycan mədəniyyətinin zəngin xəzinəsi: Milli Azərbaycan Ədəbiyyatı Muzeyi - 80 il

Bakı şəhərinin mədəniyyət simvolu olan, öz memarlıq üslubu, əzəməti ilə paytaxtımıza xüsusi gözəllik qatan, dahi şairimiz Nizami Gəncəvinin adını daşıyan Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaranmasından 80 il ötür.

Ədəbiyyat Muzeyinin binasının tikilmə tarixi XIX əsrin ortalarından başlasa da, onun açılışı Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə həsr olunmuş daimi sərgi xatirə muzeyinin təşkili haqqında Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1 noyabr 1939-cu il tarixli sərəncamından sonra, 1945-ci il mayın 14-də baş tutumuşdur. Binanın fasadında Azərbaycanın görkəmli şairləri və yazıçılarının – Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Xurşidbanu Natəvan, Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlının heykəlləri ucalır.  Muzeyin interyeri görkəmli ornamentalist rəssam, xalçaçı və pedaqoq Lətif Kərimov tərəfindən işlənilmişdir. Sonradan Nizami xatirə muzeyi Azərbaycan Ədəbiyyatı Muzeyi kimi fəaliyyət göstərməyə başlamışdır.

1959 və 1967-ci illərdə muzey əhəmiyyətli dərəcədə genişləndirilmiş, ekspozisiya imkanları artırılmış, binanın memarlıq cəhətdən müasir tələblərə cavab verən bir məkana çevrilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Xüsusən Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün sahələrdə olduğu kimi, mədəni irsimizin qorunması və təbliğində mühüm rol oynayan muzeylərin fəaliyyətinə də diqqət və qayğı ilə yanaşmışdır. 1970-80-ci illərdə Ümummilli Lider Ədəbiyyat Muzeyinin maddi-texniki bazasının möhkəmləndirilməsi, fondlarının genişləndirilməsi və ekspozisiyasının zənginləşdirilməsi istiqamətində əhəmiyyətli qərarlar qəbul etmişdir.

Heydər Əliyev muzeyin inkişafına olan diqqətini müstəqillik illərində də davam etdirmiş, onun birbaşa təşəbbüsü ilə ədəbiyyat klassiklərimizin, korifeylərimizin yubileyləri təntənəli şəkildə qeyd olunmuş, Ədəbiyyat Muzeyi də bu istiqamətdə fəal iştirak etmişdir.

Dövlət başçısı İlham Əliyev də hakimiyyətə gəldikdən sonra ölkədə mədəniyyətin müxtəlif sahələrinin inkişafı istiqamətində mühüm təşəbbüslər irəli sürmüş, o cümlədən muzey işinin müasirləşdirilməsi, fəaliyyət imkanlarının genişləndirilməsi istiqamətində genişmiqyaslı islahatlar həyata keçirmişdir. Bu çərçivədə 2004–2009-cu illərdə Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında Ədəbiyyat Muzeyində təmir və restovrasiya işləri aparılmış, sərginin sahəsi 2500 kv. metrədək artmışdır.

Ədəbiyyat Muzeyinin əsas missiyası qonaqları Azərbaycanın zəngin ədəbi irsi ilə tanış etməkdən ibarətdir. Burada Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir.

Muzeydə Azərbaycan ədəbiyyatının ən qədim dövrlərdən müasir dövrə qədər keçmiş olduğu yol işıqlandırılır,  müxtəlif sənədlər, kitablar, nadir əlyazmalar və s. ilə yanaşı, qədim və orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri, xalçalar nümayiş etdirilir. Ədəbiyyat Muzeyi 18 əsas şöbə, 35 ekspozisiya zalı, 4 regional filial, elmi fond və s. struktur bölmələrdən ibarətdir.

Bu mədəniyyət ocağının hər gün onlarla ziyarətçisi olur. Onların sırasında xarici ölkələrdən gələn qonaqlar, turistlər, görkəmli dövlət xadimləri, alimlər, ziyalılar, tələbələr, məktəblilər də var. Muzeyin müxtəlif zallarında yer alan rəsm və heykəltaraşlıq əsərləri, portretlər, tablolar, illüstrasiyalar, eləcə də müasir Azərbaycan ədəbiyyatını əks etdirən qiymətli sənədlər, şəxsi əşyalar xüsusilə tamaşaçıların böyük marağına səbəb olur. Qonaqlar gəzintinin sonunda muzeydəki qeyri-adi ab-havadan ilhamlanaraq “Rəy kitabı”na təəsüratlarını, xoş arzularını qeyd edirlər.

Artıq böyük ədəbi-tarixi hadisələrlə dolu, şərəfli yol kemiş muzey 80 ili geridə qoyub. Azərbaycanın görkəmli elm xadimi, tanınmış ədəbiyyatşünas, millət vəkili, akademik Rafael Hüseynovun direktoru olduğu bu mədəniyyət ocağı hazırda təkcə ölkəmizdə deyil, bütün dünyada zəngin elmi və mədəni potensiala malik bir mərkəz kimi tanınır, öz fəaliyyətini uğurla davam etdirir.

Akademik Rafael Hüseynov muzeyə rəhbərlik etdiyi 22 il ərzində bu mədəniyyət ocağının elmi, mədəni, ədəbi fəaliyyəti əhəmiyyətli dərəcədə genişləndirilmiş, muzeydə Azərbaycan ədəbiyyatının canlı salnaməsi yaradılmışdır. Məhz onun təşəbbüsü ilə muzeydə sərgi zalları yenilənmiş, burada irimiqyaslı tədbirlər təşkil olunmuş, elmi tədqiqat işlərinin aparılmasına xüsusi diqqət göstərilmişdir. O, həm də millət vəkili, tanınmış ictimai xadim kimi muzeyin hərtəfəli inkişafına, nüfuzunun yüksəldilməsinə mühüm töhfələr vermişdir. Məhz akademik Rafael Hüseynovun rəhbərliyi dövründə dövlət başçısının sərəncamı ilə muzeyə “Milli” statusu verilmişdir.

Nizamimuseum.az adlı saytda binanın tarixi, muzeyin strukturu, fond materialları və elmi-tədqiqat fəaliyyəti haqqında ətraflı məlumatlar yer almışdır. Burada, eyni zamanda görkəmli şair və yazıçılarımızın həyat və yaradıcılığı, yubiley tədbirləri, yeni nəşlər, beynəlxalq əməkdaşlıq, muzeyin fəaliyyəti ilə bağlı yeniliklər, keçirilən konfranslar və digər tədbirlərlə bağlı informasiyalar ictimaiyyətə təqdim olunur.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi ölkənin dövlətçilik tarixində mühüm hadisə olmaqla yanaşı, elmi, mədəni həyatına da təsir

göstərmiş, müvafiq sahənin alim və mütəxəssislərinin, ziyalılarının qarşısına konkret vəzifələr qoymuşdur. Bu kontekstdə Ədəbiyyat Muzeyi də öz fəaliyyətini dövlətçilik ənənələri, milli suverenlik ideologiyasına uyğun genişləndirmiş, ədəbi irs vasitəsilə dövlətçilik düşüncəsinin təbliği istiqamətində tədqiqatlara geniş yer ayırmışdır.

İnanırıq ki, muzey bundan sonra da uğurla fəaliyyət göstərərək milli ədəbiyyatımızın təbliği, mədəni irsimizin gələcək nəsillərə çatdırılması istiqamətində şərəfli missiyanı uğurla davam etdirəcək.

Nərgiz QƏHRƏMANOVA, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: